Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib. Nəticədə Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.
Sozcu.az xəbər verir ki, TƏBİB yaralının son durumunu açıqlayıb.
Qurumdan bildirilib ki, Nağı İmanov fevralın 21-də saat 20:40-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
"Ona partlayış travması, sağ baldırın aşağı üçdəbirinin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib", - TƏBİB-dən verilən məlumatda deyilir.
Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağın müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.