"Avropa İttifaqının əsas prioriteti Ukraynanın müqavimətini gücləndirməkdir..."
Avropa İttifaqı mart ayında Ukraynaya 3,5 milyard avro məbləğində yardım ayıracaq.
Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyenin Kiyevdə keçirilən Ukraynaya beynəlxalq dəstək sammitində verdiyi bəyanatda deyilir. Məlumatı "eurointegration.com" nəşri yayıb.
"Avropa bu kritik anda Ukraynanı gücləndirmək üçün buradadır. Bildirə bilərəm ki, artıq mart ayında Ukraynaya 3,5 milyard avroluq yeni ödəniş ediləcək", - bəyanatda qeyd olunur.
Fon der Lyayen vurğulayıb ki, Avropa İttifaqının əsas vəzifəsi Ukraynanın müqavimətini gücləndirməkdir.
"İndiyədək İttifaqımız və üzv dövlətlər Ukraynaya 134 milyard avro dəstək verib. Bu, digərlərindən daha çoxdur. Avropa İttifaqının mexanizmi və G7 krediti sayəsində Ukraynanın 2025-ci il üçün büdcə kəsirini bağlamışıq", - o, bildirib.
Bundan əlavə, Avropa Komissiyasının prezidenti müttəfiqlərin silah və sursatın dərhal çatdırılmasını sürətləndirməli olduğunu vurğulayıb. Bu, yaxın həftələrdə onların əsas prioriteti olacaq.
Avropa liderlərinin Ukraynaya səfəri
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ildönümündə xarici liderlər Kiyevə gəlir. İlk olaraq Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyen və Avropa Şurasının sədri Antoniu Koşta gəlib.
Bundan əlavə, fevralın 24-də Avropa İttifaqı Şurası Rusiya iqtisadiyyatının mühüm sektorlarını hədəfləyən və onun Ukraynaya qarşı qanunsuz, təcavüzkar və əsassız müharibə aparmaq qabiliyyətini daha da zəiflətməyə yönəlmiş 16-cı genişmiqyaslı iqtisadi və fərdi sanksiyalar paketini təsdiqləyib.