Traktorla minik maşını toqquşdu: ölənlər var

Tərtərdə traktorla minik maşını toqquşub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Hümbətli kəndində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi VAZ-2101 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.S.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib. Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan "Belarus 82" markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Pentaqon AÇIQLADI: Ukraynaya yardım Baydendən sonra da davam edəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya dəstəyin Co Baydenin prezidentlik dövründən sonra da davam edəcəyini gözlədiyini bildirib. Sozcu.az xəbər verir ki, bu bəyanat Ukraynanın hərbi ehtiyaclarının 2027-ci ilə qədər təmin olunmasını müzakirə etmək üçün 9 yanvarda keçiriləcək təmas qrupu toplantısı ərəfəsində verilib. Bununla yanaşı, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsini Co Baydenin siyasətinin “fiaskosu” adlandırıb. O, Baydenin əvəzinə “nə etdiyini bilən bir prezident” hakimiyyətdə olsaydı, bu münaqişənin baş verməyəcəyini vurğulayıb. ABŞ-ın Ukraynaya hərbi yardımı ilə bağlı qərarlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Gələcəkdə bu yardımların miqyası və istiqamətləri siyasi vəziyyətdən asılı olaraq formalaşacaq.

Ərzurum silkələndi: ətraf bölgələrdə də hiss edildi

Türkiyənin Ərzurum vilayətində zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Pasinlər rayonunda qeydə alınan zəlzələ 4,5 bal gücündə olub. Məlumata görə, yerli vaxtla saat 04:30-da baş verən zəlzələ 14,8 kilometr dərinlikdə qeydə alınıb və ətraf bölgələrdə də hiss olunub. Zəlzələ nəticəsində xəsarət alan olmayıb.

Mask psixi pozuntu keçirir, xəstədir - Abramson

İş adamı İlon Mask dəli olub, psixikası zəifləyir. Sozcu.az xəbər verir ki, bunu biznesmen bioqrafı Set Abramson deyib. “Son iki il ərzində sosial şəbəkədə onun davranışını izlədim, onun özü də psixi pozğunluqların, narkotik maddələrdən istifadənin və həddindən artıq stressin ona təsir etdiyini etiraf edir, indi onun ağır xəstə olmasından qorxmağa əsas var”, - o bildirib. Abramson əlavə edib ki, Maskın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təsiri Amerika cəmiyyətini təhdid edir.

Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya - Ukrayna müharibəsinin qarşıdakı altı ay ərzində bitə biləcəyini deyib. Sozcu.az  xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. "Ümid edirəm ki, yarım il ərzində buna nail olacağam", - siyasətçi bildirib. Tramp Rusiya-Ukrayna müharibəsinə ABŞ-nin hazırkı Prezidenti Cozef Baydeni təqsirləndirib: "Müharibənin təqsirkarı Baydendir. Müharibəyə onun administrasiyasının səriştəsizliyi ilə təhrik edilib". Respublikaçıların lideri onu da söyləyib ki, Qərb Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü etiraf edir. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.

İlham Əliyev İranla əlaqələrdən danışdı

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunub. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”. Azərbaycan Prezidenti əvvəlki hakimiyyətlə münasibətlərin pisləşməsi ilə bağlı bəzi məqamları da xatırladıb. Prezident İlham Əliyev deyib ki, səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. “Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Xaçmazda iki maşın toqquşdu: yaralılar var

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı VAZ 2109 və “Audi” markalı minik avtomobilləri toqquşub. Hadisədə VAZ 2109-da olan sürücü və sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Paşinyandan Mirzoyana göstəriş: Qarabağla bağlı sənədlər...

Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağ danışıqları ilə bağlı sənədlərin inventarlaşdırılmasını tapşırıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyanın ofisi məlumat yayıb. Məlumata görə, baş nazir Nikol Paşinyan Mirzoyana Qarabağ danışıqları ilə bağlı Xarici İşlər Nazirliyində olan sənədlərin inventarlaşdırılması haqda göstəriş verib. Bu materialların dərc olunub-olunmaması məsələsinə Ermənistanın dövlət təhlükəsizliyi maraqları nəzərə alındıqdan sonra icazə verilə bilər. Xatırladaq ki, ötən ilin sonunda “Azadlıq” radiosu Nikol Paşinyana Qarabağ probleminin həlli ilə bağlı rəsmi sənədləri dərc etməyə hazır olub-olmadığı haqda sual ünvanlayıb. Nəşr bildirib ki, bu, cəmiyyətin faktlarla tanış olmasına və siyasi spekulyasiya etmədən nəticə çıxarmasına səbəb ola bilər.

Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı, qatarların hərəkəti dayandı

Bakı Metropoliteninin "Dərnəgül - Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar 15 dəqiqədən çoxdur, "Ulduz" - “Koroğlu” stansiyaları arasındakı tuneldə qalıb. Bu barədə "Report"a sərnişinlər məlumat verib. Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.

Metroda gediş haqqı artırılır?

Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı bildirilir. Pravda.az məsələni dəqiqləşdirmək üçün "Bakı Metropoliteni" QSC-nin artımla bağlı Tarif Şurasına müraciət edib-etmədiyi barədə sorğu ünvanlayıb. Üç gün keçməsinə baxmayaraq, qurumdan heç bir mövqe bildirilməyib. Xatırlatma: Hazırda metroda gediş haqqı 50 qəpikdir.

Braziliyada təyyarənin “qara qutu”su oxundu - Qazaxıstana göndərildi

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin “qara qutu”larının oxunmasını tamamlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Məlumata görə, “Embraer” təyyarəsinin məlumatları qəzanı araşdıran Qazaxıstanın müvafiq orqanına göndərilib.

Sabunçu körpüsü yaxınlığında qəza: ölən var

Bakıda avtomobil təxminən 40-45 yaşlarda kişini vurub. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib. Belə ki, 1980-ci il təvəllüdlü Nail Fuad oğlu Abdullayev idarə etdiyi "Mersedes" markalı avtomobillə Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında ehtiyatsızlıqdan piyadanı vurub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Azər transplantasiya əməliyyatı olunmaqdan özü imtina edibmiş

Aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, 2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib: “16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM-a daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib, lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”. Qeyd edək ki, aparıcı-aktyor İlkin Həsəni orqan transplantasiyası ilə bağlı son məqamda Azər Baxşəliyevə imtina cavabı verildiyini bildirib. Onun sözlərinə görə, analizlər götürülüb, sənədləşmə gedib. Sonuncu məqamda Azər Baxşəliyevə imtina cavabı gəlib. Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. O, yanvarın 5-də vəfat edib.

Qandonduran cinayət: Ərini öldürdü, doğradı, kanala atdı

Salyan rayonunda ərini öldürüb meyitini hissələrə bölərək kollektora atmaqda şübhəli bilinən qadın saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, Salyan rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib. Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Qonşumuzda hərbi xidmət 6 AY OLDU

Yanvarın 1-dən Gürcüstanda məcburi müddətli xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, artıq çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcəklər. Hərbi xidmətə çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək. Gürcüstanda müddətli xidmət ödənişli olmaqla məzuniyyət və istirahət günlərindən ibarət olacaq. Çağırışçı özü üçün üç xidmət variantından birini seçə bilər. Bildirilir ki, döyüş bölməsində xidmət – 6 ay, mühafizə və təminat bölmələrində xidmət – 8 ay, kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə xidmət isə 11 ay olacaq. Hərbi xidmətə çağırış il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, döyüş bölməsində xidmətə çağırış aprelin 15-dən başlayacaq. Mühafizə və təminat bölmələrində xidmətə çağırış dörd mərhələdə – martın 15-də, iyunun 1-də, avqustun 15-də və noyabrın 1-də həyata keçiriləcək. Kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə çağırış isə oktyabrın 15-də başlayacaq. Yeni qaydalara əsasən çağırışçılar əvvəlki iş yerlərini saxlayacaqlar, dövlət qurumunda çalışırlarsa, maaşlarını alacaqlar, xidmət yerində isə onlara istirahət günü veriləcək, həmçinin ictimai nəqliyyatdan pulsuz istifadə etmək imkanı yaradılacaq. Qaydalara görə, hərbi xidmətdən bir dəfə möhlət almaq olar, bu 5 min lariyə, yəni 2 min dollara başa gələcək. Eyni zamanda, layihə çərçivəsində bütün dini konfessiyaların xidmətçiləri alternativ xidmət keçəcəklər. Tələbələr istəsələr, özlərinə uyğun variantı seçərək ildə bir dəfə bir ay və ya fasiləsiz zabit rütbəsi almaq üçün intensiv kurs keçə bilərlər. Tələbələr öz istəklərinə uyğun variant seçə bilərlər. Yəni onlar ya ildə bir dəfə 1 ay müddətinə kurs keçə bilərlər, ya da bu kursu təhsildən ayrılmadan keçə biləcəklər.

İki tələbə dəm qazından ZƏHƏRLƏNDİ

Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən binaların birində baş verib. Ağdaş rayon sakini 2006-cı il təvəllüdlü S.Məcidova və Şirvan şəhər sakini 2006-cı il təvəllüdlü N.Nərimanova zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstəyə yardım edilib,onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, gənc qızlar yaşadıqları evdə dəm qazından zəhərləniblər. Qeyd edək ki,S.Məcidova və N Nərimanova Gəncə Dövlət Universtetin tələbələridir.

Ukraynadan Qərbə xəbərdarlıq: Vaxtı deyil!

Tərəfdaşlarımızın axsaması və ya yorulması vaxtı deyil. Zəiflik, fundamental məsələlərdə güzəştlər Avropa ölkələri və ABŞ-a da zərər verəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb. Sibiqa qeyd edib ki, strateji səhvlər uzunmüddətli perspektivdə çox baha başa gələcək.

İranla bağlı vəziyyət bizi kritik nöqtəyə yaxınlaşdırır

İranın nüvə proqramı ilə bağlı vəziyyət pisləşir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron qeyd edib ki, nüvə proqramının sürətləndirilməsi Qərbi kritik nöqtəyə çox yaxınlaşdırır.

Trüdo istefa verdi

Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının rəhbərliyindən istefa verdiyini elan edib. Sozcu.az xəbər verir ki, 53 yaşlı siyasətçi paytaxt Ottavada keçirdiyi mətbuat konfransı zamanı partiya yeni liderini seçənə qədər Baş nazir vəzifəsində qalacağını açıqlayıb. Castin Trüdo vurğulayıb ki, ölkə parlamenti martın 24-dək fəaliyyətini dayandıracaq. Qeyd edək ki, daha öncə yayılan məlumatda onun yanvarın 8-də istefa verəcəyi bildirilmişdi.

Axtarışda olan şəxs Rusiyadan Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Taleh Becanovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verilib. Xətai rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Taleh Becanovun Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Taleh Becanov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

5 il öncə paltar reklamı ilə məşğul idi, indi cərrahdır

Amerikaya köçən tele-aparıcı Qənirə Ataşova sosial media hesabında açıqlaması ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, Qənirə Ataşova plastik cərrah kimi fəaliyyət göstərən Səma Qasımova haqqında İnstaqramda hekayə bölümündə  yazıb: Qənirə Ataşovanın sözlərinə görə, Səma Qasımova 2020-ci ildə paltar reklamı ilə məşğul imiş. Reklamdan cərrahlığa bir addım..."

Vardanyanın məhkəməsinin vaxtı AÇIQLANDI

Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin olunub. Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə məlumatında deyilir ki, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb. Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib. Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub. İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib. İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib. Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 9. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 10. Babək prospekti, mərkəz istiqamətində; 11. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 12. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində; 14. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 15. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 17. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Karantin təhlükəsi yenidən qapıda - Nazirlik əməkdaşından CİDDİ XƏBƏRDARLIQ!

Xəbər verdiyimiz kimi, Çində insan metapnevmovirusunun epidemiyası qeydə alınıb. Ölkə səlahiyyətliləri bu epidemiyanı nəzarətdə saxlamaq üçün tədbirlər görürlər, lakin bu, təkcə Çində deyil, digər ölkələrdə də izlənilən qlobal sağlamlıq məsələsidir. Hətta virusun Asiyaya da çatdığı, Qazaxıstanda həmin virusa yoluxanlar olduğu bildirilir. Bəs belə vəziyyətdə ölkəmizi hansı risklər gözləyir? Yenidən qapanmalar və maska istifadəsi gündəmə gələ bilərmi? Yenisabah.az-a açıqlamasında suallara aydınlıq gətirən  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev insanlara vacib tövsiyələr verib: “Bildiyimiz kimi, Çində yeni virus yayılıb. Bu metapnevmovirusu (HMPV) adlanır. Artıq Qazaxıstanda, hətta bu gün Qırğızıstanda da virusa yoluxma halı qeydə alınıb. Paramyxoviridae ailəsinə aid olan bir virusdur. RSV virusu ilə eyni qrupdandır. İlk dəfə 2001-ci ildə Hollandiyada aşkar olunub. Yuxarı və aşağı tənəffüs yollarının infeksiyasına, həmçinin, pnevmaniyaya səbəb ola bilir. Əsas önəmli məqam həmin virusun hava damcı yolu ilə insandan-insana ötürülməsidir. İnkubasiya dövrü 5-9 gün arası dəyişir. Uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar, orqan alıcıları, xroniki xəstəliyi olan şəxslər xəstəliyi daha ağır formada keçirə bilirlər. Həmin şəxslərdə ölüm riski digərlərinə nisbətən daha yüksəkdir. Əsas əlamətlər öskürək, burun axıntısı, nəfəs darlığı, xışıltı, yüksək temperaturdur. Virus özünü belə büruzə verir. Təbii ki, sadəcə sadalanan əlamətlərə əsasən bu virusa yoluxmağı konkret olaraq demək çətindir. Çünki oxşar simptomlar digər viruslarda da ortaya çıxır. Müəyyənləşdirmək üçün burundan yaxma götürülməlidir. Koronavirus dönəmində də belə testlər edilirdi. Yetişkin və immuniteti güclü olan insanlarda, həmçinin, uşaq vaxtında həmin xəstəliyi keçirən şəxslərin virusa yoluxmasında heç bir risk yoxdur. Çünki onlar bu dönəmi daha normal keçirirlər”. Həkim virusun hansı qaydada müalicə olunduğunu da açıqlayıb: “Müalicə üsulu simptomatikdir. Dəqiq bir antiviral yoxdur. Virusa görə vaksin hazırda araşdırılma mərhələsindədir. Yəni təsdiqlənmiş peyvənd yoxdur. Ona görə də ən doğru yol simptomatik müalicədir və birinci növbədə xəstəliyə yoluxmamaqdır. Buna görə də xəstə olan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq lazımdır. Bunlara riayət etmək sizi sadəcə bu virusdan deyil, digərlərindən də qoruyacaq. Covid-19 dönəmindəki bir sıra tədbirlər yenidən gündəmə gələ bilər. Ara məsafəsi saxlamaq, gigiyena qaydalarına əməl etmək və maskadan yenidən istifadə edə bilərik. Çünki virusdan qorunmanın ən etibarlı yolu hal-hazırda bunlardır. Xəstə insanlara isə tövsiyəm bundan ibarətdir ki, həmin dövrdə ev şəraitində qalsınlar. Onların izolyasiyası ən doğru addım hesab edilir. Çünki həmin şəxslər çox sürətli formada başqalarına virusu ötürə bilərlər. Uşaqlar və immunsupresif şəxslər sağaldıqdan sonra da virus daşıyıcısı ola bilərlər. Belə şəxslər həftələrlə nəzarət altında saxlanılmalıdır”. V.Əliyev insanlara bir məqam barədə xəbərdarlıq edib: “Virusa yoluxmanın ilkin mərhələsində antibiotik, gərəksiz sistem müdaxiləsi, xüsusilə steroidin istifadə edilməsi xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan səhv müalicədənsə, simptomatik qaydada müalicə daha uyğundur. Bol maye qəbul edərək istirahət rejiminə keçid məqsədəuyğun sayılır”.