Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salındı

Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə xəbər yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Birinci Kanal" məlumat yayıb. Hava limanına bomba qoyulması barədə anonim məlumat daxil olduqdan sonra Batumi-İstanbul reysi 2 saat müddətinə təxirə salınıb. Sapyorlar hadisə yerinə gəlsələr də, hər hansı partlayıcı qurğu tapmayıblar.

“İş o yerə çatıb ki, artıq Azərbaycanla...” - Paşinyan açıqladı

İndi faktiki olaraq Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar az-çox aktivdir. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Çalışmaq üçün işlək kanallar var, xüsusən də mənim aparatımla Azərbaycan prezidentinin aparatı arasında. Birgə bəyanatı məhz o kanallar vasitəsilə qəbul etmişik. Əlbəttə, mövzu sülh müqaviləsinin mətni üzərində işdir. Bizə göndərirlər, üzərində işləyirik, yenidən göndəririk. İndi iş o yerə çatıb ki, biz Azərbaycandan, Azərbaycan da bizdən qarşılıqlı olaraq əlavə təminatlar istəyirik ki, bir-birimizdən gizlədilmiş ərazi tələblərimiz və ambisiyalarımız yoxdur, çünki diplomatik mətnlərdə alt qeydlər və sair olur. Hesab edirəm ki, bu vəziyyətə bir iş prosesi kimi baxmalıyıq və bu suallara cavab verilənə qədər davam etməliyik”, - baş nazir bildirib.

Azərbaycanda zəlzələ fəsadlar törətdi: Evlər çatladı

Şirvanda zəlzələ nəticəsində bir neçə evdə çatlar əmələ gəlib. Sozcu.az “Report”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında baş vermiş zəlzələ zamanı köhnə şəhər adlanan ərazidə bir neçə fərdi yaşayış evində xırda çatlar yaranıb. Qeyd edək ki, ötən gün axşam saat 22:05 radələrində ölkə ərazisində 5.1 maqnitulalı zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.

Türkiyə XİN Azərbaycana başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib. "20 Yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik", - başsağlığında bildirilib. Xatırladaq ki, bu gün 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

“20 yanvar hadisələri evimin qarşısında olub, Xamis qışqırırdı ki, mənə kamera verin”

“20 yanvar hər bir azərbaycanlının qəlbində bir yaradır. O dəhşətli, faciəli gün heç vaxt yadımızdan çıxmaz. Elə bir ailə olmadı ki, ona ziyan, zərər toxunmasın. İstər maddi, istər mənəvi, istərsə də itkiləri ilə. 20 yanvar Azərbaycanın azadlığı üçün atdığı ilk addım idi. Düzdür, hamımız günahsız, silahsız idik. Vətənimizin övladları o vəhşilərin qarşısına ona görə çıxmışdı ki, onları başa salsınlar ki, əhali silahsızdır, körpələr yatıblar. Bütün bunlara baxmayaraq həmin vəhşilər o insanlara atəş açdılar, onları qətlə yetirdilər. Binaları, küçələri güllələdilər. Demək olar ki, nə qədər insan itkin düşdü. Birinin qolu, birinin qıçı tapıldı” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı bildirib. O daha sonra əlavə edib. “Bu hadisələr mənim evimin qarşısında olub. O dəhşətli gecə ölənə qədər yadımdan çıxmaz. İnsanların qışqırıq səsləri, tankların ətrafa səpələdikləri güllələr hafizəmdə dərin iz buraxıb. O illərdə Xamis hələ kinostudiyanın operatoru idi. Baş verənləri lentə almaq istəyirdi. Qışqırdı ki, “mənə kamera verin, çox xahiş edirəm”. Nazim İmanovun qardaşı Rasim İmanov artıq kamera tapmışdı, hər şeyi lentə alırdı. Bu vəhşiliyi bəşər tarixi yaddan çıxara bilməz. Nə 20 yanvar, nə də Xocalı qətliamı yaddan çıxa bilmərik. Bütün bunlarla bərabər biz o çətinliyə sinə gərdik, dözdük. İlk dəfə Şəhidlər Xiyabanı gördük. İlk dəfə Şəhidlər Xiyabanının nə olduğunu gördük. Heç bunu arzulamazdıq. İndi o xiyaban bizim üçün fəxrdir. Azadlıq, qəhrəmanlıq rəmzidir. Sonra isə Qarabağ şəhidləri. Azərbaycan verdiyi şəhidlərin, tökülən qanların naminə daha da bərkidi, mükəmməl oldu. Bu azadlığı, onların bizim üçün qoyub getdikləri torpaqların həmişə qədrini bilməyə çalışmalıyıq. Biləcəyik də. Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə xalq artisti Afaq Bəşirqızı bildirib.

Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapıldı

İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

ABŞ səfiri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verib. Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüznlə başsağlığı veririk", - səfir Mark Libbi bildirib.

Prezident Şəhidlər xiyabanını ziyarət etdi

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanda güclü zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması

“5,1 ocaqda baş verən maqnitudadır. Stansiyalar hazırda zəlzələnin ocağını dəqiqləşdirirlər. 84 stansiyanın məlumatı analiz edilməlidir. Qorxulu bir şey yoxdur, narahat olmasınlar”. Bu fikirləri Musavat.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, Saatlı, Sabirabad, Salyan, İmişli, Cəlilabad, Şirvan, Yardımlı, Lerik zəlzələni yüngül hiss etməlidir: “Təkanlar dərində olanda onun silkələnmə əhatəsi çox geniş olur. Səthi olsa, dağıntı yaradar. Zəlzələ Bakıda hiss olunmayıb. Bəzi insanlar xofa düşüb küləyin əvəzinə deyir ki, zəlzələni hiss etdim. 1-2 nəfərin deməyi ilə yazmırlar ki, onlar zəlzələni hiss edib. Zəlzələnin episentri Saatlıdan 30 km cənub-şərqə doğrudur. Təkrar güclü zəlzələ gözlənilmir. 3-3,5 ballıq afterşoklar ola bilər”.

Azərbaycanda 5,1 bal gücündə zəlzələ oldu - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.  Sozcu.az xəbər verir ki, zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.  Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. *** 22:13 Azərbaycanda 5,1 bal gücündə zəlzələ olub.  Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.  Zəlzələ yerli vaxtla saat 22:05-də baş verib. 

Bakını talan edən rus əsgərlər - Foto

19-dan 20-nə keçən gecə (1990-cı il) Bakıda qanlar tökmüş 234-cü alayın 7-ci rotasının əsgərlərdir. Bu dəstə dinc insanların qanını tökməklə yanaşı, talançılıq da edib. Sozcu.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev bu sözlərlə aşağıda təqdim etdiyimiz fotonu yayıb. Alimin sözlərinə görə, bu əsgərlər Bakı-Sumqayıt yolunda bir “Kamaz” markalı maşını sürücünün əlindən alıb Pskov şəhərinə aparıb satıblar, Bakı Dəniz Vağzalına daxil olub, bütün spirtli içkiləri və rəngli televizoru götürüblər: “Müxtəlif yerlərdə olan mağazalara basqınlar ediblər. Sonradan bu dəstəni Pskova, ordan isə Vilnüsə aparıblar”. Z.Əliyev bu rotanın üzvləri olan Vladimir Popov və Fedotun etiraflarını da təqdim edib.

Müsavat başqanı ATƏT-in Müşahidə Missiyasının nümayəndələri ilə görüşdü

Yanvarın 19-da Müsavat başqanı Arif Hacılı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri Dominik Houel və Svetlana Çetaykina ilə görüşüb.  Görüşdə fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri, həmin seçkilərin müşahidə olunması perspektivləri, ölkədəki seçki qabağı vəziyyət, seçki qanunvericiliyi, seçkilər ərəfəsində 10 jurnalistin və bir sıra siyasi fəalların, o cümlədən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qanunsuz həbsi, Müsavat  Gənclər Təşkilatının üzvü, partiya başqanının oğlu Orxan Hacılının adi yol qəzasına görə iki ay qanunsuz həbsdə saxlandıqdan sonra indi ev dustaqlığında olması və digər məsələlər müzakirə olunub.  Müsavatın qərargahında keçirilən görüşdə partiya başqanının müavini Razim Əmiraslanlı və Divan üzvü Mustafa Hacıbəyli iştirak ediblər.  Basta

İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

“Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir”. Sozcu.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsində yazıb. O qeyd edib ki, hüznə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirib. “İsrail xalqı hər gün olduğu kimi bu gündə də Azərbaycan xalqının yanındadır”, - paylaşımda deyilir. Səfir Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərkən çəkilmiş fotolarını da paylaşıb. Şəhidlər Xiyabanında o həmçinin Azərbaycanın iki Milli Qəhrəmanı - Albert Aqarunovun və Vahid Əzizovun məzarına da baş çəkib.

İspaniya kubokunda 1/4 finalın püşkü atıldı

2023/2024 mövsümünün İspaniya kubokunun 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.  Sozcu.az turnirin saytına istinadən xəbər verir ki, bu mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək:  "Selta" - "Real Sosyedad" "Malyorka" - "Jirona" "Atletik" - "Barselona" "Atletiko" - "Sevilya" Qeyd edək ki, görüşlər 23,24,25 yanvar tarixlərində keçiriləcək. 1/4 finalın oyunları 1 matçdan ibarətdir.

Hər gün 1 qaşıq yesəniz orqanizminizdə mikrob qalmayacaq

Son zamanlar artan qrip infeksiyalarına qarşı təbii antibiotikləri əvəz edən reseptlərdən faydalanmaq lazımdır. Mütəxəssislərin fikrincə, güclü immunitet üçün ilk növbədə immuniteti gücləndirən qidalar qəbul etmək önəmlidir. Axşam.az təbii antibiotikləri əvəz edən qarışıq təqdim edir.  Bu qarışığı yuxudan oyanan kimi yediyiniz zaman immunitetinizi gücləndirir. Qarışım belə hazırlanır: Hər səhər bir qaşıq bal, bir çay qaşığı zəncəfil və yarım çay qaşığı darçın qarışdırın. 10 dəqiqə gözlədikdən sonra acqarına istehlak edin. Hər hansı bir xəstəliyiniz varsa, həkiminizlə məsləhətləşmədən istifadə etməməlisiniz. Qarışımla yanaşı qidalanmağınıza da fikir verin. Hər gün bunlardan yemək sizə yardım edəcək: Folat, dəmir, C vitamini və antioksidantlarla zəngin olan ispanaq immunitet sistemini dəstəkləyir. Tərkibində E vitamini olan badam ən sağlam qəlyanaltılardan sayılır. İmmunitet sisteminin hüceyrələrini qorumağa kömək edir. Tərkibində yüksək miqdarda antioksidant olan göyərti immunitet sistemini gücləndirir və idrak funksiyalarını yaxşılaşdırır. Antiviral və antibakterial xüsusiyyətlərə malik olan sarımsaq immunitet sistemini gücləndirən ən təsirli qidalar arasındadır. Tərkibində omeqa-3 yağ turşuları olan balıq bədəndəki iltihabı azaltmağa kömək edir və həmçinin immunitet sistemini dəstəkləyir. Tərkibində C vitamini, A vitamini və lif olan brokoli immuniteti gücləndirən ən təsirli qidalardandır. Bol probiyotik ehtiva edən qatıq həzm sistemini dəstəkləyir və immunitet sistemini gücləndirir. C vitamini ilə çox zəngin olan portağal, naringi və qreypfrut kimi sitrus meyvələri immunitet sistemini gücləndirir. Yüksək antimikrobiyal xüsusiyyətlərə malik olan bal soyuqdəyməyə qarşı təbii həll təklif edir və davamlı öskürək üçün xüsusilə şəfalıdır.

"Sevgi gəlirəm deməz"

Müğənni Günel Zeynalova sevgi ilə bağlı paylaşımı ilə diqqət çəkib.  Sozcu.az xəbər verir ki, sənətçi çiçək şəkli yayımlayaraq "Sevgi gəlirəm deməz" sözlərini yazıb.  Sənətçi daha sonra mahnıdan sözlər yayımlayaraq "Qal, getdiyin yerdə xoşbəxt ol, olacaqsan, ola bilməzsən. Ya da gəl qəlbimi al, sev, çox sev, əziyyət çək, dava edək və sonra barışaq. Sonra da qəbimin sahibi ol" sözlərini yazıb.

"Qadınım" nümayiş olunacaq

Yanvarın 25-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanmış "Qadınım" tamaşasının premyerası olacaq. Axşam.az-ın məlumatına görə, teatrdan bildirilib ki, musiqili lirik-psixoloji melodram kimi təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır. Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsi dayanır. Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət? Dərin fəlsəfi məna çalarları olan tamaşanı izləyənlər bunun şahidi olacaqlar... Türk retro musiqilərinin canlı ifa olunduğu "Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet artistləri iştirak edirlər. Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir. O, həm də aktrisa kimi çıxış edəcək. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Videogörüntüləri isə Murad Həsənov hazırlayıb. Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

ABŞ və Britaniya husilərə zərbə endirir

ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəmənin Hodeyda şəhərində üsyançı husilərin obyektlərinə zərbələr endirir. Sozcu.az xəbər verir ki, “Əl-Məsirəh” məlumat yayıb.

NATO-dan açıqlama: Bakı və İrəvan münasibətləri...

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Sozcu.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsində yazıb. O, həmçinin NATO-nun Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bu üç ölkə Rusiyaya qarşı birləşdi

Estoniya, Latviya və Litva Rusiya ilə sərhəddə müdafiə xətti yaratmaq barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb. "Baltikyanı ölkələr şərq sərhədi boyunca Baltikyanı müdafiə xəttinin yaradılması ilə bağlı razılığa gəliblər. Müdafiə hazırlığını artırmaq üçün vaxtdan düzgün istifadə etmək mütləqdir", - nazirliyin məlumatında deyilir.

Naxçıvanda 3 minə yaxın döyüş sursatı aşkarlanıb

Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir. "Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur", - qurumdan qeyd olunub. Naxçıvan DİN qanunsuz saxlanılan odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyyə edir.

Britaniyanın "Əjdaha atəşi": İstənilən hədəfi vurur

Böyük Britaniya “Dragon Fire” (Əjdaha atəşi) adlı enerji lazer silahının yeni uğurlu sınağını keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Bildirilib ki, hava hədəflərinə ilk dəfə olduqca güclü atəş açılıb. Sınaq Şotlandiyanın qərb sahillərindəki Hebrid adalarında baş tutub. Agentlik milli təhlükəsizlik baxımından "Dragon Fire"ın atış məsafəsini açıqlamayıb, lakin qeyd edib ki, silah hər hansı görünən hədəfi məhv edə bilər. Müdafiə Nazirliyi 1 km məsafədən sikkə vurmağa qadir olan yüksək dəqiqliyə malik lazer silahları yaratmaq niyyətində olduqlarını vurğulayıb.

Halı pisləşən türkiyəli sürücü Goranboyda qəza törətdi

Goranboy rayonunun Boluslu kəndi ərazisində Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Cem Yaradılmış avtomobil idarə edən zaman anidən halı pisləşib və qəza törədib. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, nəticədə onun nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub. Yüngül xəsarət alan C.Yaradılmış xəstəxanaya çatdırılıb. Onun qıcolma səbəbindən səhhəti pisləşdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qəzzada atəşkəs vacibdir - Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində paylaşım edilib. Görüş Azərbaycan nazirinin Uqandaya işgüzar səfəri çərçivəsində baş tutub. Tərəflər regional və beynəlxalq təhlükəsizlik sahəsində son hadisələri, Azərbaycan və Fələstin arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ceyhun Bayramov Qəzzada atəşkəsin vacibliyini və Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun ədalətli həllinə dəstəyini təsdiqləyib.