Yanvarın 25-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanmış "Qadınım" tamaşasının premyerası olacaq.
Axşam.az-ın məlumatına görə, teatrdan bildirilib ki, musiqili lirik-psixoloji melodram kimi təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır. Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsi dayanır. Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət? Dərin fəlsəfi məna çalarları olan tamaşanı izləyənlər bunun şahidi olacaqlar...
Türk retro musiqilərinin canlı ifa olunduğu "Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet artistləri iştirak edirlər.
Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir. O, həm də aktrisa kimi çıxış edəcək.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Videogörüntüləri isə Murad Həsənov hazırlayıb.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.