Prezident bu ASC-ni ləğv etdi

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və Azərsığorta ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Sozcu.az xəbər verir ki, fərmana əsasən, "Azərsığorta" ləğv edilib. Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.

707-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 707-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 385 230 hərbçi, 6 310 ədəd tank, 11 757 ədəd zirehli döyüş maşını, 9195 ədəd artilleriya sistemi, 974 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 663 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 231 ədəd avtomobil texnikası, 7100 ədəd PUA, 1 846 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1452 xüsusi avadanlıq itirib.

Bacısını döyüb öldürən şəxsə hökm oxundu

Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevə hökm oxunub. Sozcu.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, A.Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham aktında qeyd edilib ki, hadisə ötən il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib. Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı - 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılıb, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb. A.Əfəndiyevə qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

NATO Bakı-İrəvan münasibətləri barədə açıqlama yaydı

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib. “Danışıqların ikitərəfli formatını da dəstəkləyirik. Sonunda iki ölkə necə irəliləyəcəyinə qərar verməlidir, buna görə də biz sülhə aparan hər şeyi dəstəkləyəcəyik. Hesab edirik ki, prosesin əsasını təşkil edən prinsiplər - suverenliyə və ərazi bütövlüyünə hörmət əsasdır”, - o bildirib. Kolomina qeyd edib ki, BMT Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmazsa, NATO tərəflər arasında mövqe tutmur.

İran geri çəkildi, hücumlar dayandırıldı - Təcili

İrana bağlı silahlı qruplaşmanın ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumundan sonra Vaşinqtonun cavabından ehtiyat edən Tehran geri çəkilir. Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” Suriya İnsan Haqları Monitorinq Qrupuna istinadən məlumat yayıb. Bildirilib ki, SEPAH Suriyadakı silahlı qruplaşmalardan ABŞ hədəflərinə hücumları dayandırmalarını istəyib. Bununla yanaşı, İrana bağlı Kataib Hizbullah da bəyanat yayaraq, İraq və Suriyada ABŞ hədəflərinə hücumları dayandırdıqlarını açıqlayıb. Bu qərarın SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaaninin tələbi ilə qəbul edildiyi bildirilir.

Bakıda sənədsiz evlərə çıxarış veriləcək - Bu ərazilər istisna olmaqla...

İllərdir həllini tapmayan sənədsiz ev problemi yenidən gündəmdədir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev açıqlama verib. O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir. Mətin Eynullayev bu məsələ ilə bağlı qanun layihəsinin hazırlandığını bildirib.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, tikinti qadağası olan xüsusi ərazilərdə tikilənlər istisna olmaqla, digər sənədsiz evlərə mərhələli formada çıxarış veriləcək: “Bu prosesə 2019-cu ildən başlanılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidməti hələ o vaxt komissiya yaratmışdı və həmin komissiya öz profilinə uyğun olaraq hər bir rayonun ərazisində olan sənədsiz-qeydiyyatsız evlərin qeydiyyat uçotunu aparmağa başlamışdı. Lakin 2020-ci ildə pandemiya başlandığı üçün bu proses yarımçıq qaldı. Təcrübə göstərdi ki, bu qeydiyyataalma prosesi icra hakimiyyətləri tərəfindən özünəməxsus formada aparılıb. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, təyin olunmuş xüsusi zonalar istisna olmaqla, digər yaşayış evlərinə çıxarışların verilməsinə mərhələli formada amnistiya veriləcək”.  Ekspert amnisitiyaya düşməyəcək əraziləri də qeyd edib. “Xüsusi zonalar dedikdə, elektrik xətlərin keçdiyi, neft əraziləri və kənd təsərrüfatı təyinatlı torpaqlar nəzərdə tutulur ki, bunların sənədləşdirilməsi qanunvericiliyə ziddir. Sənədləşdirmə ilə bağlı müvafiq dövlət qurumlarının rəyi hazırlanır. Bu proses mərhələli formada həyata keçiriləcək. Çünki hazırda sənədsiz evlərin sayı olduqca çoxdur və bunlar müxtəlif təyinatlı torpaqlarda tikilib”. 

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür. Sozcu.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib. 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb. 29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət İli" elan edilib. Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sənədsiz evlərdə yaşayanlara MÜHÜM XƏBƏR - VİDEO

İllərdir həllini tapmayan sənədsiz evlər məsələsi yenidən gündəmdədir. Sozcu.az Xəzər TV-yə istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bu barədə açıqlama verib. O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, "sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil". Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir. Dövlət Xidmətinin rəisi Mətin Eynullayev həmçinin fevral ayı ərzində Xankəndidə 40-a yaxın ictimai obyektin açılacağını bildirdi. Qeyd edək ki, Qarabağda ümumilikdə torpaq sahəsinin ayrılması ilə bağlı 11 min hektar yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib.

Turqut Özalın azərbaycanlı iqtisadi müşaviri Çingiz İsrafil vəfat etdi

Azərbaycan türkü,  Amerika Kolumbiya Universitetinin məzunu, yeni dövr Türkiyə iqtisadiyyatının banisi sayılan Turqut Özalın iqtisadi məsələlər üzrə məsləhətçisi, iqtisadiyyatin liberallaşdırılması və özəlləşdirmə proqramının rəhbəri Çingiz İsrafil vəfat edib. O həmçinin Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovunda iqtisadi məsələlər üzrə müşaviri olub. Çingiz İsrafil Azərbaycan Cümhuriyyəti ordusunun polkovniki İsrafil İsrafilovun qardaşı oğlu, Amerikada ilk Azərbaycan diasporasının qurucusu Hidayət İsrafilin böyük oğludur. Bu gün onun Amerikada yaşayan qardaşı Nəbi İsrafil tərəfindən qardaşının İstanbulda vəfat etdiyi bizə bildirilib.  Ceyhun Nəbi

Masallı sakini döyülərək öldürüldü - Həmkəndlisi həbs edildi

Həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs həbs edilib. Masallı rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 1994-cü il təvəllüdlü Elnur Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Nurlan Nuriyevin yanvarın 21-də aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsartələr yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Nurlan Nuriyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam etdirilir.

Avtomobillərin utilizasiya haqqının məbləği barədə qərar veriləcək

Avtomobillərin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcminin müəyyənləşdirilməsi ilə bağlı əsas prosedurlar başa çatıb, proses son mərhələdədir. Sozcu.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. İbrahim Məmmədov qeyd edib ki. yaxın günlərdə Nazirlər Kabinetinin bununla bağlı qərarı olacaq. Qeyd edək ki, fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək. nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi də tələb ediləcək. Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 1 fevraldan qüvvəyə minən sərəncamda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqının ödənilməsi qeyd edilib. Həmçinin qeyd edilib ki, avtomobil istismara yararsız vəziyyətə çatdıqda, o utilizasiyaya veriləcək və buna görə avtomobil sahibinə birdəfəlik ödəniş veriləcək və yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər avtomobil sahibi yerli avtomobil almağı nəzərdə tutmursa, o müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq.(Trend.az)

İmtahanda halı pisləşən tələbə vəfat etdi

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, onun imtahandan sonra halı pisləşib və dünyasını dəyişib. Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb. Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

Prezident məhkəmələrə hakimlər təyin etdi - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncam Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq imzalanıb. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Kərimova Mahirə Nəzər qızı Məmmədov Fəxri Afiq oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsi Əliyev Əli Abdulla oğlu Səfərli Cavid Şamil oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Əliyev Hafiz Samir oğlu Hümbətov Fəhmin Zaur oğlu inzibati məhkəmələr üzrə: Bakı İnzibati Məhkəməsi Ağalarov Həmid Azər oğlu Əhədova Aygün Əlqəmə qızı Həsənov Orxan Xaqani oğlu Salahova Səlma İsgəndər qızı Sevdimalıyeva Günel Arif qızı Sumqayıt İnzibati Məhkəməsi Mirzəyeva Leyla Eytibar qızı Şəki İnzibati Məhkəməsi İsmayılzadə Fərid Sabir oğlu Musayev Vüqar Ələkbər oğlu kommersiya məhkəmələri üzrə: Bakı Kommersiya Məhkəməsi Həsənova Ülkər Təhmasib qızı Hüseynov Kənan Hüseyn oğlu Şirvan Kommersiya Məhkəməsi Abdullayev Elşən Uğur oğlu hərbi məhkəmələr üzrə: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Orucəliyev Abil Elmar oğlu Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə: Babək Rayon Məhkəməsi İsmayıl Günay Mikayıl qızı Naxçıvan Şəhər Məhkəməsi Əliyeva Gülsüm Kamal qızı Bakı şəhərinin rayon məhkəmələri üzrə: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Qurbanova Aygün Arzu qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsi Axundov Fuad Aydın oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Abidova Günay Çingiz qızı İbadzadə Anar Qənimət oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsi Əliyeva Qumru Yəhya qızı Yusifova Ülkər Bayram qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Cəfərli Nilufər Arif qızı Mahmudova Həqiqət Sahib qızı Bakı şəhəri Səbail Rayon Məhkəməsi Səmədova Günel Kamil qızı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Qafarova Rübabə Nurulla qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Babazadə Gülnar Vidadi qızı Xudayev Kərim Bahəddin oğlu rayon (şəhər) məhkəmələri üzrə: Abşeron Rayon Məhkəməsi Abbasova Məlahət Aslan qızı Ağdaş Rayon Məhkəməsi Sultanov Cavid Rizvan oğlu Ağsu Rayon Məhkəməsi Əsgərov Anar Əlifağa oğlu Xaçmaz Rayon Məhkəməsi Səmədzadə Sərxan Akif oğlu İsmayıllı Rayon Məhkəməsi Hüseynov İlqar Vidayət oğlu Quba Rayon Məhkəməsi Seyidov Vüqar Mircuma oğlu Masallı Rayon Məhkəməsi Quliyev Ceyhun Əmir oğlu Saatlı Rayon Məhkəməsi Sadıqov Mirlətif Süleyman oğlu Sumqayıt Şəhər Məhkəməsi Hüseynov Elmir Xoşbəxt oğlu Şamaxı Rayon Məhkəməsi İsmayılov Natiq Əvəz oğlu Şəmkir Rayon Məhkəməsi Musayev Taleh Valeh oğlu. 2. Bu Sərəncam 2024-cü il fevralın 3-dən qüvvəyə minir.

Qriqoryan Aİ-nin müşahidə missiyasının rəhbərilə regionu müzakirə etdi

Yanvarın 30-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) bu ölkədəki müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib. Sozcu.az ErmənistanKİV-nə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının ofisinin məlumatına görə, görüşdə həmsöhbətlər Aİ-nin mülki müşahidə missiyasının fəaliyyətini müzakirə ediblər. Eyni zamanda, Avropa İttifaqının mülki işçilərinin sayının artırılması ilə bağlı Avropa Şurasının qərarına toxunublar. Həmsöhbətlər bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mülki missiyanın yerləşdirilməsinin mühüm rol oynadığını vurğulayıblar.

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi fərqli sistemlə aparılacaq

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi fərqli bir sistemlə olacaq. Sozcu.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, artıq bununla bağlı hazırlıq işləri görülür: "Elektron sistem üzərində, yeni meyarların müəyyən edilməsi üzrə iş aparılır. Yeni müayinə mərkəzində müasir avadanlıqlarrın quraşdırılması istiqamətində işlər görülür". Agentlik sədri vurğulayıb ki, dövlət başçısının müvafiq fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Dəhşətli qəza: “Kamaz” parça-parça oldu, 3 ölü - Foto

09:26 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “Kamaz” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub. Hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “Kamaz” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və VAZ-2105 markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və VAZ-2105 markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər. Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır. *** Beyləqan rayonunun İmamverdili kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları açıqlanıb. Bildirilib ki, rayonun Bahar qəsəbəsindən olan 2 nəfər hadisə yerində ölüb. Bunlar - VАZ markalı minik avtomobilinin sürücüsü 1992-ci il təvəllüdlü İlqar Məmmədov və “Kamaz” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur. Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şəmşir Abış oğlu Şükürzadə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıtda ər arvadını bıçaqladı

Sumqayıtda ər arvadını bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vaqif Ağasəf oğlu Abdullayev aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Könül Ələsən qızı Abdullayevaa bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır

Əlillik təyinatı bu formada aparılacaq

Əlilliklə bağlı müraciətlərin 43 faizi doğru çıxır, öz təsdiqini tapır. Sozcu.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib. “Əlillik üçün saxta rəylər hələ də mövcuddur. Bu kimi halların qarşısının alınması üçün əlillik təyinatı videomüşahidə ilə aparılacaq”, - sədr bildirib.

İmran Xana hökm oxundu

Pakistanın keçmiş Baş naziri İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, eyni zamanda sabiq xarici işlər naziri Şah Mahmud Qüreyşi də həbs olunub. Onlar dövlət sirrini yaymaqda ittiham olunurlar.

Evində "Pitminutka" işləyənlərə BƏD XƏBƏR

Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, su qızdırıcılarının hamam otaqlarında istifadəsinin qarşısı alınır. Hətta bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızıdırıcılarına qazın verilişi dayandırılıb. "Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov Trend-ə bildirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam otağında heç bir halda su qızdırıcısından istifadə etmək olmaz. "2009-cu ildə qüvvəyə minmiş "Qaz təchizatı. Layihələndirmə normaları"na əsasən, su qızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir. Qanunda qeyd olunub ki, əvəllər qüvvədə olan normalara uyğun olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Qanunun qəbulundan əvvəl vanna otaqlarında yerləşdirilən su qızdırıcıları qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməlidir". İ.Behbudov bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il tarixli, 215 saylı qərarı var. "Həmin qərara əsasən, qazpaylayıcı tərəfindən ildə bir dəfə yoxlama aparılmalıdır. Qərarın 8-ci bəndinə əsasən, aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir. Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin cihaza gedən qazın təminatı dayandırıla bilər. Yanvar ayından etibarən yoxlamalar aparılır, normaları pozan vətəndaşlara müvafiq xəbərdarlıq edilir", - deyə o əlavə edib. Qeyd edək ki, hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilir.

İlqar Mustafayev vəzifəsindən azad edildi - SƏRƏNCAM

İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Evdə qızılcalı uşaq varsa, bütün ailə karantində olmalıdır - Həkim

Qızılca və suçiçəyində kimlər neçə gün karantində qalmalıdır? Sozcu.az xəbər verir ki, pediatr Tərlan Eyyubov bu barədə məlumat verib. “Qızılca və suçiçəyində təkcə xəstə olan uşaqlar yox, xəstə ilə kontaktda olan sağlam və peyvənd olunmayan hər kəs 21 gün müddətində karantində olmalıdır. Suçiçəyində səpki əmələ gələndən sonrakı 5-6 gündə, bədəndəki sonuncu suluq qartmaq bağlayana kimi digərləri üçün yoluxucu olurlar. Yalnız səpkilər qərtməq bağlayıbsa, yoluxuculuq itir. Qızılcada isə səpkinin hələ çıxmamasından 4 gün əvvəldən və səpkilər çıxandan 4-5 gün sonra da ətrafdakılar üçün yoluxucu olurlar. Ondan sonra yoluxuculuq azalır. Ona görə də bu nüanslara fikir verməlisiz. Uşaq və onunla kontaktı olanlar 21 gündən sonra cəmiyyətə, dərsə,işə çıxa bilərlər”.medicina.az)

Gürcüstanın baş naziri istefa verdi – Yenilənib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən getdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, o, hakim partiyaya rəhbərlik etmək təklifi aldığını bildirib. ***16:55 Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze fevralın 1-də partiyanın qurultayında mövqe mübadiləsi aparacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə hökumətyönlü “İmedi” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, yanvarın 24-də hakim partiyanın siyasi şurasının iclası keçirilib və iclasda kadrlarla bağlı qərar verilib. Həmçinin, partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb. “İmedi”nin məlumatına görə, Kobaxidze həm baş nazir, həm də partiyanın siyasi katibi təyin olunacaq. Partiya sədri postuna isə hazırkı baş nazir İrakli Qaribaşvili namizədliyini irəli sürəcək. Lakin bu vəzifəyə partiyanın yaradıcısı Bidzina İvanişvilinin oğlu Uta İvanişvilinin də namizədliyini irəli sürəcəyi istisna edilmir. Qeyd edək ki, Gürcüstan qanunlarına görə, baş nazir postunu tərk edərsə, kabinet avtomatik istefa verir, bundan sonra hakim partiya hökumətin sədri vəzifəsinə yeni namizəd irəli sürür, o da öz növbəsində Nazirlər Kabinetini formalaşdırır və təsdiq üçün parlamentə göndərir. Yeni baş nazir və gələcək hökumətin üzvləri 150 deputatdan ən azı 76-nın dəstəyini almalıdır. Yeni partiya sədrinə gəlincə, o, siyasi partiyanın qurultayında seçilir. Xatırladaq ki, 2023-cü ilin dekabrında “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının yaradıcısı, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətə qayıdıb və partiyanın fəxri sədri vəzifəsini tutub.

İranda səfirliyimizə hücum edən terrorçu hakim qarşısına çıxarılır: Asılacaq!

“Bir neçə ay əvvəl Tehran prokurorluğu bəyan etdi ki, Yasin Hüseynzadə barəsində edam hökmü tələb edib. Amma bu məhkəmə prosesi ilə bağlı fasilə uzandı və yekun hökm çıxarılmadı”.  Bu sözləri Yenisabah.az-la söhbətində iranşünas Sədrəddin Soltan deyib.  Analitik ötən ilin 27 yanvar tarixində Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı terrorçu Yasin Hüseynzadənin məhkəməsinin başlaması faktına toxunub.  Xatırladaq ki, bu 2024-cü ilin yanvarın 27-də məhkəmənin başladılmasından sonra İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian bəyan edib ki, terrorçu ilə bağlı yekun hökm çıxarılacaq.  Müsahibimiz əlavə edib ki, İran hakimiyyətinin rəsmilərinin fikrincə, məhkəmə prosesi çox uzanmayacaq:  “Bu tip hallar İran qanunvericiliyinə görə, edamdır. Məsələn, mövzu İran tərəfinin iddia etdiyi versiya olsa belə, avtomatla başqa bir ölkənin ərazisinə basqın etmək cinayətdir və həmin hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Məhz bunun üçün o şəxs barəsində İranın cinayət məcəlləsinə görə, yekun hökm edamdır. Onu dar ağacından asacaqlar, yaxud güllə ilə öldürəcəklərsə, bu, artıq icraatdan asılıdır”.  Müshaibimiz diqqətə çatdırıb ki, bu gün İsfahanda İran Müdafiə Nazirliyinin hərbi sənaye obyektlərinə hücum təşkil etməkdə ittiham olunan 4 nəfər edam olunub:  “Yəni İran hakimiyyəti 1 il ərzində edam hökmünü verib. Yaxud 2022-ci ilin sentyabrında İranda başlamış etiraz aksiyalarında iştirak edən ayrı-ayrı şəxslərlə bağlı 5 edam hökmü çıxarılıb və icra olunub. Ona görə də İran hakimiyyəti istəsəydi, Yasin Hüseynzadə barəsində istər ömürlük, istər edam, istərsə də “qanpulu” olsun, onlar vaxtında hökmü çıxara bilərdi. Çünki hadisənin baş verməsi səbəbi, dəlil və sübutların hamısı ortada idi, uzun istintaq araşdırması aparmağa ehtiyac yox idi”.  S.Soltana görə, bu hadisə Azərbaycan-İran münasibətlərində siyasi bir məsələdir:  “Ona görə də İran tərəfi bu cinayət işindən siyasi qazanc əldə etməyə çalışır. Tehran hakimiyyəti Azərbaycana münasibətdə özünü xoşməramlı göstərmək üçün Yasin Hüseynzadəni qurban da verə bilər ki, səfirliyə hücum olmuşdu və bunu edəni öldürdük. Amma Azərbaycan tərəfinin istədiyi əsas məsələ səfirliyin binasının, ərazisinin, səfirin, oradakı diplomatların və texniki işçilərin terror və başqa xoşagəlməz hadisələrdən qorunmasıdır. İran tərəfi bununla bağlı hansı addımları atıb işlər görəcək? Ona görə də İran tərəfi özünü xoşməramlı göstərmək üçün Azərbaycanın Təbrizdəki konsulluğunda iştirak edib. Amma prosesdə əvvəldən Azərbaycanın ədliyyə sistemi və prokurorluğu iştirak etməyib”.  Siyasi təhlilçi əlavə edib ki, Azərbaycan tərəfi bu hadisəni terror aktı kimi qiymətləndirsə də, İran tərəfi bunu məişət hadisəsi kimi dəyərləndirib:  “Ona görə də törədilmiş hadisəyə tərəflərin baxışı eyni deyil. Eyni olmadığı üçün nəticə nə olursa-olsun, məsələ Azərbaycan tərəfini tam qane etmir. Azərbaycan iddia edir ki, hadisəni bir nəfər törətməyib, əksinə, bu səfirliyimizə qarşı törədilmiş bir aksiyadır. Çünki İranda əli avtomatlı polisin qarşısında gəzmək mümkün deyil, amma günün günorta çağır səfirliyə hücum edir və çıxanda polislə də salamlaşır. Maraqlıdır, polisin nəzarəti altında olmayan İranda nə isə varmı? İranda bütün sərhədlər SEPAH-ın nəzarəti altındadır. Bu halda Azərbaycan səfirliyinə hücumdan belə bir sistemi olan hakimiyyət necə xəbərsiz ola bilər?  Odur ki, hadisələr və münasibətlərdə bu tip nüansların nəzərə alınması vacibdir. Ola bilər ki, səfirlik açılsın, münasibətlər bərpa olsun, amma etimad və etibar əvvəlki səviyyədə olmayacaq. Onsuz da Tehran hakimiyyətinə etimad az idi və onların hadisəni bu tip təhlil etməsi münasibətlərə xələl gətirdi”.