Nazirdən ŞOK XƏBƏRDARLIQ: "Müharibəyə hazır olmalıyıq"

Almaniyanın müdafiə naziri Boris Pistorius xəbərdarlıq edib ki, Almaniya Avropanın gələcəkdə qarşılaşacağı təhlükəsizlik problemlərinə qarşı özünü müdafiə etməyə hazır deyil. Sozcu.az xəbər verir ki, nazirin bu açıqlaması dünya mətbuatında "tarixi etiraf" kimi qiymətləndirilib. Vəzifəyə gəldiyi gündən bəri Almaniyanı tez-tez müharibəyə hazır olmağa çağıran Pistorius Rusiya və digər aktorların təhdidlərinə hazırlaşmağın vacibliyini vurğulayıb. Avropada sülhün “artıq danılmaz bir əminlik” olmadığı barədə xəbərdarlıq edən Pistorius əlavə edib ki, Almaniya və digər NATO müttəfiqlərinin üzləşdiyi dəyişən təhlükəsizlik problemləri səbəbindən Bundesverin rolu da dəyişib. Nazir, həmçinin Almaniyada 2011-ci ildə ləğv edilmiş məcburi hərbi xidmətin bərpası ilə bağlı ictimai müzakirəyə çağırıb və bildirib ki, bu istiqamətdə atılan istənilən addım seçicilərin əksəriyyətinin dəstəyini qazanmalıdır. Moskva isə dəfələrlə heç bir NATO ölkəsi üçün təhlükə yaratmadığını, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə göz yummayacağını vurğulayıb, eyni zamanda bərabər şərtlərlə dialoqa açıq olduğunu və Qərbin Avropanı hərbiləşdirmə siyasətindən imtina etməsinin vacibliyini bildirib. Rusiya prezidenti Vladimir Putin də Rusiyanın Şimali Atlantika Alyansı ilə birbaşa hərbi münaqişə istəmədiyini, lakin kimsə istəsə, Moskvanın hazır olduğunu vurğulayıb.

Britaniya Qəzzada müharibəyə son qoymaq üçün plan hazırladı... - "Financial Times"

London artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb... Britaniya, rəsmi Londonun fikrincə, İsrail və "HƏMAS" yaraqlıları arasında müharibəyə son qoyacaq beş bəndlik plan təklif edib. Sozcu.az xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb. Məlumatda bildirilir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron regiona səfəri zamanı İsrail və Fələstin liderləri ilə bu təşəbbüsü müzakirə edib. Bundan əlavə, Kemeron səfəri zamanı tərəfləri “döyüş əməliyyatlarını dərhal dayandırmağa” çağırıb. Britaniya rəsmisi əmin olduğunu bildirib ki, döyüşlərin dayandırılması sonda Qəzzada girovların azad edilməsinə, daha sonra isə daimi atəşkəs üçün danışıqlara gətirib çıxaracaq. "Bizim etməyə çalışdığımız şey o fikri gücləndirməkdir ki, siz bu fasiləni əldə etdikdən sonra onu davamlı atəşkəsə çevirmək üçün çox çalışmalı və həqiqətən də atəşkəsi daimi və davamlı edə biləcək real və əldə edilə bilən şeylərə diqqət yetirməlisiniz", - Kemeron belə deyib. Britaniya artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb. Bununla belə, nəşrin yazdığına görə, baş nazir Benyamin Netanyahu Fələstin dövlətinin yaradılması və ya Fələstin Muxtariyyəti ilə əməkdaşlıq istiqamətində hər hansı addımı istisna edib, həmçinin girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi kimi hər hansı daimi atəşkəsi də rədd edib.

Rusiyanın itkiləri 400 minə yaxınlaşır – Tam siyahı

Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilərin yeni siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb. İtkilərin bu şəkildə olduğu bildirilir: 6280 tank 11 671 zirehli döyüş maşını 9097 artilleriya sistemi 972 reaktiv yaylım atəşi sistemi 660 hava hücumundan müdafiə vasitələri 331 təyyarə 324 helikopter 7041 PUA 1845 qanadlı raketlər 23 qayıq/gəmi 12 103 nəqliyyat vasitələri və yanacaq çənləri 1436 xüsusi avadanlıq Bildirilib ki, Rusiya tərəfi təxminən 382 110 nəfər (son sutkada 740 nəfər) insan itkisi verib.

Ağdaşda ağır qəza: ölən var

Ağdaş rayonunun Nehrəxəlil kəndində ölümlə nəticələnən ağır yol qəzası olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, Aydın İsmayılovun idarə etdiyi VAZ-2104 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən ölüb. Araşdırma aparılır.

Sentyabrda yaralanan hərbçimiz şəhid oldu

Sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Hacıəli Tahir oğlu Qasımov dünən şəhid olub. Sozcu.az Unikal.az-a istinadla xəbər verir ki, bu barədə Tovuz rayonu İcra Hakimiyyətinin Qaraxanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib. 2002 ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu Tovuz rayon Qaraxanlı kəndində anadan oldub. O, bu gün kənd qəbristanlığında dəfn olunacağı nəzərdə tutulub. Allah rəhmət eləsin.

Zurabişvilinin Paşinyanla görüşünə icazə verilmədi

Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədəki səhifəsində yanvarın 26-da Tbilisiyə səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilməməsindən təəssüfləndiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.  “Gürcüstan prezidenti Ermənistanın baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə dost ölkələrin liderləri ilə görüşmək və lazımi şəkildə qəbul etmək imkanı verilmədiyinə görə təəssüflənir. O da təəssüf doğurur ki, aidiyyatı qurumlar ölkədə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə dövlət başçısına məlumat vermirlər”, - Gürcüstan dövlət başçısının bəyanatında deyilir. Zurabişvili bundan əvvəl şikayət etmişdi ki, ona tədbirlərdə danışmağa icazə verilmir və çox vaxt ona məhəl qoyulmur.

Ermənistan sülh müqaviləsi üzrə növbəti təkliflər paketi təqdim edib - RƏSMİ

Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik. Bunu xarici işlər naziri Cehun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, növbəti həftələrdə tərəfimizdən cavab təqdim ediləcək. "Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək", - deyə bildirib.

Şirvanda 70 yaşlı qadın dəm qazından öldü

Şirvanda 70 yaşlı qadın dəm qazından zəhərlənərək vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olub, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb. Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.

İrandakı səfirliyimizin bərpası üçün şərtlər... - Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət olunacağını deyib. Sozcu.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında əsas məsələnin baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsinin olduğunu bildirib. Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir: "Çünki insanlarımızın həyatını riskə ata bilmərik".

Trampa qarşı qərar: yazıçıya 83,3 milyon ödəməlidir

Andlılar məhkəməsinin qərarı ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazıçı Elizabet Cin Kerrolla 83 milyon dollardan çox təzminat ödəməlidir. Sozcu.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb. Belə ki, məhkəmə Kerrollun reputasiyasına dəymiş ziyana görə 11 milyon, mənəvi zərər və digər itkilərə görə 7,3 milyon, cərimə olaraq 65 milyon dollar təzminat müəyyən edib. Tramp məhkəmə qərarını “tamamilə absurd” adlandırıb və apellyasiya şikayəti verəcəyini bildirib. “Onlar Birinci Düzəlişlə bağlı bütün hüquqlarımızı əlimizdən aldılar. Bu, Amerika deyil”, - Tramp sosial şəbəkə hesabında qeyd edib. Qeyd edək ki, Tramp yazıçıya qarşı cinsi zorakılıq və böhtan atmaqda ittiham edilir.

Şabranda Vətən müharibəsi qazisini qətlə yetirən şəxsə HÖKM OXUNDU

Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadəyə hökm oxunub. Bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, T.Cəfərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2022-ci il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. /Report/

Azərbaycandakı prezident seçkilərindən sonra… – Paşinyan

“Biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası sərhədin demarkasiyası prosesini başa çatdırmaq üçün lazımi addımları atmağa razılaşdıq”. Sozcu.az xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. “Sərhəd-keçid məntəqələrində birgə gömrük nəzarətinin həyata keçirilməsi modelləri iki ölkənin gömrük orqanları arasında hazırda müzakirə olunur. Ümid edirəm ki, Azərbaycan prezident seçkilərindən sonra sülh müqaviləsini razılaşdırılmış prinsiplər əsasında tamamlamaq üçün danışıqlar prosesinə tam miqyasda qoşulacaq”, – Paşinyan bildirib.

Qar yağacaq - Xəbərdarlıq

Yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. ETSN-dən Sozcu.az-a verilən xəbərə görə, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

7,4 bal gücündə zəlzələ olacaq - Xəbərdarlıq

Zəlzələşünas Naci Görür daha bir ciddi xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, alim Türkiyənin iki əyalətinin risk altında olduğunu deyib. Yedisu fayına diqqət çəkən zəlzələ mütəxəssisləri, xüsusilə Tunceli və Bingöl bölgələrinin təhlükə altında olduğuna diqqət çəkib. O bu ərazilərdə 7,4 bal gücündə zəlzələnin olacağını vurğulayıb.. "Tunceli təhlükə altındadır" deyən Görür Yedisu fayına diqqət çəkib. "Bəlkə bunu ilk dəfə burada deyəcəm. Tunceli təhdid altındadır. Bu gün Tuncelidən danışan yoxdur, amma təhdid altındadır. Ərzincan ilə Karlıova arasında Yedisu fayı var. Bu qırıq sonuncu dəfə 1790-cı illərdə zəlzələ törədib. Hər 250 ildən bir zəlzələ törətmə potensialına malikdir. Xüsusilə, Ərzincan ilə Karlıova arasında olan ərazidə güclü zəlzələ olacağını gözləyirik. Bu qırıq zəlzələ yaratsa gücü 7,4 bala çata bilər".

Dəm qazından ölən Sərxan bu gün ABŞ-yə getməli imiş

Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşları Tovuz rayonunun Ağbulaq kəndində bu gün dəfn olunub. Sozcu.az “Report”a istinadla xəbər verir ki, kəndin icra nümayəndəsi Əli İbrahimov hadisə iki qardaşın kirayədə qaldığı mənzildə yanvarın 25-i gecə saatlarında baş verdiyini bildirib. İcra nümayəndəsi vurğulayıb ki, Sərxan bu gün ABŞ-yə getməli imiş. Mərhumların əmisi Aslan Həsənov isə bildirib ki, onlar ailədə 6 nəfər olub - iki bacı, iki qardaş və ana-ata. Bacılardan biri eşitmə məhdudiyyətli olub. Digər bacı isə elə Ağbulaq kəndinə gəlin köçüb. Anası evdar qadın, atası isə təsərrüfatla məşğul olurmuş. Sərxanın qardaşı keçən ilin noyabr ayında ailə həyatı qurub. Yanvarın 24-də Əli həyat yoldaşı Aynuru Bakıda yaşayan qayınatasıgilə aparıb. Sonradan yaxınları onların zənglərinə cavab verməyən qardaşlardan nigaran qalıblar. Evə ilk gələn Əlinin həyat yoldaşı və onun qardaşı olub. Onlar evə daxil olan zaman Əli və Sərxanın dünyasını dəyişdiklərini görüblər”. A.Həsənov Əlinin Bakıda traktor sürücüsü işlədiyini qeyd edib. TƏBİB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-i saat 19:36 radələrində Ziya Bünyadov 77 q ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: “Ünvanda iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.

İran bizə zərbə vursa, cavabını alacaq - Pakistan

Siz bizə xəncər vura bilməzsiniz, əgər buna cəhd göstərsəniz, gecikmədən lazımi cavabı alacaqsınız. Sozcu.az xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munir deyib. O, İranın Pakistan ərazisinə raket hücumlarına işarə edərək, buna layiqli cavab verildiyini söyləyib: "Heç kimə Pakistanın ərazi bütövlüyü və suverenliyini pozmaq icazəsi verilməyəcək". Qeyd edək ki, 16 yanvarda SEPAH-ın Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurması nəticəsində iki azyaşlı həlak olub. Buna cavab olaraq 18 yanvarda Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib, 12 nəfər həlak olub.

Azərbaycan şəhərində 20 dərəcə şaxta qeydə alındı

Son 24 saat ərzində Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhəri 20 dərəcə şaxta ilə İranın ən soyuq şəhəri olub. Sozcu.az xəbər verir ki, bu barədə əyalətin Baş Meteorologiya İdarəsinin Proqnozlaşdırma Mərkəzi məlumat yayıb. Əyalətin Sarab şəhəri isə 15 dərəcə şaxta ilə ölkə üzrə ikinci ən soyuq şəhər olub. Təbrizdə 8 dərəcə şaxta qeydə alınıb.

Bu ərazidə qəbirlər və ziyarətgah köçürüldü

Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra köçürülmələr olub. Sozcu.az xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib. Qeyd olunub ki, yolun layihələndirilməsi zamanı bir neçə məzarlıq tikintinin altına düşüb. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparılıb, 61 məzar, XVII əsrə aid olan Yaxşının qəbri və Seyid Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb.

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Kollegiya iclasında deyib. Onun sözlərinə görə, bu hadisələrin 180-ni Bakıda, 440-ı isə rayonlarda qeydə alınıb.

696 bal toplayaraq ölkə birincisi olmuş tələbə dəm qazından boğuldu

ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” səhifəsi Feysbukda məlumat yayıb. Bildirilib ki, S. Həsənov bu gecə dəm qazından dünyasını dəyişib. “2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, fakültənin ən yaxşılarından biri, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib”, - məlumatda deyilir. Qeyd olunub ki, o, ABŞ-də təcrübə keçib.

37 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə xəsarət yetirilərək qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir

Məktəbdəki kütləvi dava ilə bağlı AÇIQLAMA

Bakı şəhəri 188 saylı məktəbin şagirdləri arasında baş vermiş kütləvi davaya aydınlıq gətirilib. 188 nömrəli tam orta məktəbdən APA-nın soruğuna cavab olaraq bildirilib ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub. Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

2020-ci ildən sonra sülhməramlıların olduğu ərazilərdə 500 mindən artıq mina basdırılıb - XİN

2020-ci ildən sonra Ermənistan tərəfindən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi faktı mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin mina xəritələri təqdim etmək niyyəti barədə açıqlamasına dair şərhində deyilir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.

Türkiyə rəsmən İsveçin NATO-ya üzvlüyünü TƏSDİQLƏDİ

Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib. Sozcu.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin ardınca sənədi ratifikasiya edib. Bundan əvvəl yanvarın 24-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib. Hazırda Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.