Almaniyanın müdafiə naziri Boris Pistorius xəbərdarlıq edib ki, Almaniya Avropanın gələcəkdə qarşılaşacağı təhlükəsizlik problemlərinə qarşı özünü müdafiə etməyə hazır deyil.
Sozcu.az xəbər verir ki, nazirin bu açıqlaması dünya mətbuatında "tarixi etiraf" kimi qiymətləndirilib.
Vəzifəyə gəldiyi gündən bəri Almaniyanı tez-tez müharibəyə hazır olmağa çağıran Pistorius Rusiya və digər aktorların təhdidlərinə hazırlaşmağın vacibliyini vurğulayıb.
Avropada sülhün “artıq danılmaz bir əminlik” olmadığı barədə xəbərdarlıq edən Pistorius əlavə edib ki, Almaniya və digər NATO müttəfiqlərinin üzləşdiyi dəyişən təhlükəsizlik problemləri səbəbindən Bundesverin rolu da dəyişib.
Nazir, həmçinin Almaniyada 2011-ci ildə ləğv edilmiş məcburi hərbi xidmətin bərpası ilə bağlı ictimai müzakirəyə çağırıb və bildirib ki, bu istiqamətdə atılan istənilən addım seçicilərin əksəriyyətinin dəstəyini qazanmalıdır.
Moskva isə dəfələrlə heç bir NATO ölkəsi üçün təhlükə yaratmadığını, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə göz yummayacağını vurğulayıb, eyni zamanda bərabər şərtlərlə dialoqa açıq olduğunu və Qərbin Avropanı hərbiləşdirmə siyasətindən imtina etməsinin vacibliyini bildirib.
Rusiya prezidenti Vladimir Putin də Rusiyanın Şimali Atlantika Alyansı ilə birbaşa hərbi münaqişə istəmədiyini, lakin kimsə istəsə, Moskvanın hazır olduğunu vurğulayıb.