Netanyahu açıqladı: Rəfahda əməliyyat olacaq!

Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusunun hərbi əməliyyatı qaçılmazdır. Yalnız danışıqlar üçün fasilə mümkündür, amma əməliyyatın tam ləğvi mümkün deyil. Sozcu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Razılaşsaq, əməliyyat bir müddət gecikəcək, amma yenə də olacaq. Razılaşma olmasa, biz yenə də hərbi əməliyyat keçirəcəyik",- o bildirib. Netanyahunun sözlərinə görə, Rəfah əməliyyatının başlaması ilə İsrailin HƏMAS üzərində tam qələbəsinə aylar deyil, həftələr qalacaq: "Bəli, əməliyyat dayandırılmayacaq, qələbə yaxındır və HƏMAS-ı məhv edənə qədər qələbə qazana bilməyəcəyik".

Ermənilər insanlığa qarşı cinayət törətdilər - Hacıyev

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb. “Daha 1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb. 1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını “soyqırımı” və “insanlığa qarşı cinayət”dir. Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir. Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər”, - H.Hacıyev qeyd edib.

Putin anlamalıdır ki, Ukrayna NATO üzvü olacaq - Rasmussen

Ukraynanı NATO üzvlüyünə dəvət etmək sülhün təmin olunmasına kömək edə bilər. Sozcu.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, müttəfiqlər Ukraynanı Rusiyanı döyüş meydanında məğlub etməsi üçün lazım olan hər şeylə təmin etməlidir: “Və müttəfiqlərin təhlükəsizlik zəmanətləri bu gün çox vacibdir. Bu zəmanətlər Ukraynanın AB və NATO-ya gedən yolunda ehtiyaclarını ödəməlidir. Avropanın uzunmüddətli təhlükəsizliyi həm də Ukraynanın AB və NATO-ya daxil olmasından asılıdır. Biz indi bunun üzərində işləyirik. Putin anlamalıdır ki, Ukrayna NATO-ya üzv olacaq”.

XİN: Xocalı soyqırımı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti idi

Xocalı soyqırımı Ermənistanın sistemli etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi idi. Sozcu.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb. Nazirlik həmçinin Xocalı soyqırımına səbəb olan hadisələrin ardıcıllığını əks etdirən qrafiki də paylaşıb.

Babam Zəngəzurda ermənilərlə DÖYÜŞÜB

Babam ötən əsrin əvvəlində Zəngəzur bölgəsindəki əhalini təşkilatlandırmaq və xalqı erməni yaraqlılarına qarşı qorumaq üçün mübarizə aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib. “Rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır … Olduğu cəbhələrdən biri də Qafqaz cəbhəsidir. Nuri paşanın komandanlığı altında Qafqaz cəbhəsində əvvəlcə Bakıya gəlir, sonra da Zəngəzurdakı əhalini təşkilatlandırmaq və erməni çətələrinə qarşı oradakı xalqı qorumaq üçün mübarizə aparır”, – parlament başçısı söyləyib. 64 yaşlı siyasətçinin sözlərinə görə, babası o doğulmamışdan yeddi il öncə vəfat edib. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.

20 min NATO hərbçisi POLŞADA

Polşada NATO-nun böyük hərbi təlimi başlayıb. Sozcu.az-ın xəbərinə görə, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. Təlimdə NATO-ya üzv 10 ölkədən 20 minə yaxın hərbçi qatılıb, 3,5 min hərbi texnikadan istifadə edilir. Təlimdə məqsəd müttəfiqlərin təhlükələrə qarşı sürətli və effektiv birgə əməliyyat keçirməsi üçün birgə sistem, prosedur və kommunikasiyanın təmin edilməsidir.

İndoneziya sahilində güclü ZƏLZƏLƏ

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri əhalisi 126 min olan Ranqkasbitunq şəhərindən 117 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur

Bu gün İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur. O 25 fevral 1926-cı ildə Gəncədə anadan olub. Gəncədə orta məktəbi bitirdikdən sonra (1943) Tiflis Dəmir Yolu Mühəndisləri İnstitutuna daxil olub. Təhsilini 1948-ci ildə başa vurub. Əmək fəaliyyətinə 1948-ci ildə Orcenikidze Dəmir Yolu İdarəsinin Mahaçqala şəbəkəsində yol növbətçisi kimi başlayıb. Dərbənd stansiyasında dispetçer işləyib. 1949-cu ildə Azərbaycana gələrək, Biləcəri stansiyasında böyük dispetçer, stansiya rəisinin müavini olub. SSRİ Dəmir Yolu Akademiyasının ali mühəndislər kursunu bitirdikdən (1953) sonra isə Biləcəri stansiyasının rəisi vəzifəsində çalışıb. T. Bağırov 1956-cı ildən etibarən rəhbər vəzifəsində Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin rəis müavini (1956–1958), iki ildən sonra isə Bakı şöbəsinin rəisi (1958–1960), Kommunist Partiyasının Bakı şəhəri Nərimanov rayonunun Birinci Katibi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1961–1963), Azərbaycan KP Gəncə (Kirovabad) Şəhər Komitəsinin birinci katibi (1962–1966), Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri (1966–1971), Azərbaycan Dəmir Yolu İdarəsinin birinci rəis müavini (1971–1983), Azərbaycan SSR Ali Sovetinə, bir dəfə isə SSRİ Ali Sovetinə deputat seçilib. "SSRİ Fəxri Dəmir Yolçusu" adına layiq görülmüşdür. 1983-cü ildən təqaüdə çıxan T.Bağırov 1988-ci ildə, Dağlıq Qarabağ hadisələri başlanan zaman aktiv fəaliyyətə başlayıb. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müşaviri, "Qayğı" və "Qarabağa yardım" Cəmiyyətlərinin İdarə Heyətinin Sədr Müşaviri olub. 1988–2003-cü illərdə Azərbaycan Respublikasının Ali Sovetinin sədr müşaviri olub. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib. Müstəqillik Aktının müəlliflərindən biri olub və Komissiya Sədri kimi onun təklifi ilə 18 oktyabr tarixi 1991-ci ildən etibarən Azərbaycanda Müstəqillik bayramı kimi qeyd olunur. Sözcü.az

Sərhəddə gərginlik: Tatoyan yeni xəritə yaydı – “Azərbaycan Ordusu 2,6 km…”

Sərhəddə təxribatlar törədən erməni tərəfi dezinformasiyalarla daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Sozcu.az xəbər verir ki, bu dəfə Ermənistanın sabiq deputatı Arman Tatoyan bənzər cəhdlə çıxış edib. O iddia edib ki, Azərbaycan Ordusu guya Aşağı və Yuxarı Şorca kəndləri yaxınlığından Ermənistan mövqelərini atəşə tutub. “Atəş düz xətt üzrə Ermənistanın 2,16 km dərinliyinə nüfuz edən yerdən açılıb”, – deyən Tatoyan özü də bilmədən rəsmi İrəvanı ifşa edib. Məsələ burasındadır ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin məhz Yuxarı Şorca istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutması barədə məlumat yaymışdı. Yəni A.Tatoyanın iddia etdiyi təxribatı əslində Ermənistan ordusu törədib, lakin İrəvandakı dairələr növbəti dəfə dezinformasiya yaymağa çalışıb, nəticədə isə özlərini ifşa ediblər.globalinfo)

Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub

Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Bədəlova Növrəstə Məstan qızı Ceyranbatan bağları ərazisində yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. "Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub", - nazirlikdən bildirilib.

Sabirabadda 42 yaşlı kişi atasını öldürdü

Fevralın 24-də Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabirabad rayon prokurorluğundan Sozcu.az-a bildirilib ki, ilkin araşdırma zamanı 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də Sabirabad şəhəri H.Həmidov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə müxtəlif predmetlərlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Xəyyam Səmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Berbok Odessada 4 saat sığınacaqda qalıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Odessaya səfəri zamanı sığınacaqda gizlənib. Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” nəşri məlumat verib. “Annalena Berbok Odessada həyəcan siqnalından sonra qısa müddətdə sığınacqda gizlənmək məcburiyyətində qalıb. Nazir sığınacaqda 4 saata yaxın vaxt keçirib”, - nəşr bildirib. Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfər etmişdi.

Ukrayna müharibəsi ilə bağlı dəhşət - 587 uşaq, minlərlə qadın...

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Rusiyanın hücuma başlamasının ikinci ildönümü münasibətilə Ukraynadakı vəziyyətlə bağlı hesabat dərc edib. Sozcu.az xəbər verir ki, hesabat qurumun saytında yerləşdirilib. Təşkilatın məlumatına görə, 2022-ci il fevralın 24-dən bəri Ukraynada azı 10 582 mülki şəxs həlak olub, daha 19 875 nəfər yaralanıb. BMT-nin məlumatına görə, müharibə başlayandan indiyədək 5017 kişi, 3093 qadın ölüb, daha 1885 qurbanın cinsiyyəti müəyyən olunmayıb. Onlardan ən azı 587 nəfəri uşaqdır.  Müharibə zamanı 6524 qadın, 4546 kişi və cinsiyyəti hələ müəyyən edilməmiş 7507 nəfər yaralanıb. Mülki itkilərin böyük əksəriyyəti (91%) partlayıcı silahların istifadəsi ilə bağlıdır. İtkilərin 3,7%-i mina partlayışları ilə əlaqədar olub. Hesabatda qeyd olunur ki, ən çox ölüm və yaralananlar müharibənin ilk bir neçə ayında müşahidə olunub, sonra isə onların sayı azalmağa başlayıb. 2023-cü ildə orta hesabla ayda 163 dinc sakin həlak olub, 547 nəfər yaralanıb.

DİQQƏT! Yollar buz bağlayacaq

Fevralın 25-də gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Məlumata görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Makron Putinin “arxa bağçasına” bayraq sancdı

Ermənistanı heç kim özəlləşdirməz. Sozcu.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X-dəki mikrobloqunda yazıb. “Ermənistan heç kimin “axra bağçası” deyil. Bu, suverenliyi və ərazi bütövlüyü Fransa tərəfindən dəstəklənən dost və demokratik ölkədir”, - deyə səfir qeyd edib. Qeyd edək ki, bundan öncə “Politiko”da “Fransa Ermənistanla silah müqaviləsi bağlamaqla Rusiyanın arxa bağçasına bayraq sancdı” başlıqlı məqalə yayıb.

Şəmkirdə avtomobil körpüdən aşdı: Ölən və xəsarət alan var

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var. "Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə bir nəfər hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sarayda mənzildə yanğınla nəticələnən partlayış olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib. Sozcu.az xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Əlavə məlumat veriləcək. ***22:00 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olması barədə ilkin məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Sırski elan etdi: Ukrayna tezliklə daha çox rus təyyarəsini vura biləcək

Ukrayna tezliklə daha çox rus təyyarəsini vura biləcək. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümü ilə bağlı çıxışında deyib. “Düşünürəm ki, yaxın gələcəkdə biz havada rus işğalçısına asimmetrik cavab verəcəyik. Daha çox yanan Rusiya təyyarələri olacaq. Dövlət rəhbərliyi bunun üçün mümkün olan hər şeyi edir”, - Sirski bildirib. O xatırladıb ki, Ukrayna iki il ərzində şimalı və Xarkov vilayətini, Xerson vilayətinin bir hissəsini, İlanlar adasını azad etməklə, həmçinin Qara dənizi Rusiya donanmasından təmizləməklə nəzərəçarpacaq uğurlar əldə edib.

24 yaşlı qızı atası və ögey anası öldürübmüş - DƏHŞƏTLİ CİNAYƏT

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş Ağdam rayon sakini, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın qəsdən öldürülməsi müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Belə ki, Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Şikar Nəcəfov və Ramilə Nəcəfova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. İtkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması istiqamətində prokurorluq orqanları tərəfindən mütəmadi olaraq aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Mövqelərimizin atəşə tutulması ilə bağlı daha bir məlumat

Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Atəşin bu koordinatlarda (40° 05' 04" N; 45° 52' 28" E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib. Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yayıb və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib. Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmayıb və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib.

Aleksey Navalnının cənazəsi anasına verildi

Aleksey Navalnının cənazəsi anası Lyudmila Navalnayaya təhvil verilib. Sozcu.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib. “Navalnın meyitinin anasına qaytarılmasını tələb edən hər kəsə təşəkkür edirik. Lyudmila İvanovna Salexarddadır. Dəfn hələ qarşıdadır. Səlahiyyətlilərin onları ailənin istədiyi və Alekseyə layiq şəkildə həyata keçirməsinə mane olub-olmayacağını bilmirik. Məlumat əldə olunan kimi təqdim edəcəyik”, - Yarmış bildirib.

Ukrayna bu ölkə ilə də təhlükəsizlik sazişi imzaladı

Ukrayna və İtaliya təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatında bildirilib. "İtaliya hökumətinin başçısı ilə görüşlərimiz həmişə mənalıdır. Bu günün mühüm nəticəsi ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu. Bu sənəd Ukrayna və İtaliya arasında uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı üçün möhkəm zəmin yaradır", - prezident deyib.

"Bayraqdar Akıncı C" ilk uçuş sınağını başa vurdu

Türkiyənin "Bayraqdar Akıncı C" PUA-sı ilk uçuş sınaqlarını uğurla başa vurub. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, sınaq fəaliyyətində "Bayraqdar Akıncı C" 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb.