Bakının üç rayonunda qaz KƏSİLƏCƏK

Səbail rayonu, Badamdar qəsəbəsində, Suraxanı rayonu, Zığ qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə 27.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. "Azəriqaz"dan Sozcu.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu üzrə Əli Nəzərov, İbrahim Xəlilov, Tofiq Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Neftçilər küçələrinin, Badamdar şosesinin və 3-cü yaşayış massivinin bir hissəsinin, Qaradağ rayonu üzrə 1-ci, 2-ci, 3-cü, 6-cı yaşayış massivlərinin və B.Niftəliyev, İ.Nəbiyev küçələrinin, Suraxanı rayonu üzrə isə Zığ qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

İsmayıllıda zəlzələ oldu

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. 3.3 maqnitudalı yeraltı təkan 43 km dərinlikdə baş verib.

Bu il fitrə zəkatının məbləği nə qədər olacaq? - QMİ-dən CAVAB

Azərbaycanda martın 1-dən Ramazan ayı başlayır. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi fətvası yayılacaq. Hər il Ramazan bayramı günü müsəlmanlar fitrə zəkatı verilir. Qeyd edək ki, ötən il Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunub. Bu il də fitrə zəkatının məbləğinin nə qədər olacağı maraq doğurur. Məsələ ilə bağlı Modern.az-a açıqlamasında QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib ki, ümumilikdə hər şəxs 3 kilo buğdanın pulunu fitrə zəkatı olaraq verməlidir: “Fitrənin hesablanması yenə də  əvvəlki qaydada olacaq. Yəni istifadə etdiyimiz buğda çörəyinin, çərəzlərin qiymətinə uyğun olaraq hesablama aparılacaq. Bu il də 10 və ya 15 manat arası kimin nəyə gücü çatırsa, verərik. 3 kilo buğdanın pulunu bir nəfər verməlidir. Bu da orta hesabla 3 manat və ondan yuxarıya kimin nəyə gücü çatırsa, fitrə verə bilər”.

Qarlı havada 347 nəfər xəstəxanalıq oldu

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.

Marketdəki partlayışda yaralananların sayı 3-ə ÇATDI - YENİLƏNİB

Binədə "OBA" marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə "OBA" məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib: "Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır". Xəbərdə qeyd olunub ki,  "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir: "Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq". *** 10:00 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb. Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** 08:55 Bakının Xəzər rayonu, Binə qəsəbəsində obyektdə yanğın baş verib. Sozcu.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. Bildirilib ki, saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub: "Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb". Məlumata görə, hadisə "OBA" marketində baş verib. Hadisə ilə bağlı marketlər şəbəkəsi də məlumat yayıb. "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində "Oba"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Xəsarət alanlar 45 yaşlı Kəmalə Paşa qızı Əhmədova və 38 yaşlı Şəlalə Şakir qızı Əsgərovadır. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda hadisənin təfərrüatı araşdırılır. Daha ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilir.

Hərbi liseyin məzunu vəfat etdi

Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnstitutunun kursantı Elvin Quluzadə uzun sürən qan xərçəngi xəstəliyi səbəbindən həyatını itirib.Oxu.az

Bu xəstəxananın milyonlarla borcu üzə çıxdı

Gəncə Beynəlxalq Xəstəxanasının əmtəə nişanının sahibi "SYNERGY MEDICAL" MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Xəstəxanasının Dövlət Vergi Xidmətinə 2711632.46 manat vergi borcu yaranıb. Qeyd edək ki, nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Paşayeva Gülnar Polad qızıdır.

9 yaşlı fiziki qüsurlu uşağı öldürən şəxsə ağır cəza verildi

Qeyri-rəsmi münasibətdə olduğu qadının 9 yaşlı fiziki qüsurlu övladını öldürməkdə ittiham olunan Yaşar Abbasovun məhkəmə araşdırması başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Məhkəmə müəyyən edib ki, Yaşar nikahsız yaşadığı İ.Əhmədovanın uşağını işgəncə ilə öldürməkdən əlavə qadının özünü də döyüb. Bu hadisədən bir müddət sonra uşağın anası da narkotik cinayətinə görə məhkum edilib. Hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin ağır maddələri ilə ittiham verilib. Hökmə əsasən, Y. Abbasov xüsusi amansızlıq, quldurluq niyyəti ilə adam öldürmə, əzab vermə və başqa maddələrlə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib.

Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb. Belə ki, Sabunçu rayonunda 45 yaşlı E.Qasımov və Nizami rayonunda 53 yaşlı A.İsayev metil spirtindən zəhərlənərək ölüblər. Məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb. Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfər texniki spirtdən zəhərlənərək ölüb. Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Xırdalanda özünə antibiotik vuran qadın öldü

Abşeron rayonunda özünə iynə vuran qadın ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. Şəhər sakini, 42 yaşlı Gülnarə Ənvər qızı Cahangirova yaşadığı evdə özünə antibiotik iynəsi vurub. İynədən sonra halı pisləşən qadın xəstəxanaya müraciət edib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

ABŞ səfirliyi Xocalı soyqırımı qurbanlarını yad etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarını yad edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin X hesabındakı paylaşımda qeyd olunub. “Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

Bayraqdardan Xocalı qətliamı ilə bağlı paylaşım

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Xocalı qətliamı ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb. “Xocalı soyqırımında həyatını itirən qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. İllər keçsə də, bu faciənin acısı hələ də qəlbimizdə təzədir. Xocalı soyqırımında həyatını itirmiş qardaş və bacılarımızın xatirəsini ehtiramla yad edirəm”, – paylaşımda qeyd olunub.

Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Nazir bu barədə "X" sosial media hesabında yazıb. "Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda qeyd olunub.

Fransa səfirliyi Azərbaycana başsağlığı verdi

Fransanın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində yerləşdirilib. “Bu gün biz Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirik və bütün Azərbaycan xalqına başsağlığı veririk”, - bəyanatda bildirib.

Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib. Sozcu.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib. Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb. Xətai rayon Məhkəmədi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

Xocalı soyqırımından 33 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 33 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Zığda evdə yanğın olub, ölən var

Bakıda fərdi yaşayış evində yanğın olub. Sozcu.az xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fərdi evdə baş verib. Yanğın zamanı, əqli cəhəddən qüsurlu Ə.Əlməmmədov yanıq xəsarətləri ilə xəstəxananaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Yenə qar yağacaq, yollar buz bağlayacaq — Günün havası

Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlaması davam edəcək.

Hazırda bu yollarda TIXAC var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1.Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Hamilə qadın və bətnindəki körpə ÖLDÜ

Göygöldə hamilə qadın və bətnindəki körpə ölüb. Sozcu.az "Report"a istinadən məlumat verir ki, Kəlbəcər rayon sakini, N.Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin onu və bətnindəki körpənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

“Belələri öz qüsurlu ideyaları və səmərəsiz idarəetməsi ilə elm-təhsil sistemini heç cür inkişaf etdirə bilmir...”- Ekspert

“Elm özfəaliyyət dərnəyi deyil.  Dövlət  elmi müəssisələrə, o cümlədən universitetlərə  tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal  şərait yaratmalı, tədqiqatların nəticələrinin  istehsalatda tətbiqinə  dəstək verməlidir...”  “Hər hansı sahənin inkişafı üçün  ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir  (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara...” Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda elm və təhsilin problemləri mövzusunda “Elm və təhsilin inkişafına qayğı lazımdır...”  növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq: Bu yaxınlarda AMEA-nın  ümumi yığıncağı keçirilib. Yığıncaqda iştirak edən  elm və təhsil naziri Emin Əmrullayev də çıxış edib.  O, bildirib ki, 30-35 yaşında elmi ad alan alim bütün ömür boyu bu addan istifadə etməməlidir.  Sual yaranır:  bəs xaricdə 1-2 il oxuyub, 25 yaşında ordan bir diplom və ya sertifikat alıb, ömür boyu ondan istifadə etmək olarmı?  Alim nə maaş alır ? 600-700 manat (Bakı şəhəri üzrə orta əmək haqqı 1000+ manatdır).   Alim elmi ada  görə nə qədər pul alır? Alimin maaşının  60 manatı elmi ada görədir. Az maaşı bir az da azaltmaqla, nazir nəyə nail olmaq istəyir?  Bizim son illər elm-təhsil sahəsində aparılan islahatlar sovetin son illərdəki “yenidənqurma”nı   xatırladır.  Hər hansı sahənin inkişafı üçün  ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir  (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara).   Yəqin ki, yenilik etmərik, desək ki, elm və təhsilin inkişafı üçün alim və müəllimlərə qayğı, normal maaş vermək gərəkdir (ən azı qonşu ölkələrdə olduğu qədər, baxmayaraq ki, bizdə qiymətlər xeyli yüksəkdir).  Əks halda elm-təhsil sahəsində olan-qalanlar  da məhv olacaqdır.  Nazir 2 il əvvəl deyirdi ki, gənc alimlərə ev vermək yox, yüksək maaş vermək lazımdır.  Amma əməldə nə gənc alimə, nə də təcrübəli alimə heç bir qaygı və saygı müşahidə edilmir.   Alimə, elmə belə “qiymət”  verən  elm-təhsilin “baş  meneceri”, görəsən, ürəyində  nə düşünür?..  Bizim elm və təhsil sahəsində xeyli problemlərimiz  var, bunlar onilliklər ərzində yaranıb, qalaqlanıb. Bu problemlərin yaranmasında ən sonuncu səbəbkar müəllim və alimlər, əsas səbəbkarlar isə bu sahələrə rəhbərlik edən məmurların qüsurlu idarəetməsi olub, elə indiki kimi...  Amma  nazir  hər dəfə özünü və özündən əvvəlki  “baş menecerləri” təmizə çıxarmaq üçün,  məqsədli şəkildə müəllim və alimləri günahkar çıxarır. Bu,  böyük qəbahətdir, özü də  şagirdinə repetitorluq edən müəllimin qəbahətindən də betər...  Nazir  elm  sahəsində təcrübəsizdir,  baxmayaraq ki, ARTİ-də 5 il direktor əvəzi olmuşdur.  Ola bilsin ki, o, bəzi reallıqları bilmir.   Elm özfəaliyyət dərnəyi deyil.  Dövlət  elmi müəssisələrə, o cümlədən universitetlərə  tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal  şərait yaratmalı, tədqiqatların nəticələrinin  istehsalatda tətbiqinə  dəstək verməlidir.  Özəl sektorun elmə dəstəyini və əməkdaşlığını  təmin etməli, vergi v.s. güzəştlər  tətbiq etməlidir.  Bu halda elmdən və alimlərdən nəticə  gözləmək olar. Yoxsa “biz prosesləri yox, nəticələri maliyyələşdirəcəyik” kimi yanlış prinsiplərlə elmdə olan-qalan da tam məhv edilər.   İndi alimin fərdi qaydada, təkbaşına tədqiqat apardığı zamanlar deyil. Elmi fəaliyyət kollektiv işdir. Belə kollektiv fəaliyyəti planlaşdırmaq,  təşkil etmək, stimullaşdırmaq,  nəzarət və monitorinq etmək, bir sözlə idarə etmək gərəkdir.  Hər sahədə olduğu kimi, təbii ki, elmdə də təsadüfi, yerində olmayan, elmə yad insanlar var. Elə ETN-də olduğu kimi.  Bu gün ETN-də yerində olmayanlar daha çoxdur, nəinki elmdə,  yoxsa, nazirliyin fəaliyyətindən  ölkədə bu qədər narazılıqlar da olmazdı.  İllər ərzində elmdə olan səhv kadr siyasətinin günahı  alimlərdə deyil. Günah saxta “alim”ləri yetişdirən, “dissertasiya”larını təsdiq edən, onları bəsləyən, irəli çəkən, təltif edən  qüsurlu idarəetmədə və öz yerində olmayan məmurlardadır.  Bu problemlər həll edilməlidir.  Belə olsa, elm, elmi  fəaliyyət, alim daha səmərəli fəaliyyət göstərə bilər.   Elmin səmərəli idarə olunması üçün belə sistemli addımlara ehtiyac  var: 1. Milli elm siyasətinin formalaşdırılması.  Uzunmüddətli elmi strategiya hazırlanmalı və konkret hədəflər müəyyən edilməli,  elmi inkişafın prioritet sahələri müəyyən edilməlidir (süni intellekt, biotexnologiya, enerji, kosmik tədqiqatlar və s.),  elmi fəaliyyətin qanunvericilik bazası gücləndirilməlidir. 2. Elmi idarəetmə strukturlarının yaradılması və gücləndirilməsi. Milli Elmlər Akademiyası və müvafiq dövlət qurumları elmi tədqiqatları səmərəli koordinasiya etməli,  elmi-tədqiqat institutları və universitetlər arasında əməkdaşlıq mexanizmləri yaradılmalı, elmin dövlət və özəl sektorla inteqrasiyası təmin olunmalıdır. 3. Maliyyələşdirmə və  resurslarla təminat. Elmi araşdırmalar üçün büdcədən ayrılan vəsait artırılmalı və səmərəli bölüşdürülməli, qrant sistemləri və fondlar vasitəsilə tədqiqatçılar dəstəklənməli, elmi tədqiqatların kommersiyalaşdırılması üçün innovasiya fondları yaradılmalıdır. 4. İnsan kapitalının inkişafı.  Tədqiqatçılar üçün rəqabətli maaş və iş şəraiti təmin edilməli, gənc alimlərin və tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün stimullar yaradılmalı, beyin axınının qarşısını almaq və xaricdəki alimləri ölkəyə geri qaytarmaq üçün proqramlar hazırlanmalıdır. 5. İnfrastruktur və texnoloji inkişaf.  Müasir laboratoriyalar və elmi tədqiqat mərkəzləri yaradılmalı, elmi institutlar və universitetlər qabaqcıl texnologiyalarla təchiz olunmalı,  milli və beynəlxalq elmi məlumat bazalarına çıxış təmin edilməlidir. 6. Beynəlxalq əməkdaşlıq və şəbəkələşmə.  Qlobal elmi təşkilatlarla əməkdaşlıq genişləndirilməli (məsələn, UNESCO, CERN, NASA və s.), xaricdə təhsil almış alimlərin ölkəyə geri qaytarılması üçün xüsusi proqramlar hazırlanmalı,  beynəlxalq elmi konfranslar və layihələrdə iştirak dəstəklənməlidir. 7. Elmi tədqiqatların qiymətləndirilməsi və monitorinqi.  Tədqiqatların nəticələrinin effektivliyi mütəmadi qiymətləndirilməli,  elmi fəaliyyətin keyfiyyətini artırmaq üçün indeksasiya və reytinq sistemləri tətbiq olunmalı, elmi nəticələrin kommersiyalaşdırılması və praktiki tətbiqi izlənilməlidir. 8. Cəmiyyətin elmi inkişafa cəlb edilməsi.  Elmin populyarlaşdırılması üçün media və maarifləndirmə kampaniyaları keçirilməli, dövlət və özəl sektor arasında elmi layihələrə investisiya təşviq edilməlidir.   Bütün bu tədbirlər elmin  idarəedilməsinin  səmərəliyini artıraraq, gələcəkdə ölkənin innovasiya və texnologiya sahəsində qlobal rəqabət qabiliyyətini, texnoloji suverenliyini   müəyyən qədər yüksəldə bilər.  Bu gün isə  elmi təcrübəsi olmayanlar,  alimə və müəllimə dəyər verə bilməyənlər, öz  qüsurlu ideyaları və səmərəsiz idarəetməsi ilə elm-təhsil sistemini heç cür  inkişaf  etdirə bilmirlər.   Ölkənin suverenliyi və təhlükəsizliyi  ilk növbədə bu problemlərin həllini tələb edir. Xüsusən də suverenlik ilində...

Ailə modeli dağılır: 2050-ci ildə Azərbaycan əhalisi 3 milyon olacaq?

"Bir vaxtlar qadınlarımızın qucağında körpə uşaq görərdiksə, bu gün it, pişik, hətta meymun görürük. Hətta bəzi qadınlar iri marketlərdə alış-verişdə səbətlərində uşaq əvəzinə it aparırlar. Bütün bunlar Qərbin Strateji Beyin Mərkəzlərinin Azərbaycan cəmiyyətinə ötürdüyü davranış modelləridir. Bunun nəticəsində ailə institutu çat verib, aşınıb, dağılıb və artıq məhv olmaq üzrədir". Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayının 7735 olması ilə bağlı statistikadan danışarkən deyib. O bildirib ki, əgər ailə institutu dağılırsa, onu qoruyan subyektlər, yəni ər-arvad, eləcə də ailənin digər üzvlər onun dağılmasından narahat olmurlar: "Biz o vaxt qorxarıq ki, bu bizim üçün müqəddəs olsun. Əgər ailə institutunun müqəddəsliyi bizim gözümüzdən salınıbsa, onun dağılmasına biganə qalırıq. Ona görə də Azərbaycanın son 10-20 ildə ailə institutu tədricən məhvə doğru gedir. Nəticədə Azərbaycanda əhalinin artım tempi azalıb". Bunu necə sübut etmək olar? Asif Bayramov bunun üçün demoqrafik bir üsulun olduğunu əlavə edib: "Əgər doğum səviyyəsi 3 uşağın altındadırsa, həmin millətin yaşlı əhalisi artır, 3-ə bərabərdirsə, əhali sabit qalır, 3-dən yüksəkdirsə, demoqrafik artım müşahidə olunur. Bu gün Azərbaycan cəmiyyətində ailə artımı 3 rəqəminin altında olduğuna görə azalma prosesi gedir. Həmin beynəlxalq mərkəzlərin hesablamalarına görə, 2050-ci ildə Azərbaycan xalqının sayı 3 milyon civarında qalacaq". Asif Bayramovun sözlərinə görə, bu gün Azərbaycanda boşanmalar kəskin forma almış problemlərdəndir: "Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları ciddi şəkildə məşğul olmalıdırlar. Bu gün müvafiq sahənin ekspertləri, mütəxəssisləri ciddi həyəcan siqnalı verməlidirlər. Çünkü bizə bəlli olan statistika üzərimizdə aparılan oyunun və Azərbaycan cəmiyyəti ilə bağlı qlobal mərkəzlərin qurduğu senarinin nəticəsidir. Biz həmin mərkəzlərin sosial eksperiment obyektinə çevrilmişik. Bunun hamısının kökündə dayanan ilk səbəblərdən biri odur ki, Azərbaycan cəmiyyətini əsrlərin sınaqlarından bu günə gətirib çıxardan ən fundamental dəyər bizim ailə institutudur. Hətta dövlətçiliyin böhran keçirdiyi tarixi dövrlərdə belə Azərbaycan xalqının ailə institutu onu bu böhrandan sağ-salamat çıxardaraq bu günə çatdırıb. Azərbaycan cəmiyyətinin ayaq üstə qalmasının ailə institutu olduğunu bilən beynəlxalq beyin mərkəzləri bilavasitə Azərbaycanın ailə institutunu hədəfə alıb". Sosioloq hesab edir ki, ailə institunun gözdən salınması, dağıdılması üçün internet platformaları üzərindən Azərbaycan cəmiyyətinin şüuruna yeni davranış modelləri ötülülür: "Bunlar bir başa ailə institutunun dağıdılmasına gətirib çıxardır. Bütün problemlərin əsas səbəbi ailə institutunun tarixən formalaşmış dəyərlərinə xələl gəlməsidir". Qeyd edək ki, Azərbaycanda boşanma ilə bağlı statistika açıqlanıb. Orada göstərilir ki, 5 ilə qədər evli olub boşananların sayı 5814, 5-9 il evli olanlar arasında boşanma sayı 5805, 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayı 7735 olub.

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Fevralın 26-da Bakıda və Abşeron yarımadasında, 26-27-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Qax, Şəki, Zaqatala, Şahdağ, Xızı, Şamaxı, Şirvan, Qobustan, Ağsu, İsmayıllı, Oğuz, Mingəçevir, Yevlax, Bərdə, Kürdəmir, İmişli, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Gəncə, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilanda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda məşhur universitet ləğv olundu

Bakı Asiya Universiteti ləğv edilib. Sozcu.az xəbər verir ki, bu barədə müvafiq qərar qəbul olunub. Kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, ev 33 ünvanına bildirə bilərlər. Qeyd: Universitet 2015-ci ildə fəaliyyətini dayandırıb.