Bakı və İrəvan arasında yeni “ərazi münaqişəsi” – Taus kimin olub?

Erməni ekspertlər zaman-zaman Qazaxın işğaldakı 7 kəndi ilə yanaşı Ermənistanın Tavuş rayonunun da Azərbaycana veriləcəyi ilə fikirlər səsləndirirlər. Rəsmi Bakı isə Ermənistana ərazi iddiası olmadığını, bu ölkənin ərazisindəki anklavları daxil olmaqla 8 kəndin təhvil verilməsini tələb edir. Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında Tavuş bölgəsinin və oradakı hansısa kəndin təslim edilməsi ilə bağlı müzakirə aparılmadığını deyib. Tez-tez gündəmə gələn, Ermənistan ərazisi kimi bilinən Tavuş coğrafi olaraq haranı əhatə edir? Bu sözün etimologiyası nədir? Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Azərbaycan Ermənistandan 8 kəndin geri qaytarılmasını tələb edir: “Sərhəddə yerləşən 4 kəndin qaytarılması problem doğurmur, lakin digər 4 kəndin Azərbaycanla bağlantısı Sovet dövründə kəsildiyi üçün Bakı və İrəvan arasında sərhədlər müəyyənləşərkən bu nəzərə alınacaq. İşğal altında qalan 8 kənd qədim Azərbaycan torpaqlarıdır. O ki qaldı Tavuşa, əslində, ərazinin əsl adı “Taus” olub, sonralar haylar “Tavuş” adlandırıb. Söz isə “tau”dan götürülüb, mənası “yüksək dağlıq ərazi”dir. Yəni yüksək dağda salınmış hərbi şəhər anlamındadır. Vaxtilə qıpçaqların hökmran olduğu dönəmlərdə Qıpçaq dövlətləri, hunlar kimi tanınan qıpçaq kökənli türk tayfaları bu bölgələrdə hərbi şəhərlər tikmişlər. Onlardan biri də Tavuşdur. Bu söz bizdə “Tovuz”, Ermənistanda isə “Tavus” formasında istifadə edilir. Onun etimologiyasına nəzər salsaq aydın olar ki, buranın qədim sakinləri türklər olub”.

Antalyada mikroavtobus aşıb, yeddi nəfər xəsarət alıb

Türkiyənin Antalya şəhərində avtomobillə mikroavtobus toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. İdarəetmədən çıxan mikroavtobus aşıb. Hadisə nəticəsində 7 nəfərin yaralandığı bildirilir.

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə 112 "Telegram" kanalı məlumat yayıb. Hadisə Maqadan vilayətində baş verib. Hazırda ölən və yaxud da yaralananların sayı müəyyənləşdirilir. Qəzanın digər təfərrüatları barədə məlumat verilmir. Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin xilasediciləri fevralın 4-də qəzaya uğrayan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopterinin qalıqlarını aşkar ediblər. Helikopter Oneqa gölünün sahilindən 11 km aralıda qəzaya uğrayıb.

KİV: ABŞ yanvar ayında İranı husilərə təsir etməyə razı salmağa çalışıb

Amerika Birləşmiş Ştatları yanvar ayında İranla gizli danışıqlar apararaq, Tehranı Qırmızı dənizdə gəmilərə hücumlar həyata keçirən Yəmənin husi üsyançılarına təzyiq göstərməyə inandırmağa çalışıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Amerika və İran rəsmilərinə istinadən məlumat yayıb. Mövcud məsələ üzrə ilkin danışıqlar 10 ay əvvəl Omanda reallaşıb. Vaşinqtonu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley, Tehranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil edib. İki nümayəndə heyətinin üzvləri birbaşa deyil, Omandakı vasitəçilərlə əlaqə saxlayıblar. Məsləhətləşmələrin ikinci raundu fevralda baş tutmalı idi, lakin ABŞ-ın Qəzza zolağında münaqişəni həll etmək səyləri fonunda təxirə salınmışdı. Tərəflər Qırmızı dənizdə və Ədən körfəzində gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələsindən əlavə, İranın nüvə proqramını müzakirə ediblər.

Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər

ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyunun 3-də silah ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Sozcu.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Qeyd edilib ki, prokurorlar işə baxılmasının üç gündən dörd günə qədər çəkəcəyini, vəkillər isə öz növbəsində prosesin iki gündən çox davam edə biləcəyini gözləyirlər. Daha əvvəl Delaver ştatındakı böyük münsiflər heyəti açıqlanan sənədə əsasən, ABŞ prokurorları tərəfindən Baydenə qarşı silah saxlamaqla bağlı üç cinayətə görə irəli sürülən ittihamları təsdiqləyib. O cümlədən, iki cinayət faktı 2018-ci ildə “Colt Cobra” revolverini alarkən yalandan narkotik vasitə qəbul etmədiyini yazılı şəkildə yazması ilə bağlıdır. Üçüncüsü, narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur. İttihamların cəminə əsasən, Bayden 25 ilə qədər həbs edilə bilər: iki maddə üzrə maksimum 10 il həbs cəzası və 250 000 dollar cərimə, üçüncüsü isə maksimum 5 il həbs cəzası və 250 000 dollar cərimə nəzərdə tutur. Baydenin silah saxlaması ilə bağlı təhqiqat 2018-ci ildə, onun həmin dövrdə narkotik istifadə etdiyi və tapançaya sahib olduğu məlum olduqdan sonra başlayıb. Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir.

ABŞ Polşaya Rusiyanı təhdid edən raketlər verəcək

Polşa ABŞ-dan potensial olaraq Rusiyadakı hədəflərə çata biləcək JASSM yer-hava raketləri alacaq. Sozcu.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Ruzanski deyib. “Polşa F-16, gələcəkdə isə F-35-in daşıyacağı raket paketini ala biləcək”, - o qeyd edib. Onun sözlərinə görə, bu döyüş sursatları ilə təchiz edilmiş Laskda yerləşdirilmiş Polşa təyyarələri Visladan o yana uçamayaraq Belarus və ya Rusiya ərazisindəki hədəfləri vura biləcək. General bunun pilotların təhlükəsizliyini təmin edəcəyini vurğulayıb. O qeyd edib ki, ordu ölkədən kənarda belə təhdidləri aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malik olmalıdır. Martın 12-də Dövlət Departamenti Polşaya 1,7 mindən çox müxtəlif tipli raketlərin satışını təsdiqləyib.

Qazaxıstan quraqlıq təhlükəsi ilə üzləşib

Özbəkistan və Qırğızıstanda analoji hadisəyə görə Qazaxıstan bu yaz quraqlıq təhlükəsi ilə üzləşib. Sozcu.az xəbər verir ki, bu barədə “TASS” Qazaxıstanın su təsərrüfatı və irriqasiya nazirinin müavini Arsen Cakanbayevə istinadən məlumat yayıb. O izah edib ki, problem qonşu ölkələrin su ehtiyatlarına təsir edən quraqlıqdadır: “Qırğızıstanın Toktoqul su anbarında suyun həcmi ötən illə müqayisədə 300 milyon kubmetr azdır. Çirçik hövzəsində isə suyun həcmi ötən illə müqayisədə 100 milyon kubmetr azdır. Buna görə də daxil olan suyun miqdarı azdır. Cari il bu suyun olmaması səbəbindən problemlər yarana bilər”. Onun sözlərinə görə, ölkənin Türküstan və Qızılorda bölgələri risk altındadır. Artıq yerli hakimiyyət orqanlarına çəltik səpinini azaltmaq tövsiyə olunub. Belə ki, bu məhsul daha çox su tələb edir.

Polşa 50-dən çox ölkədəki səfirini dəyişdirmək qərarına gəlib

Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir. Bildirilib ki, Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul edib. Məlumata görə, kadr dəyişiklikləri ölkənin Baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.

Blinken və Borrell Çinin Rusiyanın müdafiə sənayesinin bərpasındakı imkanlarını müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken və Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Rusiya hərbi sənaye kompleksinin yenidən qurulmasında kömək etmək üçün Çinin göstərdiyi səyləri müzakirə ediblər. Sozcu.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Onlar Qırmızı dənizdə və Ədən körfəzində naviqasiya azadlığının qorunmasında qarşılıqlı marağımızı, habelə Çindən gələn ümumi çağırışlara cavab tapmaqda transatlantik birliyin əhəmiyyətini, o cümlədən Çindən Rusiya müdafiə sənayesininin bərpası istiqamətindəki təchizatla bağlı narahatlıqları müzakirə etdilər”, - diplomat qeyd edib. Bundan əlavə, Blinken və Borrellin "Ukraynaya dəstək üçün sarsılmaz transatlantik birliyi vurğulayıblar". Onlar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi, Qəzza zolağının sakinləri üçün humanitar yardımın həcminin artırılması imkanlarını müzakirə ediblər.

İlham Əliyev Quterreşin müavini ilə görüşdü

18:01 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Sozcu.az xəbər verir ki, Migel Anxel Moratinos İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycanın COP29-un sədri seçilməsi münasibətilə təbrik edib. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib. Qonaq ölkəmizin qazandığı nailiyyətlərin heyranedici olduğunu və Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğuladı. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək verilmiş dəstəyə görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində Dünya Dini Liderlərinin iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək mövzusunda da tədbirlərinin keçiriləcəyi qeyd olundu, bu xüsusda əməkdaşlıq məsələlərinə toxunuldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirildi, onun beynəlxalq səviyyədə ən mühüm platformalardan birinə çevrildiyi vurğulandı. XI Qlobal Bakı Forumunda da dünyanın müxtəlif regionlarını təmsil edən çox sayda iştirakçının olduğu, burada aktual məsələlərin müzakirə ediləcəyi bildirildi. Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda uğurla keçirildiyi və bu ənənənin bundan sonra da davam edəcəyi vurğulandı. BMT-nin Sivilizasiyalar Alyansının Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olaraq öz dəstəyini daim göstərdiyi qeyd edilib. Söhbət zamanı Avropa ölkələrində artan islamofobiya meyillərindən narahatlıq ifadə olunub.

AP-dən İrəvanla bağlı qətnamə: AB üzvlüyü…

Avropa Parlamenti Ermənistanın AB üzvlüyünə namizədliyi imkanlarını nəzərdən keçirmək üçün qətnamə qəbul edib. Axar.az erməni mediasına istinadla xəbər verir ki, qətnamənin lehinə 504, əleyhinə 4 deputat səs verib, 32 deputat bitərəf qalıb. “Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və öz demokratiyasını gücləndirən sabit islahatlar yoluna davam etsə, bu, AB-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qətnamədə qeyd edilir.

Mübariz Mənsimov televiziya kanalını alır

“Palmali Holding Anonim” şirkəti Türkiyədə televiziya kanalı alır. Bu barədə şirkətin rəhbəri Mübariz Mənsimov məlumat verib. O bildirib ki, “Palmali Holding Anonim”in nəzdindəki media şirkəti ilə “EKOLTV” adlı televiziya kanalı arasında danışıqlar yekunlaşmaq üzrədir. Danışıqlara əsasən “EKOLTV”nin hissələrinin böyük hissəsi “Palmali Holding Anonim” şirkəti tərəfindən alınacaq. Mübariz Mənsimovun sözlərinə görə, onun rəhbəri olduğu media şirkətinin əvvəllər “PAL radio” ilə bu sahədə təcrübəsi olub. İndi şirkətin məqsədi bu təcrübəni televiziya sahəsində inkişaf etdirmək və Türkiyədə televiziyaya yeni yanaşma gətirməkdir.Metbuat.az

Sumqayıtda ağır yol qəzası: Xəsarət alanlar var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb. "Toyota Prius" və "Ford Fusion" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə zamanı yol infrastrukturuna ciddi ziyan dəyib. Həmçinin qəzadan sonra yolda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır .

Martın 14-ü ilə bağlı XƏBƏRDARLIQ

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, martın 14-də əsasən gecə və səhər saatlarında bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

ABŞ-da səsvermə: Tiktok qadağan olunur...

ABŞ-da Tiktok sosial şəbəkəsi qadağan olunur. Sozcu.az xəbər verir ki, bunun üçün qanun layihəsi Nümayəndələr Palatasında səsə qoyulub. Səsvermədə qanun layihəsinin lehinə 352 deputat səs verib, yalnız 65 deputat bunun əleyhinə çıxıb. Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi “ByteDance” şirkətindən Tiktokun ABŞ-dakı səhmlərini 6 ay ərzində satmağı tələb edir. Əgər şirkət satmasa, platforma ABŞ-da qadağan ediləcək. Qanun layihəsinin Prezident Co Baydenə təqdim olunacağı gözlənilir.

Tehranda Azərbaycana qarşı daha bir tədbir keçirildi

İran hökumətinin Azərbaycanda milli və dini zəmində münaqişə və gərginlik yaratmaq cəhdlərinin davamında martın 12-də Tehran Universitetində daha bir tədbir keçirilib. Sozcu.az xəbər verir ki, tədbir barədə İran mediası məlumat yayıb. Tədbir İranın Beynəlxalq Ali Araşdırmalar Mərkəzinin Tehran Universitetinin İranşünaslıq Mərkəzinin əməkdaşlığı ilə baş tutub. Tədbirlə bağlı yayılan elan və afişada yenidən Azərbaycan Respublikasının adı təhrif edilərək “Bakı Respublikası”nda və xaricdə yaşayan talışların ictimai və mədəni vəziyyəti” sözləri yazılıb. Qeyd edək ki, bundan əvvəl martın 10-da Rəşt şəhərinin Azad İslam Universitetində "Talış İran mədəniyyəti və tarixinin aynasında” mövzusunda Azərbaycana qarşı konfrans keçirilmişdi.

Tanınmış telejurnalist Xoşqədəm, Zaur və Elgizə SÖZ ATDI

Tanınmış telejurnalist Həmid Herisçi telekanallardakı şou proqramların aparıcılarına söz atıb. Modern.az-ın məlumatına görə, H.Heriçsi bununla həm telekanalları, həm də bəzi aparıcıları ictimai qınağın hədəfinə çıxarıb. “Azərbaycan TV-ləri İlhamiýəsizdi, Həmidsizdi.  Xoşqədəmli, Zaurlu, Elgizlidi”, - H.Herisçi sosial şəbəkədə yazıb. Qeyd edək ki, Həmid Herisçi həyat yoldaşı İlhamiyyə Rza ilə birgə telekanallarda müxtəlif verilişlər aparıb. H.Herisçinin sonuncu iş yeri AzTV olub. O, ötən ilin yayında Dövlət Televiziyası ilə yollarını ayırıb. Xatırladaq ki, br neçə gün əvvəl ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda bu telekanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

Hacı Məmmədov bandasının üzvü mühakimə olunacaq

Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin məhkəməsi başlayır. Sozcu.az "Report"a istinadla xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib. Zərəçəkmiş şəxs qismində Tofiq Bayramov tanınıb. H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev qeyriləri ilə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edərək Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum edib. O, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa - bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi daxil olub. Təqsiləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla (vəfat edib - red.) əlaqəsinin olduğu bildirilir.

Bakıda bu ərazidəki fərdi evlər söküləcək

Bakıda daha bir ərazidə fərdi evlərin söküntüsünə başlanılacaq. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonunda yerləşən "Kubinka" adlanan ərazidən gedir. Bildirilib ki, "Kubinka"nın yeni məhəlləsində söküntü işləri aparılacaq. Belə ki, Cəlil Məmmədquluzadə küçəsində, daha dəqiq desək, keçmiş 2 nömrəli çörək zavodunun ərazisindəki evlər plana düşəcək. Söküləcək fərdi evlərin yerində hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulub. Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar. İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar. Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. "Kubinka"da bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənn icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir.

Qarabağ separatçılarına İrəvanda qadağa

Qarabağdakı keçmiş separatçıların qondarma “parlamenti”nin sabiq üzvləri Ermənistan sərhədindən xaricə buraxılmır. Sozcu.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. “Zvartnots hava limanında Ermənistan sərhədini keçməsi qadağan edilən Geqam Stepanyan da oxşar vəziyyətlə üzləşib. Bizə çatan məlumata görə, bu qərarın səbəbi konkret cinayət işindədir. Bu yaxınlarda parlament üzvlərinin dəvət olunduğu İstintaq Komitəsi “artsax”da baş verən son hadisələrlə, xüsusən də Araik Arutyunyanı “prezident” postundan istefa verməyə vadar edən səbəblərlə maraqlanır”, - məlumatda deyilir. Qeyd olunur ki, məlumatı Stepanyanın özü ilə dəqiqləşdirməyə çalışsalar da, o, zənglərə cavab verməyib.

Ukrayna yarım milyon əsgər toplayır

Ukrayna yarım milyon insanı səfərbər etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Ukrayna MN-ə istinadən məlumat yayıb. Məlumatda onlardan 330 min nəfərinin cəbhə xəttindəki hərbçilərin əvəz edilməsinə cəlb olunmasının planlaşdırıldığı qeyd olunub.

Polis əməkdaşları işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həyatlarını itiriblər - Təcili

Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar. Bu barədə Sozcu.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib. Araşdırma aparılır.

Rio-de-Janeyroda avtovağzalda 18 nəfər girov götürülüb, ölənlər var

Rio-de-Janeyroda şəhərin mərkəzindəki avtovağzalda 18 nəfər girov götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb. HƏmin şəxslər avtobusun içərisində girov saxlanılıb. Şahidlərin sözlərinə görə, avtobus yaxınlıqdakı Minas Jerais əyalətindəki Huiz de Fora şəhərinə gedirmiş. Kişi iki sərnişini vuraraq öldürüb və avtobusda terminal dayanacağında barrikada qurub. Zərərçəkənlərdən biri sinə və qarın nahiyəsindən güllə yarası alıb. Hadisədən saat sonra təcavüzkar polisə təslim olub və bütün girovlar sərbəst buraxılıb.

ABŞ Qəzzada müvəqqəti limanın yaradılmasına kömək üçün gəmilər göndərib

ABŞ Qəzza zolağında fələstinlilərə humanitar yardım çatdırmaq üçün müvəqqəti limanın yaradılmasını dəstəkləmək məqsədilə Aralıq dənizinə 4 gəmi göndərib. Sozcu.az-ın məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib. "Bu gün ABŞ-nin Müdafiə Nazirliyi Qəzza zolağında humanitar yardım əməliyyatlarını və müvəqqəti liman qurma missiyasını dəstəkləmək üçün Lenqli-Yustas birləşmiş bazasından Aralıq dənizinin şərqinə Birləşmiş Ştatlar ordusunun dörd gəmisini göndərib", - o deyib. Rayderin sözlərinə görə, gəmilərdə "bu missiyanı dəstəkləmək üçün avadanlıq və material var". Pentaqon nümayəndəsi qeyd edib ki, ABŞ limanın təxminən 60 gün ərzində tam istismara hazır olacağını gözləyir. ABŞ Prezidenti Cozef Bayden martın 7-də bildirib ki, Birləşmiş Ştatlar Fələstin anklavına humanitar yardım çatdırmaq üçün Qəzza zolağında müvəqqəti liman yaradacaq. Amerika Administrasiyasından qeyd olunub ki, onlar Kipr üzərindən dəniz yolu ilə həyata keçiriləcək.