Hər il qeyd etdiyimiz və kökü əsrlərə bağlı olan Novruz bayramı özündə bir çox adət-ənənəni ehtiva edir. Bu ənənələrdən biri də bayram ərəfəsində keçirilən çərşənbə mərasimləridir. Bu mərasimlərdə tonqal qalanır, uşaqlı-böyüklü hər kəs odun ətrafına toplanır, hamı əylənir və sevinir. Ancaq kiçik bir diqqətsizlik bu əyləncəni faciəyə çevirməyə bəs edir. Bu səbəbdən bir çox adətləri həyata keçirərkən diqqətli olmaq bizi həyati təhlükələrdən qoruya bilər.
Məsələ barədə “Yeni Sabah”a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bir sıra vacib məqamlara toxunub:
“Novruz bayramının gəlişi ilə əlaqədar yanğın təhlükəsizliyi məsələləri gündəmdədir. Bayramla bağlı keçirilən müxtəlif mərasimlərdə bir sıra qaydalara riayət etmək lazımdır. Ən vacib olan məsələlərdən biri bayram tonqalı yandırılan zaman düzgün yerin seçilməsidir. Belə ki, bu yer elektrik naqillərinin, ağacların, otların, avtomobillərin, ev və digər yanan materiallardan kənar ərazidə seçilməlidir. Bayram tonqalı yandırılanda mütləq ətrafda çəllək və ya qablarda su saxlanılmalıdır. Bu, yanğın riski olduğu anda müdaxiləni asanlaşdırır. Bərk materiallardan baş vermiş yanğınlar A sinifinə aid edilir. Belə hadisələrə isə su ilə müdaxilə edib, yanğını söndürmək mümkündür”.
Ekspert bildirib ki, bayram tonqalının hündür olmamasında fayda var:
“Hündür taxtalardan ibarət tonqal qalamaq tövsiyə olunmur. Normal hündürlük, 1-1,5 metrdən çox hesablanmır. Buna səbəb isə hündür tonqalın yanğın təhlükəsinin daha çox olmasıdır. Bundan əlavə bayram tonqalı sönənə qədər ona nəzarət olunmalıdır, üstünə su və torpaq vurulmalıdır ki, tamamilə söndürülsün. Azyaşlıların nəzarətsiz formada tonqalın ətrafında toplaşması çox ciddi təhlükə yaradır. Ona görə də azyaşlılar mütləq böyüklərin nəzarəti altında həmin ərazidə olmalıdır. Tonqalın üzərindən atlanmaq isə ən təhlükəli məqamdır. Bu zaman insanın geyimi alışa, müxtəlif bədən xəsarətləri ala bilər. Küləkli havada bayram tonqalı alışdırmaq məqsədəuyğun hesab edilmir. Belə olduqda qığılcımların ətrafa yayılması, yanğına səbəb olma ehtimalı çox böyükdür. Bu məqama da xüsusi diqqət edilməlidir”.
O.Musayev bayram şamları ilə bağlı tövsiyələr də verib:
“Ev şəraitində yanan şamlarla əlaqədar da yanğınlar baş verə bilir. Buna görə də, şamlar da nəzarətsiz şəkildə saxlanılmamalı, ərimə zamanı diqqət etmək lazımdır. Şamlara nəzarət edilmədikdə, ərimə zamanı bu məhsul yanğın hadisəsinin başlanmasına gətirib çıxara bilər”.