Diversiya qrupları Rusiyanın iki sərhədyanı regionunu “aktiv döyüş əməliyyatları zonasına” çevirib.
“Report” yerli “İnter” telekanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov milli telemarafonda bildirib.
Əvvəllər Ukraynada yerləşən qruplar Belqorod və Kursk vilayətlərində döyüşdüklərini bildirərək təhlükəsizlik məqsədilə yerli sakinlərdən təxliyə olunmalarını istəyiblər.
“Kursk və Belqorod vilayətləri hazırda aktiv hərbi əməliyyatlar zonasıdır. Biz bunu təsdiq edirik”, – Yusov söyləyib.
Rusiya Müdafiə Nazirliyi sərhədi yarmaq cəhdinin qarşısı alındığını bildirib. Qurumun məlumatına görə, Belqorod vilayətinin ərazisinə soxulmağa cəhd edən 195-ə qədər ukraynalı hərbçi öldürülüb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib ki, sərhədə hücum sonucunda iki nəfər ölüb, azı 20 nəfər yaralanıb.
Daha sonra Qladkov açıqlayıb ki, regionda Ukrayna qoşunları yoxdur, döyüşlər onun hüdudlarından kənarda gedir.
“Ancaq bizim Kozinka çox zərər çəkib, dağıntı çox ciddidir. Ərazi özünümüdafiəçiləri və keşişlə birlikdə sakinləri təhlükəsiz yerə apardıq”, –o, teleqramda yazıb.
Kursk vilayətinin qubernatoru Roman Starovoyt qeyd edib ki, Ukraynanın diversiya-kəşfiyyat qrupu Tetkino kəndinə girməyə uğursuz cəhd edib.
Rusiya Qvardiyasının mətbuat xidməti bildirib ki, qurumun əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbçiləri və sərhədçiləri ilə birlikdə kənddə hücumun dəf edilməsində iştirak edirlər.