Tələbələrə PİS XƏBƏR - Qiymət kəskin artdı

Hər ilin avqust və sentyabr aylarında paytaxtın kirayə mənzil bazarında canlama müşahidə olunur. İyun-iyul aylarından fərqli olaraq, bu vaxtlar tələbələrin və iş üçün Bakıya üz tutan vətəndaşların hesabına kirayə mənzillərə tələbat kəskin surətdə artır. Bu isə eyni zamanda kirayə mənzillərin bahalaşmasına səbəb olur.  Bəs görəsən, bu il də eyni tendensiya gözlənilirmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq bir çox valideynlər tələbə adı qazanan övladları üçün kirayə mənzil axtarışına başlayıb:  onlayn aptek “Hər il iyun-iyul aylarında və avqust ayının 15-nə qədər kirayə mənzil bazarında nisbi durğunluq olurdu. Bu daha çox tələbələrin və iş üçün paytaxtda üz tutan şəxslərin rayonlara qayıtması ilə bağlı idi. Amma son illər tendensiya artıq dəyişib. Artıq ali təhsil müəssisələrinə, kolleclərə və digərlərinə imtahan verən tələbələrin qəbul prosesi əvvəlki vaxtlara nisbətən daha tez olur. Bu baxımdan valideynlər də bilirlər ki, ev tapmaq problemdir və həmin evləri daha tez müddətdə kirayə götürürlər. Yuxarı kurs tələbələri isə rayondan qayıdarkən artıq ev tapmayacağını bilib kirayə götürdükləri mənzillərin pulunu ödəyib saxlayırlar. Bu isə son illər kirayə mənzil bazarında qıtlıq yaradır”.  Ekspert avqustun sonuna və sentyabrın əvvəlinə doğru kirayə mənzil bazarında ciddi bahalaşmanın olacağını dilə gətirib:  “Digər tərəfdən, artıq 2016-cı ildən başlayaraq Bakıda pilot layihələr üzrə söküntü işləri aparılır. Bu, istismar müddəti bitmiş çoxmərtəbəli köhnə binaların, yəni “xruşovka”ların və digər layihəli binaların sökülməsidir. Həmçinin fərdi yaşayış evlərindən ibarət massivlər də var ki, həmin ərazilərdə də söküntü işləri gedir. Bura “Alatava”, “Papanin”, “Kubinka” və s. əraziləri misal göstərmək olar. Bu tip yerlərin sökülməsi artıq kirayə mənzil bazarında olan fərdi yaşayış evlərinin bazardan çıxması ilə nəticələnir. Həmin evlərin sakinləri məcburən sökülən əmlaklarının yerində onlara mənzil veriləcək yeni binalar tikilənə qədər, kirayə çıxmalı olurlar. Belə olan təqdirdə isə Bakıdakı kirayə mənzillərin əksəriyyətini paytaxt sakinləri özləri kirayə götürür. Ən əsası isə köhnə binaların yerində tikilən yeni tikililərin kirayə qiyməti əvvəlkindən ən az 2 dəfə daha bahadır. Bütün bunlar hamısı birlikdə kirayə mənzil bazarında qıtlığa səbəb olur. Bu isə qiymətləri kəskin şəkildə qaldırılır. Avqustun sonuna doğru biz yenidən bunu müşahidə edəcəyik”. 

Varlı oğlanlar üçün yeni fürsət - Pul verib əsgər getməyəcəklər

Qonşu Gürcüstanda hərbi xidmət müddəti qısaldılacaq. “Müdafiə haqqında” qanuna hazırlanmış dəyişikliklərə əsasən, bu, xidmət növündən asılı olacaq. Eyni zamanda çağırışçılar yalnız Müdafiə Qoşunlarında xidmət edəcək və bunun üçün əmək haqqı alacaqlar və onların iş yeri saxlanılacaq.  Artıq analoji mövzu ilə bağlı ölkəmizdə də qanunvericiliyin dəyişdirilməsi gündəmdədir. Uzun müddətdir ki, silahlı qüvvələrin tam peşəkar ordu modelinə keçirilməsi ilə bağlı addımlar müzakirə olunur. Nəzərə alsaq ki, hazırda qonşu Gürcüstanın hərbi hərarətin yüksək olduğu 2 separatçı bölgəsi var, o zaman belə bir addımın hərbi xidmət keyfiyyətinə heç də mənfi təsir etmədiyini söyləmək olar. Digər tərəfdən Gürcüstanın hərbi xidmətə yararlı insan resursu da Azərbaycandan olduqca azdır.  Bəs görəsən, bənzər qanunun Azərbaycanda tətbiqi mümkündür?  aptek depo Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, indiki mərhələdə hansısa ödəniş qarşılığında hərbi xidmət azad edilmə ilə bağlı prosesin tətbiqi düzgün olmaz:  “Müəyyən ödəniş müqabilində hərbi xidmətdən azad edilmə prosesinin indiki mərhələdə Azərbaycan üçün uyğun olduğunu düşünmürəm. Məsələ burasındadır ki, Gürcüstan belə bir qanun qəbul etməsi hansısa bir ölkə ilə müharibə şəraitində olmaması ilə bağlıdır. Biz də gələcəkdə Ermənistanla yekun sülh sazişi imzalandığı halda, təhlükəsizlik vəziyyətinə görə, Hərbi Xidmət Keçmək haqqında Əsasnamənin dəyişdirilməsini və səfərbərlik ehtiyatlarının maliyyə vəsaitləri qarşılığında sərbəst qalması müzakirə mövzusu ola bilər. İndiki mərhələdə elə kateqoriya şəxslər var ki, onlar hərbi xidmətdən möhlət ala bilirlər. Xüsusən, magistratura və doktorantura təhsili alan tələbələri misal göstərə bilərik. Bu səbəbdən bu gün üçün səfərbərlik ehtiyatlarımızın ödənişli qarşılığında hərbi xidmətdən azad edilməsi müzakirə mövzusu deyil”.  Polkovnik həmçinin qeyd edib ki, onsuz da Azərbaycan Ordusunda əsas vəzifələri icra edən hərbi qulluqçular çağırışçılar deyil:  “Dünyada müharibə və hərbi insidentlərin artdığı bir zamanda ölkəmizin müdafiə konsepsiyasının mövcud ola biləcək təhlükələrə qarşı dayanıqlı ola bilməsi səbəbi ilə sözügedən mövzu bu gün üçün aktual deyil. Amma bizdə müəyyən kilid vəzifələr var ki, məsələn, gizir və MAXE kimi, bunlar özündə peşəkar orduya keçidin göstəricisidir. Bu səbəbdən əsas hərbi vəzifələr gizir və MAXE-lər tərəfindən icra edildiyi üçün, müddətli çağırışçılar sadəcə hərbi xidmətlə bağlı başlıca lazımi bilik və vərdişlərə yiyələnir. Biz onsuz da müəyyən qədər peşəkar orduya keçid etmişik. Düşünürəm ki, indiki mərhələdə ordumuz səfərbərlik ehtiyatları ilə təmin olunmalıdır”. 

Ukrayna ordusu Kurskda irəlilədi – Təcili

Biz Kursk vilayətində irəliləyirik. Günün əvvəlindən müxtəlif hissələrdə 1 kilometrdən 2 kilometrə qədər irəli getmişik. Eyni dövrdə daha 100-dən çox rus hərbçisi əsir götürülüb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun sözlərinə görə Suca rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır: “Sırski ərazidə (Sucada – red.) düşmənin axtarışı və məhv edilməsinin sona çatdığı barədə məlumat verdi. Yeni yardım paketlərindən Donetsk vilayətindəki mövqelər gücləndiriləcək”.

Ata və qızı quyuya düşdü: meyitləri tapıldı

15:06 Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitini aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub. Hadisənin təfərrüatları dəqiqləşdirilir. *** Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb. Xilasedicilər su quyusunda 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyitini aşkar ediblər. Hər iki meyit müayinə olunması aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Növbəti Oyunlara bu prizmadan yanaşmalıyıq...

İndi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən söyləyib. “Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir”, - deyə dövlətimizin başçısı əlavə edib.

İran hökuməti türkcə kitabların nəşrini məhdudlaşdırır

Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər. Sozcu.az xəbər verir ki, bunu güneyli şair, tərcüməçi və ictimai fəal Saleh Səccadi deyib. O, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin ölkədə Azərbaycan dilində kitabların nəşrinə qadağa və məhdudiyyətləri artırdığını açıqlayıb. Səccadi bildirib ki, ölkədə Azərbaycan türklərinin milli kimlik, dil və mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək üçün fəaliyyətlərinin genişlənməsi ilə eyni vaxtda buna qarşı qadağaların tətbiqi də güclənib. Yazıçının sözlərinə görə, xüsusilə son üç ildə Azərbaycan dilində kitabların nəşrinə qadağa və senzura daha da kəskinləşib.

Rusiya-Ukrayna müharibəsi: Azərbaycana gələnlərin sayı...

2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 1 milyon 535 min 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, 2022-ci ilin mart-dekabr aylarında Rusiyadan 397 min 5 nəfər, Ukraynadan isə 24 min 609 nəfər ölkəyə daxil olub. Ötən il ərzində isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub. Cari ilin yanvar-iyul aylarında 438 min 66 nəfər Rusiya, 20 min 189 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

“Qafqazinfo”nun böhtanına Arif Hacılıdan cavab

Qafqazinfo saytı dünən, avqust ayının 12-də Avropa İttifaqının Bakı ofisində keçirilən görüşümüz barədə yalan və böhtanlarla zəngin olan məlumat yayıb. Müsavat Partiyasının başqanı İsa Qəmbərlə birlikdə iştirak etdiyimiz görüşə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən Avropa ölkələri diplomatık korpusunun nümayəndələri də qatılmışdı. Yazida iddia olunduğu kimi ABŞ və Böyük Britaniyanın səfirləri bu görüşdə iştirak etməyib. Həmçinin bu görüşə İsa bəy və məndən başqa Azərbaycanda fəaliyyət göstərən hər hansı təşkilatın nümayəndələri də qatılmayıb. Görüşdə Azərbaycanda ümumi ictimai-siyasi durum 1 sentyabr seçkiləri, Azərbaycan-Ermənistan sülh danışıqlarının gedişi, siyasi məhbuslar, Müsavat Partiyası ilə Aİ ölkələri diplomatik korpusunun nümayəndəliklərinim əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Qafqazinfo saytının görüşün iştirakçıları, məqsədi barədə yazdıqları yalan, görüşdə müzakirə olunan məsələlər barədə yazdıqları isə tamamilə uydurma və böhtandır. Sayt bizi Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti yaradan əməldə ittiham edib. Qafqazinfo saytı və qeyd edilən “məlumatın” müəllifləri öz saytlarında eyni həcmdə yazı ilə təkzib verməli və bizdən üzr istəməlidir. Əks halda tələbimiz hüquq müstəvisində irəli sürüləcək. Yazı Arif Hacılının feysbuk səhifəsindən götürülüb

Küçədə heyvana balta ilə işgəncə verən şəxs saxlanıldı

Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür. 

İrəvandan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama

Konstitusiyaya dəyişikliklər prosesi Ermənistan Respublikasının daxili işidir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi erməni mətbuatının sorğusuna cavabında deyib. Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarının Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qaldığını demişdi.

Gəncədə yeniyetməni avtomobil vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Toyota Prius" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu təvəllüdlü T.Şükür İlahini vurub. Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda quzu əti niyə bahalaşıb?

Azərbaycanda ət kəsimi məntəqələrində quzu ətinin bahalaşdığı müşahidə olunur. Belə ki, bir müddət əvvəl bir kiloqramı 18-19 manata satılan quzu əti hazırda bəzi məntəqələrdə 20 manata təklif olunur. Bəzi satıcılar bahalaşmaya səbəb olaraq diri çəkidə quzunun qiymətinin artdığını göstərirlər. Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkədə faktiki olaraq ət çatışmazlığı mövcuddur. Onun sözlərinə görə, heyvandarlıq məhsulları, o cümlədən də ət istehsalı tələbatı ödəyə bilmir: "Yerli ət istehsalı ümumi ölkə tələbatının təxminən 50%-nə qədərini qarşılaya bilir. Bu səbəbdən qiymətlər get-gedə bahalaşır. Qiymət artımına müxtəlif amillər təsir edib. Bunlardan biri də bu yay mövsümündə davam edən qeyri-sabit hava şəraitidir. Belə ki, hava yağıntılı keçdiyinə görə biçində problemlər yarandı, yağış otu sıradan çıxardı və keyfiyyətini azaltdı. Bu da təbii ki, məhsuldarlığa mənfi təsir göstərdi. Əlverişsiz hava şəraiti heyvanlar üçün yığılan yem bazasını zəiflətdi". Ekspert söyləyib ki, ümumiyyətlə, bu il yem bitkilərinin məhsuldarlığı aşağıdır: "Ona görə də heyvandarlıqla məşğul olan sahibkarların xərcləri artır. Xərclər artığına görə də onlar əti bahalaşdırmaq məcburiyyətində olurlar".

Bu yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 14. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 15. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

İlham Əliyev Olimpiya medalçılarını MÜKAFATLANDIRDI

Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə informasiyanı Prezidentin mətbuat xidməti yayıb. Sərəncama əsasən birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat,  üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat veriləcək.

Ukraynanın hücumu Putinə sərt şillə idi

Ukrayna ordusunun Kursk vilayətinə hücumu Rusiya hərbçiləri və Kreml üçün şok oldu. Sozcu.az xəbər verir ki, bu barədə “Moskva Tayms” nəşri Kremldəki mənbələrə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, Rusiya rəhbərliyi Ukrayna qoşunlarının 100 kvadrat kilometrdən çox ərazini ələ keçirməyi və bu qədər hərbçini əsir götürməyi bacara biləcəyini ağlasığmaz hesab edirdi. “Bu, prezidentin üzünə vurulan sərt sillədir. Rusiyanın regionu və əhalisi üçün təhlükə var. Bu, qələbəsinə arxayın olan ölkənin davranışı deyil”, - mənbə vurğulayıb. Putini yaxından tanıyan mənbələr nəşrə bildiriblər ki, ictimai çıxışlar zamanı prezident açıq şəkildə narazı və qıcıqlanmış görünürdü: “Liderin bu gün əhvalı pis idi. O, yəqin ki, 2022-ci ilin payızında Rusiya ordusunun Xersondan çıxarılmasından sonra belə görünməyib. Məmurlardan biri açıq deyib: “Sərhəd qoşunlarımız mühasirəyə alınıb. Çağırışçılar əsir götürülüb. Ukraynanın irəliləməsinin dərinliyinin məhdud olduğu aydındır. Buna baxmayaraq, baş verənlər reputasiyamız üçün çox xoşagəlməzdir”.

Fransadan İsrailə mesaj: Bundan narahatıq!

Fransa İsrailin norveçli diplomatların akkreditasiyasını ləğv etməsindən narahat olduğunu ifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Bəyanatda həmçinin qeyd olunub ki, yalnız iki dövlətli həll israillilər və fələstinlilər üçün davamlı sülhü təmin edə bilər. Qeyd edək ki, bir müddət əvvəl İsrail Təl-Əvivdə yerləşən və Fələstin administrasiyası ilə iş aparan 8 norveçli diplomatın akkreditasiyasını ləğv edib.

HƏMAS Təl-Əvivə raket zərbəsi endirdi

HƏMAS İsrailə iki raket atıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Qeyd olunub ki, raketlərdən biri Təl-Əvivə, o biri isə Qəzza zolağına düşüb.

Rus əsgər kababa görə hərbi hissədən qaçdı

Rusiyanın Çelyabinsk vilayətində əsgər hərbi hissəni icazəsiz tərk edib.   Hadisə bu il iyulun 7-də baş verib. İş materiallarına görə sıravi əsgər Çebarkul şəhərindəki hərbi hissəni üç saata tərk edib. Bu zaman gənc manqal yeməyə gedib. "Hərbi qulluqçuların statusu haqqında" Federal Qanunun kobud şəkildə pozulması aşkar edildikdən sonra, şəxs qarovulda saxlanmaqla 20 gün müddətinə intizam həbsi şəklində intizam tənbehi verilib.

Rusiya ilin sonunda yenidən səfərbərlik elan edəcək

Rusiya 2024-cü ilin sonunda yeni səfərbərliyə başlaya bilər. Sozcu.az xəbər verir ki, bunu "Bloomberg" yazıb. "Rusiya ordusu hərbi personal çatışmazlığı yaşayır və cəbhədə itkilər verir - bu, ikinci səfərbərlik dalğasına səbəb ola bilər", - "Bloomberg" Kremlə və RF Müdafiə Nazirliyinə yaxın bir neçə mənbəyə istinadən yazır. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, Ukraynada müharibə başlayandan bəri hərbi itkilər maksimum həddə çatıb. Birdəfəlik ödənişləri və digər bonusları artırmaqla problemi həll etməyə çalışırlar, lakin yaranan kəsiri tam bağlamaq mümkün deyil. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu bu problemi hər kəsə açıq şəkildə göstərib və buna görə də Rusiya hakimiyyəti yeni səfərbərliyə başlaya bilər. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, bu, Ukraynada döyüşlərdə səfərbər olanların “istirahət üçün” rotasiya tədbiri kimi təqdim edilə bilər. Başqa bir mənbə layihənin 2024-cü ilin sonunda elan oluna biləcəyini söyləyib.

Azərbaycanda ayı gecə kəndə hücum etdi - FOTO

Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb. Sozcu.az "Report"a istinadla xəbər verir ki, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub. Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu gecə saatlarında həyətdə səs eşitdiyini bildirib. O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb: "Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Haradasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”. Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.

Vəfa Nağı 102-yə zəng etdi, Tənzilə Rüstəmxanlının posterlərini sökdürdü - FOTO

70 saylı Neftçala seçki dairəsinin namizədləri arasında qalmaqal yaşanıb.  Sozcu.az xəbər verir ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar  seçkilərin namizədlərindən olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlının posterlərini Neftçalanın Həsənabad qəsəbəsindəki Mədəniyyət Evindən sökdürüb. Vəfa Nağı bu barədə paylaşdığı görüntüləri belə şərh edib: “Təşviqat kampaniyası çərçivəsində Həsənabad qəsəbəsini gəzərkən Mədəniyyət Evinin binasına Tənzilə Rüstəmxanlının posterlərinin yapışdırıldığını gördük. Bununla bağlı 102-yə, DSK-ya şikayət etdim. Sonra “Tik Tok”dan canlı yayım açdım. Sonra Rüstəmxanlının posterlərini açdılar. Dövlət qurumunu təbliğat üçün istifadə edirdilər”.  Xatırlatma: 70 saylı Neftçala seçki dairəsində "Neftçala üçün birlikdə!" şüarı ilə seçkilərə qoşulan Tənzilə Rüstəmxanlının ən güclü rəqibi Vəfa Nağıdır. O, "İndi VƏFA vaxtıdır!" şüarı ilə seçkilərdə qalib gələcəyinə əminlik nümayiş etdirir. 

Nəcməddin Sadıqov üçün həbs zamanı yetişdi

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov həbs edilib. Bu barədə KİV-in sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.  Qeyd edək ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Məmmədov Elmar Heybətqulu oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.  Yada salaq ki, bir neçə gün əvvəl  Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin sabiq müdiri Rəhim Laçınov həbs edilib. Ona qarşı da Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib.  dirnaq modelleri “Yeni Müsavat” xəbər verir ki, Rəhim Laçınov təmir bölməsində 2016-cı ildən rəis işləyib. Onun birbaşa rəisi Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəhbəri, polkovnik  Fikrət Mirzəyev isə iki il əvvəl həbs edilmişdi. Həmin vaxt Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilmişdilər. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.   İndiyədək keçirilmiş məhkəmə proseslərində  MN üçün ayrılan məbləğin “otkat” şəklində mənimsənildiyi haqda faktlar üzə çıxıb.  Bildirilib ki, bu qaydanı Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov tələb kimi qoyubmuş. İndi əsas diqqətlər sıradakı şəxsin Nəcməddin Sadıkov ola biləcəyi haqda iddialardır.  “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkov 1993-cü ildən 2020-ci il Vətən müharibəsinin ilk ongünlüyünə qədər Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini daşıyıb: “İllərlə mətbuatda Nəcməddin Sadıkovun tutduğu postdan öz şəxsi maraqları üçün sui-istifadə etməsinə dair çoxsaylı faktlar yazılıb. Onun Vətən müharibəsi ərəfəsində, Vətən müharibəsi günlərindəki fəaliyyəti də çox ciddi şübhələr doğurub. Yəni siyasi qərar verilərsə, Nəcməddin Sadıkovun həbsi üçün yetirincə əsaslar var. O, ətrafına yığdığı kadrların köməyi ilə Müdafiə Nazirliyi sistemində rüşvət və korrupsiya bataqlığı yaradıb. Sonuncu həbs olunan Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov da həmin kadrlardan biridir. Ondan əvvəl tutulan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev buna bariz nümunədir. Zahid Niftəliyevin məhkəmə işindən belə məlum oldu ki, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcməddin Sadıqovun ən yaxın adamı Zahid Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur. Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Yəni Nəcməddin Sadıqovun ətrafı bu xislətdə olan kadrlardır. Ətrafını isə onun özü formalaşdırıb. Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıqov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Əslində həmin gündən Nəcməddin Sadıkovun həbsi gündəmdədir. Bunu özü də bilir. Çünki onun neqativ, daha çox düşmənə sərf edən fəaliyyəti ən təvazökar araşdırma ilə cinayət işinin materialı ola bilər. Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu "Milli Qəhrəman" adına layiq görməsi, Dərbənddə adına küçənin olması Baş Qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub. Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır? Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun Birinci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub. Bu və bir cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb".

902-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 902-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 593 160 hərbçi, 8 455 ədəd tank, 16 385 ədəd zirehli döyüş maşını, 16 764 ədəd artilleriya sistemi, 1 146 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 920 hava hücumundan müdafiə sistemi, 366 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 22 649 ədəd avtomobil texnikası, 13 491 ədəd PUA, 2426 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 806 xüsusi avadanlıq itirib.

Rusları dəhşətə salan hücum: Zelenski mesaj göndərdi

Ukraynanın Rusiya ərazilərinə soxulmaqla bağlı cəsarətli planı Moskvanı dəhşətə saldı. Ukrayna əsgərləri Kursk vilayətinin dərinliklərində ələ keçirilən yaşayış məntəqələrindən kadrları dərc edərək inamla irəliləyirlər. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” nəşrinin hazırladığı materialda qeyd olunub. “Ukraynalılar getdikcə daha çox yaşayış məskəni ələ keçirirlər. Kiyev generalları onların cəsarətli planının baş tutduğuna getdikcə daha çox əmin olurlar. Ukrayna Rusiyanı transsərhəd hücumu ilə heyrətə saldı. Gülümsəyən əsgərlərin videolarına baxsaq, onların əyləndiklərini görərik. Lakin əməliyyatın başlanmasından bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Ukraynanın son ambisiyalarının nə olduğu bəlli deyil”, - materialıda bildirilib. Nəşr yazıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski nailiyyətlərini möhkəmləndirmək və ələ keçirdikləri Rusiya torpaqlarının bir hissəsini saxlamaq qərarına gələ bilər: “Ya da geri çəkilib, başqa əraziyə hücumu seçə bilər. Niyə görə Ukrayna Rusiyaya hücum etməyə qərar verdi və Zelenski nəyə nail olmağa çalışır?” “Tayms” bu il Ukraynanın dəhşətli dərəcədə əziyyət çəkdiyini, hətta ötən ay Kiyevdəki “Oxmatdet” uşaq onkoloji xəstəxanasının da vurulduğunu yazıb: “Şəhərlərdə elektrik enerjisinin kəsilməsi müntəzəm xarakter alıb və apreldə Kiyevin ən böyük elektrik stansiyasının dağıdılması qarşıda soyuq və qaranlıq qışın olmasını göstərir. Donbasda cəbhə xəttində ukraynalı əsgərlər Rusiyanın atəş gücünə təslim olur, Xarkov isə bombalı hücumlara öyrəşib. Ancaq aylarla uğursuzluqdan sonra Rusiyanın kiçik irəliləyişləri ukraynalılara mənəvi təkan verdi. İki il yarım davam edən amansız müharibədən sonra ukraynalı əsgərlərin Rusiya sərhədini keçməsi ilə bağlı videogörüntülər əhval-ruhiyyəni artırıb”. Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun hərbi elmlər üzrə direktoru Metyu Sevill bu hücumla Zelenskinin xalqlına və tərəfdaşlarına mesaj da göndərdiyini deyib: “Almaniyanın uzaqmənzilli “Taurus” raketləri ilə bağlı müraciətləri rədd etməsi və ABŞ-ın seçkilərin başlanmasına az qalması ilə Ukraynaya yardımın gələcəyi qaranlıq olaraq qalır. Bu, Avropaya və ABŞ-a işarədir: “Biz qalibik, bizi dəstəkləyin. Daha çox silahımız olsaydı, daha çox belə hücumlar edə bilərdik”.