Azərbaycana hərbi təlimlər keçmək üçün gəlmiş ilk 3 türk zabitindən biri, Nuri Paşanın hərbi heyətində təmsil olunan, Qafqaz İslam Ordusu zabitlərindən, keçmiş İzmir valisi Müzəffər Tuğsavul paşa "Sovetlərlə üz-üzə" adlı kitabımdan: Azərbaycanlı siyasi mühacir Əsgər Aras onun vəfatı ilə bağlı yazmış olduğu “İtirdiyimiz böyük adam” məqaləsi Müzəffər Tuğsavul paşa haqqında təsəvvür yaratmaq üçün böyük əhəmiyyət kəsb edir. Həmin kiçik məqaləni tam olaraq burada verirəm : “ Orgeneral Tuğsavul hərtərəfli mükəmməl bir insandı. Mən burada bu böyük insanın yaxından tanıdığım türkçülük vəsfini anlatmaq istəyirəm. Möhtərəm orgeneral, hələ çiçəyi burnunda təzə bir əsgər ikən, tale ona özü kimi üç gənc dostu ilə Azərbaycanın acı günlərində bu ölkəni başdan-başa qət edərək tətkiklərdə olmaq imkanını bəxş etmişdir. Söhbətlərimizdə daima mənə “İştə Türklük bütün şahlanışı ilə bu səyahətimdə mənim mənliyimə işlədi” – deyər və Allaha şükür edərdi. Azərbaycanda ikən günü gününə yazdığı 3 ədəd böyük not dəftərini daima çalışma masasının gözündə diqqətlə saxlar və özünü hər ziyarət etdiyimdə bunlardan parçalar oxumaqla özünü həyəcana gətirər, gözlərini yaşardardı: “Bu mövqeyə gəldim, o günlərdəki kimi içdən qarşılanmanı nə gördüm, nə də görə biləcəyimi təxmin edirəm” deyirdi. “Bizə kəsilən saysız qurbanlarımı, Türk əsgərlərini gördükləri üçün üzlərini qibləyə çevirib səcdəyə qapananlarımı, yoxsa yeddisindən yetmişinə qədər qatıldıqları möhtəşəm alaylarla əl üstündə daşınmamızımı anladım” deyər və bütün bunları təsvir edən not dəftərini həyəcanla oxuyardı. İştə Bərdə qəsəbəsinə girərkən ayaq izlərimizə üz sürtmək istəyən ixtiyar nənənin qırışlı əlini necə alıb öpdüyünü oxumağa başladı. Heç unutmaram, vali olaraq İzmirə gedəcəyi günlərin ərəfəsində idi. Bir gün mənə küçədə rast gəlmiş və düşüncəli olduğumu təxmin edərək “Nə düşünürsən Aras, mən Aras çayını 4 dəfə keçdim, beşinci dəfə keçəcəyim mütləqdir” – deyib mənə təsəlli vermişdi. Müzəffər Tuğsavul 1894-cü ildə Binqazidə doğulmuşdu. Atası Əhməd Vəqif bəy, anası Sidiqə xanımdır. 1912-ci ilin sentyabr ayında hərbi məktəbə girmiş, 1914-cü ilin iyul ayında həmin məktəbi bitirmişdi. 1915-ci ildə Teğmən, 1916-cı ilə üstteğmən olmuşdu. Həmin zamanlarda Azərbaycanda vəziyyət çox gərgin idi. Daşnaklar bir tərəfdən, bir tərəfdəndə Bolşeviklər Azərbaycanı çıxılmaz vəziyyətə salmış¬dılar. Gəncə Milli Komitəsi bu təhlükələri önləmək üçün tədbirlər görürdü. Bu işdə Osmanlı Ordusu zabitlərindən, əslən Azərbaycan türklərindən olan Hüsaməddin Tuğaç xüsusi yardımlarda bulundu. Azərbaycanda milli kadrların, hərbiçilərin hazırlan¬ması üçün Osmanlıdan zabitlərin dəvət edilməsi istiqamətində işlər görürdülər. Hüsaməddin Tuğaç bununla bağlı xatirələrində qeyd edir : “Gəncəyə gəldiyim günlərdən bu yana 3-cü ordumuzla əlaqə qurmaq üçün bir çarə tapmamışdıq. Ancaq Sarı Ələkbər İmamquluoğlunun İran üzərindən göndərdiyi adamlar müsbət nəticəyə vardılar. 6-cı ordu ilə əlaqə quruldu. Bir müddət sonra bu ordudan Topçu teğmeni Müzəffər Tuğsavul ilə Teğmən Midhət bəy Gəncəyə gəldilər”. Gəncədə olduğu müddətdə Müzəffər paşa xüsusi hörmət qazanmış, xalqın yaddaşında özünəməxsus yer tutmuşdu. Azərbaycan Cümhuriyyəti Əksinqlabla Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyxza-manlı Müzəffər bəyin mübarək simasını unutmamış, hətta onu Türkiyədə gördükdə aralarında köhnə xatirələrlə bağlı çox maraqlı bir söhbət olmuşdu. Nağı bəy xatirələrində qeyd edir : “Müzəffər bəyə 1936-cı ildə İstanbulda rast gəldim. Bu necə olmuşdu. Maraqlandığım bu hadisə xatirimdən asan-asan silinməz. Bir də, bir dəfə gördüyüm və maraqlandığm bir şəxsi aradan nə qədər zaman keçsədə, təsadüfən gördüyüm zaman tanıya-ram. Bir gün İstanbul Sirkəçidən keçirdim. Qarşıdan gənc və yaraşıqlı bir Genral gəlirdi. Generalı seyr edən zövq alır və çox diqqətlə baxırdım. Göz-gözə gəldik və geçdik. Fəqət mən yanılmadığıma əmin idim. Dərhal geri dönərək “Paşam bağışlayın, sizin adınız Müzəf-fərmi?” soruşdum. Mənə diqqətlə baxdıqdan sonra “Bəli” dedi. Mən “Paşam, 20 ildir bir-birimizi görmə-dik, məni tanıya bildinizmi ?” soruşdum. Paşa məni tanımamışdı. Bunun üzərinə “Mən Gəncəli Nağıyam paşam” dedim. O vaxt mənə “Biradər, bığsız da Nağı olarmı?” dedi. Birbirimizə sarıldıq, öpüşdük. Müzəffər Tuğsavul həmin zamanlarda Azərbay-canı yaxşı tanıyır və Azərbaycana qarşı böyük sevgisi yaranmışdı. Əvvəlcə qeyd etdiyim kimi O Qafqaz İslam Ordusu Komandanı Nuri Paşanı müşayət edən dəstənin tərkibində Azərbaycana gəlmişdi. Nuri Paşanın qərargahında Müzzəfər Tuğsavulda var idi. Onunla birlikdə Qərargahda qərargah minbaşı Nazim bəy (Kütahyada şəhid olmuş), Tofiq bəy (cumhur-başkanının əski ümumi katibi), qərargah minbaşı qərargah minbaşı Naim bəy, topçu komandanı minbaşı Kamal Doğan (əski Kirklareli məbusu), Ordu yavəri leytenant Asif Əfəndi (Qılınc Əli bəy), süvari yüzbaşı Ədirnəli Sami (Atatürkün yavərlərindən minbaşı Sami Yanardağ), Əhməd Ağaoğlu (Siyasi müşavir). Müzəffər Tuğsavul Qafqaz İslam Ordusu tərkibin-də Azərbaycanda olarkən xidmətləri ilədə fərqlən-mişdi. O, 1918-ci il sentyabr ayının 3-də təltif edilən Omanlı ordusu zabitlərindən biri olaraq 5-ci qılınclı Məcidiyyə ordeni ilə təltif edilmişdi. Müzəffər Tuğsavul 1920-ci ilin may ayında Anadoluya keçmiş və milli orduya qatılmışdı. O həmin zaman Hərbi Məktəbdə təhsil alırdı. Bu səbəbdən hərbi təhsili yarımçıq qalmışdı. 1923-cü ilin oktyabr ayının 11-də yenidən Hərbi Məktəbə qayıtdı və həmin məktəbi 1925-ci ilin avqust ayının 8-də bitirərək qərargah zabiti olmuşdu. Müzəffər Paşa 1939-cu ilə qədər müxtəfil vəzifələrdə çalışaraq, hərbi məktəblər-də dərslər verərək 1939-cu ildə Tuğgeneral, 1941-ci ildə Tümgeneral, 1944-cü ildə Korgeneral, 1948-ci ildə Orgenerallığa qədər yüksəlmişdi. 1952-ci ilin yanvar ayının 27-dən may ayının 15-ə qədər İzmir Valisi vəzifəsində bulunmuşdu. Müzəffər Tuğsavul paşa 1952-ci ilin may ayında bizlərdən ayrıldı (Məzarı Ankara Cəbəci şəhitliyin-dədir, C.N). Onun vəfat xəbəri həm türkiyəli qardaşlarımızı, həmçinin onu tanıyan azərbaycanlı siyasi mühacirləri kədərləndirmişdi. Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi
“İYİ Partiya bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyir”. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin İYİ Partiyasının deputatı, professor Mehmet Akalın Demokrat.az-a müsahibəsində deyib. Türkiyəli millət vəkili ilə sözügedən müsahibəni təqdim edirik: – Mehmet bəy, İYİ Partiya gələn il keçiriləcək bələdiyyə seçkilərinə necə hazırlaşır? Hədəfləriniz nələrdir? – İYİ Partiya Türkiyədə iqtidar olmaq üçün qurulan siyasi partiyadır. İqtidara gəlmək və seçkiləri qazanmaq üçün əlimizdən nə gəlsə, edəcəyik. Bu mənada, qarşıdakı bələdiyyə seçkiləri üçün də bütün təşkilatlarımız parlament və prezident seçkilərindən sonra yenidən meydanlara qayıdaraq çalışmalar həyata keçirirlər. Partiya sədrimiz Meral Akşener də çalışmaları yaxından izləyir. Bələdiyyə sədrliyi üçün namizədlər də artıq yavaş-yavaş ortaya çıxmağa başlayır. Partiyamız 81 vilayət, 922 rayon və bütün bələdiyyələrdə öz namizədi ilə seçkiyə girərək, türk millətinin etimadını qazanacaq. Nəticə etibarilə, bütün Türkiyə üzrə iddialıyıq. – Maraqlıdır, İYİ Partiya nə üçün bələdiyyə seçkilərinə təkbaşına girməyə qərar verdi? – İYİ Partiya Türkiyəni idarə etmək, iqtidara gəlmək arzusu olan partiyadır. Əslində, siyasi partiyaların qurulma səbəbi də məhz budur. Təbii ki, partiyamız bələdiyyə seçkilərinə təkbaşına girməklə bağlı da qərar verə bilər. Biz İYİ Partiya olaraq heç bir zaman tək adam təfəkkürü ilə qərar verməmişik. Partiyamızın səlahiyyətli orqanları seçicilərimizin düşüncələrini dinləyərək qərarlar verir. Həmçinin, biz heç bir siyasi partiyanın “ehtiyat oyunçusu” və ya “dəyənəyi” olmadığımızı deyirik. Ona görə də Türkiyəni idarəetmə hədəfi olan bir partiyanın bələdiyyə seçkilərinə də təkbaşına girmək qərarı olduqca normaldır. Biz həm də seçiciləri ittifaqlara məcbur etməyin doğru olmadığını düşünürük. Üstəlik, hansısa ittifaq olmadan bütün siyasi partiyaların bərabər rəqabət içərisində namizədi ilə mübarizə aparmasını istəyirik. Çünki biz ittifaq olaraq seçkiyə girmə inancımızı itirmişik. Eyni zamanda, bu vəziyyətin seçicilər üçün daha doğru olacağını proqnozlaşdırırıq. Öncəki bələdiyyə seçkilərində İYİ Partiya 20-22 rayonda bələdiyyə qazandı. Amma ittifaq olaraq İstanbul və Ankara olmaqla bir çox böyük şəhərlərdə qalib gəldik. Lakin mütəmadi olaraq bunu davam etdirmək doğru deyil. Onda siyasi hədəflərinizdən və arzularınızdan imtina etmiş olursunuz. Əlbəttə ki, İYİ Partiyanı digər partiyalara seçki qazandırmaq üçün qurmamışıq. Biz özümüz iddialı partiyayıq. Xüsusilə, son seçkidən sonra qazanılan bələdiyyə sədrləri ittifaq deyil, Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə sədri kimi çalışırlar. Biz də bunun fərqindəyik. Ona görə də hər kəsin göbəyini özünün kəsməyini istəyirik. – Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının son zamanlardakı təxribat xarakterli addımları ilə bağlı nə düşünürsünüz? – Bildiyimiz kimi, Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli Bəyanatına əsasən, 5 il müddətinə müvəqqəti olaraq Qarabağa yerləşdirilib. Onların müddəti isə 2025-ci ildə başa çatır. Sülhməramlıların daha 5 il bölgədə qalması üçün isə Rusiyaya təxribatlar lazımdır. Çünki həm bölgədəki insanlara, həm də beynəlxalq ictimaiyyətə demək istəyirlər ki, rus sülhməramlıları buradan çıxarsa, regionda şiddətli müharibə olar və Qarabağdakı ermənilər zərər görər. Onlar bu istiqamətdə təbliğat aparırlar. Sadəcə Ermənistanda hərbi bazası olan Rusiya İkinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyəti bəhanə edərək Xocalı və Xankəndi kimi strateji bölgələrə hərbçilərini yerləşdirib. Kreml bölgədə ona ehtiyac olduğunu, Rusiyasız sülhün mümkün olmayacağını, Qafqaz və Xəzər dənizi ətrafının təhlükəsizliyinin onun məsuliyyətində olduğunu göstərməyə çalışır. Çarlıq və Sovet dönəmindən qalan bu hamilik anlayışı Rusiya Prezidenti Vladimir Putin tərəfindən də hələ davam etdirilir. Son günlərdə artan təxribatlar, xüsusilə Azərbaycanın Laçın yolunun girişinə nəzarət-buraxılış məntəqəsi qurması ilə daha da alovlanıb. Azərbaycan Rusiyanın təxribatlarına qarşı çox diqqətli olmalıdır. Xüsusilə, beynəlxalq ictimaiyyətə doğru məlumat verilməsi və xarici nümayəndələrin bölgəyə gəlməsi cəhətdən fəaliyyətlər davam etdirilməlidir. – Dediyimiz kimi, sülhməramlıların müddəti 2025-ci ildə başa çatacaq. Sizcə, rus sülhməramlıları 2025-ci ildə və ya daha əvvəl göndərilməlidir? – Bölgədəki sülhün, sabitliyin və təhlükəsizliyin sadəcə özünün vasitəsilə təmin olunacağını düşünən Rusiyanın buradan uzun müddət çıxmamaq niyətində olmadığı anlaşılır. Onların bölgədəki fəaliyyətlərinə baxanda da bunu açıq şəkildə görmək mümkündür. Rəsmi Moskva Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək və Azərbaycan ilə Ermənistan arasında imzalanan atəşkəsin davam etməsi üçün özünün bölgədə olmasının lazım olduğunu düşünür. Hətta rus sülhməramlılarının 2025-ci ildən sonra da bu strateji bölgədən çıxmaq niyətinin olmadığı görünür. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, rəsmi Bakı üçün “Qarabağ problemi” adlı bir məsələ qalmayıb. Çünki Qarabağda məskunlaşan mülki ermənilər Azərbaycan vətəndaşıdır. Onlar da Azərbaycan vətəndaşları ilə eyni haqlara sahibdirlər. Lakin hansısa başqa bir düşüncəyə və yaxud da “status”a fürsət verilməyəcək. Azərbaycan dövləti bölgədə təhlükəsizliyi təmin edəcək gücə və iradəyə sahibdir. Bunun üçün də bölgədə rus sülhməramlılarına ehtiyac qalmayacaq. – Hazırda Azərbaycanın tarixi şəhəri olan Xankəndidəki separatçı erməni rejim təxribata əl ataraq, Azərbaycanın humanitar yardımlarından imtina edir və göndərdiyimiz yardımları qəbul etmir. Buna baxmayaraq, Xankəndidə guya “humanitar böhran” olduğunu iddia edirlər. Necə “böhran” var ki, Azərbaycanın 40 tonluq yardımı qəbul edilmir? Ümumiyyətlə, son baş verənlərlə bağlı İYİ Partiyanın mövqeyi necədir? – Xankəndidə yaşayan separtaçı ermənilər təxribatlarına davam edirlər. Onlar beynəlxalq aləmə Azərbaycanın “humanitar böhran” yaratdığını iddia edirlər. Lakin bunun belə olmadığını tərəfsiz beynəlxalq təşkilatlar və dövlətlər bilir. Mətbuatda çıxan xəbərlər də reallığı dəstəkləyir. Azərbaycan hakimiyyəti Xankəndidəki vətəndaşlarının ehtiyaclarını qarşılamaq üçün hər cür yardımı etməyə hazırdır. Rəsmi Bakı bu istiqamətdə hərəkətə keçsə də, özlərini “məzlum” kimi təqdim edən ermənilər Azərbaycan əleyhinə təbliğat aparmağa davam etdilər. Biz İYİ Partiya olaraq Azərbaycanın yaxşı niyyətini görürük və qardaş ölkəmizi dəstəkləyirik. – Bəs, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana açıq şəkildə dəstək olmasını və həddini aşaraq Azərbaycanı təhdid etməyini necə dəyərləndirirsiniz? – Fransa orada yaşayan erməni diasporuna görə, dövlət siyasətini tərəfsiz və qərəzsiz aparmır. Rəsmi Paris hadisələrin ən başından bəri Ermənistan dövlətinə və erməni terroruna dəstək verir. Bu, bütün dünya ictimaiyyəti tərəfindən də bilinir. Ona görə də Fransanın Ermənistanı dəstəkləməsi və açıq şəkildə Azərbaycana qarşı olması çox da təəccüblü bir hal deyil. Azərbaycan isə Türkiyə dövlətinin və xalqının dəstəyindən əmindir. Qardaş ölkəmiz haqlı olduğu mübarizəsində sonuna qədər gedəcək. Biz buna heç şübhə etmədən inanırıq. İYİ Partiya olaraq bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyirik. Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsini və yekun sülh müqaviləsinin imzalanması mövqeyindən çıxış edirik. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü məsələsində bir millət, iki dövlət anlayışı ilə hərəkət edirik.
Türkiyə-Ermənistan matçı öncəsi Türk polisi Azərbaycan bayrağına nümunəvi davranışı ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, təhlükəsizlik yoxlanışı zamanı Türk polisi Azərbaycan bayrağını öpərək alnına qoyub.
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Rumeylan bölgəsində antiterror əməliyyatı keçirib. Nəticədə PKK/YPG terror qruplaşmasının rəhbərlərindən olan “Rojna” kod adlı Zülfiye Binbir məhv edilib. O, terror təşkilatının iqtisadi məsələlər üzrə “məsul şəxsi” olub.
Etirazlar Kürdüstan Demokrat Partiyasının (KDP) tərəfdar qrupunun İraqın Kərkük şəhərində ordunun nəzarətində olan binanı KDP-yə təhvil verməsi barədə qərar qəbul etməsindən sonra başlayıb. Burada yaşayan türkmanlar əsgərlərin şəhəri tərk etməsini və bölgəyə nəzarətin KDP-yə verilməsini istəmirlər. Bu sözləri Axar.az-a türkman jurnalist Mehmet Salihi İraqın Kərkük şəhərində türkmanlarla kürdlər arasında baş verən son qarşıdurmanın detalları ilə bağlı danışarkən deyib. O, Kərkük əhalisinin 6 il əvvəl yaşadığı şəraitə yenidən qayıdacaqları üçün dərin narahatlıq keçirdiklərini bildirib: “2003-cü ildə Amerikanın işğalından sonra Kərkük tamamilə kürd milislərinə verildi, ölkə yaşayış üçün yararsız hala düşdü. Osmanlı hakimiyyətindən sonra türkmanlar ən sıxıntılı günlərini yaşadılar: uşaq qaçırmaq, gecələr türkmanların evlərinə baxış keçirmək, iş imkanı verməmək və s. Onlar bu təzyiqlərlə türkmanları Kərkükdən çıxarmağa çalışıblar. 16 oktyabr 2017-ci il tarixində Xalq Qüvvələri Kərkükü azad etdi. Bundan sonra kürd silahlıları şəhəri tərk etdi və Kərkük əhalisi 14 ildən sonra dərindən nəfəs aldı. Oktyabrın 16-dan şəhərdə sabitlik hökm sürürdü. Hazırda İraq dövlətinə bağlı federal hərbi birləşmələr Kərkükün təhlükəsizliyini qoruyur. Ancaq siyasi razılaşma nəticəsində federal əsgərin uzaqlaşdırılması və KDP qüvvələrinin qərargahlarına gətirilməsi məsələsi gündəmə gəlib. 16 oktyabr 2017-ci il tarixinə qədər olan vəziyyətin təkrarlanmaması üçün kərküklülər Hərbi Qərargahın qarşısına toplaşaraq əsgərlərin Kərkükdən çıxmasına əngəl oldular. Vəziyyətə etiraz edən və çadırlarda qalan kərküklülər isə KDP tərəfdarlarının hücumuna məruz qaldı. KDP tərəfdarları maşınları yandırdılar, ərazidəki polis və hərbi maşınlara hücum etdilər. Əsgərlər və polislər özlərini müdafiə etdilər. Beləliklə, kürdlər Kərkükdə döyüşə başladılar”. Hazırda əsgərlərin Kərkükdən çıxarılması prosesinin dayandırıldığını deyən Salihi bildirib ki, əhali hökumətin qərarını gözləyir: “Kərkükün şimal hissəsini ələ keçirmək istəyən PKK silahlıları polislərə atəş açdı. Silahlı qarşıdurmada terrorçularından 4-ü öldürülüb. Təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etmək üçün şəhərdə 2 gün komendant saatı elan edib. Hazırda bu qadağa aradan götürülüb və siyasi danışıqlar gedir. Türkmanlar veriləcək qərarı gözləyirlər”. O bildirib ki, belə hadisələrin yaşanmaması üçün PKK-nın Kərkükdəki təlim düşərgələri yığışdırılmalıdır: “Türkmanlar olaraq bundan əvvəl də dövlətdən PKK-nın Kərkükün Altunkörpü qəsəbəsindəki təlim düşərgələrinin bağlanmasını tələb etmişik. Lakin müraciətimizə heç kim əhəmiyyət verməyib. Bu gün PKK silahı ilə Kərkükün göbəyində kürd bayrağını gəzdirir, təhlükəsizlik qüvvələrinə hücum edirlər”. Türkman jurnalist dünya ölkələrinin yaşanan olaylara biganəliyindən gileylənib: “İraq dövləti də daxil olmaqla heç kim türkmanlar üçün hayqırmır. Sanki Kərkükün PKK kimi terror təşkilatları ilə dolduğunu, türkmanlara işgəncə verildiyini görmürlər. 9 yaşımdan bu savaşın içindəyəm. Biz türklər bunların əlində əsir qaldıq. Başda can Azərbaycan olmaqla, bütün Türk dünyasının yanımızda duracağına ümid edirik”. Qeyd edək ki, İraq hökumətinin Kərkükdə qərargah binasını KDP-yə (Kürdüstan Demokratik Partiyası) verməsi qərarı türkmanlar tərəfindən böyük etirazla qarşılanıb. Türkmanların qətiyyətli etirazından sonra şəhərdə yaşayan kürdlər iğtişaşlar törədərək təhlükəsizlik qüvvələrinə hücum edib.
Türkiyənin milli təhsil naziri Yusuf Tekin şagirdlərin telefondan istifadəsi ilə bağlı rəsmi qərarı açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Anadolu" yazıb. Nazirin sözlərinə görə, bundan sonra şagirdlər məktəbə gələndə dərslərə girmədən əvvəl telefonları müvafiq olaraq təhvil verməlidirlər. Dərs zamanı telefondan istifadə etmək olmaz. Tekin əlavə edib ki, şagirdlər pis nümunə olmamaq üçün bundan sonra müəllimlərin də sinfə mobil telefonla daxil olmasına son qoyulacaq.
Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcısının bir hissəsi qoparaq Ankara şəhərinin küçələrindən birindəki dayanacağa düşüb. Hələlik təyyarədə hansı nasazlığın baş verdiyi qeyd edilmir. İnsident nəticəsində dayanacaqda olan bir neçə maşına ciddi zərər deyib. Təyyarə uğurlu şəkildə Eskişehirdə eniş edib. Ölən və ya xəsarət alan yoxdur.
Türkiyənin İzmir vilayətinin Quşadası bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Türkiyənin Çorum vilayətində meşəlik ərazidə yanğın başlayıb. Sozcu.az xəbər verir ki, hadisə Gökgözlər və Kuyumcu kəndləri arasındakı meşəlik ərazidə qeydə alınıb. Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Yanğının qarşısının alınması üzrə işlər davam etdirilir.
Türkiyənin Zəfər Günü milli bayramı münasibətilə Bakıda Türk Şəhidliyi abidəsi ziyarət olunub. Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən türk şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər iştirak edib. İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Türkiyə səfiri Cahit Bağçı çıxış edərək Mustafa Kamal Atatürkün idarəçiliyində türk əsgərlərinin qəhrəmanlığından danışıb, şəhidlərin ruhunu yad edib və Zəfər gününün əhəmiyyətini diqqətə çatdırıb. Sonda şəhid məzarları və Türk şəhidliyi abidəsi önünə gül və əklil qoyulub. Qeyd edək ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir. İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub. Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
Türkiyənin Konya şəhərində 4,8 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 13 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Türkiyə ordusunun hərbi qulluqçusu Bünyamin Barlık şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin X-dəki rəsmi səhifəsində paylaşım edilib. Nazir Yaşar Güler başsağlığı verib. Allah rəhmət eləsin!