Böyük əməliyyat: Məşhur narkobaron İstanbulda tutuldu

Türkiyə polisi İstanbulda keçirdiyi əməliyyat nəticəsində beynəlxalq narkotik kartelinin Qərbi Balkan qanadının liderlərindən birini saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X səhifəsində yazıb. “İnterpol, bir sıra Avropa ölkələri və Braziliya tərəfindən axtarışda olan Xorvatiya vətəndaşı Kristian Paliç “Kartel 3” əməliyyatı çərçivəsində İstanbulun Beşiktaş rayonunda saxlanılıb. Onun daxil olduğu cinayətkar qruplaşma Cənubi Amerikadakı cinayət təşkilatları ilə əlaqələr qurub və Avropaya kokain tədarükündə və narkotik qaçaqmalçılığından əldə edilən pulların yuyulmasında mühüm rol oynayır”, - nazir bildirib.

Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti uzadılır

Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılır.  Sozcu.az xəbər verir ki, bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib.  Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ərzində məsələ ilə bağlı qanun layihəsini parlamentə göndərəcək.  Layihə daha sonra Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.  Qanunverici orqan türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasına razılıq versə, qərar rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.  Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.  2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb. 

“Hər yerdə cəsəd yandırma mərkəzləri var” - Uyğur jurnalistən ŞOK AÇIQLAMA

“Çin işgəncəsi” ifadəsini yəqin ki çoxlarınız eşitmisiniz. Qədim tarixə və mədəniyyətə malik olan Çində öz mədəniyyətlərinə yad olan müsəlman, həm də türk uyğurlar illərdir ki, sözün əsl mənasında elə həmin “Çin işgəncəsi”-nə məruz qalırlar. Bu mövzuya müxtəlif zamanlarda toxunmuşuq, elə bu gün də toxunmaq istədik. Məhz bu gün bu mövzuya toxunmamız isə heç də təsadüf deyil. Bu gün 1933-cü ilin 12 noyabr tarixində qurulan Şərqi Türkistan İslam Cumhuriyyəti, daha sonra 1944-cü ilin 12 noyabr tarixində Şərqi Türkistan Cumhuriyyətinin yaranmasının ildönümüdür. Uyğur türklərinin yaşadığı faciə ilə bağlı Şərqi Türkistandan olan  jurnalist Mir Kamil Kaşğarlı ilə söhbət etdik. Doğulduğu yerin adını özünə təxəllüs götürən Mir Kamil bəyin özü də Çin zülmündən xilas olanlardan və uyğur türklərinə verilən işgəncələr mövzusunda səsini duyurmağa çalışanlardandır. 1996-cı ilin sonunda Çindəki problemlərə görə ailəsi ilə birlikdə mühacir həyatı yaşamalı olublar. Mir Kamil Kaşğarlı uyğur türklərinin hazırkı vəziyyəti ilə bağlı proseslər barədə deyir ki, Şərqi Türkistan dedikdə ağlımıza qırğın və assimilyasiyanı, nasist düşərgələrini və inkvizisiya məhkəmələrini, ən əsası isə İslam dünyasının zəngin cənnəti olan Əndəlüsü gətirmək lazımdır. “1492-ci ildə Əndəlüsün süqutu zamanı Əndəlüsdə baş verən hadisələr, Şərqi Türküstanın Çin tərəfindən işğalı və bugünkü gündə soydaşlarımızın amansız soyqırım düşərgələrində çəkdiyi zülmlərə səssizlik və reaksiyasızlığın nəticəsidir ki, Şərqi Türkistan öz “qınına” çəkilmiş vəziyyətdədir. Səkkiz əsr İspaniyanın taleyində söz sahibi olan müsəlmanlara sanki bu ölkəyə ayaq basmamış kimi davranılırdı. Çin də Şərqi Türküstanın Əndəlüs fəlakəti ilə eyni şeyi yaşamasını istəyir. 1949-cu ildə Çin və Rusiyanın müştərək təşkil etdiyi təyyarə qəzası sui-qəsdi ilə Şərqi Türküstan Respublikasının prezidenti və baş naziri başda olmaqla, öndə gedən general və liderlər aradan qaldırıldıqdan sonra Şərqi Türküstana muxtar bölgə statusu təklif edildi. Şərqi Türküstan xalqının həyatına, malına, mədəniyyətinə və dini həyatına toxunulmayacağı, hətta siyasi idarəçiliyinə belə qarışmayacağına dair bir çox öhdəlik imzalandı. Bu öhdəliklərə görə, çinlilər Şərqi Türküstanda yalnız oranı çiçəkləndirmək, Təkləməkan səhrasını yaşıllaşdırıb qızılgül bağına çevirmək və iqtisadiyyatın inkişafına kömək etmək üçün məskunlaşacaqdılar. Çin bu yalançı öhdəliklərlə Şərqi Türküstana ayaq basdıqdan sonra Əndəlüsdəki kimi 3-5 il öz öhdəliklərinə sadiq qaldı. Bu prosesdə, Şərqi Türküstanda yerli nizami əsgərləri dağıdıb, onların əlindən silah almaq üçün xalqı yuxuya verməklə dünya tarixində misli görünməmiş bir hiylə həyata keçirdi. Düz 5 il sonra bütün sərhədlər bağlanaraq xarici dünya ilə bütün əlaqələr kəsildi və Şərqi Türküstan açıq qırğın düşərgəsinə çevrildi. Əndəlüsdə olduğu kimi, indi də  Şərqi Türküstanda transformasiya başladı. Meydanlarda yüz minlərlə qiymətli kitab və Quran toplanaraq yandırıldı, əlifba dəyişdirildi, evlərində uyğurca kitab saxlayanlar qeyri-müəyyən müddətə həbs edildilər. Sonradan “Mədəni inqilab” adlandırdıqları qırğın düz 28 il davam etdi. Qeyri-rəsmi rəqəmlərə görə, ən azı 25 milyon Şərqi türküstanlı soyqırıma məruz qalıb. 1982-ci ildə dünyada baş verən proseslərə ayaq uydurmalı və iqtisadi cəhətdən kapitalizmə uyğunlaşmalı olan Çin dünyanın reaksiyasından yayınmaq üçün Şərqi Türküstandakı qırğınlarına ara verməli oldu. Dünya ölkələrindən sərt reaksiya almamaq üçün Şərqi Türküstan xalqının dini, dil və adət-ənənə hüquqlarını, eləcə də ağır və kommunist çevriliş düşərgələrinə çevrilmiş məscid və mədrəsələrini müvəqqəti olaraq geri çəkilmək məcburiyyətində qaldı. Bu azadlıq yalnız 10 il davam edə bilərdi. Şərqi Türküstanın bütün vilayət, mahal və kəndlərində onlarla müxtəlif adlar altında Çin üsulu nasist düşərgələri quraraq, İslamın bütün rəmzlərini, hətta Allah kəlamını terrora bağlayaraq, uyğurları oyandıran bütün fəaliyyətləri kütləvi şəkildə təbliğ etməklə separatizm, dini ekstremizm kimi uydurma bəhanələrlə mədəniyyət və adət-ənənələr yenidən məhvə və soyqırıma başlayıb. Saysız-hesabsız məscidlər dağıdılıb, Quran daxil olmaqla dini kitablar yığılıb yandırılır. Xüsusən də hər şəhər və rayonda yaradılmış “cəsəd yandırma mərkəzləri”  Şərqi Türküstan xalqının nə cür  kütləvi soyqırım dönəmində olduğunun ağırlığını izah etmək üçün kifayət edər, hətta bəlkə də artar” – deyə müsahib bildirdi. Mir Kamil Kaşğarlı dünyanın uyğur türklərinin soyqırımına biganə qalmasından şikayətlənərək deyir ki, təəssüflər olsun ki, İslam və Türk dünyasındakı parçalanma Əndəlüs fəlakətində olduğu kimi, Şərqi Türküstanın 2-ci Əndəlüsə çevrilməsini də seyr etməklə qalır. “Heç bir türk və ya islam ölkəsində hələ də “Çin Strateji Araşdırmalar İnstitutu”nun yaradılmaması bunun əyani göstəricisidir ki, dünya ölkələrinin çoxu Çini kifayət qədər yaxşı tanımır. Ən böyük səhvimiz Çini özümüz qədər dürüst “özü və sözü bir” olaraq görməmizdən və onların dediklərinə asanlıqla inanmağımızdan irəli gəlir. Şərqi türküstanlı dindarların fəryadlarına bağlı qalan qulaqlar dərhal Çinin şirin sözlərinə açılır. İslam və Türk dünyası sarsılmadan, bir baş, bir bayraq, bir hədəf ətrafında birləşməsək, başda Şərqi Türküstan olmaq üzrə heç bir yaramızı sağalda bilməyəcəyik. Məncə, təcili olaraq atılmalı bəzi addımlar var. Hansı ki, Çinin Şərqi Türküstanla bağlı açıq siyasət yürütməsini təmin etmək, onu bu nöqtədə qapalılıq və məlumatsızlıq siyasətlərindən əl çəkməyə məcbur etmək və ya diplomatik kanallarla razı salmaq. Bunun göstəricisi kimi qadağan olunmuş xarici rabitə kanallarının açılması və tikinti şirkətlərinin xaricdəki qohumları ilə rahat ünsiyyət qura bilməsi zəruridir. Çinin media qurumlarının təmsilçiliyi olan bütün ölkələr, xüsusilə Türkiyə, Şərqi Türküstanda qarşılıqlı olaraq media nümayəndəliklərini açmalıdırlar və hətta onların azad xəbər hüquqları təmin edilməlidir. Bundan əlavə, əcnəbi səyyahların istər fərdi, istərsə də qrup halında Şərqi Türküstana yönləndirilməsi və orada əcnəbiləri sıx şəkildə olmasını təmin etmək çox faydalı olardı. Xarici iş adamlarını investisiya qoymağa, ofis və iş yerləri açmağa təşviq etmək lazımdır. Bu təşəbbüslər uğur qazandıqda, Çinin öz qeyri-insani assimilyasiyasını daha gizlədə bilməsinə mane olacaq. Çin də İslam dünyasındakı imicinə və uzunmüddətli imperialist məqsədlərinə xələl gəlməsinin qarşısını almaq üçün öz qəddarlığını və zülmünü bir az da olsa azaldacaq yaxud azaltmağa məcbur qalacaq”.musavat.com)

Mustafa Kamal Atatürkün vəfatından 85 İL ÖTDÜ

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür. Sozcu.az xəbər verir ki, 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”lardan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub. 1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub. 1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib. Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtkabirə köçürülüb.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda 4,8 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 8,28 km dərinliyində meydana gəlib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

İstanbulun körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır

Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə İstanbulun rəmzləri hesab edilən körpüləri Dövlət Bayrağımızın rəngləri ilə işıqlandırılır. Sozcu.az xəbər verir ki, noyabrın 8-i və 9-da baş tutan təşəbbüs zamanı dünyanın ən böyük meqapolislərindən olan İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” və “15 İyul Şəhidləri” körpülərində Azərbaycan bayrağının rəngləri həkk olunacaq. İşıqlandırılma Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi 8 noyabr-Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə diplomatik nümayəndəliyin "X" hesabında paylaşım edilib. "Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr-Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini hörmətlə yad edir, qazilərə şəfa diləyirik. Zəfər Günün mübarək olsun, Azərbaycan!".

Türkiyə ordusu 2 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyanın şimalında 2 PKK terrorçusunu zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Fərat qalxanı” əməliyyat bölgəsinə hücum edərkən məhv edilib.

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, “Zeytun budağı” əməliyyatı bölgəsində baş verən hadisə zamanı yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb. Onun silahla davranış qaydalarını pozduğuna görə həlak olduğu bildirilir.

Kılıçdaroğlu uduzdu, CHP-nin yeni sədrindən yazdı

Kamal Kılıçdaroğlu CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edib. Sozcu.az xəbər verir ki, bununla bağlı Kılıçdaroğlu X sosial şəbəkə hesabında paylaşıb. “Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni sədrimiz Özgür Özəl, sizi təbrik edir, uğurlar arzulayıram”, - Kılıçdaroğlu bildirib.

CHP-də sədr seçkisi ikinci tura qaldı - Təcili

Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasında (CHP) yeni sədr seçilə bilməyib. Sozcu.az xəbər verir ki, iki namizəddən birinin lazımı səs toplamadığından seçkilərin ikinci turu az sonra baş tutacaq. Partiyanın hazırki sədri Kamal Kılıçdaroğlu 664 səs, Özgür Özel isə 682 səs toplayıb. Türkiyənin ana müxalifət sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP)38-ci Qurultayında yeni sədr seçilməyib.

Türkiyə ordusundan terrorçulara ağır ZƏRBƏ

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik 15 hədəfin məhv edildiyini açıqlayıb. Bildirilir ki, PKK terror təşkilatının mövqelərinə zərbələr endirilib.