Pensiya yaşının azaldılması gündəmdə deyil - Komitə sədri

“Pensiya yaşının azaldılması bu gün gündəmdə deyildir və yəqin ki, gələcək də də aktual olmayacaq. Dünyada hələ bir ölkə yoxdur ki, göstərəsiniz, pensiya yaşı azaldılsın”. Bunu Modern.az-a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. O, pensiya yaşının artırılacağını istina etməyib. Komitə sədri bildirib ki, pensiya yaşının artırılması bütün dünyada müşahidə olunur: “Ümumiyyətlə, insan ömrü uzanır. Azərbaycanda orta ömür 2021-ci ildə bir qədər azaldı. Bu da həm COVID, həm də Vətən müharibəsində gənc insanların dünyasını dəyişməsi ilə bağlı idi. Nəticələr orta ömür uzunluğuna öz təsirini göstərdi", - Musa Quliyev vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda orta ömür kifayət qədər dinamik şəkildə artır. "2040, bəlkə də 2045-ci  ildə bizim orta ömür 80 yaşa gəlib çatacaqdır. Buna görə də pensiya yaşı məsələsi bir günlük, bir illik, ya da beş illik layihə deyil. Ən azı 30 illik dövrü əhatə edir. Biz 30 ilə uyğun olaraq əmək bazarını, sığorta sistemini, Pensiya Sığorta Fondunun imkanlarını, insanların yaşını nəzərə almalı və buna uyğun da bir qiymət götürməliyik”. Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 63.5-dir. Qadınların pensiya yaşı tədricən - 2027-ci ilədək 65-ə çatdırılacaq.

İcra başçıları bağça yeməyindən...

2024-cü ilin dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri üçün nəzərdə tutulan məbləğ 2022-ci ilə nisbətən 25 faiz və ya 90 milyon manat çox proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-ekspert Rövşən Ağayev açıqlayıb. O bildirib ki, 2022-ci ildə bu xərclərə yerli icra hakmiyyəti orqanları sərəncam verirdi, hazırda isə Elm və Təhsil Nazirliyi: “Səlahiyyət nazirliyə keçəndən sonra xərcləmələrdə şəffaflıq və qənaət baxımından nələrin dəyişdiyini demək üçün əldə konkret hansısa faktlar yoxdur. Məsələn, satınalmalarda, xüsusilə də mal və xidmətlərin orta alış qiymətlərində, təchizatçı şirkətlərin seçimlərində nələrin dəyişdiyini izləmək maraqlı olardı. Amma sırf büdcə sənədlərinə baxanda bir maraqlı dəyişiklik diqqəti çəkir: bağçaların ərzaq təminatı xərclərində 20 faizdən çox (20 milyon manat) azalma var. Son 2 ildə ərzaq xərclərində azı 20-25 faiz bahalanma olduğu, ümumi xərclərin 25 faizdən çox artdığı, uşaqların sayının azalmadığı (əksinə statistikada artdığı) şəraitdə ərzaq alışı üçün xərclər 20 milyon ixtisar olunursa, demək ki, bu, icra başçılarının xalis qazancı imiş”...

Sumqayıtda dəhşətli qətl bu məqsədlə törədilib

Xəbər verdiyimiz kimi, Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisəyə görə qəsəbə sakini saxlanılıb. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan Müşviq Məhəmməd oğlu Tağıyevin qətli tamah məqsədi ilə törətdiyi iddia edilir. Ailənin yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib. Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb. Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb. Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. M.Tağıyev öldürülən şəxslərin qonşusudur.

Şəhid anasının uçuq evi – “Aldığımız təqaüdü də oduna məsrəf edirik”

Tovuz rayonunun Pələkli kənd sakini, Vətən müharibəsi şəhidi Aqil Əliyevin qardaşı Anar Əliyev ailəsinin acınacaqlı durumu ilə bağlı KONKRET.az-a şikayət ünvanlayıb. Onun sözlərinə görə, anası Əliyeva Kübrə Tovuzun ucqar kəndində yaşayır və mənzil şəraiti çox acınacaqlıdır: “Anamın himayəsində iki qüsurlu övladı var. Adına isə heç bir ev yoxdur və müvəqqəti mənzildə yaşayır. Hətta yaşadığı mənzildə təbii qaz da yoxdur, odundan istifadə edirik. Odun isə çox bahadır. Şəhid oğlunun adına aldığı təqaüdü də elə oduna və xəstələrə məsrəf edirik”. Şikayətçi anasına və xəstə bacı-qardaşına özünün baxdığını, bütün yükü çiyinlərində daşıdığını deyir: “Hazırda yaşadığımız ev qohum evidir və çox bərbaddır. Heç bir şəraiti yoxdur. Ev o qədər köhnədir ki, qapı-pəncərəsi, damı-bacası, daşı-divarı ovulub tökülür. Hökumətin verdiyi birdəfəlik məbləği də bu evə xərclədik ki, bir az abadlaşsın, lakin burada daimi yaşamağımız qeyri-mümkündür”. A.Əliyev hazırda ən böyük problemlərinin evlə bağlı olduğunu vurğulayaraq, bununla əlaqədar dəfələrlə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova müraciət etdiyini dilə gətirib: “Anamın evlə təmin edilməsilə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, amma nəticəsi olmayıb. Sanki mənim qardaşım Vətən üçün şəhid olmayıb, biz də şəhid ailəsi deyilik”. “Bizim kəndin 4 şəhidi var. Onlardan ikisi Birinci Qarabağ, ikisi isə Vətən müharibəsində şəhid olub. Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri evlə təmin olunub, Vətən müharibəsinin şəhidləri isə yox. Ev növbəsinə dayansaq da, 18-ci adamıq. Əlaqədar qurumlardan xahiş edirəm ki, ailəmizin evlə təmin olunmasında bizə öz köməkliklərini əsirgəməsinlər. Axı şəhid anası belə acınacaqlı şəraitdə yaşamamalıdır”, – deyə şəhidin qardaşı əlavə edib. Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Fərmanzadə bildirdi ki, şəhidin anası mənzil növbəsinə götürülüb: “Ailədən şəhidin atası rəhmətə getdiyi üçün status sahibi anasıdır. Və ana Tovuz rayon İH tərəfindən sərəncama uyğun olaraq mənzil növbəsinə götürülərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə müraciət ünvanlanıb. Şəhidin qardaşına da dəfələrlə izah olunub ki, ev tikmək bizim səlahiyyətimizdə deyil. Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov isə bildirib ki, şəhidlərimizin ailə üzvləri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda, qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər: “Şəhidimiz Aqil Əliyevin anası Kübrə Əliyeva Tovuz Rayon İcra Hakimiyyətində 22.02.2021-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb. Onun üçün fərdi evin tikintisi məsələsinə növbəlilik qaydasında baxılacaq”. Qeyd edək ki, şəhid Aqil Faiq oğlu Əliyev Vətən müharibəsində şəhid olub. O, 2020-ci il oktyabrın 15-də Suqovuşan ətrafında gedən döyüşlərdə 21 yaşında şəhidlik zirvəsinə ucalıb. Aqil Əliyev ölümündən sonra “Vətən uğurunda” medalı ilə təltif olunub.

Qarabağa səfərlə bağlı bu qadağa aradan qaldırıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb. Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, sabahdan 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkün olacaq. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 627 reys həyata keçirilib, 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Talışda traktorçu minaya düşdü: qolu amputasiya edildi

08:32 Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Elçin Xanbaba oğlu Nurəliyevin minaya düşməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Sozcu.az.az-a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib. Araşdırma aparılır. *** Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı barədə məlumat yayıb. Qurumdan bildirilib ki, 2023-cü il 26 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib. "Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Elçin Xanbala oğlu Nurəliyev xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda vurğulanıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vətəndaşı intihara sürükləyir -FOTO

Ucar şəhəri H.Əliyev prospekti ev 129 A mənzil 13 sakini Əliyev Nizami Əlisaab oğlu Sozcu.az saytına yazaraq,   məmur diqqətsizliyi nəticəsində intihar etmək həddində olduğunu bildirib. Şikayətçi yazır:   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə  Heyəti tərəfindən mənə qarşı edilən qanunsuzluğa görə intihar etmək həddindəyəm. Belə ki, mən uzun müddətdir ki, Ucar Elektrik Şəbəkəsəində elektrik mantyoru vəzifəsində işləyirəm. 2022-ci ilin sentyabr ayında iş zamanı yüksək elektrik cəryanı vurması nəticəsində ağır xəsarət alıb əmək qabiliyyıətimi itirmişəm.Baxmayaraq ki, uzun müddətdir ki, stasionar müalicələr alıram amma sağalmamışam.Buna görə çox əziyyət çəkirəm. Qanunla mənə əlillik təyin edilməli olsada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə imtina verib qeyd edir ki, «Səbəb diaqnoz əlillik əlaməti təyin etməməsi» Bu tam qanunsuz imtinadır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vermişdir.Çünki istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığım xəsarətə görə sol qolum işləmir ayaq barmaqlarımı ambutasiya olunub, ayağımı yerə basa bilmirəm köməkçi vasitəsi ilə hərəkət edirəm.Bir ildən çoxdur ki, bulletendə olub müalicələr alsamda əmək qabiliyyətim bərpa olunmayıb.  Mənim xəsarətim “Elektrik cərəyanının təsiri , Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri. Oynaqların kontrakturası, Hər iki ayağın IV,V barmaqlarının kontrakturası.Dərinin anesteziyası , Çapıqlarda hissiyyat pozğunluğu. Digər dəqiqləşdirilmiş donmaların, termiki və kimyəvi yanığın nəticələri, Sol qulaq seyvanının,sol çiyin qurşağının,sol bazunun bayır səthinin,sağ saidin ön səthinin,hər iki pəncənin alt səthinin III dərəcəli elektrik yanığından sonrakı ağrılı,dartıcı hipertrofik çapıqları.Digər daimi ağrı, Daimi ağrı sindromu. Elektrik cərəyanının təsiri , Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri”.  Hazırda da əsa vasitəsi ilə güc bəla ilə yeriyirəm sol qolum tamam işləmir.Bəlkədə pul versəydim mənə əlillik təyin edərdilər.Çünki elə adamlar tanıyıram ki, əmək qabiliyyətinə malik tam sağlam olsalarda onlara əlillik təyin edilib. Mənim isə maddi imkanım yoxdur deyə zülm əziyyət çəkirəm süründürməçliyə məruz qalmışam.İşimə qayıtsam işləyə bilməyəcəm çünki sol qolum işləmir yeriməyə çətinlik çəkirəm.  Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan. Nazir cənab Sahil Babayevdən və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri cənab Anar Bayramovdan xahiş edirəm bunları nəzərə alıb obyektiv araşdırıb mənə  əlillik dərəcəsi təyin olunmasını köməklik göstərəsiniz.

Bakıda dönərdən halı pisləşən 20 məktəbli xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 20 şagird hospitalizasiya olunur. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən uşaqların müalicələri davam etdirilir. Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir. *** Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. APA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, həmin təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Qeyd edək ki, Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.

Xankəndiyə qayıdışla bağlı bu xəbər yalandır - Rəsmi

Son vaxtlar bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə doğru olmayan məlumatlar yayılıb. Bu barədə Sozcu.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. "Bununla əlaqədar olaraq bildiririk, Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur və Böyük Qayıdış Proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır. Bir daha qeyd edirik ki, Dövlət Komitəsi adından sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir", - Dövlət Komitəsindən qeyd olunub.

Müstəqil Həmkarlar Birliyi rayon təşkilatların rəhbərləri ilə birgə müşavirəsi keçirilib

Müstəqil Həmkarlar Birliyinin baş ofisində MHB Şamaxı, Kürdəmir, Ağsu Rayon Təşkilatların sədrlərin iştrakı ilə iclas keçirilib. Tədbirdə MHB-nin rayon təşkilatların sədrlərinin regionlarda  görülən işlər barədə  məlumat dinlənilmiş  və qarşıda duran vəzifelər haqda tapşırıqlar verilmişdir. Birliyin sədri Fuad Əliyev son dövr əhalinin sosial problemləri haqda  şikayətlərin , hüquq pozuntuların araşdırılması və dövlət strukturlarına  müraciətlərin operativ qaydada teşkil olunmasını MHB RT sədrlərinə bildirdi. MHB sədr müavinləri Xəzər Teyyublu və Əhməd Rəhmanov, Şamaxı RT nümayəndəsi Vasif  Ağayev, Kürdəmir RT sədri İlham Alışov və Ağsu RT sədri Nicat Suleymanlı mövzular ətrafında fikirlərini  bildirmisler. Tədbirin sonunda MHB RT sədrlərinə təlimatlar, müvafiq sənədlər və yeni qəbul edilmiş üzvlərə, üzvlük vəsiqələri verilmisdir.

Kimlər ödənişli yola buraxılmayacaqlar? - AÇIQLAMA

“Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola buraxılmayacaq”. Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib. A.Nəcəflinin sözlərinə görə, bunun üçün yolun giriş-çıxışına xüsusi tərəzilər quraşdırılıb: “Avtonəqliyyat vasitələrinin beynəlxalq tələblərə uyğun yükgötürmə normaları var. Həmin normalara görə avtomobilin hər bir oxuna düşən çəki müəyyən edilib. Ödənişli yolda avtonəqliyyat vasitəsi yolun ödəniş məntəqəsindən keçərkən orada quraşdırılan sensorlu xüsusi tərəzilər onun hər oxuna düşən yükü çəkəcək. Əgər avtomobil beynəlxalq tələblərdə nəzərdə tutulandan artıq yük götürərsə, sensorlar onu qeydə alır və avtomatik həmin nəqliyyat vasitəsi ödənişli yola buraxılmır”. Qeyd edək ki, Bakı-Rusiya Federasiyası istiqamətində tikilən yolun ödənişli hissəsinin uzunluğu 129 km, hərəkət zolaqlarının sayı 4, yola giriş-çıxış məntəqələrinin sayı 6-dır. Hər məntəqədə 2 giriş və 2 çıxış xətti mövcuddur.

“Kasıb adam bahalı yerə getməsin, ayağını yorğanına görə uzatsın”

Şadlıq saraylarında toy qiymətləri dayanmadan artır. Bir stulun 200-350 manat olduğu şadlıq sarayları var ki, oradakı yeməklərin keyfiyyəti təklif olunan qiymətlərdən çox aşağıdır. Toy biznesi bir çox insanların dolanışığına xidmət etsə də, bir qisminin də “cibinə girir”. Maraqlıdır, bəs buna dövlət səviyyəsində müdaxilə olmalıdırmı? Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, dövlət restoran qiymətinə qarışmır: “Restoranda olan qiymətlərə dövlət tərəfindən hər hansı müdaxilə nə qanuna, nə bazar iqtisadiyyatı qaydalarına, nə də biznes etikasına görə doğrudur. Ümumiyyətlə, dövlətin bu cür şadlıq saraylarının qiymət siyasətinə müdaxilə etməsinin heç bir əsası yoxdur. Şadlıq sarayı strateji sektor deyil, əyləncə sektorudur. Məsələn, taxılın, metronun, suyun qiyməti olsaydı, deyərdim, hə, dövlət müdaxilə etməlidir və s. Amma əyləncə sektorunda heç kimi məcbur etmirlər ki, gəlib həmin şadlıq sarayının xidmətindən məcbur şəkildə istifadə etsin”. İqtisadçı deyib ki, şadlıq sarayının rəhbəri istəsə, 200-350 rəqəminin yanına bir və ya iki sıfır da artıra bilər: “Burada heç bir tənzimləmə lazım deyil. İnsanların şəxsi seçimidir, bazar iqtisadiyyatıdır. Adam var bir aya 300 manat qazanır, adam var yüz min qazanır, eləsi də var ki, bir milyon gəlir əldə edir. Ona görə də hər kəs ayağını yorğanına görə uzatmalıdır. Bazar həddindən artıq bölünüb, heç bazarın 3 faizi belə hər hansı bir şəxsin əlində deyil. Çoxlu sayda xırda, orta, böyük və daha iri şadlıq sarayı var və hər biri də müxtəlif qiymət təyin edirlər. Kasıb insan bahalı şadlıq sarayına getməsin, kimisə məcbur etmirlər”.