“Hərbçilərin sosial şəbəkədən istifadə etmə məsələsindəki fokusu dəqiqləşdirmək lazımdır ki, bunu edən kimlərdir? Yəni bu adamlar hazırda hərbi xidmətdədir, yoxsa tərxis olunublar? Və yaxud vaxtilə orduda xidmət edib deyə indi bu addan sui-istifadə edirlər? Qısası, bunları dəqiqləşdirmək lazımdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.
O, Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən bir sıra hərbçilərin sosial şəbəkələrdə canlı yayım açmasından sonra ordu sıralarından xaric edilməsi məsələsinə, habelə bu tendensiyanın tənzimlənmə mexanizmlərinə münasibət bildirib.
Q.Məhərrəmliyə görə, əgər kimsə hərbi xidmətdədirsə, bunun xüsusi tələbləri var və orada heç kim bu cür canlı yayımlar aça bilməz:
“Çünki bu, ordudakı hərbi intizama birbaşa bağlı olan məsələdir deyə, belə şeylər qadağandır. Lakin kimsə vaxtilə orduda xidmət edib indi “TikTok”da canlı açırsa, bunun qarşısını heç kim ala bilməz. Sadəcə olaraq, dəqiqləşdirmək lazımdır ki, bu şəxs həqiqətənmi hərbçidir, yoxsa paltarları əyninə geyinib medalları taxaraq bundan sui-istifadə edir? Ən əsas bunları dəqiqləşdirmək lazımdır”.
Onun fikrincə, birinci məqam istisna olmaqla ölkədə heç kimin söz demək və fikir yaymaq hüququnu məhdudlaşdırmaq olmaz:
“Sosial şəbəkələr heç kimə senzura tətbiq edə bilməz. Əgər o, etik qaydaları pozmursa, söyüş yoxdursa, bu şirkətlərin məzmuna müdaxilə etmək haqqı yoxdur. Sosial şəbəkələri idarəetmə heyəti yalnız etik qaydaları pozmaq, habelə müəyyən ölkələrin Konstitusiya quruluşunu zorla devirməyə, eləcə də bəzi qadağan olunmuş siyasi məsələlərlə bağlı çağırışlar olanda müdaxilə edə bilir. Amma ümumən kimsə hansısa problemi qaldırırsa, bununla bağlı istər “TikTok”, istərsə də “Facebook” olsun, onların etik qaydaları ilə ziddiyyət təşkil edən məqamlar istisna olmaqla heç kimə qadağalar qoya bilməz”.
“Məsələn, bu yaxınlarda “X” platformasının rəhbəri Elon Mask elan etdi ki, onlar 200 mindən çox istifadəçiyə terrorizmə çağırış etdikləri üçün məhdudiyyətlər qoyub. Hesab edirəm ki, bu, doğru addımdır və bu cür hallarda belə məhdudiyyətləri qoymaq olar. Amma şəxsi, sosial və ictimai problemlər qaldıran adamlarla bağlı heç bir sosial şəbəkə qadağa tətbiq edə bilməz”, - fikirlərini yekunlaşdırıb.