Hava kəskin soyuyacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 17-si günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Noyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq 17-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

5 dərəcə şaxta, duman, yağış - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən, 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub. Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

Azərbaycanda noyabrın 16-sı və 23-ü iş günü hesab edilir. Sozcu.az-ın məlumatına görə, Nazirlər Kabineti 2024-cü ilin 12 və 13 noyabr iş günlərinin müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilməsi barədə qərar qəbul edib. Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədini güdürdü. 9 noyabr qeyri-iş günü olduğu üçün, həmin günə uyğun olaraq 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib. Beləliklə 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl qeyri-iş günləri hesab edilib. Nəticədə bu şənbə - 16 noyabr və növbəti şənbə - 23 noyabr iş günü hesab edilir.

Bölgələrdə yağış yağır - FAKTİKİ HAVA

Noyabrın 13-ü saat 16:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur. Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Göyçay, Neftçala, Yardımlı, Lənkəran, Astarada arabir yağış yağır. Şərur, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qobustan, Lerikdə duman müşhidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 12, Aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcə isti qeydə alınıb.

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatdı

Bu gün saat 09:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olub. Milli Hidrometrologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Astarada 42 mm, Lənkəranda 29 mm, Beyləqanda 20 mm, İmişlidə 12 mm, Qəbələdə 11 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Neftçalada 8 mm, Biləsuvar, Cəfərxan, Küdəmir, Sabirabad, Zərdab, Şahbuz, Mingəçevir, Qobustan, Naxçıvan, Şərur, Culfa, Ordubad, Şəki, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Bərdə, Yardımlı, Ağdamda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şimal küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb. Bakı, Şərur, Şahbuz, Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6 dərəcə isti, Aran rayonlarında 9, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta qeydə alınıb.

Qaxda "Nissan" ağaca çırpıldı: iki aylıq körpə ÖLDÜ

Bu gün 17 radələrində Qax-Qorağan avtomobil yolunda qəza baş verib. Sozcu.az xəbər verir ki, Qax rayonunun Əmircan kəndi ərazisində Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə (sürücünün baldızı oğlu) aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. G. Hüseynova və iki yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

"Toya uşaq gətirməyin" - Yeni dəvətnamələrdə qalmaqallı qeyd

Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölkə gündəmindəki maraqlı mübahisələrdən birinə çevrilib. Belə ki, yeni nəsil dəvətnamələrdə uşaqların toya gətirilməməsi barədə çağırış edilir. Çağırışda isə belə yazılır: “Əziz qonaqlar, bu fani dünyaya nə qədər uşaq gətirirsiniz gətirin, amma toya gələndə gətirməyin”. Maraqlıdır, yeni-yeni yayılmağa başlayan bu çağırışın səbəbləri nədir? Uşaqların toya nə kimi ziyanları var? Sozcu.az "bakuplus.az"a istinadən bildirir ki, mövzunu sosial tərəfdən şərh edən sosioloq Üzeyir Şəfiyev uşaqların toylardan kənarlaşdırılmasını doğru hesab etmir: “Düşünürəm ki, uşaqların toya gətirilməməsi barədə edilən çağırışlar yaxşı hal deyil. Çünki toy bizim milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, min illik qədim adət-ənənələrimizdən biridir. Bu adətlərdə Azərbaycan xalqının düşüncələri, arxeotipləri öz əksini tapır. Hesab edirəm ki, toylar və digər mərasimlər vasitəsilə insanlar həm də sosiallaşır, həmrəyləşir, insanların xarakteri formalaşır. O cümlədən uşaqların xarakterinin formalaşmasında da toyların rolu var. Bu baxımdan belə mərasimlərdən uşaqların kənarlaşdırılması hesab edirəm ki, düzgün deyil. Uşaqlar həmin mühitdə də şübhəsiz ki, sosiallaşa bilir. Əlbəttə, uşaq psixologiyasını da nəzərə alaraq toyu elə təşkil etmək olar ki, uşaqlar həmin mərasimlərdən özlərinə pay götürsün. Yəni sosiallaşmasında faydalı olsun. Sözsüz ki, uşağın yaşı da nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, bütövlükdə uşaqlar toylarda iştirak eləməlidir. Necə ki, qədimdə kənd uşaqlarının toya qatqısı bir başqa olurdu. Toylar da uşaqların gələcək həyatında xoş nostaljlər yaradırdı. Bir daha səsləndirirəm: uşaqların toya gətirilməməsi ilə bağlı çağırışlar doğru deyil”. Bəzi toy sahibləri qeyd edilən çağırışları uşağın psixologiyasına mənfi təsir ilə əlaqələndirirlər. Maraqlıdır, toy uşaq psixologiyasına təsir edirmi? Bakuoplus.az-ın sualını cavablandıran psixoloq Fidan Nizamova deyib ki, bu çağırışı çox düz ediblər: “Çünki uşaqların elə böyük bir məclisdə olması, ancaq mane ola bilər. Amma onu da deyim ki, toyun uşaq psixologiyasına nə mənfi, nə müsbət təsiri var. Düzdü, bəzi uşaqlar var ki, səsə həssasdır və ya hiperaktivdir. Belə uşaqları toya, məclisə qəti aparmaq olmaz. Ancaq toya aparılan, cəmiyyət içində çox olan uşaqlar sosiallaşır, özlərini ifadə etməyi, davranış qaydalarını öyrənirlər”. Belə dəvətnamə hazırlayan cütlüklərdən biri – Aysel və Nazim səbəbini əlavə pul verməkdə görürlər: “Hansısa bir uşaq gedib açılmayan stolda oturanda, ofisiantlar onun qarşısına boşqab, yemək düzürlər. Restoran rəhbərliyi də həmin stolun pulunu bizdən alır. Uşaq nə başa düşsün orda oturulmadığını? Ona görə bacardıqları qədər toya uşaqlarını gətirməməklərini deyirik. Həm də bəzi uşaqlar gəlinlə bəyin yanından əl çəkmirlər. Rəqs edəndə ayağa dolaşırlar, paltardan tuturlar”.

Azərbaycanda bu saatlardan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bu gün axşam saatlarından etibarən 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bu yollarda məhdudiyyətlər olacaq - SİYAHI

COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabr tarixlərində Bakının bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək. Sozcu.az xəbər verir ki, nəqliyyat vasitələri üçün məhdudiyyət tətbiq ediləcək küçə və prospektlər aşağıdakılardır: - Hava Limanı şosesi - Heydər Əliyev prospekti - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Niyazi küçəsi - İstiqlaliyyət küçəsi - Lermontov küçəsi - Mikayıl Huseynov küçəsi - Xəqani Rüstəmov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi.

Bu ərazilərə leysan düşəcək – Xəbərdarlıq

Noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bakıya yağış yağdı: Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağıb. Xidmətdən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Sabirabad, Neftçalada 1 mm-dək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərində 5 dərəcəyədək şaxta, Aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.

“Bəzi işbazlar hava şəraitindən istifadə edərək insan sağlamlığını riskə atırlar”

“Qış aylarında havaların soyuq keçməsi insanlarda immunitetin aşağı düşməsi ilə nəticələnə bilir. Qidalanmamızda düzgün seçim etməməyimiz xəstəliklərə yoluxmamıza yol açır. İmkan daxilində qidalanmaya riayət etməliyik”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib. O, qış fəslində xəstəliklərdən qorunmaq üçün düzgün qidalanma üsullarından söz açıb: “Qış aylarında insanlar daha çox açıq şəraitdə işləyirlər. Belə olan halda damarlarda donma və daralma prosesi baş verir. Ona görə də elə qidalar seçməliyik ki, bu sağlamlığımız bahasına başa gəlməsin. Ən çox yarmalardan hazırlanan sıyıqlar məsləhət görülür. Arpa və yulafdan hazırlanan sıyıqlar insan bədənində toxluq yaradır və bədəni kalori ilə yükləmir. Bununla yanaşı, dəniz məhsulları, balıqdan hazırlanan qidalar tərkibində D vitamini mövcud olduğu üçün məsləhətlidir. Sözügedən məhsullar ürək-damar sisteminə müsbət təsir göstərir. Qoz-fındıq da məsləhət görülür. Bunlardan istifadə insan bədənində olan E vitaminini zənginləşdirir. Ancaq qoz və fındığı günlük 30 qramdan çox qəbul etmək tövsiyə olunmur. Çünki bu çərəzlərdən artıq istifadə mədədə müxtəlif xəstəliklərlə müşahidə oluna bilər. Kök, meyvə quruları, bal kimi qidalar da immuniteti gücləndirir. Həmçinin, müxtəlif yeməklərin hazırlanması və süfrədə sarımsaq, zəncəfil kimi əlavələrdən də istehlak etmək məqsədəuyğundur”. Ekspert əlavə edib ki, ölü qidalardan uzaq olmaq lazımdır: “Təbii qidalara üstünlük veririksə, mövsümündə yeyilən kələm, kök, çuğundur salatlarından istifadə etmək olar. Ancaq bir şərt var ki, tərkibinə müxtəlif qatqılardan istifadə etməmək lazımdır. Bu gün bəzi işbazlar hava şəraitindən istifadə edərək insan sağlamlığını riskə atacaq davranış sərgiləyirlər. Havanın soyuq keçməsini bəhanə edərək məhsulları daşıyan avtomobillərin soyuducusunu işə salmırlar. Turşu, ət və toyuq məhsullarını alarkən diqqətli olmaq lazımdır. Çünki müxtəlif satış mərkəzlərində soyuq havanı bəhanə edənlər mağazada soyuducu olmasına baxmayaraq, onu elektrik xəttinə qoşmur və məhsulları belə şəraitdə saxlayırlar. Hazırda zəhərlənmələr ən çox göbələkdən, ondan hazırlanan salatlardan yarımfabrikatlardan baş verir. Bütün bunların ən birinci səbəbi məhsulun saxlanma şəraitidir. Bu məqama fikir verməməklərinin səbəbi isə sağlamlıqlarına soyuqqanlı yanaşmalarıdır”.