Ailədə 1 uşaq, yoxsa 5 uşaq? - Azərbaycan əhalisi sürətlə qocalır

“Son 22 ildə ölkədə ahılların sayı 99,44 faiz artıb”.

Bu sözləri "Yeni Sabah"a sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, ümumi düşüncənin əksinə, Azərbaycanda demoqrafik ləngimə müşahidə olunur:

“Məsələn, 2023-cü ilin statistikasına baxsaq, görərik ki, həmin il əvvəlki ilə nisbətən demoqrafik artımda 15% enmə müşahidə olundu. 2024-cü ildə də oxşar tendensiya özünü göstərdi.

"Sosial xidmətin inkişafəna dair Dövlət Propqramı"nda qeyd olunub ki, son 22 ildə əhalinin sayı 26,4 faiz artsa da, ahılların sayı 99,44% artıb. Bu o deməkdir ki, təbii artımda bir qədər ləngimə var. Bunun ilkin səbəbi nədir? Azərbaycanda nikaha girənlərin sayında azalma var.

Eyni zamanda, gənclərin sayı da azalıb. Misal üçün, 10 il qabaq gənclər ölkə əhalisinin təqribən 29-30 faizini təşkil edirdi. Bu gün gənclər ümumi əhalinin 21-22 faizini təşkil edir.

Nəzərə almalıyıq ki, boşanmaların da statistikasında artım var. Bunlar hamısı təbii artıma mənfi təsir göstərən amillərdir”. 

Sosioloq qeyd edib ki, dünyanın bir çox ölkələrində əhalinin təbii artımının təşviqi üçün bir sıra addım atılır:

“Ölkələr çalışır ki, demoqrafik artımı təşviq etsinlər. Türkiyə prezidenti Ərdoğan həm bizə, həm öz ölkəsinə müraciət etdi. O bildirdi ki, ailə planlaşdırmasında Azərbaycan üçün 5 uşaq, Türkiyə üçün 3 uşaq olsa, daha yaxşı olar. Təbii artımı təşviq etmək üçün əlavə tədbirlər görməyə zərurət yarana bilər.

Hətta bu yaxınlarda Milli Məclisdə "çoxuşaqlı ailə" anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təklif irəli sürüldü. Əslində, məqsəd Azərbaycanda təbii artımı təşviq etmək, dəstək olmaqdır. Yəni 5 uşağa nəzərdə tutulan imtiyazlar 3 uşaqlı ailəyə də tətbiq olunacaq. Yəni hər uşağa görə verilən 105 manat onlara da veriləcək. Əlbəttə, əgər bu qanun qəbul olunarsa.

Əgər təbii artım aşağı düşürsə, mexaniki artım yüksəlir. Yəni miqrantların hesabına əhali arta bilər. Bu, genefond təhlükəsizliyi üçün problem yaradır. Hazırda Avropa ölkələrinin bir çoxu bu təhlükə ilə üz-üzədir. Belə problemin ölkəmizdə yaşanmaması üçün çalışmalıyıq ki, təbii artım yüksək səviyyədə olsun”.

Share on Facebook