Qanunsuz kömür quyusu aşkarlandı

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Gültəpə kənd sakini Əlövsət Muradov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Teleqramda Azərbaycan vətəndaşlarına qarşı dələduzluq edən nigeriyalılar saxlanılıb

Sosial şəbəkədə Azərbaycan vətəndaşlarını şirnikləndirici vədlər müqabilində dələduzluq edərək aldadan nigeriyalılar saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-ə sosial şəbəkədə Azərbaycan vətəndaşlarının xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadıldığı və külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub: “Bu məlumatlar dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən teleqram sosial şəbəkəsində həyata keçirilib. Həmçinin araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib. Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları - Ejiofor Onyekachu Benedict və Emere Onyebuchi Christiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar. Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları "Philips Tomas Ben" və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər. Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vasaitlarini ələ keçiriblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib. "Sonda bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.

Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan İlham Şahmar oğlu Dadaşov vəfat edib. Sozcu.az xəbər verir ki, o, 48 yaşında uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, İ.Dadaşov 1975-ci ilin iyulun 5-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, Vətən müharibəsinin ilk günlərindən komandir vəzifəsində döyüşlərə cəlb olunub. Bir neçə rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə tabeliyində olan hərbçilərlə birlikdə iştirak edib. O, 2020-ci ilin oktyabrın əvvəlində şiddətli döyüşlərin birində travma alıb və müalicə üçün hospitala yerləşdirilib. Qısa müddət ərzində müalicəsini başa vuraraq yenidən döyüşlərə qatılıb. İ.Dadaşov Vətən müharibəsi zamanı göstərdiyi igidliyə, şücaətə və qəhrəmanlığa, eləcə də döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü", "Vətən uğrunda" və digər medallarla təltif edilib. O, ailəli idi və iki övladı var. Allah rəhmət eləsin!

Narkotikin bir dəfə qəbulu ilə asılılıq arasında bir addım var

"Narkotik maddələrin bir dəfə qəbulu ilə narkotik asılılıq arasında yalnız bir addım var". Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova deyib. O bildirib ki, yeniyetmələr arasında narkomaniyanın yayılma səbəbi narkotik maddənin zərərləri haqda məlumatın az olmasıdır: “Həmçinin yeniyetmələr daha çox eksperiment aparmaq istəyindən, çox vaxt sadə marağın olmasından narkotik istifadə etməyə başlayırlar. Təəssüf ki, bəzi yeniyetmələri formalaşmamış psixika ilə və düzgün məlumat əldə etmədiklərinə görə, onları bu yola çəkmək daha asan olur. İlkin olaraq narkotik vasitələrin törətdiyi fəsadlar haqda maarifləndirici tədbirlər yeniyetmələr və gənclər arasında aparılmalıdır. Gənclər və yeniyetmələr bilməlidirlər ki, narkotik maddələrdən istifadə etmək, oyun əyləncə deyil, bu, çox ağır xəstəlikdir". “Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar. Narkotikləri vena daxilinə yeridən xəstələr arasında İnsanın İmmunçatışmazlığı Virusu (İİV), sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur", - həkim-narkoloq vurğulayıb.

Bu gün geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması gözlənilir. Bu barədə Sozcu.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib. Bildirilib ki, kosmik hava durumuna görə, hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub. M (R1-R2) və C sinif alışmalar baş verib. Günəşin səthində ləkələrin sayı artıb. Hal-hazırda 12 ləkə qrupu və 197 ləkə müşahidə olunur. Günəşin səthində Tac dəliyi müşahidə olunur. Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1.67). Günəş küləyinin sürətinə 11 iyulda müsbət qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri gözlənilir. Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

Toyda zəhərlənənlərdən birinin vəziyyəti ağırdır - TƏBİB

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.  TƏBİB-dən Sozcu.az-a verilən məlumata görə, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib. 09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb.  Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır. 

Bakıda insident: bibisi oğlunu bıçaqladı

Bakıda 37 yaşlı şəxs bibisi oğlunu bıçaqlayıb. Sozcu.az xəbər verir ki, hadisə iyulun 10-u saat 03 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaq xəsarəti yetirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Şabranda ağır yol qəzası: Ölən və yaralananlar var

Şabran rayonunda ağır yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Səfərov Əli Sərvan oğlu və 1980-ci il təvəllüdlü Talışınski Kamil Davud oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı ölmüş daha 3 nəfərin kimliyi müəyyənləşdirilir. Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bərdədə əlil arabasında olan şəxsi vuraraq qaçan sürücü tutuldu

Daxili İşlər Nazirliyi Bərdədə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, iyulun 6-da saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonunun ərazisindən keçən hissəsində sürücü - 1987-ci il təvəllüdlü, Bərdə rayon sakini Sadiq Sadıqov "VAZ-2107" markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 1951-ci il təvəllüdlü, Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub. Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

“Bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki müəllimlərə”

“Müəllim peşəsini seçən adam “mən gedib ölkənin harasında olsa, azərbaycanlı uşaqlara dərs keçəcəyəm” düşüncəsində olmalıdır. Evimin yanında işləyəcəyəm deyə düşünməməlidir”. Sozcu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin  Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə bildirib. Nazir qeyd edib ki, sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar: “Çalışırıq ki sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar. Savadsız müəllim bütün cəmiyyətin problemidir. Savadsız adamın məktəbdə işi yoxdur, onların məsələsinə sonra baxmaq olar. Ola bilər ki, sertifikasiyadan keçə bilməyən nüəllimlər qeyri-tədris sahəsində işləyə bilsinlər. Mənim bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki həmin adamlara”.

Naxçıvan aeroportunda biabırçılıq: "Pilot "uçamayacam" dedi..." — Türk jurnalist video paylaşdı

Dünən Naxçıvandan Bakıya təyyarə reysi təxirə salınıb və onlarla insan hava limanında gecələmili olub.  Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə türk jurnalist Cabbar Şıktaş məlumat verib.  O, hava limanındakı vəziyyətdən yazıb: "Belə rəzalət heç vaxt görməmişdim. Bakıya getmək üçün saat 23:45-də Naxçıvan Hava Limanında təyyarəyə mindim və həmin vaxt uçmalı idik. Təyyarə boş yer olduğundan bir saata yaxın gözləməli olduq. Yəni bu saat ərzində sərnişinlərin gəlişini izlədik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik, lakin Naxçıvandan Bakıya uçan sərnişinlər bu vəziyyətə etiraz etdilər.  Sərnişinlərin etirazını görən pilot anons verərək, "Uçmayacağam, təyyarədən enib evinizə gedin” dediyi üçün saatlarla təyyarədə gözləməli olduq. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədi. Nə rəsmi şəxs qarşımıza çıxıb nəsə dedi, nə də vətəndaşa başa salan olmadı ki, reys niyə təxirə salındı? Körpələr, uşaqlar, qadınlar, qocalar acınacaqlı şəkildə taleyin ümidinə buraxılıb, hava limanında gecələməli oldular. Hazırda hava limanının gözləmə zonasındayıq. Nə gələn var, nə də gedən”. "Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova Qaynarinfo-ya bildirib ki, məsələ ilə bağlı açıqlama verə bilməyəcəklər:  "Çünki Naxçıvan Hava Limanı bizim tabeçiliyimizdə deyil. Ona görə də, sözügedən limanla əlaqə saxlamağınız tövsiyyə edilir”.

Azərbaycanın məşhur aparıcısının vəziyyəti pisləşdi - Durumu ağırdır

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib. Sozcu.az Gununsesi.info-ya istinadla bildirir ki, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib. Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.