Yol polisi birinci qrup əlilə bir gündə iki dəfə cərimə yazdı - Şikayət - FOTO

Ordubad rayonu, Kələki kənd sakini, birinci qrup əlil Qafqaz Hüseynov Dövlət Yol Polisi əməkdaşları tərəfindən bir gündə iki dəfə qanunsuz olaraq cərimələnib. O, bu barədə Bakupost.az -a şikayətində bildirib. Q.Hüseynovun sözlərinə görə, avtomobili özünün idarə etməsinə fiziki imkanı yoxdur: "Birinci qrup əliləm. Avtomobili dost-tanış pul yağıb alıb ki, harasa gedəndə əlil arabası ilə gedə bilim. Maşın elə düzəldilib ki, əlil arabası salona yerləşir. Özüm anadangəlmə əlil olduğum üçün maşını sürə bilmirəm. Ona görə də arada harasa getmək lazım olanda həmkəndlim Səmədi çağırıram ki, gəl, maşını sür gedək. Yəni avtomobil ancaq mən içində olanda hərəkət edir. Səmədin də sürücülük vəsiqəsi var. Ona görə də ona etibarnamə verməyə ehtiyac görməmişəm". Q.Hüseynov deyir ki, DYP əməkdaşları "Sürücülük hüququ olmadan avtomobil idarə etmək" maddəsi ilə ona bir gündə iki dəfə cərimə yazıblar: "Cərimələrdən birinin məbləği 300, digərininki isə 100 manatdır. Düşünürlər ki, maşın mənim adınadır, başqa adama etibarnamə verməmişəm deyə, yəqin özüm sürürəm. Ancaq mən hər dəfə maşın hərəkətdə olanda onun içində oluramsa, Səmədə etibarnamə verib-verməməyin nə mənası var? Üstəlik Azərbaycanda üztanıma kamerası yoxdur ki, bunlar kameradan baxıb maşını sürənin kim olduğunu təyin etsinlər. Bu halı ancaq və ancaq DYP işçisi aşkar edə bilər. Amma buna baxmayaraq, mənə bir gündə iki dəfə cərimə yazıblar. Bu, tamamilə qanunsuzdur".

Azərbaycanda arxiv sənədlərinin verilməsinə görə dövlət rüsumu ləğv edilib

Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilir. Bu barədə Azərbaycan Prezidentinin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunda göstərilib. Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edillib. Qeyd edək ki, mövcud qanuna görə, Milli Arxiv İdarəsi tərəfindən hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü ərzində verilməsinə görə 20 manat, 5 iş günü ərzində verilməsinə görə 10 manat rüsum hesablanırdı. Bundan əlavə eyni xidmətlər fiziki şəxslərə 3 gün ərzində göstərildikdə 10 manat, 5 gün ərzində göstərildikdə isə 5 manat rüsum ödənilirdi. Daha uzun müddətə göstərilən xidmət üçün isə heç bir rüsum tələbi yoxdur.

Yevlaxda güllələnən şəxsin anası: Bir gün əvvəl oğlum...

Yevlax şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub. Sozcu.az-ın report-a istinadən məlumatına görə, bu gün günorta saatlarında Yevlax şəhərində 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibov küçədə başından güllələnərək qətlə yetirilib. Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı: “Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər”-deyə mərhumun anası bildirib. Qeyd edək ki, Ə.Nəsibov küçədə onu öldürməyə cəhd edən şəxsdən qaçmağa çalışsa da buna nail ola bilməyib və “Makarov” tipli tapançadan alın nahiyəsinə açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1989-cu il təvəllüdlü Saleh Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Şəxsi münasibətlər zəminində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Endirim, yoxsa fırıldaqçılıq?

Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir. Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90 faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında daha çox rast gəlinir. Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq, hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu üzə çıxarır.  “Endirim” sözü varsa, aldadılma faktı var Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bizim.media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox ustalıqla işləndiyini və tətbiq edildiyini bildirib: “Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o deməkdir ki, aldadılma faktı var. Yəni məhsulun istifadə müddəti ya başa çatıb, ya da az qalıb. Yaxud da xüsusiyyətini itirib, yararsızdır, vaxtı keçib, xarab olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür. İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya dəyərindən baha satılır. Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə, məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim edilir. Ancaq yenə də bu, maya qiymətindən ən azı 2 dəfə yuxarıdır”.  Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb: “Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”. Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar “Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektlərində eynidir. Bu da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə olunmalıdır”.  Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizi öz hüquqlarını bilmir: “Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.   

“Tiktok Azərbaycanda bağlanmalı, onlar cəzalandırımalıdır”

“Biz hazırda sosial şəbəkələrin köləsinə çevrilmişik”. Bu sözləri “Yeni Sabah”a tanınmış aparıcı Yusif Ağayev bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yalnız qalmaqallı paylaşımlar gündəmə çevrilir: “Mən bütün dünya ölkələrini gəzmiş adamam. Həmin səyahətlərdən çoxlu fotoşəkillərimi sosial şəbəkə hesablarımda paylaşmışam. Ancaq bu paylaşımlar heç kəsin diqqətini cəlb etmir. Qalmaqallı məlumat paylaşsam, əksinə, çoxlu izlənmə və bəyənmə gələr. İnsanlar da bunu istəyir. Bu hal isə onu sübut edir ki, biz artıq sosial şəbəkələrin köləsinə çevrilmişik. Dünyanın istənilən yerində reallıq bundan ibarətdir. Paylaşımları yalnız bəyənmə, şərh, izləyici xətrinə edirlər. Artıq sosial şəbəkələr cəmiyyətə hökm edir”. Tanınmış aparıcı qətiyyətli şəkildə qeyd edib ki, Tiktok sosial platformasının ölkəmizdəki fəaliyyətinə son verilməlidir: “Birmənalı şəkildə bildirirəm ki, Tiktok Azərbaycanda bağlanmalıdır. Biz bu platformada nələr-nələr görürük? Burada nələr yoxdur? Bu sosial şəbəkəyə ciddi nəzarət lazımdır. Sərgilənən bəzi davranışlar cəzalandırılmalıdır. Tiktoka əncam çəkilməlidir. Orada nümayiş edilənlər bizim cəmiyyətimizi təbliğ edir. Bu o deməkdir ki, biz ancaq bundan ibarətik? Axı bizim millətimizin o qədər gözəl xüsusiyyətləri, paylaşılıb-göstərilməli adət-ənənələrimiz, təbliğ olunmalı davranışlarımız çoxdur”.

“Hərbiçilərin xeyli hissəsi kreditə girib” – Maaş artımı nəyi dəyişəcək?

2024-cü il yanvarın 1-dən Azərbaycan Müdafiə Nazirliyinin, daxili qoşunların, sərhəd xidmətinin, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşları 20 faiz artırılır. Bununla bağlı noyabrın 7-də prezident İlham Əliyev fərman imzalayıb. Həmin tarixdə başqa fərmanla Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq xidmət çəkən hərbi qulluqçularının isə maaşları 2.1 dəfə artırılıb. Amma Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinə dair rəyindən belə çıxır ki, müharibə veteranlarının müavinətləri artmayacaq. Hazırda müavinətin məbləği 80 manat təşkil edir. Bu ilin əvvəlində ölkədə bir sıra sahələr üzrə müavinətlər artsa da, onda veteranlar diqqətdən kənarda qalmışdı. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Turan-a bildirib ki, gələn il büdcəsinin əsas istiqamətləri məhz təhlükəsizlik, Qarabağ və sosial məsələlərdir: "Ona görə də orduda məvaciblərin artması çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Kifayət edib-etmir məsələsi isə bir az nisbidir. Bəzi adamlar var ki, 1 milyon versən də, deyəcək azdır". Komitə üzvünün fikrincə, artımlar davam edəcək: "2024-cü ilin büdcəsində də müəyyən artımlar nəzərdə tutulub". Veteranlara verilən müavinətə gəlincə, Nağıyev qeyd edib ki, həmin 80 manat, əsasən, veteranların kommunal xərcləri üçün nəzərdə tutulub: "Milli Məclisin komitə iclasında da belə bir təklif olundu ki, kommunal xərclər artdıqca, bu 80 manat da indeksasiya edilsin". Rəsmi qurumlar bildirirlər ki, həmin 80 manat müavinət olduğundan onların hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı gündəmə gətirilməsi düzgün deyil. Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, maaşlarda son artım da yetərincə deyil: "Çünki bizim hərbi qulluqçularımızın xeyli hissəsi bu gün də kreditə girmiş şəxslərdir və bundan xeyli əziyyət çəkirlər". Ekspertin təxmininə görə, artım 20-40 faiz arası gözlənilirdi, amma 20 faiz artırıldı: "Görək bunu da bir neçə il əvvəlki kimi etməyəcəklər ki? Yəni, artım hərbçilərin bütöv aldıqları maaşa, yoxsa vəzifə maaşına tətbiq olunacaq? (fərmanlarda söhbət vəzifə maaşından gedir) Hər halda bu, orduya bir diqqət, qayğıdır, amma daha çox olsa, yaxşı olar". Ü.Cəfərov deyir ki, ehtiyatda və istefada olan hərbçilərə bu artımlar şamil olunmayacaq: "Ona görə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özbaşına "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunu dəyişdirdi, biz olduq mülki şəxslər və əmək pensiyası alırıq". Onun sözlərinə görə, veteranların aldığı 80 manat müavinətin məbləğinin gələn il artması gözlənilir: "Hər halda təklif verilib, nə qərar veriləcək - yaxın günlərdə biləcəyik".

Kəlbəcərdə at oğruları həbs edildilər

Lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə qeyri-qanuni şəkildə keçərək orada erməni sakinlərdən qalmış atları Goranboya gətirən şəxslər həbs ediliblər. Xocalı şəhər sakini olan və Mingəçevirdə yaşayan 1972-ci il təvəllüdlü Oqtay Hüseynov və qardaşı oğlu, Xocalıda qeydiyyatda olan, Goranboyun Börü qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Şahin Hüseynov məsuliyyətə cəlb ediliblər. Belə ki, həmin şəxslərin bir neçə gün əvvəl müvafiq qaydada icazə olmadan Kəlbəcər rayonuna, minalanmış əraziyə daxil olması və sahibsiz qalan atları Goranboy ərazisinə gətirmələri məlum olub. Hər iki şəxsin Gülüstan kəndi istiqamətindən Kəlbəcər rayonu - Sərsəng su anbarı istiqamətinə getmələri və oradakı heyvanları Börü kəndinə gətirmələri müəyyənləşib. Polis əməkdaşları Börüyə gedərək həyətə baxış keçirərkən həmin şəxslər müqavimət göstəriblər və atları necə əldə etmələrini gizlətməyə çalışıblar. Bundan sonra əmi və qardaşı oğlu saxlanılıb və barələrində inzibati protokol tərtib edilib. Goranboy Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə səkkiz sutka inzibati həbs cəzası verilib. /“Qafqazinfo/

Şuşada ağır qəza: şirkət əməkdaşları yanaraq öldü

Şuşada 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb. Sürücü Elvin Abbasov idarə etdiyi "Nissan Navara" markalı avtomobil ilə hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda istintaq davam etdirilir. Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.

Bakıda DƏHŞƏT: Ana azyaşlı qızı ilə birgə özünü binadan atdı - YENİLƏNİB - FOTO

Bakıda intihar edən ana və qızının kimliyi müəyyən olunub. Hadisə zamanı ölən ana 39 yaşlı Tarverdiyeva Pərvanə Bilal qızıdır. Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq sağ qalan isə onun qızı 15 yaşlı Z.Tarverdiyeva Zamin qızıdır. İntiharın hansı səbəbdən baş verməsi hələlik bilinmir. (Oxu.az) *** Bakıda dəhşətli intihar hadisəsi baş verib. Hadisə bu gün paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb. Ana azyaşlı qızı ilə birgə özünü 9-cu mərtəbədən atıb. Nəticədə ana ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır. (lent.az)

Kifayət qədər qazımız var: Qaz limiti ləğv olunsun! – Təklif

Azərbaycanda qaz limitinin ləğv olunması təklif olunub. Sozcu.az xəbər verir ki, bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib. "Kifayət qədər qazımız var və buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm", - deyə deputat bildirib.

Azərbaycanda alimentin məbləği ARTIRILDI

2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 235 manata olacaq. Sozcu.az xəbər verir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanununa əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Qeyd edək ki, 2023-cü il üçün alimentin minimum məbləği 220 manat olub.

Bakıda bu həyət evlərinin qiyməti ucuzlaşacaq: “Orada heç kim yaşamaq istəməyəcək”

Oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur. Bəs kommunal istiqamətdə edilən ciddi dəyişiklik fərdi yaşayış evlərinin də qiymətlərinə təsir edəcəkmi? Mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu dəyişikliyin qiymətlərə də təsir edəcəyini bildirib: “Yeni qərar həm çıxarışlı torpaq sahələrinin, həm də çıxarışlı həyət evlərinin qiymətini artıracaq. Digər tərəfdən çıxarışı olmayan torpaq sahələrinin və tikilməkdə olan həyət evlərinin qiymətlərində kəskin enmələr olacaq. Çünki torpaq sahəsi alan adam orada nə isə tikmək istəyir, evi tikdikdən sonra həmin adam kommunikasiya xətləri çəkə bilməyəcəksə, təbii ki, orada heç kim yaşamaq istəməyəcək, istəsə belə yaşaya bilməyəcək. Bu qiymətlərə ciddi şəkildə təsirini göstərəcək”. Ekspertin sözlərinə görə, çıxarışsız evlərə çıxarışların verilərsə, bu, dövlətin də böyük gəlir əldə etməsinə səbəb olacaq: “Təbii ki, bu addım çıxarışsız həyət evlərinin sayının azalması üçün atılıb. Çünki yüz minlərlə çıxarış ala bilməyən fərdi yaşayış evləri var. Amma həm də buna alternativ addımlar atılmalı idi. Düşünürəm ki, çıxarışı olmayan evlərin çıxarışla təmin olunmasına başlanmalı və paralel olaraq digər istiqamətdə işlər görülməli idi. Hələ ki, tikintilərin dayandırılması ilə bağlı bu cür addım atılıb deyə düşünürəm. Yəqin ki, bu addım effektiv olar.  Amma istənilən halda, çıxarışı olmayan həyət evlərinə çıxarışların verilməsi yalnız vətəndaşların hüquqlarının qorunub tanınması deyil, bu həm də dövlətin bu sahədən böyük gəlirlər əldə etməsinə səbəb olacaq. Çünki bu sahədə olan boşluqlara görə - çıxarışların olmamasına görə dövlət ciddi şəkildə itkilərə məruz qalıb.  Çıxarışı olan həyət evləri əmlak vergisi, torpaq vergisi ödəyir, sığortalanır, alqı-satqı zamanı hər kvadratına görə vergi ödənir və s. Amma çıxarış olmadığı halda dövlət bu gəlirlərdən məhrum olur. Bu baxımdan işlər paralel aparılsaydı, daha yaxşı olardı.  Nəticə olaraq, yeni qərar çıxarışlı həyət evlərinin qiymətini artıracaq, çıxarışı olmayanların qiyməti isə aşağı düşəcək”.