Ceyhunu ermənilər qətlə yetirib?

Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölümü ilə bağlı cinayət işi açılıb. C.Hüseynovun qətlə yetirilməsinin dəqiqləşməsi ilə bağlı açılan cinayət işinin maddəsi onun erməni silahlı birləşmələri tərəfindən öldürülməsi ilə bağlı şübhələr yaradır. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.12-ci, yəni, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsinin tətbiq edilməsi bunu deməyə əsas verir. Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan istintaq tədbirlərinin yekununda məlum olacaq. Hazırda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir. Elə Ceyhunun itkin düşməsi ilə bağlı ilkin xəbər yayılandan bir neçə saat sonra erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyi ilə bağlı məlumat yaymışdı. Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun hərbi qulluqçusunun sərhədi keçmə ehtimalı ilə bağlı məlumata sahib olmadığını bildirmişdi. Ermənistan silahlı birləşmələrinin bu ilin fevral ayında Zəngilanda atəş açaraq sərhədçimizi yaraladığı, hərbçilərimizin minaya düşərək şəhid olduğu, erməni diversantın gizli şəkildə Kəlbəcərə keçərək diversiya cəhdi göstərdiyi və digər hadisələrdə, eləcə də separatçıların lideri olmuş Arayik Arutyunyana da qeyd edilən maddə üzrə cinayət işləri açılıb. Qeyd edək ki, Ceyhun Hüseynovun meyiti itkin düşdükdən 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib. Habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur. Onu da əlavə edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb. Xatırladaq ki, Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub.

Evlənənlərin yarısı boşanıb – Statistika

Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 min 859 nikah qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, həmin dövrdə 6 min 933 boşanma qeydə alınıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb”.

Hazırda sıxlıq olan yolların SİYAHISI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində; 4. Tbilisi prospekti, hər iki istiqamətdə; 5. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində; 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 11. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;  12. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 13. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 15. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 16. "20 Yanvar" dairəsində; 17. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur

Azərbaycanda şəhid ailələrinin hüquqları ARTIRILIR

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanununda dəyişiklikdə qeyd olunub. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb. Bu xüsusda, sözügedən qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsiməqsədilə hazırlanıb.

Ətin qiyməti ilə bağlı bədbin proqnoz: Bahalaşması qaçılmazdır!

“Yaxın vaxtlarda ətin qiymətində kəskin artım müşahidə olunacaq”.  Bu sözləri “Yeni Sabah”a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ətin qiymətindəki artım gözləniləndir:  “Çünki bir çox örüş sahələri fermerlərin əlindən alınıb. Demək olar ki, 52-54 aqropark yaradlıb və hamısı da bələdiyyələrin əlindədir. Kəndlilərin əlindən alınaraq, onlara verilib. Hazırda kəndlinin heyvan otarmaq üçün heç bir şansı yoxdur. Bu gün nəinki qurban kəsməyə heyvan tapmaq və münasib qiymətə ət almaq mümkündür, hətta kənddə yaşayanların da heyvanı yoxdur. Örüş sahələrinin azalması öz nəticəsini göstərir və bu nəticələr heç də kiçik statistika deyil. Təkcə keçən ilin hesablamalarına görə, 700 mindən çox xırdabuynuzlu, 125 min baş iribuynuzlu heyvan sayında azalma var idi. Azərbaycana əsasən, Rusiya və Gürcüstandan diri heyvanlar gətirilir. Artıq keçən aydan etibarən isə, Rusiyadan gətirilən heyvanların idxalına bu canlılarda xəstəlik aşkar olunduğu üçün məhdudiyyət qoyulub. Ehtimal var ki, bu məhdudiyyət Gürcüstan idxal olunan heyvanlara da bu tətbiq olunacaq”.  Ekspert bildirib ki, fermer samanın bir bağlamasını 5 manata, yemin kilosunu isə 60-70 qəpiyə aldığı təqdirdə, ucuz qiymətə ət satmaq mümkün deyil:  “Kənd təsərrüfatı yarmarkaları təşkil olunur və kəndlinin məhsulu ucuz qiymətə satışa çıxarılır. Lakin indiyə kimi heç vaxt illərə görə kənd təsərrüfatı məhsullarının maya dəyəri hesablanaraq, elan olunmur. Əslində, satış bu hesablamaya əsasən aparılmalıdır. Bu kimi səbəblərdən dolayı, kənd təsərrüfatı getdikcə tənəzzülə uğrayır. Baxmayaraq ki, dövlət ciddi dəstək verir, subsidiyalar ödənilir, vergidən azad olunub. Bütün bunlara rəğmən dəyər zənciri düzgün formalaşmadığı üçün məsələ daha ağır vəziyyət alacaq.  Örüş sahələrini məhv edib, yerində taxıl, qarğıdalı, buğda əkildiyi üçün heyvandarlığa ciddi ziyan dəyib. Artıq mayasından aşağı qiymətə ət almaq dövrü bitib. Qiymətlərin daha da bahalaşması qaçılmazdır. Azərbaycan vətəndaşı daha baha ət almağa hazır olsun. Xaricdən dondurulmuş ətlər gətirilir və həmin səbəbdən hazırkı qiymətlər qüvvədədir. Ancaq ümidimiz təkcə daxili imkanlara qalsa, gələcəkdə dəhşətli qiymət artımı ilə üz-üzə olacağıq”. 

Azərbaycanda III kurs tələbəsi vəfat etdi

Azərbaycanda tələbə vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə onun təhsil aldığı Azərbaycan Texnologiya Universitetinin sosial şəbəkə hesabında məlumat verilib.  Qeyd olunub ki, universitetin “Turizm işinin təşkili” ixtisasının 3-cü kurs tələbəsi Ergün Əliyev dünyasını dəyişib. 

"Azəriqaz" İB-nin Ağsu Rayon Şöbəsinin Işçiləri kütləvi şəkildə işlərindən azad olunurlar

Ölkədə işsizliyin artmasına rəvac verən hansı qurumdur? Məqsəd? Müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. Aldığımız məlumatda yazılıb ki: -Azəriqaz İB Ağsu Regional Qaz İstismar İdarəsinin Ağsu xidmət sahəsində çalışan (ictimai işlər üzrə) işçiləri kütləvi şəkildə işlərindən azad olunurlar. Həmin işçilər fəhlə köməkçisi işləyirdilər. 2016 cı ildə işə daxil olan işçiləri çıxarıblar. Heç bir səbəb göstərmədən işçilərlə bağlanmış Əmək Müqaviləsinin müddəti  artırılmayıb. İşçilərlə müqavilə 1 aydan bir bağlanırdı. Əmək müqaviləsi hər ay  avtomatik yenilənirmiş. Məndə olan məlumata görə 20- yə yaxın işçi, işindən azad olunub. Hal hazırda rəsmi olaraq 14 nəfər çıxarılıb. İşdən azad olunanlar arasında şəhid ailələri də var. Bu say 110 nəfərə kimi artacaq.   Siyahi Dost Mərkəzindən göndərilib və bu hər ay davam edəcək.  Sonda: sözün ,insafın ,ədalətin və qanunun bitdiyi yer. Mirvari Qəhrəmanlı, Hüquq müdafiəçisi "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri

Dayı bacısı oğlunu ağacla döyüb öldürdü

Ağcabədi rayonunda qətl hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, rayonun Pərioğullar kəndinin ərazisində yerləşən fermada çoban işləyən İmişli rayon sakini 1985-ci il təvəllüdlü Natiq Babayev bacısı oğlu 2017-ci il təvəllüdlü Anar Əhmədovu ağacla döyərək öldürüb. N.Babayev polislər tərəfindən saxlanılıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Şəhid sərhədçilərin vida mərasimi keçirildi

İyunun 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtər rayonunda, əsgər Əli Elşən oğlu Nağıyev ilə Gəncə şəhərində vida mərasimi keçirilib. DSX-nin mətbuat mərkəzindən Sozcu.az-a verilən məlumata görə, vida mərasimlərində şəhidlərin əzizləri, dövlət və hökumət rəsmiləri, DSX-nın rəhbər şəxsləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə mayor B.Baxışlının və əsgər Ə.Nağıyevin şərəfli xidmət yoluna nəzər salınıb, şəhidlik zirvəsinə ucalmış silahdaşlarımızın əziz xatirəsi daim ürəklərdə yaşayacağı, xalqımız tərəfindən böyük minnətdarlıqla yad ediləcəyi vurğulanıb. Şəhidlərimiz Vətən torpağına əmanət edilib, ruhlarına dualar oxunub, yaylım atəşi açılıb və hər birimizin fəxarət rəmzi olan üçrəngli Dövlət bayrağı ailələrinə təqdim olunub. Sonda məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Yağış yağacaq, çaylardan sel keçəcək - Növbəti XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 11 və 12-si əsasən gecə və səhər saatlarında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Sozcu.az xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 12-si axşamadək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan və Lənkəran-Astara bölgələrinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Şəmkirdə dərmandan zəhərlənən 40-a yaxın inək öldü - Fotolar

Şəmkirdə 37 baş inək dərmandan zəhərlənərək tələf olub. Sozcu.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,hadisə rayonun Morul kəndində qeydə alınıb. Kənd sakini olan Anar Məmmədovun təsərrüfatında inəklər zəhərlənərək ölüb. Fermer Anar Məmmədov APA-nın yerli bürosuna bildirib ki, fərdi təsərrüfatında bəslədikləri inəkləri dezinfeksiya etmək üçün Şəmkir rayonunda yerləşən baytarlıq aptekindən “Niastol” adı ilə dərman alıb. Həmin dərmanla mal-qaranı dezinfeksiya etdikdən təxminən 40 dəqiqə sonra heyvanların arasında kütləvi ölüm hadisəsi baş verib. Onun sözlərinə görə, baytarlıq aptekindən aldığı dərman “Niastol” deyil, başqa zəhərli dərman çıxıb. Anar Məmmədov həmin aldığı dərmanın adiyyatı qurumlar tərəfindən yoxlanılmasını istəyir. Hazırda inəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.

Külək, yağış, duman - FAKTİKİ HAVA

İyunun 9-u saat 9:00-a olan faktiki hava açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyunun 9-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.  Şimşək çaxıb, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.  Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 36 mm, Goranboyda 30 mm, Bərdədə 24 mm, Yevlaxda 22 mm, Gədəbəydə 20 mm, Daşkəsəndə 18 mm, Naftalanda 16 mm, Qaxda 13 mm, Qəbələ, Gəncə, Göygöldə 12 mm, Lerikdə 10 mm, Zaqatalada 8 mm, Qusar, Şahdağ, Balakən, Ağstafa, Tovuzda 7 mm, Şəmkir, Ordubadda 6 mm, Göyçay, Qrız, Ağdam, Oğuz, Tərtər, Quba, Naxçıvan, Lənkəran, Astara, Zərdab, Mingəçevir, Altıağac, Şahbuz, Culfa, Şamaxı, Biləsuvar, Neftçala, Yardımlı, Xaltan, İsmayıllı, Qax, Ceyrançöldə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.  Şahdağ, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.  Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 24 dərəcəyədək isti olub.