“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərazisi işğaldan azad olunmuş müxtəlif rayonlardan olan məcburi köçkünlərdən Xankəndiyə köçməklə bağlı çoxsaylı müraciətlər gəlir”. Sozcu.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. “Nəzərinizə çatdırırıq ki, ərazisi işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə aparılır. Bu zaman məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər. Buna uyğun olaraq, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur”, - məlumatda deyilir.
Azərbaycanda Qarabağ müharibəsi iştirakçılarının sayı, onların gəzdirdiyi “Veteran vəsiqəsi” və bu imtiyaza görə aldıqları Prezident təqaüdü hər zaman müzakirə mövzusu olub. Modern.az saytı bununla bağlı Dövlət Statistika Komitəsindən rəsmi məlumat əldə edib. Komitənin rəsmi statistikasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin sayı 2023-cü il oktyabrın 1-nə 179.840 nəfər təşkil edib. “Veteran vəsiqəsi”nə malik Qarabağ müharibəsi iştirakçılarının hər birinə hazırda ayda 80 manat Prezident təqaüdü verilir.
“Anladığım qədəri ilə Nərimanov rayonunda sökülən binalar dövlət ehtiyacı üçün deyil. Bunlar, sadəcə, köhnə binaların yenilənməsi üçün həyata keçirilən kommersiya layihəsidir”. Bu sözləri Yenisabah.az-la söhbətində iqtisadçı ekspert Natiq Cəfərli deyib. Müsahibimiz paytaxtın Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan söküntü işləri çərçivəsində yenidən gündəmə gələn kompensasiya məbləğlərindən söz açıb. Xatırladaq ki, sözügedən ərazidə yaşayan bina sakinləri bildirib ki, bir otağa 120 min kompensasiya verilir. Sakinlərin sözlərinə görə, evin hər kvadratına 4 min manat düşür və 3 otağa 280 min verilməli olduğu təqdirdə onlara 175 min təklif olunub. N.Cəfərli isə söyləyib ki, burada artıq kommersiya müəssisəsi tərəfindən qiymətin diktə edilməsi mümkün deyil: “Çünki ümumi razılıq olmadan insanların mülkiyyətinə toxunmaq olmaz. Dünyada bununla bağlı qəbul olunmuş qaydalar var. Azərbaycan qanunlarına görə də dövlət ehtiyacına görə söküntülər beynəlxalq və yerli əhəmiyyətli yol və enerji infrastrukturu, təhlükəsizliklə bağlı məsələlər, eləcə sərhədyanı zonalara aiddir. Burada dövlət razılaşdırılmış qaydada qiymət təyin edir. Hətta orada belə vətəndaş dövlətin təklif etdiyi qiymətlə razılaşmadığı təqdirdə 200 gün ərzində məhkəməyə müraciət edə bilər”. Onun sözlərinə görə, bu gün Azərbaycanda çox qəribə bir tendensiya yaranıb ki, kommersiya şirkətləri söküntü apararkən özləri qiymət təyin edirlər: “Bunlar doğru yanaşma deyil. Doğru yanaşma belə olmalıdır ki, bina sakinləri öz səlahiyyətlərini təqdim etmək və danışıqlar aparmaq üçün qrup təyin etməlidir. O qrup da kommersiya müəssisəsi ilə anlaşmalıdır və yaxud da ayrı-ayrı sakinlərin hər biri ilə anlaşma müqavilələri imzalanmalıdır. Yəni burada kommersiya şirkətinin qiymət diktə etməsi mümkün deyil və qanun da buna icazə vermir”. “Mülkiyyət toxunulmazlığı qaydaları”na görə məni razı salmayana qədər mənzilimdən çıxmaya bilərəm. Bizdə isə çox təəssüf ki, 5-10 nəfər sakini razı salırlar, digərləri razı olmayanda isə gəlib qazı, işığı, suyu kəsirlər, kommunikasiya xidməti üçün problem yaradırlar. Bu, kommersiya şirkətlərinin səlahiyyətləri xaricindədir. Ona görə də sakinlər hər zaman bu məsələdə haqlıdır və kommersiya şirkətləri tərəfindən mülkiyyətçiləri razı sala biləcək formullar tapılmalıdır”, - deyə, o əlavə edib. Mütəxəssis aydınlaşdırıb ki, əgər kimsə qiymətlərlə razı deyilsə və həmin yerdə bina tikiləcəksə, bu sakinlərə eyni yerdən bina verilməlidir və bina hazır olana qədər həmin rayonun kirayə qiymətlərinə uyğun olaraq aylıq kirayə pulu ödənilməlidir: “Məntiq bunu deyir. Biz Ankara, İstanbul və İzmirdə renovasiya proqramları görmüşük. Hətta, yeri gəlmişkən, analoji qanunlar Moskvada da olub. Yəni burada diktə etməklə yox, vətəndaşları razı salmaqla belə müqavilələr bağlanır. Lakin bizdə bu qiymətləri isə dövlət yox, kommersiya müəssisələri təklif edir. Dövlətin bu işlərə qarışacağı yoxdur, qanun buna icazə vermir. Dövlətin buradakı işi, sadəcə, həmin yerin yenidən qurulması üçün müvafiq icra strukturu tərəfindən verdiyi icazədir. Lakin kommersiya müəssisələrinin vətəndaşa diktə etməyə də icazəsi yoxdur”. “Azərbaycan Respublikasının qanunvericiliyində, hətta Avropa İnsan Haqları Məhkəməsində mülkiyyətlə bağlı əmsal qərarlar var ki, Azərbaycanla əlaqədar da belə qərarlar mövcuddur. Bu qərarları əsas gətirərək, vətəndaş razı salınana qədər kommersiya müəssisəsi vətəndaşlarla danışıqlar aparıb ümumi məbləğə və məcraya gəlməlidir. Qısası, qiymətin burada diktə olunmasına heç qanunlar da yol vermir”, - o, fikirlərini tamamlayıb.
İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Həsən Mehdiyevin ayağını amputasiya etdirmək üçün xalqdan yardım istəməsi və aidiyyatı qurumları tənqid etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə və hökumətin tənqidinə səbəb olub. Həsən Mehdiyevin hər iki ayağı dizinə qədər amputasiya olunub. Özünün deydiyinə görə, indi ayağının birində çürümə getdiyi üçün dizdən yuxarı hissə də kəsilməlidir. Onun sözlərinə görə, cərrahiyyə əməliyyatını İsraildən olan həkimlər edəcək. Həsən Mehdiyev deyib ki, onun əhəmiyyatı üçün 23 min manat çatmır və ona görə bu vəsaiti xalqdan toplamaq qərarına gəlib. Gununsesi.info-ya açıqlamasında Həsən Mehdiyev bildirib ki, xalqa müraciətinin ictimailəşməsindən sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ona zəng edib: “Nazir mənə şəxsən telefon açdı. Bildirdi ki, məlum video müraciətimi sosial şəbəkələrdən silərəmsə, o mənə kömək edəcək. Ancaq mən ona “inciməyin, siləsi deyiləm, bu günə qədər bütün müraciətlərimə laqeyid qalmısınız” dedim”.
Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Sozcu.az-a verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu ilin oktyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 168 369 nəfər təşkil edib. Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.
Son zamanlar azərbaycanlı bəylərin toylarda milli rəqs adı ilə farssayağı rəqs etmələri ciddi müzakirə yaradıb. Onların rəqs zamanı xüsusən bel sındırmaları, süzmələri tənqid olunur. Sosial şəbəkələrdə paylaşılan görüntülərə etiraz edənlər bildirirlər ki, bu mənzərə, fars stilində rəqs türk kişisinə yaraşmır və getdikcə dəb halını alması qəbuledilməzdir. Milli Məclisin deputatı Tahir Kərimli də Pravda.az-a açıqlamasında məsələyə etirazını bildirib. Deputat sözügedən tərzdə rəqs edənlərə qarşı çıxanları tam müdafiə etdiyini deyib: “Ümumiyyətlə, bu məsələ məni hədsiz dərəcədə narahat edir. Tarix boyu zaman-zaman milli rəqslərimizə Qafqaz stili, türk oynaqlığı, türk xalqlarının rəqs motivləri daxil olub. Əzəldən kişilərin rəqslərinə əzəmət, qadınlara süzmək xas olub. Qadın atlanıb-düşsün, kişi əzilib-büzülsün - belə şeylər olmayıb. Bilmirəm, bu, kənar təsirlərdən, İranın təsirindən qaynaqlanır, ya nədir? Rəqslərin xarakterinin dəyişməsinə adi məişət hadisəsi kimi yox, insanların təhtəlşüurunun, onların milli dünya görüşlərinin dəyişməsi kimi baxıram. Azərbaycan xalqı, Azərbaycan kişisi vüqarlı duruşunu, rəqsini qoruyub-saxlamalı, duruşundan, rəqsindən əzəmət yağmalıdır. Qadınlarda isə zəriflik, incəlik olmalıdır. Çox təəssüf edirəm. Bir yandan Avropadan, digər yandan İrandan gələn stil qarışıb, rəqsimiz qarmaqarışıq olub. Bədən, əl-qol hərəkətlərində tamamilə harmoniya itib. Milli rəqsimizdə başqa xalqların rəqslərinin təsiri altında bizə qətiyyən yaraşmayan formalar yer alıb. Bundan çox narahatam. Xalqımdan xahiş edirəm, belə şeylərdə diqqətli olsunlar. Bunun kökü hara gedir çıxır? Övladlarımız, nəvələrimiz rəqs edəndə belə onlara düzəliş verməliyik, onları Azərbaycan ahəngini qəbullanmağa təşviq etməliyik. Qoy belə eybəcər hərəkətlər, konfiqurasiyalar uşaqlıqdan formalaşmasın. Maarifçilik işinə evlərin içindən, uşaq bağçalarından başlamalıyıq. Yoxsa internet sisteminin içində itib-batacağıq. Azərbaycançılığımız çox vacib parçasını itirmək təhlükəsi qarşısındadır. Xalqımı oyaq olmağa çağırıram ki, bu, inkişaf edib gələcəkdə çox qorxulu, narahatlıq törədən amilə çevrilməsin”.
Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, Milli Hərəkatçılar Birliyinin başqanı Arif Acaloğlu Bakıda yol qəzasında dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə siyasi şərhçi Oqtay Qasımov sosial şəbəkədə bildirib. "Az əvvəl aldığım acı xəbərdən çox üzüldüm. Türk dünyasının dəyərli ziyalılarından türkoloq alim, İstanbul Mərmərə universtitetinin müəllimi Arif Acaloğlu Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəldiyi doğma Bakıda yol qəzasında həyatını itirib. Ağır itkidən dolayı yaxınlarına və dostlarına səbr diləyirəm. Ruhun şad olsun, Arif bəy", - deyə yazıb. Qeyd edək ki, mərhum sabah Maştağada dəfn olunacaq. A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub. O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib. Allah rəhmət eləsin!
Ölkədə yeni tikililərin kommunal xidmət şəbəkələrinə qoşulması qaydalarına dəyişiklik edilib. Belə ki, yeni qaydalara əsasən, bu ilin oktyabr ayının 1-dən sonra tikilən tikintiyə icazə sənədi olmayan fərdi və ya qeyri-yaşayış evləri elektrik, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Bu proses Nazirlər Kabinetinin yeni sərəncamından əvvəl tikilmiş evlərin sənədləşməsi prosesini də sürətləndirə bilər? Mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Referans.az-a açıqlamasında bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsinə ehtiyac var. “Sənədsiz evlər məsələsi problemli məsələdir və uzun zamandır ki, müzakirə olunur. Biz bu məsələni hər dəfə Milli Məclisdə müzakirəyə qaldırırıq. Dövlət başçısı İlham Əliyev bir neçə il əvvəl tədbirdə göstəriş verdi ki, bu məsələ öz həllini tapsın. Bundan sonra İqtisadi İnkişaf naziri, Bakı Şəhər İcra Hakimiyyəti müəyyən işlər gördülər, hətta məndə olan məlumata görə 50 mindən çox sənədsiz evlərə sənəd də verib və bu məsələ üzərində iş gedir. Lakin bu proses 6-7 ildir davam edir və çox uzanıb”. Deputat fikirlərinə bunları da əlavə edib: “Vətəndaşlar bütün kommunal xidmətləri ödəyirlər, həmin evlərdə yaşayırlar. Bu tikililər faktiki olaraq, onların evləridir. Artıq bu evlərin qanuni və ya qanunsuz tikilməsinin bir əhəmiyyəti yoxdur. Onlara mütləq sənəd, çıxarışlar verilməlidir. Bu məsələ ilə bağlı əsas problem yaradan nüans təhlükəli ərazilərdə tikilən evlərdir ki, bununla bağlı da xüsusi komissiya da yaradılıb və müəyyən işlər görür”. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, bu istiqamətdə görülən işlər, əsasən, qanunsuz evlərin sayının azalmasında effektiv yol olacaq. “Hesab edirəm ki, bu, gələcəkdə qanunsuz ev anlayışının olmaması üçün atılmış bir addımdır. Eyni zamanda bu sərəncam oktyabrın birindən əvvəl tikilmiş sənədsiz evlərin sənədləşməsinə də müsbət təsir edəcək. Məndə olan məlumata görə artıq bu evlərin invertarlaşdırılması prosesi də aparılıb. Hansı rayonda nə qədər ev sənədinin olmaması ilə bağlı məlumatlar tam şəkildə toplanılıb. Bununla bağlı rayon icra hakimiyyəti, bələdiyyələr, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları, demək olar ki, bütün evlərdə olublar və həmin evlərin qeydiyyatı həyata keçirilib. Yəni bu məsələ ilə bağlı işlər yekunlaşmaq üzrədir”. Ekspert qeyd edib ki, evlərin sənədləşdirilməsini prosesini uzadan və müəyyən qədər bu prosesə mane olan məsələ kommunikasiya təhlükəli ərazilərdə tikilmiş evlərdir. “Burada əsas problemlərdən biri kommunikasiya xətləri üzərində yerləşən və qeydiyyatı hökumət üçün də çətinlik yaradan evlərlə bağlıdır. Məlum olduğu kimi, yüksək gərginlikli elektrik xəttlərinin altında, qaz kəmərləri və dəmir yolu xətlərinin yaxınlığında, eyni zamanda neftlə çirklənən torpaq sahələrinin, neft müqaviləsinə aid olan torpaq sahələrində tikilən evlər bu qrupa daxildir. Ümumiyyətlə, belə ərazilərdə yaşayış qurmaq vətəndaşların özü üçün təhlükəlidir. Bu, sosial məsələ olduğuna görə Nazirlər Kabineti və hökumət buna daha ehtiyatla yanaşır. Əgər bu cür evlərdə yaşayışın mümkün olmadığı müşahidə edilərsə, təbii ki, kompensasiya verilmək şərti ilə həmin insanlar ərazidən köçürülə bilər”. Ramil Qasımzadə vurğulayıb ki, hazırda sənədsiz evlərlə çıxarışla satılan evlərin qiymətləri arasında təxminən iki dəfəyə qədər fərq müşahidə olunur.
Xəbər verdiyimiz kimi, N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib. Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış. Faktla bağlı araşdırma aparılır. Sozcu.az mərhum hərbçimizin fotosunu təqdim edir:
Yaşamaq kimi ölmək də günü-gündən bahalaşır. Dünyadan köçən bir insanın dəfn xərci ciddi sosial problemə çevrilməkdədir. Qeyd edək ki, ötən gün millət vəkili Siyavuş Novruzov da bu barədə danışıb. Parlamentari dəfn pullarının artırılmasını təklif edib. Bildirib ki, hazırda verilən dəfn pulu ilə hətta qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil. Yenisabah.az məsələni araşdırıb. Məlum olub ki, Bakıda ev qiymətləri əraziyə uyğun olaraq dəyişdiyi kimi, məzar yerinin də qiyməti onun yerləşdiyi ərazidən asılıdır. Ərazinin şəhərə yaxınlığı qiymətlərdə xüsusi rol oynayır. Biləcəri qəbiristanlığında yer - 400-500 AZN, Xırdalan qəbiristanlığı - 800-1500 AZN, Badamdar qəbiristanlığı - 800-2000 AZN, Günəşli qəbiristanlığı - 600-1500 AZN, Qaraçuxur qəbiristanlığı - 200-1000 AZN, Qurd qapısı qəbiristanlığı - 2000-3000 AZN, Hövsan qəbiristanlığı - 150-300 AZN, Zabrat qəbiristanlığında 500-1000 AZN civarındadır. Bu qiymətlər təbii ki, stabil deyil. İldən-ilə, şərtlərə və şəraitə uyğun dəyişir. Əlavə olaraq, ölünün yuyulması üçün 70-80 AZN arası məbləğ ödənilir. Qəbir daşının isə ən ucuzu 1000 AZN-dan başlayır. Bu məbləğ 3-5, bəzən isə 10-15 min manata qədər arta bilir. Bu barədə iqtisadçı ekspert Xalid Kərimli “Yeni Sabah”a bildirib ki, burada əsas məsələ dəfn pullarını artırmaq deyil: “Dəfn üçün verilən pul ən çox nə qədər artırıla bilər ki, bütün xərcləri ödəsin? Bunun üçün dəqiq rəqəm demək mümkün deyil. Məncə, sözügedən problemin həlli dəfn pullarının məbləğindəki artımla bağlı deyil. 5-10 manat artırılmaqla bütün xərcləri qarşılamaq olmur. Əgər dövlət vətəndaşını düşünürsə, dəfn üçün verilən məbləği artırmaq əvəzinə məzar yerlərinin şəffaf şəkildə seçilməsini və daha əlçatan olmasını təmin etməlidir. Şəhər ərazisində olan qəbiristanlıqlarda dəfn yerləri ya mollalar, ya da məzarlığın qeyri-qanuni sahibləri tərəfindən satışa çıxarılır. Belə olduqda isə qiymətlər od tutub yanır”. İqtisadçı təklif edir ki, məzar yerlərinin satışına dövlət nəzarəti olsun: “Məhz bu səbəbdən alış şərtləri normallaşdırılmalıdır. Dəfn yerlərinin satışında qeyri-şəffaflıq hökm sürür. Məsələnin öz həllini tapması üçün, bu yöndə tədbirlər görülməlidir. Təklif edirəm ki, məzar yeri almaq üçün elektron portal yaradılsın. Həmin portala dövlət nəzarət etsin ki, dəfn yerləri qanunsuz şəkildə satışa çıxarılmasın. Əhali arasında ədalətli bölgü aparılsın. Şəffaf aparılan proses nəticəsində hər kəs üçün normal qiymət müəyyənləşdirilsin”.
Ağsu rayon İcra və Probasiya Şöbəsi məhkəmə qərarlarının icrasını həyata keçirmir. Sozcu.az xəbər verir ki, bu barədə Bakupost.az -a zərərçəkmiş Rəşad Cəbrayılovun vəkili Azər Tağıyev məlumat verib. Onun sözlərinə görə, Ağsu Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Ömərov Sübhan Osman oğlundan 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Rəşad Cəbrayılov Tələt oğluna ödənilməsi qət edib: “Qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməyib və qətnamə icraya yönəldilib. Qətnamənin icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib. Artıq bir neçə ay müddətdir ki, borclu Sübhan Ömərov barəsində bir sıra icra tədbirləri yerinə yetirilsə də, o, bu günə kimi qətnamənin icrası üçün heç bir addım atmayıb, qətnaməni qərəzli olaraq icra etməkdən yayınır. Ağsu rayon İcra və Probasiya Şöbəsi ona görə də borclu Sübhan Ömərovun barəsində cinayət işi başlanması üçün icra sənədlərini bir neçə ay əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərib. Lakin, hazırda nə qətnamə icra olunmayıb və bizə icra işinin hansı vəziyyətdə olması barədə məlumat vedrilməyib”. Vəkil bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara, yeni zamanda Şəki Apelyasiya Məhkəməsinin sədri Nuru Quliyevə müraciət edilsə də, heç bir nəticə əldə olunmayıb. Məlumata görə, dələduzluq yolu ilə 14800 manatı mənimsəmiş Sübhan Ömərov Ağsuda öz biznesi ilə məşğuldur. Məsələ ilə bağlı Ağsu rayon İcra və Probasiya Şöbəsinin mövqeyini yayımlayacağıq.
Əhalinin 80 faizi nənəsinin babasının pensiyasını gözləyir. Sozcu.az xəbər verir ki, bunu paralamentin bu gün keçrilən iclasında deputat Tahir Kərimli deyib. Deputat qeyd edib ki məmurlar və deputatlar insanlardan qaçır: "Özümü də bura qatıram. Hökumət üzvlərimiz, deputatlarımız gedirik insanlarla görüşlər keçiririk, onları qəbul edirik və tez də qayıdırıq. Niyə? Çünki özümüzü qoruyuruq. Hər birimizin içində pisliklə, zalımlıqla bərabər, yaxşılıq, mərhəmət hissi də var. Qorxuruq ki, qabağımızda o camaat ki, var - cavanları xaricə qaçıb, özləri zəzlil vəziyyətində. Əhalinin 80 faizi ancaq nənəsinin, babasının pensiyalarını gözləyir, iş yerləri yoxdur, xəstəsini müalicə etdirə bilmir, qızını ərə verə bilmir, oğlunu evləndirə bilmir, yaxşı iş tapmır. Onların ağrısını ürəyimizdən keçirək. Bir çoxlarımız, valideynlərimiz, ailələrimiz vaxtilə bu şəraitdə yaşamışıq. Biz özümüzü qoruyuruq, bəs xalqımız? İstəyirəm ki, bu məsələlər sürətlə həll olunsun. Şəhid ailələri, qazilərimiz və veteranlarımız üçün ayrıca komitə yaratmaq lazımdır ki, onların dərdi-səri ilə məşğul olsun." -deyə deputat vurğulayıb.