Artıq üç ildir ki, jurnalistlər üçün tikilən üçüncü binadakı mənzillərinin hansı səbəbdən bölünməməsi sualına bu mənzillərə iddialı olan jurnalistlər cavab tapa bilmirlər. Bina istifadəyə tam hazır vəziyyətdə gözləyir, lakin bu binadakı mənzillərin gələcək taleyi barədə heç kim heç nə bilmir, ya da bilənlər açıqlamaq istəmir. Bu barədə çox yazılıb. Mən yenidən həmin yazılanları təkrar etmək istəmirəm. Çünki bu cəmiyyətdə ən fəal və ən hüquqsuz təbəqə olan jurnalistlər baş verənlərdən və yazılanlardan xəbərdardır. 2022-ci ilin sonlarında Prezidentin köməkçisi Hikmət Hacıyevlə Mətbuat Şurasında keçirilən görüş zamanı jurnalist həmkarımız, dostumuz, Qarabağ qazisi, eyni zamanda, Mətbuat Şurası NTK-nın sədri Rey Kərimoğlu üçüncü binadakı mənzillərin bölünməməsi səbəblərini Hikmət Hacıyevdən soruşub. Hikmət Hacıyevin cavabı belə olub ki, həmin binada prokurorluq araşdırma aparır, araşdırmalar başa çatmadan konkret nəsə demək mümkün deyil. Bu söhbətin konkret detallarını Rey Kərimoğlu özü açıqlaya bilər. Bu müddət ərzində jurnalistlərin üçüncü binasındakı mənzillərin jurnalistlərə verilməsi üçün müraciətlər hazırlayıb, media mənsublarını bu işə səfərbər etməyin təşəbbüskarı kimi mən və Araz Zeynalov bu ilin yanvar ayında Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüşdük. Rəşad Məcid həmin mənzillərin jurnalistlərə verilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdiyini bildirdi. Bundan əvvəl MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla görüşmüşdük. Əhməd İsmayılov söz verdi ki, məsələ müzakirə olunarsa, həmin binadakı mənzillərin jurnalistlərə veriləcəyi təklifini müdafiə edəcək. Lakin Əhməd İsmayılov binadakı mənzillərin bölgüsünün MEDİA tərəfindən aparılmasını istəmir. Bu məsələdə Əhməd İsmayılovu anlamaq mümkündür. Çünki əvvəlki iki binadakı mənzillərin verilməsi zamanı elə haqsızlıq və ədalətsizliklər olub ki, Əhməd İsmayılov MEDİA-nın adının bu işdə hallandırılmasını istəmir. Görünən isə odur ki, jurnalistlərin binasındakı mənzillərin ehtiyacı olan media əməkdaşlarına verilməsi təşəbbüsü ilə Mətbuat Şurasının sədri Rəşad Məciddən başqa kimsə çıxış etmək istəmir. Bu məsələdə də müxtəlif səbəblər var. Onları bu yazıda sadalamaq istəmirəm. Konkert təklifim nədən ibarətdir, onu yazım. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bütün jurnalistləri tanıyır. Jurnalistlərin də bu adamlarla yaxşı münasibətləri var. Elə bu amilə görə jurnalistlərə mənzil verilməsinin kriteriyalarının hazırlanması və bu bölgünün aparılması üçün sənədlərin toplanması işini Mətbuat Şurasına həvalə etmək mümkündür. Ümid edək ki, jurnalistlər binası ətrafında süni şəkildə yaradılmış müəmma bu il çözüləcək və Prezidentin 19 iyul 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq, həmin mənzillər jurnalistlər arasında bölünəcək. Əgər kimsə, yaxud hansısa qruplaşma Prezident sərəncamının ləğvinə çalışırsa, bu, mümkün olan iş deyil. Hələ bu ölkədə Prezidentin sərəncamının ləğv edilməsi presidenti olmayıb. Əminəm ki, bundan sonra da olmayacaq
“Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ də "xan" rejimindən qalma xasiyyətini tərgidə bilməyib”. Sozcu.az xəbər verir ki, bu haqda naxçıvanlı jurnalist, ovqat.com saytının rəhbəri Heydər Oğuz sosial şəbəkədə məlumat paylaşıb. O, bildirib ki, nazirlikdəki mənbələrdən aldığı məlumata görə, nazir Mayis Əliyevin göstərişi ilə qurumun bütün işçiləri bir nəfər kimi çöllərdə iməcliyə göndərilib: “Diplomlu-diplomsuz hər kəs bir nəfər kimi əllərində bel-kürək Naxçıvan çöllərini abadlaşdıracaq. Təsəvvür edin, su üzünə həsrət qalan Muxtar Respublikanın çölləri binəva ekoloqların alın təri ilə guya yaşıllaşdırılır. Halbuki, ekoloqların işi bu olmamalıdır və Naxçıvanın ilk növbədə su problemi öz həllini tapmalıdır", - məlumatda belə deyilir. H. Oğuz qeyd edib ki, ekoloqlar qul kimi xarab avtobuslara doldurulub çöllərə daşınır: “Sanki 1950-ci illəridir və ekoloqlar da müharibədən yeni çıxmış sovet ölkəsini abadlaşdırmağa çalışırlar. Bir sözlə, Naxçıvan hələ də xan qanunları ilə yaşayır”. Bildirək ki, Naxçıvanın Ekologiya və Təbii Sərvətlər naziri Mayıs Əliyev 2018-ci ilin iyun ayında Vasif Talıbovun fərmanı ilə bu vəzifəyə təyin olunub. Bundan əvvəl o, nazirlikdə şöbə müdiri vəzifəsində işləyirdi.
Bakıda Yasamal rayonu ərazisində kütləvi şəkildə fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Alatava 1 qəsəbəsindəki fərdi yaşayış evlərindən gedir. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, təqribən 8 hektar ərazidə yerləşən fərdi evlər söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq. Fərdi evlərin söküntüsünü icra edən şirkət rəsmiləri işlərə başlamaq üçün sakinlərlə razılığa gəlməlidir. Sakinlərdən evlərini tərk etmək üçün isə 1500-2000 manat kompensasiya təklif edildiyi bildirilir. Razılıq əldə olunacağı təqdirdə istəkdən asılı olaraq sakinlərə yeni tikiləcək 12 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər veriləcək. Bunun üçün onlara inşaat işləri gedən zaman 500 AZN kirayə pulunun da veriləcəyi deyilir. Eyni zamanda fərdi evlərinə görə pul almaq istəyən vətəndaşlara isə kompensasiya təqdim olunacaq. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da dünən jurnalistlərə açıqlamasında bildirib ki, Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz ərazidə söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərdən biri ilə razılıq əldə olunub.
Bakıda gənc qadın üç uşağı ilə birlikdə itkin düşüb. Sozcu.az xəbər verir ki, bu barədə polisə paytaxtın Xətai rayonunda yaşayan 1992-ci il təvəllüdlü Emin Ağayev məlumat verib. O, polisə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 25-də arvadı, 1997-ci il təvəllüdlü İlhamə Ağayeva 5, 6, 7 yaşlarında olan qızlarını götürərək birgə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.
Bakı şəhərində yerləşən parkların birində ağaclar kəsilib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, Xətai rayonunda yerləşən meşə tipli Gənclik parkında ağaclar kəsilib. Xətai Rayon İcra Hakimiyyəti parkda ağacların kəsilməsi barədə açıqlama verib. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə quruyan ağaclar kəsilib: “Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən parkda quruyan ağaclar kəsilib. Hazırda onların yerinə yeni ağaclar əkilir”. Qeyd edək ki, parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlanmışdı. 2021-ci ilin avqust ayında park açılıb.