“Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ də "xan" rejimindən qalma xasiyyətini tərgidə bilməyib”.
Sozcu.az xəbər verir ki, bu haqda naxçıvanlı jurnalist, ovqat.com saytının rəhbəri Heydər Oğuz sosial şəbəkədə məlumat paylaşıb. O, bildirib ki, nazirlikdəki mənbələrdən aldığı məlumata görə, nazir Mayis Əliyevin göstərişi ilə qurumun bütün işçiləri bir nəfər kimi çöllərdə iməcliyə göndərilib:
“Diplomlu-diplomsuz hər kəs bir nəfər kimi əllərində bel-kürək Naxçıvan çöllərini abadlaşdıracaq. Təsəvvür edin, su üzünə həsrət qalan Muxtar Respublikanın çölləri binəva ekoloqların alın təri ilə guya yaşıllaşdırılır.
Halbuki, ekoloqların işi bu olmamalıdır və Naxçıvanın ilk növbədə su problemi öz həllini tapmalıdır", - məlumatda belə deyilir.
H. Oğuz qeyd edib ki, ekoloqlar qul kimi xarab avtobuslara doldurulub çöllərə daşınır:
“Sanki 1950-ci illəridir və ekoloqlar da müharibədən yeni çıxmış sovet ölkəsini abadlaşdırmağa çalışırlar. Bir sözlə, Naxçıvan hələ də xan qanunları ilə yaşayır”.
Bildirək ki, Naxçıvanın Ekologiya və Təbii Sərvətlər naziri Mayıs Əliyev 2018-ci ilin iyun ayında Vasif Talıbovun fərmanı ilə bu vəzifəyə təyin olunub. Bundan əvvəl o, nazirlikdə şöbə müdiri vəzifəsində işləyirdi.