Artıq üç ildir ki, jurnalistlər üçün tikilən üçüncü binadakı mənzillərinin hansı səbəbdən bölünməməsi sualına bu mənzillərə iddialı olan jurnalistlər cavab tapa bilmirlər. Bina istifadəyə tam hazır vəziyyətdə gözləyir, lakin bu binadakı mənzillərin gələcək taleyi barədə heç kim heç nə bilmir, ya da bilənlər açıqlamaq istəmir.
Bu barədə çox yazılıb. Mən yenidən həmin yazılanları təkrar etmək istəmirəm. Çünki bu cəmiyyətdə ən fəal və ən hüquqsuz təbəqə olan jurnalistlər baş verənlərdən və yazılanlardan xəbərdardır.
2022-ci ilin sonlarında Prezidentin köməkçisi Hikmət Hacıyevlə Mətbuat Şurasında keçirilən görüş zamanı jurnalist həmkarımız, dostumuz, Qarabağ qazisi, eyni zamanda, Mətbuat Şurası NTK-nın sədri Rey Kərimoğlu üçüncü binadakı mənzillərin bölünməməsi səbəblərini Hikmət Hacıyevdən soruşub. Hikmət Hacıyevin cavabı belə olub ki, həmin binada prokurorluq araşdırma aparır, araşdırmalar başa çatmadan konkret nəsə demək mümkün deyil. Bu söhbətin konkret detallarını Rey Kərimoğlu özü açıqlaya bilər.
Bu müddət ərzində jurnalistlərin üçüncü binasındakı mənzillərin jurnalistlərə verilməsi üçün müraciətlər hazırlayıb, media mənsublarını bu işə səfərbər etməyin təşəbbüskarı kimi mən və Araz Zeynalov bu ilin yanvar ayında Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüşdük. Rəşad Məcid həmin mənzillərin jurnalistlərə verilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdiyini bildirdi.
Bundan əvvəl MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla görüşmüşdük. Əhməd İsmayılov söz verdi ki, məsələ müzakirə olunarsa, həmin binadakı mənzillərin jurnalistlərə veriləcəyi təklifini müdafiə edəcək. Lakin Əhməd İsmayılov binadakı mənzillərin bölgüsünün MEDİA tərəfindən aparılmasını istəmir. Bu məsələdə Əhməd İsmayılovu anlamaq mümkündür. Çünki əvvəlki iki binadakı mənzillərin verilməsi zamanı elə haqsızlıq və ədalətsizliklər olub ki, Əhməd İsmayılov MEDİA-nın adının bu işdə hallandırılmasını istəmir.
Görünən isə odur ki, jurnalistlərin binasındakı mənzillərin ehtiyacı olan media əməkdaşlarına verilməsi təşəbbüsü ilə Mətbuat Şurasının sədri Rəşad Məciddən başqa kimsə çıxış etmək istəmir. Bu məsələdə də müxtəlif səbəblər var. Onları bu yazıda sadalamaq istəmirəm. Konkert təklifim nədən ibarətdir, onu yazım.
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bütün jurnalistləri tanıyır. Jurnalistlərin də bu adamlarla yaxşı münasibətləri var. Elə bu amilə görə jurnalistlərə mənzil verilməsinin kriteriyalarının hazırlanması və bu bölgünün aparılması üçün sənədlərin toplanması işini Mətbuat Şurasına həvalə etmək mümkündür.
Ümid edək ki, jurnalistlər binası ətrafında süni şəkildə yaradılmış müəmma bu il çözüləcək və Prezidentin 19 iyul 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq, həmin mənzillər jurnalistlər arasında bölünəcək.
Əgər kimsə, yaxud hansısa qruplaşma Prezident sərəncamının ləğvinə çalışırsa, bu, mümkün olan iş deyil. Hələ bu ölkədə Prezidentin sərəncamının ləğv edilməsi presidenti olmayıb. Əminəm ki, bundan sonra da olmayacaq