Bakıda Yasamal rayonu ərazisində kütləvi şəkildə fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Alatava 1 qəsəbəsindəki fərdi yaşayış evlərindən gedir.
Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, təqribən 8 hektar ərazidə yerləşən fərdi evlər söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq.
Fərdi evlərin söküntüsünü icra edən şirkət rəsmiləri işlərə başlamaq üçün sakinlərlə razılığa gəlməlidir. Sakinlərdən evlərini tərk etmək üçün isə 1500-2000 manat kompensasiya təklif edildiyi bildirilir.
Razılıq əldə olunacağı təqdirdə istəkdən asılı olaraq sakinlərə yeni tikiləcək 12 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər veriləcək. Bunun üçün onlara inşaat işləri gedən zaman 500 AZN kirayə pulunun da veriləcəyi deyilir. Eyni zamanda fərdi evlərinə görə pul almaq istəyən vətəndaşlara isə kompensasiya təqdim olunacaq.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da dünən jurnalistlərə açıqlamasında bildirib ki, Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz ərazidə söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərdən biri ilə razılıq əldə olunub.