Şagirdlərin elektron yerdəyişməsi zamanı imtinaların əsas səbəbi xarici dil uyğunsuzluğudur. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib. O bildirib ki, digər əsas səbəb yaşayış ünvanı ilə bağlıdır. Belə ki, bəzən məlumatlar düzgün yüklənmir və ya təqdim olunan arayışda qeyd edilən ünvan məktəbin mikroərazisinə daxil olmur. O əlavə edib ki, əgər şagirdin yerdəyişməsi üçün müraciət edilən məktəbdə xarici dil ilə bağlı uyğunsuzluq varsa, birmənalı olaraq imtina verilir: “Lakin məktəb ucqar ərazidə yerləşirsə və yaxınlıqda alternativ məktəb yoxdursa, o halda yerdəyişmə təsdiqlənə bilər”.
Bu gün günün birinci yarısında temperaturun nisbətən qalxması və gün çıxmasının ardınca yenidən havanın soyuqlaşdığı müşahidə edilir. Sozcu.az xəbər verir ki, bu dəqiqələrdə Bakının bəzi ərazilərinə artıq qar yağmağa başlayıb. Qeyd edək ki, bu gecə ilin ən sərt şaxtası olacağı gözlənilir. Belə ki, Bakıda gecə 8, regionlarda isə 24 dərəcəyə qədər şaxta olacaq, yollar buz bağlayacaq.
Saat 10:00-a olan məlumata əsasən hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 71, Qaxda (Sarıbaş) 50, Şəkidə (Kişçay) 40, Neftçalada 31, Lənkəranda 29, Yardımlıda 28, Qrızda 23, Balakən, Laçın və Qəbələdə 22, Daşkəsəndə 21, Kəlbəcər, Şahbuz və Astarada 20, Xaltan və Gədəbəydə 19, İsmayıllı, Naxçıvan və Biləsuvarda 16, Oğuz, Zərdab və Göygöldə 13, Xınalıq, Şuşada 12, Cəlilabad və Ağsuda 11, Qobustanda 10, əksər rayonlarda eyni zamanda Bakıda və Abşeron yarımadasında 9 sm-dir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, Naxçıvan MR-da 14, dağlıq rayonlarda 16, yüksək dağlıq ərazilərdə 23 dərəcəyədək şaxta qeydə alınıb.
Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Yollarda buzlanma gözlənilir Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 12-17° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 5-10° şaxta olacaq. Bəzi rayonlarda yollar buz bağlayacaq.
Fevralın 22-si saat 10:00-a olan məlumata əsasən gözlənildiyi kimi, ölkə ərazisinin bəzi bölgələrində, eyni zamanda Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb, digər rayonlarda isə Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan qarın hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 80 sm, Qaxda (Sarıbaş) 55, Lerikdə 37 sm, Şəkidə 34, Oğuzda 22, Balakəndə 20, Qırızda 19, Kəlbəcər və Qəbələdə 18, Şamaxı, Daşkəsən, Şahbuzda 15, Şahdağda 16, Xaltan və Astarada 14, Naxçıvan, Laçın, Qubadlı, Altıağac, Göygöl, Gədəbəydə 12, İsmayıllıda 11 sm, Xınalıq, Kəlvəz, Şuşada 10, Qusar, Göyçayda 9, Yardımlıda 7, Xankəndi, Xocalı, Quba, Lənkəran və Zərdabda 6, Ağsu, Qobustan, Biləsuvarda 5, Tərtər, İmişlidə 4, Culfada 3, Füzulidə 2, Şərur, Kürdəmirdə 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir. Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 4, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb. Yaranan fasilədən sonra 22-si axşamdan yenidən qarın yağması gözlənilir.
Fevralın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində şaxtalı və fasilələrlə qarlı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Kəlbəcər, Laçın, Xankəndi, Qubadlıda qar yağır. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.7 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxt yollarındakı vəziyyət barədə məlumat yayıb. NİİM-dən Sozcu.az-a verilən məlumata görə aşağıdakı ərazilərdə sıxlıq müşahidə olunur: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər .
Xəbər verildiyi kimi, daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Sozcu.az -ın məlumatına görə, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında deyilir. Qeyd olunub ki, ilkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilmiş, bu işlərdə aidiyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməyib. İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib. Qeyd edilənlərlə əlaqədar “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilib, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılıb. Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Qeyd edək ki “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayevin vəzifədən azad edilməsi barədə ilk xəbəri Bakupost.az yayıb.
Fevralın 20-si saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında, o cümlədən Şərur, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Gəncə, Beyləqan, Tovuz, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın və Qubadlıda qar yağır. Şahbuz, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur. Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 20 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 5, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 12 dərəcəyədək şaxta qeydə alınıb.
09:28 Fevralın 20-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında sulu qar, dağlıq və dağətəyi rayonlara isə qar yağır. Yağan qarın hündürlüyü Qrızda, Qax (Sarıbaş) 12, Şahdağda 11, Gədəbəydə 8, Şəki, Balakəndə 4, Zaqatalada 3, Şuşa, Xankəndi, Tovuz, Şamaxı, Qobustan, Altıağac, Qusar, Xaçmaz, Quba, Xaltan, Şabran, Qəbələ,Yardımlı, Ağstafa, Daşkəsəndə 1 sm-dir. Düşən yağıntının miqdarı Sabirabadda 6, Lənkəranda 5, Biləsuvar 4, Oğuz, Göyçay, Astara, Şahbuzda 2, Naxçıvan, Naftalan, İsmayıllı, Tərtər, Yevlax, Kürdəmir, Zərdab, Beyləqan, İmişli, Cəlilabad, Şirvan, Şəmkir, Tovuz, Neftçala, Lerik, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 26 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada isə küləyin sürəti 20 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir. Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax(Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay, Qusar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda isə 13 dərəcəyədək şaxta qeydə alınıb. *** Fevralın 20-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Tovuz, Qazax, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şahdağ, Şabran, Yardımlı, Lerikdə qar yağır. Bakıda və Abşeron yarımadasında isə arabir sulu qar müşahidə olunur. Naxçıvan, Şahbuz, Naftalan, Oğuz, İsmayıllı, Füzuli, Xocalı, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astarada yağış yağır. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 3.5 metrdir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5, Naxçıvan MR-da 4 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
2023-cü ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşir. Onlar qiymət və satış şərtləri baxımından bazardakı digər əmlaka nisbətən xeyli ucuz olsa da, bu mənzillərə tələbat olduqca aşağıdır. Hazırda Qaradağ rayonundakı Ümid qəsəbəsindəki kompleksdə 44 ədədi üç otaqlı, 14 ədədi dördotaqlı olmaqla, ümumən 58 mənzil, Abşeron rayonundakı kompleksdə 821 ədədi üçotaqlı, 197 ədədi dördotaqlı olmaqla, ümumən 1018 mənzil, Ramana qəsəbəsindəki kompleksdə 102 ədəd dördotaqlı, Samux rayonunda yerləşən kompleksdə isə 16 ədəd dördotaqlı mənzil satışdadır. Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, sözügedən binalar infrastruktur və təmir keyfiyyəti baxımından xeyli aşağıdır: “Məcburi köçkünlərin tərk etdiyi şəhərciklərdə satışa təqdim olunan mənzillərin təxminən yarısı satılıb. Amma Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu mənzillərin satış qiymətiləndirilməsini nədənsə yerli qiymətləndiricilərə deyil, xarici təşkilatlara tapşırıb. Xarici şirkətlər yerli bazarı bilmir və onların təyin etdiyi qiymətlər alıcılara sərf etmir. İstər Qaradağdakı, istərsə də Ramanada yerləşən məcburi köçkün şəhərcikləri infrastruktur, tikinti keyfiyyəti baxımından olduqca aşağıdır. Bununla bağlı orada yaşayan sakinlər dəfələrlə irad bildirib”. Ekspert qeyd edib ki, həmin mənzillərin təmir xərci də xeyli çoxdur: “Hətta o mənzillərin öz qiyməti qədər təmir xərcləri lazımdır. Divarların əyriliyi, materialların keyfiyyətsizliyi və təmirin davamsızlığı alıcılar üçün gələcəkdə problemə çevrilir. Sadalanan səbəblərə görə vətəndaşlar belə mənzilləri almaq yerinə fərdi yaşayış evi almağı üstün tutur. Məsələn, Ramana ərazisində həmin mənzillər üçün təklif olunan qiymətə elə həmin qəsəbədən fərdi evi almaq daha sərfəlidir. Hətta demək olar ki, daha ucuzdur”.
Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə daha 7 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkən Tural Nəsmiyev vəsatət verərək cərrah-transplantoloq Mircəlal Kazıminin, Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərovanın, Talassemiya Mərkəzinin direktoru vəzifəsində çalışmış Valeh Hüseynovun məhkəməyə çağırılaraq dindirilməsini, bununla yanaşı, təqsirləndirilən şəxslər arasında olan danışıqlar, Vatsap tətbiqi üzərində olan mesajlaşmalar və danışıqların məhkəməyə təqdim olunmasını istəyib. Dövlət ittihamçısı, zərərçəkən şəxslər, müdafiə tərəfi və təqsirləndirilənlər buna etiraz etməyib. Hakim zərərçəkmişlərlərin ifadələrindən sonra adıçəkilən şəxslərin məhkəməyə çağırılacaqlarını bildirib. Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin 2022-ci aprel ayından- 2023-cü il fevral ayınadək olan müddətdə anten məlumatları, zəngləri, mesaj mətnlərinin məhkəməyə təqdim edilməsi barədə olan vəsatəti təmin edib. Prosesdə zərərçəkənlər ifadə verib. Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək. Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.