Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Yanvarın 29-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə,  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mərdəkanda evdə partlayış - 1 nəfər yaralandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, bununla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, həyətdə dayanan 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib və 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Azərbaycanda qadın təzyiq dərmanından öldü

Bərdədə qadın dərmandan zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib. Yeganə Araz qızı Hüseynova yanvarın 22-də çoxlu sayda təzyiq dərmanı qəbul edib. Görülən tibbi müdaxilələrə baxmayaraq, qadın yanvarın 24-də müalicə aldığı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində həyatını itirib. Qeyd edək ki, mərhum Bərdə şəhərində yerləşən "Təzə bazar" adlı ticarət mərkəzində qadın geyim paltarlarının satışı ilə məşğul olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Biləsuvarda mikroavtobusda qisas zəminində bıçaqlanma

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb. Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb. Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Report-un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır. Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.

"TikTok" fəaliyyətini tamamilə DAYANDIRA BİLƏR

2024-cü ilin aprelində sabiq ABŞ prezidenti Co Bayden "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan edilməsini məcbur edən qanun imzalayıb. Sənəd yanvarın 19-dan qüvvəyə minib. Yanvarın 22-də vəzifəyə gəldikdən sonra Donald Tramp fərmanı ilə Baydenin imzaladığı qanunun qüvvəyə minmə müddəti 75 gün gecikdirilib. Müddətin bitməsindən sonra Çinə məxsus sosial şəbəkəsinin taleyi qeyri-müəyyəndir. ABŞ-da 170 milyondan çox istifadəçisi olan tətbiqin perspektivləri ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəziləri onun amerikalı milyarder İlon Mask tərəfindən satın alına biləcəyini, digərləri onun fəaliyyətini tamamilə dayandıra biləcəyini qeyd edir. İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, "TikTok"un bağlanma səbəbi məxfiliyi pozması, ölkə üçün təhlükəli olması və ən əsası da platformanın Çin hakimiyyəti ilə əlaqələridir: "Platforma "ByteDance" şirkətinə məxsusdur. Hökumət şirkətə təklif etdi ki, yanvarın 19-a qədər şirkəti satışa çıxarın. Əsasən şirkətin Çinli iş adamlarına satılması təklif olundu. Amma "ByteDance" bundan imtina etdi, çünki həm platforma həm də şirkət olaraq büdcəsi çox yüksəkdir. Dünyada bir çox ölkədə insanların ən çox istifadə etdiyi platformalardan biridir. Normalda ayın 19-a qədər satılması üçün vaxt qoyulmuşdu". Ekspertin sözlərinə görə, Tramp bu hadisədən sonra bir “jest” edərək satış üçün qoyulan deadline müddətini 75 günlüyünə uzatdı: “Bu şirkət üçün nəticəni dəyişmir, hər halda bu büdcəyə sahib şirkətin və platformanın satılması heç kim üçün xoşagələn deyil. Bu qərardan sonra artıq "AppStore" və "PlayStore"dan "TikTok"un yenilənməsi və yüklənməsi dayandırılacaq. Ehtimal var ki, platforma tamamilə ləğv olunmasın. Belə ki, platformanın adı dəyişdirilə, yaxud başqaları tərəfindən alına bilər. Ümumiyyətlə ABŞ-dəki istifadəçilərin təklifi budur ki, platforma İlon Maska satılsın və başqa bir ad altında "X" platforması ilə birləşdirilsin. Hazırda "TikTok" platformasının alışı üçün yatırım etməyə hazır olan bir çox adamlar var, onlardan biri də İlon Maskdır. Platformanın bugünkü satış qiyməti haradasa 20 milyard dollar məbləğində dəyərləndirilir. Təkliflərə əsasən kimin satın alacağı, hansı dəyişikliklər olacağı hələki müəmmadır”. F.Rəcəbli qeyd edib ki, "TikTok"un fəaliyyətinin dayandırılması heç kimə xoş olmayacaq: “Dünya üzərində nə qədər insanın bu platformadan istifadə etdiyini düşünün. İllərdir bu platformaya enerjisini, zamanını ayıran, burada biznesini quran insanlar var. Bunların hamısının ləğv olunması xaosa da səbəb ola bilər. Amma mən düşünmürəm ki, bu platforma bağlanacaq, bu qədər insanların əməkləri qırağa atılacaq. Böyük ehtimal ki, başqa bir şirkət yaxud hansısa iş adamı tərəfindən satın alınacaq və dəyişikliklər olunacaq. Azərbaycanda da bu öz təsirini göstərəcək. Bugün "TikTok" platforması ölkəmizdə də şəxsi platformadan biznes platformasına çevrilib. Çünki bu gün biznesini quran hər kəs "TikTok" üzərindən satışını edir, müştəri qazanır, hansısa məlumat yaxud maarifləndirmə xarakterli faəliyyət göstərir. Bunların hamısının birdən-birə dayanması bütün dünya ölkələrinə öz təsirini göstərəcək, bizim ölkəmizə də həmçinin. Bu gün "TikTok" daha çox biznes üzərində qurulub. Burada elə bizneslər var ki, ayda minlərlə qazanc əldə edir. O insanların qazanclarının hansı səviyyəyə düşəcəyini düşünün. Yenə də ümid edirik ki, platforma tam olaraq bağlanmayacaq. Gözlənilən ən pis ehtimal budur ki, başqası tərəfindən alınacaq və maksimum dəyişiklik ediləcək. Yəqin ki, heç kimin vaxtı, əziyyəti hədər getməyəcək. Hələ ki, bu günə olan gözləntilər bunlardır”.

"İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar"

“20 ildir “Azeri MI Drilling Fluids Ltd” neft şirkətində işləyirəm. İstehsalat zamanı xəsarət alsam da, şirkət kompensasiyamı ödəmir və üstəlik, məni işdən azad edib”. Sozcu.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Teymur Məmmədquliyev müraciət edib. O, 2004-cü ildən sözügedən şirkətdə supervayzer vəzifəsində çalışıb: “2022-ci ildə iş vaxtı, iş yerində xəsarət aldım. Sağ bilək aypara sümük sınığı və sol ayaq pəncəsinin sınığına görə iki dəfə əməliyyat olundum. Bu günə kimi fiziki funksional pozğunluq qalıb. Bunu təsdiq edəcək bütün sənədlərim var. İş vaxtı xəsarət almağıma baxmayaraq, şirkət tərəfindən heç bir köməklik, maddi yardım olunmayıb. Eyni zamanda mənə əmək qabiliyyətinin itirilməsi günləri üçün ödəniş düzgün hesablanmayıb. 2023 cü il sentyabr ayından isə bu ödənişlər tam dayandırılıb. Halbuki 9 dekabr 2022-ci il tarixindən 16 may 2024-cü ilədək xəstəlik vərəqəsi davam edirdi. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna müraciətlər etmişəm. Müfəttişlik tərəfindən NK-27 saylı qərara uyğun təhqiqat aparılıb. İZ aktına (İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydası) əsasən şirkət təqsirli sayılıb və cərimələnib. Aktdan əlavə, DSMF-nin 6 fevral 2024 ci il  № 3-17-1/2-M-27276/2024  sənədində də şirkətin günahkar olduğu təsdiqlənib”. Vətəndaşın sözlərinə görə, dəfələrlə Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı müraciət etməyinə baxmayaraq, heç bir nəticə yoxdur: “Şirkət mənə xəstə olduğum günlərə görə 25-30 min manat borcludur. Buna görə mən onları məhkəməyə vermişəm. Bunu biləndən sonra bir neçə ay mənə 500-1000 manat pul verdilər. Məhkəmə prosesi gedə-gedə bilindi ki, mənim maaşım əslində 3720 manatdır, amma şirkət əməkhaqqımı 3400 manatdan hesablayıb. Ötən ilin mayın 16-dan işə çıxmağa başladım. Şirkət mənə dedi ki, zədələnmiş xəstə adamsan, sənin üçün burada iş yoxdur, ərizə yaz, çıx. Mən rəis idim və fiziki pozğunluğum sadəcə 20%-dir, amma işləməyə icazə vermədilər. Halbuki mən bu şirkətə görə şikəst olmuşam. Dedilər ki, müqaviləni yeniləyək 500 manat əməkhaqqı ilə işlə. Təbii ki, bununla razılaşmadım və məni oktyabrın 1-i 2024-cü il tarixində 67 C maddəsi ilə işdən azad etdilər”. Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı məhkəmə prosesi hələ də davam edir. Teymur Məmmədquliyevin bizə təqdim etdiyi “İstehsalatda bədbəxt hadisə haqqında” Aktdan da görünür ki, o, dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin dəmir çərçivə ilə konteynerin giriş-çıxışı olmayan hissəsində işlədiyindən dəmir çərçivə yırğalanan zaman künc hissəsi ilə onun sağ əlini və sol ayağını zədələyib, nəticədə xəsarət alıb. İddialara aydınlıq gətirmək məqsədilə sözügedən “Azeri MI Drilling Fluids Ltd” şirkəti ilə əlaqə saxladıq. T.Məmmədquliyevin narazılıqlarına cavab tapmaq istəsək də, şirkətdən yalnız rəsmi sorğu məktubu ünvanladıqdan sonra cavab verə biləcəklərini bildirdilər. Rəsmi məktubu elektron poçt vasitəsilə göndərmək istədikdə isə, onu qəbul etməyəcəklərini, yalnız fiziki sənədlə ofislərinə yaxınlaşaraq təqdim etməyimizi tələb etdilər. 

Bakıda qadın sürücü qəza törətdi: ölən var

Pirallahıda qadın sürücü piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, Firəngiz Heydərova idarə etdiyi “Ford Fusion” markalı avtomobillə piyada Elxan Həsənovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Əməliyyat otağında ad günü edən həkimin əri də işdən çıxdı

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın həyat yoldaşı, sözügedən klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Əziz Rəfibəyov da işdən çıxıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, o, Sumqayıtdakı Real Tibb Mərkəzində Ginekologiya və doğum şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb.

Bakıda əməliyyat: qadın saxlanıldı

Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 8300 dolların oğurlanması barədə polisə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı F.Eyyubov, 34 yaşlı G.Əliyeva və 28 yaşlı E.Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

OBA şokolada görə 7 yaşlı uşağı girov götürdü – Bakıda inanılmaz

Bakıda, Sabunçu rayonu ərazisində yerləşən OBA marketlərdən birində 7 yaşlı (ikinci sinif şagirdi olan) iki uşaq şokolad oğurladıqlarına görə mağaza müdiri tərəfindən girov götürülüb və valideynlərindən yüksək məbləğdə pul tələb edilib. Sozcu.az xəbər verir ki, bu barədə uşaqlardan birinin valideyni “Hüquqşünaslar” qrupunda məlumat yayıb. Adını açıqlamayan valideynin sözlərinə görə, uşaqların oğurluğu kameraya düşüb. Uşaqları girov götürən mağaza rəhbərliyi onların valideynlərini çağırtdırıb. Şikayətçi bildirib ki, işdən çağırılıb və oğurluq videosu ona göstərilib. O isə üzr istəyərək, ziyanı ödəməyə hazır olduğunu deyib. Mağazanın müdiri 300 manat tələb edib, əks halda isə uşağı buraxmayacağını vurğulayıb. “Mən övladlarımı atasız böyüdürəm, onun-bunun qabağında işləyərək. 300 manat ödəməlisiniz deyəndə ağladım, çünki ayda 500 manata işləyən adamam, o qədər pulum yoxdur”, - valideyn yazır. Nə qədər yalvarsa da, müdir uşağı pul gəlməyincə buraxmayıb: “Mən 1 telefon və şəxsiyyət vəsiqəmi orda qoyub, oğlumu götürüb, evə gəldim, həmin gün axşam 150 manat tapıb getdim, yalvardım ki, daha yoxdur. Müdir dedi ki, 50 manat da ayın axırında gətirərsən”. Ananın iddiasına görə, digər uşağın ailəsindən 70 manat istəyiblər. Ümumilikdə mağazadan uşaqlar 12 ədəd “Alpenqold” şokoladı götürüblərmiş. Şikayətçi hər şeyin video-qeydə düşdüyünü, ona zəng edən mağaza müdirinin nömrəsini də təqdim edib. Qeyd edək ki, hüquqşünaslar uşağın, daha sonra isə şəxsiyyət vəsiqəsinin girov saxlanılmasını qanun pozuntusu olduğunu bildirərək, bu qanunsuzluğa hüquq-mühafizə orqanlarının reaksiya verməsini istəyiblər. Vəkil Aqil Layıcın verdiyi məlumata görə, "Veysəloğlu" şirkətindən məsələ ilə bağlı onunla və valideynlə əlaqə saxlayıblar və bildiriblər ki, 300 manat o uşağın indiyə qədər oğurladığı şokoladların puludur. Belə ki, uşaq oğurluğu bundan əvvəl də edibmiş, sadəcə, sonuncu dəfə ələ keçib. Buna baxmayaraq, vəkil hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə etməsi gərəkdiyini xatırladıb. Valideyn isə onunla heç bir təmasa keçilmədiyini yazıb.(axar)

Azyaşlının ölümünə səbəb olan həkim barədə hökm

Azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həmçinin Elton Musayev iki il altı ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum edilib. İttihama görə, Kürdəmir rayon sakini Roman Qəribov 2023-cü ilin noyabr ayında dörd yaşlı oğlu Rüfət Qəriblini müayinə olunmaq üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıb. Rüfət Qəriblini xəstəxananın həkim-infeksionisti Elton Musayev müayinə edərək ona yanlış olaraq “Ağırlaşması olmayan qızılca” diaqnozu təyin edib. İttihamda bildirilib ki, həkim təyin edilən diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir müayinələr aparmayıb, diaqnoz əsaslandırılmayıb, xəstədə ağciyərlərin pnevmoniyasını müəyyən etməyib, onun vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq təcili müalicəyə cəlb etməli olduğu halda bunları etməyib. Nəticədə həkimin göstərdiyi tibbi xidmətin yetərsizliyi səbəbindən Rüfət Qəribli kəskin tənəffüs çatışmazlığından ölüb. Zərərçəkən Roman Qəribov prosesdə təqsirləndirilən Elton Musayevə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Məktəblərdə 7 gün dərs olmayacaq

Məktəblərdə 5 gün dərs olmayacaq. Yanvarın 27-dən Azərbaycanda məktəblərdə qış tətili başlayır. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 5 günlük məktəblərdə ilk dərs günü fevralın 3-də, 6 günlük məktəblərdə isə fevralın 1-də başlayacaq. Bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir.