Yol polisi sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava ilə bağlı xəbərdarlıq yayıb. İdarədən Sozcu.az-a verilən məlumata görə, hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb. Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar.

Sabah hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, zəif çiskin olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Rayonlar havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Beyləqanda maşın daş lövhəyə çırpıldı - Sürücü öldü

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub. Sozcu.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Novruzovun idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xials etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Komissiya tərəfindən ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsi müəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib. Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

Həmkəndlisini güllələyən MAXE-yə HÖKM OXUNDU

Ötən ilin yayında Nərimanovda “Metro Park”ın qarşısında baş verən silahlı insidentin məhkəmə araşdırması başa çatıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm elan edilib. Belə ki, qazaxlı həmkəndlilərin Bakıdakı davası birinin ölümü ilə nəticələnib. Hadisə 2024-cü il iyunun 26-sı axşam saatlarında baş verib. 24 yaşlı Tural Kosayev və əvvəldən tanıdığı 21 yaşlı İsmayıl Allahverdiyev ayrı-ayrı avtomobillərlə hadisə yerində olublar. Həmin vaxt Tural xanımla olub. Cinayət də onun gözləri qarşısında baş verib. Həmkəndlilər arasındakı sözlü mübahisə yavaş-yavaş daha da qızışıb. Tural getmək istəyərkən İsmayıl belindəki silahı çıxarıb onu güllələyib. Ağır yaralanmış gənc elə yerindəcə ölüb. Xüsusi amansızlıqla törədilən cinayətə görə İsmayıl həbs edilib. İfadəsindən onun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğu məlum olub. Elə bu səbəbdən onun işinə hərbi məhkəmədə baxılıb. Prokuror təqsirləndirilən şəxsin 18 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Qətlə yetirilən şəxsin yaxınları isə 18 il yarımla razılaşmır, ömürlük azadlıqdan məhrum etmə istəyirlər. “Bu adam ictimai-təhlükəli üsulla cinayət törədib. Təqsirləndirilən üzr istəməsini tələb edib, zərərçəkmiş də qəbul etməyib. Buna görə adam öldürürlər? Heç kim deyə bilməz ki, bu adam azadlığa çıxandan sonra cinayət törətməyəcək. Ona görə ömürlük həbs istəyirik”, - zərərçəkmiş tərəfin vəkili Ceyhun Məmmədov deyib. Müttəhim son sözündə əməlindən peşmanlığını dilə gətirib: “İstəməzdim belə olsun. Əgər Turalı öldürmək istəsəydim, elə bunu təklikdə edərdim. Çünkü hadisədən bir az əvvəl birlikdə kafedə oturmuşuq. Yeganə səbəb məni təhqir etməsidir. Son olaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm”. Zeynal Ağayevin sədrlik etdiyi hakimlər dəlil və sübutları araşdırdıqdan, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamların əsaslı olduğunu təsdiq ediblər. Hökmə əsasən, İsmayıl Allahverdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi şərti ilə 17 il azadlıqdan məhrum edilib.

Müəllimlərin sertifikasiya imtahanı bu aylarda KEÇİRİLƏCƏK

Sertifikasiya imtahanlarının vaxtı və hansı fənnlərdən keçiriləcəyi ilə bağlı məlumatların açıqlanmaması müəllimlər arasında narahatlığa səbəb olub. Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib. Bir neçə gün əvvəl saytımıza daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin -  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında bildirib ki, sertifikasiya imtahanlarının tarixləri hər il aprelin sonu mayın əvvəllərində açıqlanır: "Bundan əvvəlki sertifikasiya imtahanları da imtahana 1 ay qalmış açıqlanıb. İndi daha erkən açıqlanması mənə görə əvvəlki illərdə imtahan verən müəllimlərə haqsızlıq olar. Eyni zamanda imtahanın keçirilməsi bir neçə qurumun razılığı əsasında keçirilir. Burada Elm və Təhsil Nazirliyi ilə yanaşı Səhiyyə Nazirliyi və hüquq mühafizə orqanları da iştirak edirlər. Ona görə də imtahan tarixi həmin qurumlarla da dəqiqləşdirilməlidir". Ekspert bildirib ki, imtahanlar böyük ehtimalla iyunun 14-dən sonra keçiriləcək: “Tədris ili ərzində sertifikasiya imtahanı olmayacaq. Tədris bitdikdən sonra iyunun 20-21-dən başlamaqla, iyulun ortalarına qədər bu proses davam edə bilər. Müəllimlər bilməlidirlər ki, iyunun 14-ə qədər imtahan olmayacaq. Qərarı isə aprelin sonu mayın əvvəlinə gözləmək olar”. Təhsil eksperti Məzahir Məmmədli isə qeyd edib ki, bu məsələ ilə bağlı cavab verəcək orqan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir (MÜTDA): “Onlar bu məsələlərə aydınlıq gətirməli, izahat verməlidirlər. Amma təəssüflər olsun ki, bu məsələ ilə bağlı mediada və sosial şəbəkələrdə səslənən fikirlərə belə konkret cavab yoxdur. Ona görə də müəllimlər bu məsələ ilə bağlı haqlı narahatlıq ifadə edirlər. Amma 2025-ci ildə müəyyən fənnlərin imtahanı ilə bağlı fikirlər var. Amma konkret olaraq vaxt müəyyən olunmayıb. Düzdür təlimatda nəzərdə tutulub ki, imtahana 1 ay qalmış xəbər verilir. Amma pis olmazdı ki, müəllimlər ən azından hansı ixtisasların sertifikasiyaya cəlb olunmasını bilələr və hazırlıqlı olalar”. M.Məmmədli müəllimləri təmkinli olmağa çağırıb: “Qanunvericiliyə görə, müəllimlər imtahanda müvəffəq olmasalar belə, onlara 1 il müddət verilir və yenidən imtahan verə bilirlər. Yəni imtahanı keçə bilməsələr birbaşa işdən azad edilmirlər. Onlar yenidən hazırlaşıb sonrakı il imtahanda iştirak edə bilərlər”.

Təlim maşını ilə “Mercedes”dən düşən kişini vurub öldürdü

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində Zərdab-Ağcabədi yolunun 15-ci kilometrliyində qeydə alınıb. Belə ki, Esmira Binnətəliyeva idarə etdiyi “Hunday Aksent” markalı təlim avtomobili ilə hərəkət edərkən “Mercedes” markalı avtomobildən düşən Rafiq Məmmədovu vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı faktla bağlı cinayət işi başlanılıb

Qubada kişi dəm qazından öldü

Qubada kişi dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, ötən gün Zöhrab Müslüm oğlu Ramazanov yaşadığı həyətdə yerləşən sanitar qovşaqda olan zaman ora quraşdırılmış su qızdırıcı avadanlıqdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Uşağını vuran qadını itələdi, ayağı sındı - Bakıda qadınların davası

Bakıda parkda iki qadın arasında başlayan mübahisə məhkəmədə başa çatıb. İşin məhkəməyə qədər uzanmasının səbəbi qadınlardan birinin ayağının sınması olub. Sozcu.az Musavat.com-a istinadən hadisə Yasamal rayonunda parklardan birində baş verib. 34 yaşlı Aytən Həsənova (ad şərtidir) parkda tanımadığı 50 yaşlı Zəhra Qasımova (ad şərtidir) ilə mübahisə zamanı onu itələyib. Zəhra Qasımova yıxılan zaman ayağı sınıb. Mübahisəyə səbəb isə Z.Qasımovanın Aytənin azyaşlı qızını vurması olub. Belə ki, Aytənin qızı və digər uşaqlar parkda topla oynayırmışlar. Uşaqların vurduğu top Z.Qasımovaya dəyib və onu əsəbiləşdirib. Z.Qasımova buna görə uşaqlara şillə vurub. Uşaqlar da bu barədə analarına məlumat verib. A.Həsənova qızını vurduğu üçün Z.Qasımova ilə mübahisə edərək onu itələyərək yıxıb. Yıxılan zaman Qasımovanın ayağı sınıb. Z.Qasımovanın polisə müraciəti əsasında A.Həsənova barəsində cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə zərərçəkmiş şəxs deyib ki, Aytənin qızını vurmayıb. Aytən isə deyib ki, Z.Qasımovaya xəsarət yetirmək niyyəti olmayıb. Onu bilərəkdən itələməyib. Məhkəmə Aytənin əməlinin daha yüngül maddəyə dəyişdirilməsinə qərar verib. Ona Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan az ağır zərər vurma) maddəsi ilə 7 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məhkəmə Aytənin bu əməlində xuliqanlıq olmadığı qənaətinə gəlib.

Şamil Sabiroğluna HÖKM OXUNDU

Külli miqdarda dələduzluqda təqsirləndirilən Zakir Məmmədov və Şamil Ələkbərliyə hökm oxunub.  Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.  Hökmə əsasən, hər iki təqsirləndirilən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.  Qeyd edək ki, iş üz üzrə 4 zərərçəkmiş şəxs qismində tanınıb. Ümumi dəymiş ziyan isə 11 min 900 manatdır. Məhkəmə istintaqı dövründə zərərçəkmişlərə dəymiş ziyan ödənilib.  Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 178.2.2 178.2.3 (təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.  Onu da xatırladaq ki, təqsirləndirilən şəxslərdən Şamil Ələkbərli (Şamil Sabiroğlu) “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri və Birinci Qarabağ müharibəsi veteranı, jurnalistdir. 

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Yanvarın 29-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə,  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mərdəkanda evdə partlayış - 1 nəfər yaralandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, bununla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, həyətdə dayanan 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib və 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.