Evi başına uçurdulan şəxsdən ŞOK SÖZLƏR: "Melissa Park" məhkəmə qərarını HEÇƏ SAYDI"

"2024-cü il dekabrın 24-də üzərində mənim - yəni ev sahibinin adı, içərisində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Məlahət Hacıyeva adında bizim heç bir ailə üzvümüz və yaxınımız yoxdur. Onlar telefonda dedilər ki, bu, texniki səhvdir, məhkəmə elə-belə prosesdir, formaldır, siz məhkəməni ciddiyə almayın, biz onsuz da sizinlə razılığa gələcəyik. Mən də dedim ki, məhkəmə dövlətin ən ali strukturudur, necə qeyri-ciddi proses ola bilər? Siz nə danışırsınız?" Bu fikirləri Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibi Həbib Hacıyev deyib. O qeyd edib ki, bildiriş məktubu orfoqrafik səhvlərdən oxunmayıb: "Bildiriş məktubunda yazılmışdı ki, "sizin sənədsiz-sübutsuz gecəqondu evinə 173 min manat kompensasiya veririk, ya 10 günə evi boşaldın, ya da məhkəməyə verəcəyik. Bunlar mənim beşmərtəbə villama "gecəqondu" deyirlər, üstəlik, evimin çıxarışı var. Ev sənədli-sübutlu bizə aiddir. Hətta mənim vəkilim belə bu iddiaya gülmüşdü ki, komediyadır, çıxarışı ləğv etdirmək üçün mülkiyyəti olan şəxsi necə məhkəməyə verirsiniz? Mülkiyyət konstitusiya ilə qorunur. Əsassız iddia idi, sadəcə, məhkəməyə veriblər. Nə qara məqsədləri olduğunu bilmirəm. Qanunsuz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışırdılar. Məhkəmədə gedən proseslərdə əsaslı heç nə ortaya qoya bilmədilər. Hakim bizim lehimizə qərar çıxarmışdı ki, evin ətrafında hər hansısa bir ağır tikinti texnikası işlətmək olmaz, qadağandır, qəti şəkildə. Lakin "Melissa Park" şirkəti məhkəmə qərarını çeynədi, daha da azğınlaşdılar. Anamla birgə bu gün ayaq nahiyəmdən mənə də xəsarət yetiriblər. Xəstəxanadan indi gəlmişəm".Oxu.az

Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Martın 27-si Azərbaycanın rayonlarında gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirildi

"Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində valideyni tərəfindən nəzarətsiz buraxılan azyaşlının qalması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Sabahdan bu məktəblərdə dərslər başlayır

Sabah ölkənin bəzi orta məktəblərində bayram tətilindən sonra ilk dərs günü olacaq. Sozcu.az Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləridir. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.

Temperatur 18 dərəcəyə yüksələcək

Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 25-ci günüdür. Sozcu.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:09, iftar isə 19:12-dədir. İmsak duası: “Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin”. Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Sabah hava necə olacaq? - Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Azərbaycanda pensiya ödənişləri ləğv edilir? – VİDEO

Azərbaycanda ildən-ilə pensiyaçıların sayında azalma müşahidə olunur. İddialara görə, yaşın artırılması da məhz buna xidmət edir. Yəni pensiya alanların sayı azalsın və gələcəkdə ödənişlər ləğv edilsin. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yəni hazırda kişilərdə pensiya yaşı 65-dir, qadınlarda isə bu il 64 olacaq. Pensiya ödənişləri gələcəkdə ləğv oluna bilərmi? Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli iddiaların əsassız olduğunu deyib.

Elektrik xətlərinin altında evləri olanlara MÜHÜM XƏBƏR - Video

Yüksək gərginlikli elektrikötürücü xətlərin altına düşən torpaq sahələri dəyərləndiriləcək. Sozcu.az bu barədə "Xəzər TV"yə istinadən xəbər verir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bunun müsbət tərəfləri var. Görülən bu işlər sayəsində sözügedən ərazilərdə  tikilmiş çoxsaylı evlər üçün çıxarış problemi də öz  həllini tapmış ola bilər. Ekspert bildirib ki, bundan başqa bir çox dövlət layihələri əsasında müxtəlif növ qiymətləndirmələr də aparılacaq. Eyni zamanda mütəxəssis rəyinin və AZURE, yəni bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi üçün müəyyən hesabatların hazırlanması xidmətləri də həyata keçiriləcək.

Bu gün üçüncü Qədr gecəsi olacaq

Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı xüsusi təqviminə görə, bu gün üçüncü Qədr gecəsini yaşayacağıq. Sozcu.az xəbər verir ki, təqvimə əsasən üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə keçən gecəyə (22 mart) təsadüf edir. Növbəti Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) olacaq. Xatırladaq Ramazanın ilk Qədr gecəsi mart ayının 18-dən 19-na keçən gecəyə, ikinci Qədr gecəsi isə Ramazan ayının 20-dən 21-nə keçən gecəyə (20 mart) təsadüf edib.  ​​​​​​​ İslam təqvimi ilə Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq. Qədr gecəsi Allahın müqəddəs kitabı “Quran”ın nazil olduğu gecədir. Allah-Təala “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz onu (“Quran”ı) Qədr gecəsi nazil etdik!” Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar. Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub. Qədr gecəsi Allah insanların dualarını qəbul edir. Qədr gecəsin həm bərəkətli, həm də Allahın mərhəməti olan bir gecədir.  Qədr gecəsi əhya saxlamaq, yəni səhərədək oyaq qalmaq savab sayılır. Həmin gecədə təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir. Hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə, Allah-Təala ona min ay ibadətin savabından artıq savab yazar.

Etibar Cəbrayıloğluya ağır itki üz verib

Tanınmış jurnalist Etibar Cəbrayıloğluya ağır itki üz verib. Jurnalistin anası Rəisə xanım bu gün 84 yaşında vəfat edib. Bu barədə mərhumun nəvəsi Turan Etibaroğlu bildirib. Allah rəhmət eləsin.

Rüstəm nişanlı idi, gəlməyinə 10 gün qalmışdı…

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusuyla vida mərasimi keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib. Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu İmanovla birlikdə qar uçqunu nəticəsində həlak olub. *** Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib. 2005-ci il təvəllüdlü Rüstəm Həmidov vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.