Yüzlərlə müəllim imtahandan kəsildi - Kollec biabırçılığı

Son günlərdə keçirilən müəllimləri attestasiya imtahanlarının nəticələri ciddi müzakirə mövzusuna çevirilib. Yüzlərlə müəllim attestasiyadan kəsilib, onların əksəriyyəti kollec məzunudur. Bu imtahanlar göstərdi ki, xüsusilə kollecləri bitirib məktəbdə dərs deyən müəllimlərin bilik səviyyəsi ciddi şəkildə sual altındadır. Musiqi müəllimlərinin qiymətləndirilməsi ilə başlayan bu müzakirələr, əslində daha geniş bir problemin – orta ixtisas təhsil müəssisələrinin pedaqoji kadr hazırlığında keyfiyyət məsələsinin diqqət mərkəzinə gəlməsinə səbəb oldu. 2023 və 2024-cü illərdə keçirilən sertifikasiya imtahanlarında da orta ixtisas təhsilli müəllimlərin nəticələri ümumi göstəricilərdən aşağı olub. Məsələn, 2024-cü il nəticələrinə əsasən, universitet məzunlarının 72%-i minimum balı topladığı halda, kollec məzunlarında bu rəqəm cəmi 43% olub. Bu fərq sadəcə fərdi hazırlıqla deyil, sistematik struktur probleminin mövcudluğuyla bağlıdır. Mövzu ilə bağlı təhsil sahələri üzrə eksper Kamran Əsədov Modern.az-a bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14.1-ci maddəsində qeyd olunur ki, müəllim hazırlığı ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilir. Bu o deməkdir ki, pedaqoji fəaliyyətin hüquqi bazası ali təhsillə bağlıdır. Kolleclər isə bu tələbi qismən yerinə yetirir və pedaqoji sahəyə hazırlıqda tam hüquqi baza yaratmır.  “Eyni zamanda, “Məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması Qaydaları”na görə, müəllimlər yalnız bilik deyil, metodoloji hazırlıq baxımından da qiymətləndirilir. Lakin kolleclərdə metodoloji baza və praktik pedaqoji hazırlıq zəif olduğundan, məzunlar bu mərhələdə ciddi çətinlik yaşayırlar”. K. Əsədov vurğulayıb ki, kolleclərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin bir çoxu qəbul imtahanlarında minimal bal toplayanlardır. Bu da onu göstərir ki, təhsil prosesinə daxil olanların ilkin akademik hazırlıq səviyyəsi aşağıdır. “Universitetlərlə müqayisədə kolleclərin təhsil müddəti daha qısadır (2-3 il), bu müddət ərzində həm fənn biliklərinin, həm də pedaqoji bacarıqların verilməsi mümkün deyil. Digər tərəfdən, kolleclərdə müəllim heyətinin elmi dərəcəsi olanların faizi də çox aşağıdır. Bu, həm dərslərin keyfiyyətinə, həm də tələbələrin formalaşmasına mənfi təsir edir. Problemin daha dərin səbəblərindən biri də praktika mexanizmlərinin zəifliyidir. Universitetlərdə tədris təcrübəsi geniş şəkildə tətbiq olunur, tələbələr məktəblərlə əməkdaşlıq çərçivəsində sinifdə dərs demə bacarığı əldə edir. Kolleclərdə isə bu proses daha formal xarakter daşıyır. Təcrübə müddəti ya çox qısa olur, ya da real məktəb mühiti ilə əlaqəsi zəif qurulur. Nəticədə kolleci bitirən gənc müəllim məktəbə real hazırlıq olmadan daxil olur”. Dünya təcrübəsi haqda da danışan ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə - Finlandiya, Estoniya, hətta Türkiyədə  müəllim hazırlığı yalnız universitetlərdə həyata keçirilir və müəllimlər üçün davamlı təlimlər məcburidir.  “Azərbaycanın bu sahədə öz xüsusiyyətləri olsa da, təcrübə onu göstərir ki, pedaqoji kadr hazırlığında kolleclərin rolu tədricən azaldılmalı və bu funksiyalar tam olaraq universitetlərə yönəldilməlidir. Bununla belə, kolleclər tamamilə müəllim hazırlığından uzaqlaşdırılmamalıdır. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və texnologiya kimi fənlər üzrə müəllim hazırlığı bu müəssisələrdə davam etdirilə bilər. Çünki bu istiqamətlərdə praktik bacarıqlar ön plandadır və akademik dərinlikdən çox, tətbiqi biliklər tələb olunur”- deyə Kamran Əsədov bildirib.  Onun sözlərinə görə əgər bu istiqamətdə dəyişikliklər edilməzsə, bir neçə ciddi problem davam edəcək. Birincisi, təhsil keyfiyyəti bərabərsizliyi artacaq – rayon məktəblərində çalışan müəllimlərin əksəriyyəti kollec məzunu olduğu üçün bu bölgələrdə təhsil keyfiyyəti daha da zəifləyəcək. İkincisi, müəllim peşəsinin nüfuzu aşağı düşəcək. Cəmiyyət universitet məzunları ilə kollec məzunları arasındakı fərqi açıq şəkildə hiss etdikcə, bu peşəyə ümumi etibar azalacaq. Üçüncüsü isə təhsil sistemində qeyri-peşəkar yanaşmalar artacaq – bu isə ümumilikdə Azərbaycanın insan kapitalı üçün riskdir: “Bununla yanaşı, kolleclərin tamamilə sıradan çıxarılması da doğru olmaz. Onların texniki və peşə hazırlığı üzrə ixtisaslaşması, əmək bazarının tələblərinə uyğun olaraq yenidən formalaşdırılması vacibdir. Əgər müəllim hazırlığı kolleclərdən alınarsa, həmin məzunlara alternativ karyera imkanları yaradılmalıdır. Bu isə planlı şəkildə həyata keçirilməli, illər üzrə keçid dövrü nəzərə alınaraq reallaşdırılmalıdır. Nəticə olaraq, hazırkı vəziyyət onu göstərir ki, kollec məzunu müəllimlərin zəif nəticələri təsadüfi deyil, sistematik və köklü səbəblərə dayanır. Bu problemin aradan qaldırılması üçün pedaqoji kadr hazırlığı sahəsində radikal islahatlara ehtiyac var – hüquqi çərçivənin yenilənməsi, kolleclərin rolu və funksiyasının aydınlaşdırılması, universitet əsaslı modelə keçid və uzunmüddətli insan kapitalı strategiyası formalaşdırılmalıdır. Əks halda, bu gün imtahanda zəif nəticə göstərən müəllim sabah şagirdin gələcəyini zəif formalaşdıracaq”.

Faktiki hava açıqlandı

Aprelin 5-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi rayonlarda qərb küləyi əsib, küləyin sürəti arabir Gəncədə 18 m/s, Sabirabadda 16 m/s, Şəki və Zaqatalada 15 m/s, Mingəçevirdə 14 m/s-yə çatıb. Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda, Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Aran rayonlarında o cümlədən, Naxçıvan MR-da 25, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Leysan, dolu, sulu qar: Qış geri qayıdır... - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Teleaparıcıya cinayət işi açıldı - Həbs oluna bilər

Plastik əməliyyat qalmaqalıyla gündəmə gələn teleaparıcı Fərqanə Gülağaqızıya cinayət işi açılıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, plastik cərrah Sevinc Heydərovanın şikayəti əsasında Yasamal Rayon Məhkəməsi onu təqsirləndirilən şəxs kimi tanıyıb və Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanılıb. Sevinc Heydərovanın şikayətində göstərilir ki, Fərqanə Gülağa qızı Quliyeva onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, nüfuzuna və fəaliyyətinə zərbə vurub. Qeyd edək ki, bu mövzu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramında işıqlandırılıb. Uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə xanım bildirib ki, 10 ay keçməsinə baxmayaraq, üzündə izlər qalıb. Halbuki həkim ona bu izlərin 6 ay ərzində keçəcəyini deyibmiş. Onun sözlərinə görə, məsələ ilə bağlı ekspertizadan keçib və rəyi gözləyir: "Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, bu, həkim səhvi deyil. Xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq". Sevinc Heydərova qadının üzündə yaranmış problemlərin əməliyyatın uğursuz və ya keyfiyyətsiz aparılması ilə əlaqədar olmadığını bildirib. O, problemin pasiyentin həkimin tövsiyələrinə əməl etməməsi və lazımi prosedurları yerinə yetirməməsi səbəbindən yarandığını qeyd edib. Buna baxmayaraq, həkim problemin aradan qaldırılmasına razı olduğunu bildirib. Aparıcı isə məsələni ictimailəşdirərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

May ayında 11 gün iş olmayacaq

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq. Sozcu.az News24.az-a istinadən xəbər verir ki, 9 May Faşizm üzərində Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. Hər iki gün həftəiçi günlərinə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi halı nəzərdə tutulmayıb. Şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, ümumilikdə may ayında 11 gün iş olmayacaq.

Məktəblərdə yay tətilinin müddəti ARTIRILIR: Dərslər bu tarixdə başlayacaq?

Rusiya və Türkiyə kimi ölkələrdə yay aylarının isti keçdiyi şəhərlərdə məktəblərdə yay tətilinin müddətini bir neçə həftə artırılması planlaşdırılır. Bu qərarın əsas məqsədi şagirdlərin sağlamlığını qorumaq və onların daha rahat bir tədris mühiti əldə etməsini təmin etməkdir. Türkiyədə xüsusilə cənub bölgələrində, Rusiyada isə isti iqlimə malik şəhərlərdə bu dəyişikliklərin tətbiq edilməsi nəzərdə tutulur. Azərbaycanın iqlimi nəzərə alındıqda yay aylarının olduqca isti keçdiyini görmək mümkündür. Xüsusilə iyul və avqust aylarında temperaturun 40°C-yə qədər qalxması, xüsusilə də, şagirdlər üçün əlverişsiz şərait yaradır. Son illərdə iqlim dəyişikliyi ilə bağlı havaların daha da isinməsi bir sıra ölkələri tədris müddətinə yenidən baxmağa vadar edib. Maraqlıdır ölkəmizdə yay tətilinin müddəti artırıla bilərmi? Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov News24.az-a açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində yay tətili uzunmüddətli olur: "Adətən bu müddət 8-12 həftə arasında dəyişir ki, bu da 2-3 ay deməkdir. Azərbaycan 2004-cü ildən etibarən yarımillik sistemə keçib. Buna baxmayaraq, yaz, payız və qış tətillərinin müddəti kifayət qədər qısa olur. Rüblük sistemə keçid daha məqsədəuyğun olardı. Dünyanın müxtəlif ölkələrində təhsil ilinin müddəti 36-42 həftə olduğu halda, Azərbaycanda bu müddət 34 həftədir. Təhsil ilinin müddətinin uzadılması ilə bağlı dəfələrlə təkliflər irəli sürülüb". Ekspertin sözlərinə görə, əgər təhsil ilinin başlama tarixi 14 sentyabr olaraq müəyyən edilibsə və dərslər iyunun əvvəlinə qədər davam etməlidir, bu zaman tədris ili daha səmərəli təşkil oluna bilər: "İyunun 1-dən 14-nə qədər olan müddət qiymətləndirmə prosesi üçün ayrılsa, yay tətilinin müddəti indiki 12 həftədən 10 həftəyə enəcək. Bu dəyişiklik Azərbaycanın təhsil sistemini beynəlxalq təcrübəyə daha da yaxınlaşdıracaq. Çünki dünyanın müxtəlif ölkələrində də yay tətilinin orta hesabla 10 həftə olduğu müşahidə edilir". Qafarov əlavə edib ki, Azərbaycan isti ölkələr sırasında yer alır və burada tədris ilinin düzgün planlaşdırılması vacibdir. Əgər yay tətili iyunun 1-də başlayıb, sentyabrın 14-də bitsə, bu, həm tədris planına uyğunlaşmış olacaq, həm də şagirdlərin yüklənməsinin qarşısını alacaq.

Ağsuda bayram namazı qılınıb - Fotolar

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Ağsu rayonunda bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, dini ayinlər Ağsu rayonu "Hacı Alcan Hacı Almaxanım" məscidində icra olunub. Bayram namazından sonra şəhidlər xiyabanı ziyaət olunub, dualar oxunub.

Ağstafada tələbə faciəvi şəkildə öldü

Ağstafada yol qəzası baş verib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki,hadisə rayonun Xətai kəndində qeydə alınıb. Sürücü E.Mamayev idarə etdiyi "Mersedes" markalı avtomobilin idarə etməsini itirib və maşın ağaca çırpılıb. 2005-ci il təvəllüdlü sürücü hadisə yerində vəfat edib. Qeyd edək ki, ölən şəxs Bakı Dövlət Universitetinin Qazax filialının üçüncü kurs tələbəsidir.

Vətən müharibəsi qazisi vəfat etdi

Qəbələdə Vətən müharibəsi qazisi Nurlan Gündüz oğlu Qasımov vəfat edib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, rayonun Aydınqışlaq kənd sakini Nurlan Qasımov "Veqener qranulomatozu" (Xəstəlik nekrotik vaskulit olub yuxarı tənəffüs yollarının, ağciyərlərin və böyrəklərin kiçik damarlarını zədələyir) xəstəliyindən dünyasını dəyişib.

“Melissa” içində yaşayış olan daha bir evi dağıdıbmış

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb. Sozcu.az Azxeber.com-a istinadən xəbər verir ki, bu, tikinti şirkətinin qanunsuz əməli ilk deyil. Belə ki, eyni hadisə keçən ilin oktyabr ayının 21-də Yasamal rayonu, Birinci Alatava qəsəbəsində baş verib. Eyni ssenari üzrə hərəkət edən şirkət əməkdaşları yaşayış olan evləri sökməyə başlayıblar. "Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Vətəndaşlar arasında qorxu və çaşqınlıq yaradan hadisədən 5 ay keçdikdən sonra eyni hal yenidən təkrarlanıb. Qeyd edək ki, baş verən söküntünün Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, "Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır.

“Melissa”nın daha bir yalanı üzə çıxdı: 2 milyon istəyib?

“Melissa Group” tikinti şirkətinə daxil olan FEBA MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib. Bəs görəsən, bu iddia həqiqəti əks etdirir? Sozcu.az xəbər verir ki, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.az-a açıqlamasında 2 milyon manat iddiasının tamamilə yalan olduğunu bildirib. “Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub”. Qeyd edək ki, hadisə ilə bağlı bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

Ramazanın 28-ci günü - İmsak və iftar vaxtı

Sabah martın 28-i Ramazan ayının 28-ci günüdür. Sozcu.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:04-də, iftar isə 19:15-dədir. İmsak duası: “Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin”. Tərcüməsi: “İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!