Bu tarixədək güclü külək əsəcək

Oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Oktyabrın 1-də isə küləyin güclənərək narıncı xəbərdarlığa keçəcəyi və 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir. Gəncə, Daşkəsən, Naftalan və Goranboyda da narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9 m/san olacaq.

Oktyabrın havası: Yağış, külək...

Oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir, tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir. Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal -qərb küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-40 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10 dərəcə, bəzi günlərdə 3 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 9-14 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 47-56 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 53-56 mm). Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-61 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə 23-25 dərəcə, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, dağlarda gündüzlər 7-12 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 26-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-46 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, dağlarda gündüzlər 9-14 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 96-274 mm).

Daha bir məktəbdə 30 manat yığılır — Şagirdlər danışdılar - VİDEO

Valideynlərdən pul yığılması ilə bağlı yeni iddialar ortaya çıxıb. Sozcu.az Xəzər TV-yə istinadla xəbər verir ki, Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar valideynlərdən pul yığılır. Şikayətçi valideyn iddiaya dair çeklər və pulların köçürüldüyü bank hesabı ilə bağlı məlumatları, həmçinin valideyn komitəsinin səs yazılarını redaksiyaya göndərib. Məlumata görə, səs yazısında danışan şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəbin 7b sinfinin valideyn komitəsinin sədri Aynurə Hümbətovadır. İddiaya əsasən, sinif rəhbəri valideyn komitəsi vasitəsilə hər ailədən 30 manat pul yığılacağını bildirib. Məsələ ilə bağlı məktəbə müraciət olunub. Valideynlər və müəllimlər iddiaları təkzib etsələr də, bəzi şagirdlər hər valideyndən 30 manat yığıldığını təsdiqləyiblər. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Cabir İmanovun nəşi Əjdərbəy məscidinə aparıldı

Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Sozcu.az oxu.az-a istinadla xəbər verir ki, daha sonra onun nəşi Əjdərbəy məscidinə aparılıb.

Yağış yağacaq, leysan olacaq - Növbəti 3 gün üçün XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. pizza sifarişi Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bölgələrdə leysan olacaq - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Monqolustandan Azərbaycana gətirilən ətdə təhlükə: “Aİ ümumiyyətlə öz ərazisinə buraxmır”

“Keçən il Azərbaycana Monqolustandan 391 ton qoyun əti gətirilib. Bu ilin rəqəmləri daha da çox ola bilər, çünki orda ətin kilosu cəmi 5–6 manata alınır”. Sozcu.az xəbər verir ki, bu sözləri öz “Facebook” səhifəsində jurnalist Orxan Atabəy yazıb. O bildirib ki, bu ölkədən gətirilən ətlər insan səhhəti üçün təhlükəli ola bilər:  “Monqolların çoxu Tibet buddizminə inansa da, qədim tengrizm adətlərini qoruyublar. Onlara görə torpağı, çayı çirkləndirmək günahdır. Buna görə heyvanı öldürəndə qarınlarından kiçik dəlik açıb əllə ürəyi damardan ayırırlar. Həm də düşünürlər ki, heyvan bu ölümlə əziyyət çəkmir. Qan torpağa düşmədən əzələlərin içində qalır. Bu problemlidir, çünki qan viruslar, bakteriya və mikroblar üçün ən yaxşı qida mühitidir. Özləri üçün problem deyil, dərhal parçalayaraq uzun-uzadı qaynadıb yeməyi xoşlayırlar. Beləliklə, qan onların menyusunda suda laxtalanıb itir. Bizim üçün isə kəsirlər anbarda toplayırlar, qablaşdırırlar və uzun zaman keçir, sonra həftələrlə yol gəlir və kababxanalara, topdan satış məntəqələrinə paylanır. Hansısa həftələr, aylar içində satılır. Bildiyiniz kimi, manqalda qısa bişirmə ilə bütün parazit və mikroblar ölmür. Baş verə biləcək xəstəlik növləri üçün gərək ayrı bir status yazım”. Orxan Atabəy qeyd edib ki, ölkə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib: “Mən araşdırdım: Avropa İttifaqı belə əti ümumiyyətlə ərazisinə buraxmır, çünki standartlara cavab vermir. Yalnız çox məhdud miqdarda, ciddi sertifikat və laborator yoxlamalardan sonra qəbul edirlər. Ona görə də idxal etmək heç kimə sərf etmir. Keçən il Monqolustandan Avropaya cəmi 20 min dollar dəyərində hissələr (əsasən quyruq) aparılıb. Balaca Azərbaycanımıza isə eyni ildə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib”.

Bu çaydan sel keçir – Faktiki hava

Sentyabrın 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sentyabrın 28-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Yağan yağıntının miqdarı Astarada 57, Lənkəranda 52, Lerikdə 29, Yardımlıda 14, Qəbələdə 13, Balakəndə 11, Zaqatala, İsmayıllıda 10, Daşkəsəndə 9, Oğuzda 8, Qaxda (Sarıbaş) 7, Cəlilabadda 6, Altıağacda (Xızı) 5, Şəkidə 4, Quba, Gədəbəy, Yevlax, Göygöldə (Hacıkənd) 3, Naftalan, Göyçay, Biləsuvarda 2, Xaçmaz, Qusar, Şabran, Şahdağ, Şamaxı, Mingəçevir, Şəmkir, Bərdə, Beyləqan eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Sentyabrın 28-i saat 08:00 radələrindən Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir. Daşkəsən, Gədəbəy, Göygöl, Qax (Sarıbaş), Balakən, Zaqatala, Şəki, Şamaxı, Altıağac (Xızı), Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sozcu.az xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər. Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Azərbaycanlılar Gürcüstana axışır: 2 min maaş, pulsuz nahar...

Müstəqillikdən bəri ölkələrarası fiziki şəxslərin pul köçürmələri tarixində (izlənən dövrdə) ilk dəfədir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr bizim ölkədən ora köçürmələri üstəliyib: Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara yüksəlib – illik müqaisədə 4% artım var. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gedən insanların sayı kəskin artıb: “Gürcüstanda olarkən tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş alırdılar, bundan başqa, insanı rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar, iş yerinə gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu məsələlər də cəlbedicidir. Gəncəbasar zonasından olan bir neçə kiçik sahibkarla da tanış oldum – Azərbaycanda maneələrlə üzləşdikdən sonra Tiflisə köçüblər. Kiçik sahibkarlıqla məşğuldurlar, 500 min lariyə qədər dövriyyədən cəmi 1% vergi verirlər, heç bir dövlət orqanının, nəzarətedici qurumun üzünü belə görmürlər. Vergi və gömrük işindən çox razı idilər. Cəmi 8 il əvvəl Azərbaycan adambaşına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazın lideri idi, 2017-ci ildə: Azərbaycan - 4212 dollar, Gürcüstan - 4047 dollar, Ermənistan - 3869 dollar. 2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə adambaşına düşən ÜDM-ə görə indi biz Cənubi Qafqazda sonuncu yerdəyik: Gürcüstan – 9570 dollar, Ermənistan – 8860 min dollar, Azərbaycan – 7600 dollar. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9% artıb. Gürcüstanda bu rəqəm 8,6%, Ermənistanda isə 5,2%-dir. Bütün bu makro-iqtisadi göstəricələrdə geriləmələrə görə indi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir, qazanır, ailəsinə pul göndərir”.

Yağış, leysan, dolu, qar... - Sabahın HAVA PRONOZU

Milli Hidrometeorologiya Xidməti sentyabrın 27-də gözlənilən hava proqnozunu açıqlayıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 14-16, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanda hərbi xidmətə çağırış yaşı dəyişdirilə bilər?

Rusiya Dövlət Dumasının deputatları plenar iclasda təqvim ili ərzində hərbi xidmətə çağırışa icazə verən qanun layihəsini birinci oxunuşda qəbul ediblər. Yeni qaydalara əsasən, çağırışçılar ildə iki dəfə – aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək hərbi xidmətə göndəriləcəklər. Maraqlıdır, Azərbaycanda da çağırış sisteminin Rusiyadakı modelə uyğunlaşdırılması mümkündürmü? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiyada çağırış sistemi bir neçə dəfə dəyişdirilib:  “Onlarda da əvvəllər ildə iki dəfə çağırış həyata keçirilirdi. Sonra bu sayı dörd dəfəyə qaldırdılar. İndi isə yenidən əvvəlki modelə, ildə iki çağırış sisteminə qayıtmaq istəyirlər. Hesab edirəm ki, bu daha məqsədəuyğundur. Çünki ildə dörd dəfə çağırış komandirləri, gənc əsgərlərlə məşğul olan kontingenti işdən ayırır və çox vaxt sərf edirlər”. Ekspertin sözlərinə görə, Azərbaycanda da çağırış sistemində təkmilləşməyə ehtiyac var: “Əlbəttə ki, Azərbaycanda da ildə iki dəfə çağırış həyata keçirmək olar, biri ilin birinci, digəri isə ikinci yarısında. Lakin bu, mütləq Rusiyaya uyğunlaşdırılmalı deyil. Hesab edirəm, çağırış yaş həddi də yenidən nəzərdən keçirilməlidir. Məsələn, maksimal yaş 30 deyil, 28-ə endirilməlidir. Əvvəllər bizdə 27 yaş olub. Digər tərəfdən, çağırışın 18 yox, 20 yaşdan həyata keçirilməsi daha məqsədəuyğundur”. Üzeyir Cəfərov vurğulayıb ki, Azərbaycan ordusunun mövcud ehtiyacları nəzərə alınmaqla çağırış sistemində dəyişikliklər aparılması labüddür.