Aliment ödəməkdən imtina edən valideynləri nə gözləyir?

Uşaqların saxlanılması valideynlərin qanuni və mənəvi borcudur. Lakin bəzən aliment ödəməkdən yayınan valideynlər olur ki, bu da həm uşağın hüquqlarının pozulmasına, həm də qanun qarşısında ciddi məsuliyyətə səbəb olur. Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov alimentin ödənilməsi ilə bağlı qanunvericiliyin müddəaları və tətbiq edilən məsuliyyət tədbirləri barədə Moderator.az-a ətraflı məlumat verib. Hüquqşünas deyib ki, Azərbaycan Respubliksının Ailə Məcəlləsinin 75-ci maddəsində deyilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar: “Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir: “Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən  uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı:   Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:   1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;     3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilir ki, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması  Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Hüquqşünas əlavə edib ki,  tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir: “Həmin şəxs alimenti ödəməkdən imtina edərsə, İcra Haqqında Qanunun 43-cü maddəsinə əsasən ilk növbədə tələb onun əmlakına yönəldilir. Yəni, şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur. İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir. Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru praktikaya əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş edir. Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər.  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə şəxs məsuliyyətə o halda cəlb oluna bilər ki, o icra məmurunun qanuni tələblərinə əməl etməsin. Misal üçün aliment ödəməli olan şəxs icra məmurunun çağırışlarına gəlməsin və yaxud icra məmurundan əmlakını bilə-bilə gizlətsin və s. Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər. Yekunda əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir”. Fariz Əkbərov qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə şəxs aşağıda göstərilmiş formalarda cinayət məsuliyyəinə cəlb edilə və cəzalandırıla bilər: 1) 2000 manatdan 4000 manatadək miqdarda cərimə 2) 320 saatdan dörd 480 saatadək ictimai işlər 3) 2 ilədək müddətə islah işləri 4) 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması 5) 3 ilədək müddətə azadlıqdan məhrumetmə

Ötən ay xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb

İyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Sozcu.az TKTA-ya istinadla xəbər verir ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 78 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 5 dövlət nümunəli olmayan transkript (qismən tanınmaya münasibətdə), 5 dövlət nümunəli olmayan diplom, 4 təhsilalma forması, 3 əhəmiyyətli fərq (kredit sayı), 3 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 2 tədris yükü, 1 bakalavr diplomuna imtina verilməsi səbəbilə, 1 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmanı göstərmək mümkündür. Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 173, iqtisadiyyat üzrə 46, biznesin idarə edilməsi üzrə 44, maliyyə üzrə 30 müraciət qeydə alınıb. 

Kürdə suyun səviyyəsi niyə azalıb?

Kürdə suyun səviyyəsinin aşağı düşməsinə səbəb Mingəçevir su anbarından çayın aşağı hissəsinə tökülən kiçik çayların sululuğunun azalmasıdır. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev deyib. Onun sözlərinə görə, Kür çayı üzərində yerləşən Mingəçevir su anbarından Kür çayına hazırda 250 kubmetr/san su buraxılır və bu, bir neçə aydır ki, belə davam edir: "Kür çayının Mingəçevir su anbarından aşağı hissəsinə tökülən kiçik çayların sululuğu azaldığından Kür çayında da suyun səviyyəsi aşağı düşüb. Belə vəziyyət ciddi çətinliklər yaratmır". Xidmət rəsmisi əlavə edib ki, əvvəlki illərlə müqayisədə son bir neçə il havaların yağmurlu keçməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb: "Bunun nəticəsində ölkəmizin su anbarlarında kifayət qədər su ehtiyatı toplanıb. Hazırda ölkəmizin əsas su anbarlarında 18 milyard kub metr su ehtiyatı toplanıb. Su anbarlarında su ehtiyatının olması suvarma kanallarına kifayət qədər suyun verilməsinə imkan verir. Bildiyiniz kimi, hazırda ölkə ərazisində istilər olduğundan və havalar yağmursuz keçdiyindən, çaylarda (əsasən dağ çaylarında) suyun səviyyəsi aşağı düşüb".

Bakıda 40 dərəcə isti...

Azərbaycanda avqustun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb.

Azərbaycanda bu evlər bərpa ediləcək

Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş 21 ədəd fərdi yaşayış evində əlavə bərpa işləri aparılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi iqtisadiyyat.az-a bildirib. Məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb. Qurum bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tikinti şirkətlərinin biri ilə müqavilə bağlayıb. Müqaviləyə əlavə bərpa işlərinə yarım milyon manat vəsait sərf olunacaq.

Son 5 ildə iyulda havanın orta aylıq temperaturu...

2025-ci ilin iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, havanın orta aylıq temperaturu 28 dərəcə isti təşkil edib, bu da iqlim normasından 2 dərəcəyədək yuxarıdır. Eyni zamanda vurğulanıb ki, son beş ildə iyul ayında havanın orta aylıq temperaturu iqlim normasından 5-8 dərəcə yuxarı olub.

Tozlu hava neçə gün davam edəcək?

Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır. R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub: "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir".

Bu rayonlarda 41 dərəcə isti…

Azərbaycanda avqustun 4-ü saat 9:00-a olan məlumata əsasən isti hava şəraiti davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.

Bu evlərə sənəd verilməyəcək – SƏBƏBİ BİLİNDİ

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdirilsə də, proses davam edir. Lakin elə evlər var ki, onların sənəd alması olduqca mürəkkəb və hətta mümkünsüzdür. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış evlərindən danışıb. Onun sözlərinə görə, yüksək gərginlikli elektrik xəttlərinin altında, yüksək təzyiqli qaz və su kəmərlərinin çox yaxınlığında və ya üzərində, neftlə çirklənmiş torpaq sahələrində tikilən qanunsuz evlərə çıxarış verilməyəcək. Ekspert bildirib ki, bu evlər təhlükəsizlik tələblərinə cavab vermir və bu baxımdan da onlara sənəd verilməsi mümkün deyil. R.Qasımzadə vətəndaşlara bu cür evləri almaqdan çəkinməyi tövsiyə edib: “Çıxarışı olmadığı halda o evlərin gələcəkdə satılması, alınması mümkün olmayacaq. Belə hallarla üzləşməmək və gələcəkdə problemlər yaşamamaq üçün vətəndaşlar hər hansı fərdi yaşayış evi almadan öncə diqqətli şəkildə həm sənədləri yoxlatdırmalıdırlar, həm də tikinti üzrə mütəxəsis cəlb edib tikintinin normalara uyğun olub-olmadığını dəqiqləşdirməlidirlər”.

Bakıda 40, Naxçıvanda 41 dərəcə isti - FAKTİKİ HAVA

Avqustun 3-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində isti hava şəraiti davam edib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.

Xankəndidə evdən kişi meyiti tapıldı

Xankəndidə evdən Kəlbəcər sakininin meyiti aşkarlanıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Kəlbəcər rayon sakini, 1993-cü il təvəllüdlü Ş.Fərmanzadə olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Qeyd edək ki, meyiti tapılan 32 yaşlı Ş.Fərmanzadə Goranboyda yaşayırdı. Faktla bağlı araşdırma aparılır.

Sabah 41 dərəcə isti gözlənilir - HAVA PROQNOZU

Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 36-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacaq.