Bölgələrdə leysan olacaq - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Monqolustandan Azərbaycana gətirilən ətdə təhlükə: “Aİ ümumiyyətlə öz ərazisinə buraxmır”

“Keçən il Azərbaycana Monqolustandan 391 ton qoyun əti gətirilib. Bu ilin rəqəmləri daha da çox ola bilər, çünki orda ətin kilosu cəmi 5–6 manata alınır”. Sozcu.az xəbər verir ki, bu sözləri öz “Facebook” səhifəsində jurnalist Orxan Atabəy yazıb. O bildirib ki, bu ölkədən gətirilən ətlər insan səhhəti üçün təhlükəli ola bilər:  “Monqolların çoxu Tibet buddizminə inansa da, qədim tengrizm adətlərini qoruyublar. Onlara görə torpağı, çayı çirkləndirmək günahdır. Buna görə heyvanı öldürəndə qarınlarından kiçik dəlik açıb əllə ürəyi damardan ayırırlar. Həm də düşünürlər ki, heyvan bu ölümlə əziyyət çəkmir. Qan torpağa düşmədən əzələlərin içində qalır. Bu problemlidir, çünki qan viruslar, bakteriya və mikroblar üçün ən yaxşı qida mühitidir. Özləri üçün problem deyil, dərhal parçalayaraq uzun-uzadı qaynadıb yeməyi xoşlayırlar. Beləliklə, qan onların menyusunda suda laxtalanıb itir. Bizim üçün isə kəsirlər anbarda toplayırlar, qablaşdırırlar və uzun zaman keçir, sonra həftələrlə yol gəlir və kababxanalara, topdan satış məntəqələrinə paylanır. Hansısa həftələr, aylar içində satılır. Bildiyiniz kimi, manqalda qısa bişirmə ilə bütün parazit və mikroblar ölmür. Baş verə biləcək xəstəlik növləri üçün gərək ayrı bir status yazım”. Orxan Atabəy qeyd edib ki, ölkə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib: “Mən araşdırdım: Avropa İttifaqı belə əti ümumiyyətlə ərazisinə buraxmır, çünki standartlara cavab vermir. Yalnız çox məhdud miqdarda, ciddi sertifikat və laborator yoxlamalardan sonra qəbul edirlər. Ona görə də idxal etmək heç kimə sərf etmir. Keçən il Monqolustandan Avropaya cəmi 20 min dollar dəyərində hissələr (əsasən quyruq) aparılıb. Balaca Azərbaycanımıza isə eyni ildə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib”.

Bu çaydan sel keçir – Faktiki hava

Sentyabrın 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sentyabrın 28-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Yağan yağıntının miqdarı Astarada 57, Lənkəranda 52, Lerikdə 29, Yardımlıda 14, Qəbələdə 13, Balakəndə 11, Zaqatala, İsmayıllıda 10, Daşkəsəndə 9, Oğuzda 8, Qaxda (Sarıbaş) 7, Cəlilabadda 6, Altıağacda (Xızı) 5, Şəkidə 4, Quba, Gədəbəy, Yevlax, Göygöldə (Hacıkənd) 3, Naftalan, Göyçay, Biləsuvarda 2, Xaçmaz, Qusar, Şabran, Şahdağ, Şamaxı, Mingəçevir, Şəmkir, Bərdə, Beyləqan eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Sentyabrın 28-i saat 08:00 radələrindən Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir. Daşkəsən, Gədəbəy, Göygöl, Qax (Sarıbaş), Balakən, Zaqatala, Şəki, Şamaxı, Altıağac (Xızı), Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sozcu.az xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər. Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Azərbaycanlılar Gürcüstana axışır: 2 min maaş, pulsuz nahar...

Müstəqillikdən bəri ölkələrarası fiziki şəxslərin pul köçürmələri tarixində (izlənən dövrdə) ilk dəfədir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr bizim ölkədən ora köçürmələri üstəliyib: Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara yüksəlib – illik müqaisədə 4% artım var. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gedən insanların sayı kəskin artıb: “Gürcüstanda olarkən tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş alırdılar, bundan başqa, insanı rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar, iş yerinə gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu məsələlər də cəlbedicidir. Gəncəbasar zonasından olan bir neçə kiçik sahibkarla da tanış oldum – Azərbaycanda maneələrlə üzləşdikdən sonra Tiflisə köçüblər. Kiçik sahibkarlıqla məşğuldurlar, 500 min lariyə qədər dövriyyədən cəmi 1% vergi verirlər, heç bir dövlət orqanının, nəzarətedici qurumun üzünü belə görmürlər. Vergi və gömrük işindən çox razı idilər. Cəmi 8 il əvvəl Azərbaycan adambaşına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazın lideri idi, 2017-ci ildə: Azərbaycan - 4212 dollar, Gürcüstan - 4047 dollar, Ermənistan - 3869 dollar. 2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə adambaşına düşən ÜDM-ə görə indi biz Cənubi Qafqazda sonuncu yerdəyik: Gürcüstan – 9570 dollar, Ermənistan – 8860 min dollar, Azərbaycan – 7600 dollar. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9% artıb. Gürcüstanda bu rəqəm 8,6%, Ermənistanda isə 5,2%-dir. Bütün bu makro-iqtisadi göstəricələrdə geriləmələrə görə indi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir, qazanır, ailəsinə pul göndərir”.

Yağış, leysan, dolu, qar... - Sabahın HAVA PRONOZU

Milli Hidrometeorologiya Xidməti sentyabrın 27-də gözlənilən hava proqnozunu açıqlayıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 14-16, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanda hərbi xidmətə çağırış yaşı dəyişdirilə bilər?

Rusiya Dövlət Dumasının deputatları plenar iclasda təqvim ili ərzində hərbi xidmətə çağırışa icazə verən qanun layihəsini birinci oxunuşda qəbul ediblər. Yeni qaydalara əsasən, çağırışçılar ildə iki dəfə – aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək hərbi xidmətə göndəriləcəklər. Maraqlıdır, Azərbaycanda da çağırış sisteminin Rusiyadakı modelə uyğunlaşdırılması mümkündürmü? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiyada çağırış sistemi bir neçə dəfə dəyişdirilib:  “Onlarda da əvvəllər ildə iki dəfə çağırış həyata keçirilirdi. Sonra bu sayı dörd dəfəyə qaldırdılar. İndi isə yenidən əvvəlki modelə, ildə iki çağırış sisteminə qayıtmaq istəyirlər. Hesab edirəm ki, bu daha məqsədəuyğundur. Çünki ildə dörd dəfə çağırış komandirləri, gənc əsgərlərlə məşğul olan kontingenti işdən ayırır və çox vaxt sərf edirlər”. Ekspertin sözlərinə görə, Azərbaycanda da çağırış sistemində təkmilləşməyə ehtiyac var: “Əlbəttə ki, Azərbaycanda da ildə iki dəfə çağırış həyata keçirmək olar, biri ilin birinci, digəri isə ikinci yarısında. Lakin bu, mütləq Rusiyaya uyğunlaşdırılmalı deyil. Hesab edirəm, çağırış yaş həddi də yenidən nəzərdən keçirilməlidir. Məsələn, maksimal yaş 30 deyil, 28-ə endirilməlidir. Əvvəllər bizdə 27 yaş olub. Digər tərəfdən, çağırışın 18 yox, 20 yaşdan həyata keçirilməsi daha məqsədəuyğundur”. Üzeyir Cəfərov vurğulayıb ki, Azərbaycan ordusunun mövcud ehtiyacları nəzərə alınmaqla çağırış sistemində dəyişikliklər aparılması labüddür.

Toyda kütləvi zəhərlənmə: 20 nəfər xəstəxanaya aparıldı

17:23 İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb. Toy mərasimində iştirak etmiş 18 nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına müraciət edib. Faktla bağlı araşdırma aparılır. *** İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. Bu barədə AQTA-dan məlumat verilib. İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək. Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır. *** Bu gün saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.

Bakıda 21 yaşlı qız dərmandan zəhərlənərək ölüb

Bakıda 21 yaşlı qız dərmandan zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, Qaradağ rayonu Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Sevinc Habil qızı Abdullazadə müalicə məqsədi ilə qəbul etdiyi dərmanların təsirindən zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır. (Report)

Sabah temperatur yüksələcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 23-28, dağlarda gecə 4-7, gündüz 11-16 dərəcə isti olacaq.

Boşanma zamanı uşaqlar əmlak bölgüsündə iştirak edir? - AÇIQLAMA

Nikaha xitam verildikdən sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur. Qanunvericilikdə ümumi birgə mülkiyyətə daxil olan əmlakların müəyyən dairəsi əks olunub. Bəs görəsən, boşanma prosesi zamanı əmlak bölgüsü prinsipi tərəflərin övladlarına da şamil edilirmi? Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Vüsal Cəfərov bildirib ki, boşanma zamanı əmlakın bölgüsü yalnız ər-arvad arasında aparılır və uşaqlara pay düşmür:  “Övladlar ancaq vərəsədir. Boşanma zamanı əmlakın bölgüsü yalnız ər-arvad arasında aparılır və uşaqlara pay düşmür. Valideynlər ayrıldıqdan sonra, hər biri övladlarına vərəsəlik verə bilər. Boşanma o demək deyil ki, ata yaxud ana valideynlik hüququndan məhrum edilir. Eyni qaydada, valideynlərdən hər hansısa biri heç bir səbəb göstərmədən vəsiyyətnamə yazıb övladlardan birini yaxud hamısını vərəsəlikdən məhrum edə bilər”.

Bəzi rayonlara leysan yağacaq - Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.