Azərbaycanda gün ərzində ikinci zəlzələ oldu

Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib. Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Qubada torpaq sürüşməsi: kəndin əsas yolu bağlandı

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub. Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır. Qeyd edək ki, uzun illərdir Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək, ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.

“Bilmirsən, sabah işin olacaq, ya olmayacaq, maaş ala biləcəksən, ya bilməyəcəksən”

“Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır”. Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. O qeyd edib ki, neft qiymətlərinin aqibəti dünyada baş verəcək hadisələrdən asılı olaraq formalaşacaq: “Hədd deyərkən 2 məsələyə nəzər yetirməliyik: ticarət dövriyyəsi və büdcə gəliri. Ticarət dövriyyəsində artıq yanvarda müsbət saldo 25 milyon dolları bir qədər keçmişdi. Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır. O ki qaldı neft gəlirlərinə, aprelin 2-dən sonra neftin qiyməti enmə nümayiş etdirir. Artıq 6 gündür ki, 1 barrel neft 70 dollardan aşağıdır. Bu, ümumən çox cüzi bir zaman kəsiyidir. Hələlik ciddi fikir yürütməyə və təşfişə əsas yoxdur. ÜStəlik, hələ hökumət birinci rübü necə başa vurduğunu açıqlamayıb. Cari ilin büdcəsi müzakirə olunarkən, Maliyyə Nazirliyi açıqlamışdı ki, neqatif 60, normal 65, pozitiv ssenari isə 70 dollardır. Büdcə məhz pozitiv göstəricilər əsasında tərtib edilmişdi. “Brend” markalı neftə əsaslansaq, qiymət birinci rübdə 75 dollardan bir qədər artıq idi. İkinci rübdə və ilin ikinci yarısında dünyada baş verə biləcək hadisələrdən çox şey asılıdır”.  Ekspert diqqətə çatdırıb ki, hazırda aktual olan “ticarət müharibələri” bazardakı vəziyyəti mürəkkəbləşdirir: “Heç kim “ticarət müharibələri”nin bu dərəcəyə çatacağını proqnozlaşdırmırdı. Bunun ciddi fəsadları olacaq. Həmin fəsadlar ən az 6 ay sonra tam üzə çıxacaq. Çox mürəkkəb bir dövrdə yaşayırıq. Proqnoz edilən və edilməyən hər bir ssenariyə hazır olmaq lazımdır. İstər hökumət, istərsə də vətəndaşlar özlərinin xərclərində, ailə büdcəsinin formalaşdırılmasında hər bir şeyi nəzərə almalıdırlar ki, onun neqativ təsirlərini yumşaltmaq mümkün olsun. Yoxsa bu cür şəraitdə bankların, yaxud digər qurumların boş vədlərinə inanıb kreditləşməni artırmaq, borclanmaq düzgün deyil. Bilmirsən, sabah işin olacaq, ya olmayacaq,  istədiyin maaşı ala biləcəksən, ya bilməyəcəksən”.

Azərbaycanda “Son zəng”lə bağlı qadağa olacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilməsi təkzib olunub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. "Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - deyə məlumatda bildirilir.

Bakıda temperatur 8 dərəcəyə düşdü

Ölkənin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat evrilib. Bildirilib ki, qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Daşkəsən, Şəki və Şərurda 20, Culfada 18, Kəlbəcərdə 15 m/s-dək güclənib. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 15, Şəkidə 12, Zaqatala və Balakəndə 11, Şahdağda 9, Astara və Daşkəsəndə 8, Lerik, Gədəbəy, Yardımlı, Göygöl, Şahbuz, Xaltan, Gəncə, Kəlbəcər, Şəmkir, Tovuz, Oğuz, Mingəçevir, Sədərək, Ceyrançöl, Lənkəran, Quba, Naftalan, İsmayıllı, Ağstafa, Bərdə, Tərtər, Yevlax, Neftçala, Şərur, Göyçay, Sabirabad, Biləsuvar, Cəlilabad, Şuşa, Füzuli, Zəngilan, Laçın, Ağdam, Culfa, Ordubad, Altıağac, Goranboy və Naxçıvanda 7, Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Sumqayıt, Gədəbəy, Naftalan, Zaqatala, Şəki, Qəbələ, Qusar, Xaltan, Göyçay, Biləsuvar, Gəncə, Göygöl və Balakəndə duman müşahidə olunub. Dumanda görünüş 200-500 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 12, Naxçıvan MR-da 18, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Sabah yağış yağacaq

Sabah, aprelin 10-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.

Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi, anası da...

Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır: "Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək". Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan faktı təsdiqləyiblər. Qeyd olunub ki, faktla başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.

Yağış yağır, güclü külək əsir - Faktiki hava

Aprelin 8-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Şərur, Ceyrançöl, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Balakən, Qax, Zaqatala və Ağstafada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Goranboyda 27, Mingəçevir, Ağdam, Tərtər və Bərdədə 20, Naftalan və Yardımlıda 18, Kəlbəcər və Zəngilanda 17, Yevlax və Culfada 15, Xaltanda 14 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 26, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.

Yas mərasimində evin eyvanı uçdu - 8 nəfər YARALANDI

Göyçay rayonunda yas mərasimi zamanı evin eyvanının uçması nəticəsində 8 nəfər yaralanıb. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, aprelin 7-də saat 13:00 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub. Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 09:28 Göyçayda yas mərasimində evin eyvanı uçub. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb. Belə ki, evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub.  Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar. Araşdırma aparılır.

Aprelin pensiyası nə vaxt ödəniləcək? - RƏSMİ

Hazırda müəyyən edilmiş qrafikə əsasən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, digər bölgələrdə isə pensiya ödənişləri 20-28-i aralığında ödənilir. Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Katibi Rəşad Mehdili Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, aprel ayının ödənişlərinin verilməsi barədə yaxın günlərdə məlumat veriləcək. "Əvvəlki aylarda olduğu kimi cari ayın pensiyası ay yekunlaşmadan bank kartlarına köçürüləcək". Qeyd edək ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

DİN-dən xəbərdarlıq: Dələduzlar orijinal oxşar dizaynla tələ saytları yaradırlar

Dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. “Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaqdır. Məsələn, "I" yerinə "1" və ya "o" hərfi yerinə "0" kimi aldatmalarının olub-olmadığını yoxlayın”, - E.Hacıyev qeyd edib.