Kılıçdaroğlunun namizədliyi rəsmən irəli sürüldü

Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası müxalifətin formalaşdırdığı "Altılı masa"nın namizədi Kemal Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürüb. Sozcu.az xəbər verir ki, fraksiyanın iclasında deputatlarla yanaşı Kılıçdaroğlunun özü də iştirak edib. İclasda keçirilən səsvermədə deputatlar Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına səs veriblər. Bildirilir ki, Kılıçdaroğlu çərşənbə günü namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edəcək.

İran səfirliyi qarşısında AKSİYA - Fəridi azad edin!

İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib. Sozcu.az xəbər verir ki, İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı rəsmi Tehrandan informasiya tələb olunub. Yaxınlarının iştirak etdiyi piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" və s. şüarlar səsləndiriblər. Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı

Sumqayıtda vəzifəli şəxs işlədiyi yerin qarşısında bıçaqlanıb.  Sozcu.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə dünən saat 15 radələrində şəhərin İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin qarşısında baş verib. İnzibati binanın qarşısında RİH-in Memarlıq və Tikinti şöbəsinin aparıcı-məsləhətçisi vəzifəsində çalışan 1989-cu il təvəllüdlü Cavidan Mirzəyev döş qəfəsi nahiyəsindən bıçaqlanıb. Ağır xəsarət alan məmur xəstəxanaya aparılıb.  İlkin araşdırmalar zamanı hadisənin Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rafiz Nəcəfov tərəfindən törədilməsi müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.  Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.  R.Nəcəfovun məmuru hansı səbəbdən bıçaqlaması hələlik məlum deyil. 

Tağı Əhmədov əlil arabasına möhtac qalıb

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun sağlıq durumu getdikcə pisləşir. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.  Yenisabah.az xatırladır ki, T Əhmədov 5 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır. O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir. Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir.  Məlumatlara görə, 2 ildən çoxdur ki, T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb. Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir. Bakıdakı bahalı klinikaların birinin daimi pasiyenti olan keçmiş Metropoliten rəisi müayinə prosesini də ailə üzvlərinin müşayiəti altında həyata keçirir.  Qohumlarından biri saytımıza deyib ki, hərəkət imkanlarını itirəndən sonra o, yaxın ətrafı ilə əlaqəni kəsib. T.Əhmədov dostları və keçmiş iş yoldaşları ilə ancaq telefon vasitəsilə əlaqə saxlayır.  Səhhətindəki problemlərə rəğmən, onun bədii yaradıcılıqla məşğul olduğu bildirilir. Həmişə dahi Hüseyn Cavidlə olan qohumluğu ilə fəxr edən T.Əhmədovun yeni povest üzərində işlədiyi söylənilir. 

ABŞ səfirliyi: “Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır

“Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və köçkünlərin təhlükəsiz qayıdışına mane olur”. Bunu 16 mart tarixində Azərbaycanın Ağdam rayonunda iki dinc sakinin ölümünə səbəb olan mina partlayışı ilə əlaqədar “Trend”in sorğusuna cavab olaraq ABŞ-nin ölkəmizdəki səfirliyindən bildiriblər. “ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində həlak olanların ailəsinə başsağlığı verir. Münaqişə rayonunda minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə və şikəst qoymağa davam edir”, - diplomatik nümayəndəlikdən bildirilib. Səfirlikdən ABŞ-nin humanitar minatəmizləmə işlərini dəstəklədiyi qeyd edilib. “Regionda sülhə və əməkdaşlığa kömək etmək məqsədilə ABŞ 2021-ci ilin noyabrından münaqişə rayonlarında humanitar minatəmizləmə işlərinə 2,5 milyon dollar vəsait ayırıb”,- ABŞ səfirliyindən deyiblər. Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Polşa yaxın günlərdə Ukraynaya dörd ədəd “MiQ-29” göndərəcək

Polşa yaxın günlərdə Ukraynaya dörd ədəd “MiQ-29” qırıcı təyyarəsi tədarük edəcək. Bunu bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı Polşa Prezidenti Andjey Duda bəyan edib. Polşa lideri vurğulayıb ki, hazırda ölkəsinin Silahlı Qüvvələrinin anbarlarında 10-dan çox belə qırıcı təyyarə var: “Yaxın bir neçə gün ərzində biz tam istismara yararlı dörd ədəd təyyarəni Ukraynaya göndərəcəyik”. Duda onu da əlavə edib ki, digər qırıcı təyyarələrə hazırda texniki xidmət göstərilir, onlar da istifadə üçün hazırlanaraq təhvil veriləcək.

Azərbaycanda narkomanların sayı KƏSKİN ARTIB

Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12904 nəfər istiqamətləndirilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Səhiyyə Nazirliyinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral ayları ərzində 1041 nəfər yeni qeydiyyata götürülüb. Həmin şəxslərdən 499 nəfəri dispanser, 542 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 26 nəfəri qadındır. 1035 nəfər isə qeydiyyatdan çıxarılıb.

Türkiyədə daşqınlarda ölənləri sayı artdı

Türkiyənin Şanlıurfa və Adıyaman ərazisində baş verən daşqında ölənlərin sayı artıb. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Məlumata görə, sel fəlakətində həyatını itirənlərin sayı 15-ə yüksəlib. Şanlıurfada itkin düşən 2 nəfərin axtarışları davam edir.

Uşaq bağçasında tərbiyəçi uşağa yemək yedizdirən zaman şiddət göstərib

Bakıda fəaliyyət göstərən uşaq bağçasında xoşagəlməz hadisə baş verib.  “Ayşənim” uşaq bağçasında tərbiyəçi uşağa yemək yedizdirən zaman şiddət göstərib.  Valideyn saytımıza bildirib ki, bu barədə rəhbərliyə məlumat verilsə də, heç bir tədbir görülmür. (oxu.az)

Ukraynada Rusiyanın daha 1040 hərbçisi, 1 qırıcısı MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 162560 (+ 1040) nəfər canlı qüvvəsi, 3504 (+12) tank, 6810 (+11) ədəd zirehli döyüş maşını, 2539 (+11) ədəd artileriya sistemi, 503 (+1)) reaktiv yaylım atəşi sistemi, 265 (+3) hava hücumundan müdafiə sistemi, 305 (+1) təyyarə, 289 (+0) helikopter, 2145 (+13) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5394 (+17) avtomobil texnikası və avtosistern, 257 (+0) xüsusi texnikası məhv edilib.

Azərbaycanda broyler yumurtaları bahalaşdı

Son günlər hamının “ferma yumurtası” dediyi broyler yumurtasının qiyməti 18-19 qəpikdən 25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik, pərakəndə satışı isə 40 qəpikdir. Amma mövsüm olaraq toyuqların yumurtladığı dövrdür. Bəs hansı səbəbdən bahalaşma indi baş verib? Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov yumurtanın qiymətinin artmasını inhisarçılıq amili ilə əlaqələndirib: “Yumurtanın bahalaşmasında heç bir iqtisadi amil yoxdur. Son illər elektrik enerjisi, su təchizatı, nəqliyyat vasitələri və dizel yanacağının qiymətində kifayət qədər artım baş verib. Bu fonda bəzi digər məhsullar kimi, yumurtanın da qiymətində artımın olması başadüşüləndir. Ancaq bu heç də o anlama gəlmir ki, yumurtanın qiyməti son 15 ildə iki dəfəyə qədər bahalaşsın. 2007-ci ildən üzü bəri yumurtanın qiyməti iki dəfədən də çox artıb. Bu isə anormal haldır və belə vəziyyətin yaranması birmənalı şəkildə inhisarçılıqla bağlıdır. Yumurta istehsalı tənzimlənmir. Bunun üçün dövlət orqanları müdaxilə etməli, bazar araşdırmaları aparmalı, səbəblər öyrənilməlidir”. Digər ekspertlərin fikrincə isə bu, bayramla əlaqədardır. Adətən, Azərbaycanda dünya ölkələrindən fərqli olaraq, hər şey bayramqabağı bahalaşır. Quşçuluq Cəmiyyətindən verilən məlumatda isə bildirilir ki, düzdür, toyuq yemlərində dünyada baş verən böhrandan dolayı müəyyən bahalaşma baş verib. Amma dövlətin gördüyü tədbirlər nəticəsində yemin də kəskin bahalaşmasının qarşısı alınıb: “Elə də ciddi böhran halı baş verməyib. Eyni zamanda, Cəmiyyət tərəfindən bazara çıxarılan yumurtalar topdansatış qiymətinə əvvəlki şəkildə satılır. Sadəcə, bu işlə məşğul olan ticarətçilər süni artıma gedirlər. Amma bu, müvəqqəti xarakter daşıyır, indi yumurtanın daha çox istehsalı dövrüdür”.

Ukraynada savaş həlledici mərhələyə daxil olub - Pentaqon rəhbəri

Pentaqonun rəhbəri Lloyd Ostin Ramşteyn-10 toplantısında çıxış edib. Sozcu.az "Ukrinform"a istinadən xəbər verir ki, o, Ukraynadakı savaşın həlledici mərhələyə daxil olduğunu bildirib. "ABŞ və Rusiya Federasiyasının genişmiqyaslı təcavüzünə qarşı müqavimət göstərməkdə Ukraynanı dəstəkləyən digər ölkələrin koalisiyası qətiyyət nümayiş etdirir. Hazırda ukraynalıların azadlıq mübarizəsinin həlledici məqamındayıq və birlik çox önəmlidir", - deyə ABŞ müdafiə naziri bildirib. Qeyd edək ki, Ramşteyn-10 onlayn formatda keçirilir.