Azərbaycanda ehtiyatda olan hərbçilər orduya çağrıldı

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir. Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

Tramp Vaşinqton merinə evsizlərin çadırlarını yığışdırmağı əmr edib

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun meri Muriel Bouzerə evsizlərin çadırlarını şəhərdən yığışdırmağı əmr edib. Sozcu.az xəbər verir ki, bu haqda dövlət başçısı “Truth” sosial şəbəkəsində məlumat verib. “Biz Vaşinqton merinə xəbərdarlıq göndərmişik ki, o, evsizlərin şəhərdə qurduğu bütün düşərgələri, xüsusən də Dövlət Departamentinin binası və Ağ Evin yaxınlığındakı düşərgələri təmizləsin. Əgər o bunu edə bilməzsə, biz onun üçün bunu etməyə məcbur olacağıq! Vaşinqton, təmiz və təhlükəsiz olmalıdır! Biz böyük paytaxtımızı bir daha fəxr etmək istəyirik.", - Tramp yazıb.

Ukraynanın cənub-şərqindəki şəhərə raket hücumu olub, ölənlər və yaralananlar var

Ukraynanın Dnipropetrovsk vilayətində yerləşən Krıvıy Rih şəhərinə raket hücumu nəticəsində iki nəfər həlak olub, 29 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə regionun başçısı Serhiy Lısak teleqramda yazıb. Onun sözlərinə görə, 20 yaralı ağır vəziyyətdədir və həkimlər onların həyatı üçün mübarizə aparır. Daha əvvəl Ukrayna Hərbi Hava Qüvvələri cənub istiqamətindən ballistik silah tətbiqi təhlükəsi və adıçəkilən şəhərə doğru yüksəksürətli hədəf barədə xəbərdarlıq etmişdi.

Neft Emalı Zavodunda YANĞIN

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür. Əlavə məlumat veriləcək. "Unikal" saytı bildirib ki, hazırda zavodun işçiləri təxliyə edilir.

Səfərbərliyin rüşvət alan vəzifəliləri saxlanıldı - Rəsmi

Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə yaydığı məlumatda bildirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Aydın oğlu Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Valik oğlu Əzimov və zabiti Emil Ramiz oğlu Nəbiyevin qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Ramin Aydın oğlu Şükürov və Emil Ramiz oğlu Nəbiyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Xalid Valik oğlu Əzimova isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində vəzifəli və digər şəxslər tərəfindən yol verilən qanunsuzluqların qarşısının alınması, o cümlədən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

Tramp Britaniya və ya Fransanın xeyrinə NATO rəhbərliyinən imtina etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Avropa dövlətlərinin xeyrinə NATO rəhbərliyidən imtina etməyi düşünür. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb. Bildirilib ki,Tramp Britaniya və Fransaya qitənin təhlükəsizliyinə dair daha çox məsuliyyət götürmələri üçün təzyiq edəcək.

Prezident bu məmura töhmət verilməsi haqda sərəncam verdi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ABŞ Kanada, Çin və Meksikanın 1,5 trilyon dollarlıq mallarına rüsumları tətbiq edir

ABŞ administrasiyası Kanada və Meksikadan faktiki olaraq bütün idxal mallarına 25 % rüsum tətbiq edir və Çindən gələn mallara tarifləri artırır. Sozcu.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, illik ifadədə ümumi dəyəri təqribən 1,5 trilyon dollar olan idxal məhsullarına rüsum tətbiq olunacaq. Qeyd olunur ki, 25 % dərəcəsi Kanadanın enerji məhsullarına təsir etməyəcək və 10 % rüsum tətbiq ediləcək. Amerika hakimiyyəti bütün bu tədbirləri Vaşinqtonun fikrincə, ABŞ-yə narkotiklərin və qanunsuz mühacirlərin qəbuledilməz axını ilə əlaqədar həyata keçirir. 2023-cü ildə ABŞ-nin Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə fentanilin həddindən artıq dozası nəticəsində ölüm nisbətinin 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib. Mərkəz ABŞ-də hər il təxminən 100 000 amerikalının ölümünə səbəb olan kütləvi opioid epidemiyası ilə üzləşdiyini qeyd edib.

Nəfəs borusuna yad cisim düşən uşaq öldü

Tovuzda azyaşlı bədbəxt hadisənin qurbanı olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini, 2023-cü il təvəllüdlü Yusif Rauf oğlu Alıyev yaşadığı evdən nəfəs borusunda yad cismin qalması nəticəsində xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib

İranın iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

Çexiya Prezidenti Ukraynaya dəstək verəcək koalisiya yaratmağa çağırıb

Çexiya Prezidenti Petr Pavel ədalətli sülhə nail olmaq istəyən Ukraynaya dəstək verən geniş beynəlxalq koalisiya yaratmağa çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ukraynada ədalətli sülhə nail olmaq istəyən böyük miqyaslı beynəlxalq koalisiyanın yaradılması imkanlarını nəzərdən keçirməyin vaxtı çatıb", - Çexiya Prezidenti bildirib. O, bu ölkədə sülhün Kiyevə uyğun şərtlərlə bərqərar olunmasını müdafiə edib. Çexiya mətbuatının yazdığına görə, dövlət başçısının bu bəyanatı ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşə və bəzi Avropa dövlətləri liderlərinin Rusiya-Ukrayna münaqişəsini müzakirə etmək üçün bazar günü Londonda keçirilməsi planlaşdırılan sammitinə reaksiya olub. Sammitdə respublikanın Baş naziri Petr Fiala iştirak edəcək. Yerli KİV-lər qeyd edib ki, Çexiya dəyişən geosiyasi vəziyyət fonunda Kiyevə hərtərəfli yardımın artırılmasının və münaqişənin dayandırılması üzrə danışıqlarda Avropa İttifaqının iştirakının tərəfdarıdır.

Zelenski ABŞ-dan Böyük Britaniyaya uçdu

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan Böyük Britaniyaya uçub. Sozcu.az xəbər verir ki, onun təyyarəsi Amerikanın Endrüs aviabazasından Londonun Stansted aeroportuna yola düşüb. Ağ Evdə uğursuz danışıqlardan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna liderləri ilə telefon danışıqları aparıb. Martın 2-də Londonda Zelenskinin iştirakı ilə Avropa liderlərinin görüşü keçiriləcək. Görüşdə Avropanın Ukraynaya hansı zəmanətləri verə biləcəyi müzakirə ediləcək.