“İsraildə Azərbaycan Evi” beynəlxalq birliyi Ermənistanın zorakılıq aktlarına hüquqi qiymət verməyə çağırıb

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı İsraildə fəaliyyət göstərən diasporumuzun kəskin etirazına səbəb olub.   “İsraildə Azərbaycan Evi” diaspor təşkilatının adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana hansı şəraitdə əsir düşmələrinə aydınlıq gətirilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insani hərəkətlərə diqqət cəlb edilib, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.   Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacibliyi vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb. Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən “İsraildə Azərbaycan Evi” beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb. 

Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanı müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşüb. Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki tərəflər Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə ediblər. Bu barədə hökumətin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, tərəflər həmçinin kommunikasiya xətlərinin açılması barədə də danışıblar.

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır" - Paşinyan

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır. Sozcu.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatla çıxış edərkən deyib. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik. Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman real olacaq ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan tanısın və əbədi olaraq bir-birinə ərazi iddiası irəli sürməyəcəyinə söz versin”, – deyə Paşinyan bildirib. O, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Praqa və Soçi görüşlərində razılaşdığını bildirib. “Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və Azərbaycanın da eyni addımı atmasını gözləyir”, – o deyib.

Hindistan əhali sayına görə Çini KEÇDİ

Hindistan əhali sayına görə Çini keçib. Sozcu.az xəbər verir ki, bunu "World Population Review" təşkilatının məlumatları sübut edir. Bakı vaxtı ilə saat 22:14-də Hindistanın əhalisi 1 milyard 425 milyon 943 min 916 nəfər, Çinin əhalisi 1 milyard 425 milyon 743 min 834 nəfər olub. Saytda Hindistan üçün rəqəmlər daha sürətli dəyişir. Qeyd edək ki, 2022-ci ildə Çin dünyada əhali sayına görə birinci yerdə olub. Onun əhalisi 2022-ci ilin sonunda 1 milyard 425 milyon 887 min 337 nəfər, Hindistanda isə 1 milyard 417 milyon 173 min 173 nəfər olub.

Videosu ilə təhdid olunan qadın intihara cəhd etdi

Aprelin 14-də Abşeron rayonu Xırdalan şəhərində intihara cəhd hadisəsi baş verib. Sozcu.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü İ.Mahmudova (şərti) saat 19 radələrində yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd edib. Xəstəxanaya çatdırılan 42 yaşlı qadına tibbi yardım göstərilib və o, evə buraxılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, İ.Mahmudova intim görüntüləri yayıldığı üçün intihara cəhd edib. O, videosunu çəkərək yayan şəxslə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Qadın bildirib ki, bu ilin yanvar ayında Qaradağ rayonu ərazisindəki evdə təmizlik işləri aparan zaman həmin evin sahibi olan Nurlan (şərti) adlı şəxsin təcavüzünə məruz qalıb. O, həmin şəxsin onu soyunduraraq videoya çəkdiyini və hədə-qorxu gələrək 410 manat pulunu almasını qeyd edib. Şikayətçi qadın həmçinin bildirib ki, Nurlan onun çılpaq görüntülərini daha sonra iş yoldaşına göndərərək videonu yayıb. Baş vermiş hadisə və polisə şikayətlə bağlı araşdırmalara başlanılıb.

Dövlət Xidməti, icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işi yekunlaşıb

Əmlak Məsələləri Dövlət Xidməti, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədi ilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs: - Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov; - Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov; - Abşeron rayonunun Saray, Şəki rayonunun Qoxmuq, Qazax rayonunun Daş Salahlı, Salyan rayonunun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov; - Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov; - Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, həmin qanunsuz əməllərinin törədilməsində iştirakda təsirləndirilən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir.

Quterreş BMT nümayəndələrinin ölümündə günahkar şəxsləri cəzalandırmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş Sudanda toqquşmalar zamanı tabeliyində olanların ölümünə görə məsuliyyət daşıyanların ordu və çevik reaksiya qüvvələri tərəfindən cəzalandırılmasını istəyib. Sozcu.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri tviterdə yazıb. “Dəhşət. Sudanda davam edən qarşıdurmalar mülki şəxslərin, o cümlədən işini yerinə yetirərkən həlak olan üç həmkarımızın ölümü və yaralanması ilə nəticələnib. Günahkar şəxslər dərhal məsuliyyətə cəlb olunmalıdırlar”, - o qeyd edib. Xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.

Əsir hərbçilərimizdən xəbər var - SON DƏQİQƏ

Ermənistanın ombudsmanı Anait Manasyan həbsdə olan azərbaycanlı hərbçilərlə görüşüb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Azərbaycanlı hərbçilərdən birinə qolubağlı vəziyyətdə işgəncə verilməsi barədə kadrları sosial şəbəkələrdə yayan ermənilər indi də gülünc fikirlər yayıblar. İddia olunub ki, ombudsmanla görüşdə azərbaycanlı əsgərlər işgəncələrdən şikayət etməyiblər. Ombudsman onların saxlanma şəraiti, hüquqlarına riayət olunması ilə tanış olub. “İşgəncə və pis rəftar hüquqlarının müdafiəçisi ilə söhbətində həbs olunanların heç biri dövlət qurumları və məmurlar tərəfindən psixoloji təzyiqlər də daxil olmaqla, şikayətçi olmayıb. Onlar lazımi şəraitlə, xüsusilə qida, içki, gigiyena vasitələri ilə təmin olunurlar. Zəruri hallarda onlara tibbi yardım göstərilir, onlarla pulsuz ictimai müdafiəçi və tərcüməçi işləyir” - məlumatda bildirilir.

“Gələn həftə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı təxribat olacaq” - ŞOK XƏBƏRDARLIQ

Növbəti həftə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı zorakı aktlarla yadda qala bilər. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov öz twitter hesabında paylaşım edib. “Yerli polisin verdiyi məlumata görə, gələn həftə Avropa və ABŞ-da erməni diaspor fəalları Azərbaycanın diplomatik nümayəndəlikləri və səfirliklərə qarşı zorakılıq aktları ilə yadda qalacaq. Biz onları izləyirik” - Vaqif Sadıqov paylaşıb.(yenisabah)

İranda hökumət aksiyası: Azərbaycan təhdid olundu

Aprelin 15-də İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyaıarında Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası və Azərbaycanda axtarışda olan İrana sığınmış şəxslərin sosial media kanallarında foto və videolar yayılıb. Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb. Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır. Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi. Qeyd edək ki, İran hökumətinin təşkil etdiyi "Qüds günü" aksiyaları sönük keçib. Aksiyalara SEPAH və ona bağlı yarım hərbi “Bəsic” qüvvələri, onların ailə üzvəri və azyaşlı uşaqları cəlb olunub.

ANAMA-dan Xızıdakı partlayışla bağlı məlumat

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb. ANAMA-nın Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib. Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.

Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı göstəriş verdi

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib. Bu barədə Aysor.am öz mənbələrinə istinadən məlumat yayıb. Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb. Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onların mehmanxanadan buraxılmadığını bildirib. Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər. /Oxu.az