DİN və DSX-dən növbəti əməliyyat: saxlanılan var

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DSX) İmişlidə növbəti birgə əməliyyat keçirib, saxlanılan var. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb. Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov İmişli rayonu ərazisində tutulub. Bu şəxsdən ümumilikdə 14 kiloqram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilib. İlkin sorğu zamanı Elməddin Hüseynov ondan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Baba” adı ilə tanıdığı şəxsin vasitəsilə İmişli rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, son 1 ay ərazində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 131 kiloqram müxtəlif növ güclü təsiredici xassəli narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Goranboyda evdən 30 min manatlıq oğurluq edib, evi yandıran şəxs tutuldu

Goranboyda bir il əvvəl evdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 26-da Goranboy rayonunun Xanqərvənd kəndindəki evlərin birindən 17.000 dollar, 550 avro pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda və həmin evi yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ukrayna Azərbaycanlıları Radası əsir hərbçilərimizin dərhal azad olunmasını tələb edib

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı Ukraynada yaşayan Azərbaycan icmasında böyük hiddət doğurub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Ukrayna Azərbaycanlıları Radası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərlərinə – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğluna və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Bu vandalizm aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu, Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb. Ukrayna Azərbaycanlıları Radası beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.

“Formula”ya görə bu məktəblər onlayn tədrisə keçir

Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışı ilə əlaqədar 24-30 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib. Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.

Bakıda bütün köhnə binalar söküləcək

Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeni binalar tikiləcək. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib: “Artıq onların sökülməsi üçün zaman yetişib. Bundan başqa, məndə qədimi binalarda isə bərkitmə və möhkəmləndirmə işləri aparılacağı barədə məlumatlar var”.

Əsir düşən əsgərlərin anaları: “Məktuba inanmırıq...”

Bu gün BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.  "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir. Modern.az-ın əməkdaşı əsir hərbçilərin ailələri ilə əlaqə saxlayaraq, BQXK tərəfindən onlara hansı məlumatların çatdırıldığını öyrənməyə çalışıb. Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib ki, hələlik oğlundan məktub almayıb: “Mənə oğlumla görüşdüklərini bildirdilər. Hüseyn məktub yazıb, amma onun məktubu hələ bizə verilməyib. Əsirlərin vəziyyəti ilə bağlı yaxın zamanda məlumat verəcəklərini qeyd etdilər. Oğluma görə çox narahatam". Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova yazılan məktuba inanmadığını söyləyib: “Nümayəndə heyəti oğlumla görüşüb. Dedilər ki, yaxın günlərdə sizə oğlunuzla bağlı məlumat verəcəyik, amma onların sağlıq durumu haqda heç nə demədilər. Aqşinin bizə məktub yazdığını bildirdilər. Mən məktuba inanmıram. Şərait yaradılsın, oğlumla görüntülü danışım. Bunun üçün bir çox yerə müraciət etmişəm". atırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. 

Bakı metrosunda sərnişin öldü

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib. Bu barədə Metropolitenin mətbuat xidmətindən bildirilib. "Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib. Allah rəhmət eləsin!".

Polşa Rusiyaya yeni qadağalar təklif etdi

Polşa Brüsselə Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı təkliflər irəli sürüb. Sozcu.az xəbər verir ki, bu barədə Polşanın PAP agentliyi məlumat yayıb. Polşa "Drujba" neft kəmərinin şimal hissəsindən neft idxalı, almaz idxalına qadağa qoyulmasını, eləcə də Rusiyanın subyektlərinə teleinformasiya xidmətlərinin göstərilməsi, habelə ikili təyinatlı mal və texnologiyaların ixracına nəzarət qaydalarının sərtləşdirilməsini təklif edir.

Bu ölkə Rusiyanın əmlakına həbs qoydu

Finlandiya Helsinkidə Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasına həbs qoyub. Sozcu.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu aktivlərə məhdudiyyətlərin tətbiqi barədə qərar dövlət məhkəmə icraçıları tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar bir həftə əvvəl qəbul edilib.

TƏCİLİ! Ermənistanda əsir saxlanılan hərbçimizdən XƏBƏR VAR

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb. APA Ermənistan Baş Prokurorluğuna istinadən xəbər verir ki, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir. Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib.

Gəlin, məni dindirin - Paşinyandan çağırış

"Dindirilmişəm, özü də çox detallı". Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Paşinyan müxalifəti 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclaslarında iştirak etməyə və dövlətə xəyanət işi çərçivəsində onu dindirməyə çağırıb. “Xahiş edirəm, gəlib məni komissiyada dindirin”, - Ermənistan baş naziri deyib.

“Keçmiş köçkünlər Laçın şəhərinə vaxtından əvvəl qaytarılacaq” - Prezident

“Keçmiş köçkünlər Laçın şəhərinə vaxtından əvvəl qaytarılacaq”. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində danışıb. “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük”, – dövlət başçısı qeyd edib. “Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”, – İlham Əliyev deyib. Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlərin getdiyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, o kəndlərə keçmiş köçkünlər ilin sonuna qədər qaytarılacaq.