Rusiyanın itkiləri 733 mini ötdü

Ukrayna müharibənin 1007-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 733 830 hərbçi, 9 435 ədəd tank, 19 256 ədəd zirehli döyüş maşını, 20 806 ədəd artilleriya sistemi, 1 254 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 042 ədəd avtomobil texnikası, 19 552 ədəd PUA, 2 765 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 683 xüsusi avadanlıq itirib.

Ədalət Verdiyev həbs olundu

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı cari il noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub. Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə iş üzrə ibtidai istintaq davam etdirilir, iş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaqdır.

Ukraynanın dəhşətli zərbəsi: rus general, 18 zabit, 500 əsgər... - Təcili

Ukrayna Silahlı Qüvvələri Britaniya istehsalı olan “Storm Shadow” (Fırtına kölgəsi) uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə endirdiyi ilk zərbə ilə bağlı sensasion iddia yayılıb. Sozcu.az xəbər verir ki, “Global Defense Corp” portalı Britaniya raketləri ilə Ukrayna ordusunun Kursk vilayətinin Marino kəndində yüksək rütbəli komandirlərin də olduğu yeraltı komanda məntəqəsini darmadağın etdiyini bildirib. İddiaya görə, bu hücum nəticəsində rusiyalı general-leytenant Valeri Solodçuk, Rusiya ordusunun 18 zabiti, həmçinin Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya gələn Şimali Koreyanın 500 əsgəri ölüb. Bundan əlavə, 33 rus, iki koreyalı əsgər, bir qadın tərcüməçi yaralanıb.

Qar yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq-Şirvan) leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan 26-sı səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Azərbaycanlı qadın Türkiyədə güllələndi

Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın silahlı hücuma məruz qalıb. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, rayonun Cümhuriyyət Məhəlləsinin Baxçıvan küçəsində yolda gedən Şəlalə Mirzəliyə şəxsiyyəti məlum olmayan şəxs silahlı hücum edib. Hadisə yerinə təcili yardım və polis cəlb olunub. Ağır yaralanan qadın ilkin tibbi yardımdan sonra Sakarya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Polis şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisə yerində aparılan araşdırmalar zamanı 6 ədəd mərmi aşkar edilib.

B-52 Rusiya sərhədində bomba atdı - Nə baş verir?

Amerikanın B-52H Stratofortress strateji bombardmançı təyyarələri Rusiya Federasiyasının Kalininqrad vilayəti yaxınlığındakı Kudgel hərbi bazasında təlim-bombardman baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə NATO Birgə Hava Komandanlığı məlumat yayıb. Əməliyyat italyan və alman qırıcıları ilə koordinasiyada həyata keçirilib. Təlim altı kilometr yüksəklikdən lazerlə idarə olunan bombaların atılmasını ehtiva edib. Qeyd edək ki, noyabrın əvvəlində ABŞ Britaniyadakı Mildenhall Hərbi Hava Qüvvələri bazasına dörd B-52H Stratofortress strateji bombardmançısını yerləşdirib. Sonuncu dəfə onlar Finlandiya, İsveç, Şimal dənizi və Litva üzərindən bir sıra uçuşlar həyata keçiriblər.

Rusiya vurulacaq - Mask təsdiqlədi

Amerikalı milyarder İlon Mask Ukraynaya Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilməsi ilə bağlı məlumatı dolayı yolla təsdiqləyib. Sozcu.az xəbər verir ki, bununla bağlı o, X səhifəsində yazıb. Şərhə əsasən, Mask bu qərarın əleyhinədir.

Ömər aşırımına güclü qar yağdı

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin “Ömər aşırımı” adlanan ərazisi ağ örpəyə bürünüb. Sozcu.az xəbər verir ki, dünəndən Qərb bölgəsində müşahidə edilən küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub. Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır. Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdədir.

Abxaziyada "hökumət" binaları nəzarətdə - Bjaniyaya vaxt verildi

"Spiker" Laşa Aşuba və "parlament" üzvləri Abxaziyanın "lideri" Aslan Bjaniya ilə danışıqlar aparır. Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik-Abxaziya" bildirib. Qeyd olunur ki, etirazçılar hökumət binaları kompleksini nəzarətə götüürüb. Onlar Bjaniyanın istefasını və növbədənkənar "prezident" seçkilərinin keçirilməsini tələb edirlər. Qeyd edək ki, bu gün səhər saatlarında müxalifətin çağırışı ilə insanlar "parlament"in yaxınlığında toplaşmağa başlayıb. "Ali qanunverici orqan" Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Lakin deputatların qərarı ilə iclas ləğv edilib.

Bakıda FACİƏ: boğazında noxud qalan uşaq öldü

Bakıda uşaq faciəvi şəkildə ölüb. Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 5 yaşlı Ü. Nuriyevin boğazında qalan noxud onun ölümünə səbəb olub. Araşdırma aparılır.//Lent.az

Trampdan Zelenskiyə: Mənimlə xoşbəxt olacaqsan!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Vladimir Zelenski ilə telefon danışığı zamanı xoşbəxtlik vəd edib. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. "Söz verirəm ki, mənimlə xoşbəxt olacaqsan", - Tramp deyib. Xatırladaq ki, bundan əvvəl Trampın Zelenski ilə söhbətində amerikalı iş adamı İlon Maskın iştirak etdiyi bildirilirdi.

Şəmkirdə dəhşətli olay: 3 nəfər bıçaqlandı, biri öldü - Təcili

Şəmkir rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, mübahisə zəminində üç nəfər bıçaq xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan birinin öldüyü məlum olub. Digərləri cərrahiyyə əməliyyatına alınıblar. Faktla bağlı araşdırma aparılır.report)