Zurabişvili Fransaya getdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Salome Zurabişvilinin ölkədə baş verən hadisələrlə bağlı görüşləri gözlənilir. Prezidentin konkret kiminlə görüşəcəyi məlum deyil.

Suriyada müxaliflər bu şəhəri də ələ keçirdi

Suriyada müxalifət Rastan şəhərinə nəzarəti ələ keçirib. Sozcu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Rastan Xüms əyalətinin üçüncü ən böyük şəhəridir.

Sumqayıtda piyadanı maşın vurub ÖLDÜRÜB

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb. Belə ki, sürücü Anar Əlirza oğlu Pənahov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Astarada yeniyetmənin meyiti tapıldı

Astarada axtarılan yeniyetmənin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü Namiq Şamil oğlu Həsənov ötən gecədən qohumları tərəfindən axtarılıb. Nənəsi ilə qalan Namiqin meyiti bu gün qaldığı evin həyətində asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(APA)

Şolts Kiyevə gəldi

Almaniya kansleri Olaf Şolts Kiyevə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Məlumata görə, Şolts Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Tbilisidə etirazlar davam edir - Ərazidə tonqal qalanıb

Tbilisidə etiraz aksiyası davam edir. Sozcu.az xəbər verir ki, şəhərin mərkəzi Çavçavadze küçəsini bloklayan etirazçılar ərazidə tonqal qalayıblar. Mitinq iştirakçıları aksiyanın davam etməsi üçün bir-birlərini yeməklə təmin edirlər. Aksiyanın keçirildiyi əraziyə təkərlər gətirilib. Etirazla əlaqədar prospektdə nəqliyyatın hərəkəti dayanıb, bir sıra mərkəzi küçələrdə tıxac yaranıb. Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. 10:20 Gürcüstanın paytaxtında xüsusi təyinatlı qüvvələr tərəfindən Ş.Rustaveli prospektindən uzaqlaşdırılan etiraz aksiyasının iştirakçıları Tbilisi Dövlət Universitetinin binasının yaxınlığındakı Çavçavadze prospektinə gedərək nəqliyyatın hərəkətini dayandırıblar. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, mitinqçilərin Rustaveli prospektindən dağıdılması yerli vaxtla saat 7:00 radələrində baş verib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları yüzlərlə aksiyaçını parlamentin yerləşdiyi prospektdən kənarlaşdırıb. Ancaq etirazçılar həmişəkindən fərqli olaraq səhər qovulduqdan sonra evlərinə dağılmayıblar, əksinə, Melikişvili prospekti ilə daha da irəliləyiblər və universitet binasının yaxınlığında kəsişmədə yerləşiblər. Polis etirazçıları təqib etməyib. Aksiya iştirakçıları yolun hərəkət hissəsində yerləşirlər.

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı DAYANDIRDI - Təcili

ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib. “ABŞ Avropa İttifaqı ilə (birlikdə) “Gürcü Arzusunun” Aİ-yə üzvlüyü dayandırmaq qərarına təəssüf edir. Biz öz konstitusiyalarına xəyanətə qanuni etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiq edilməsini qınayırıq – Aİ Kremlə qarşı istehkamdır. Ona görə də biz Gürcüstanla Strateji Tərəfdaşlığı dayandırdıq”, - deyə Metyu Miller brifinqdə bildirib.

Hələbdə həbsxana ələ keçirildi, məhbuslar azad edildi

Suriyada silahlı dəstələr Hələb həbsxanasını ələ keçirərək məhbusları azad ediblər. Sozcu.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb. Məlumata görə, Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı mübarizə aparan silahlı qruplar Hələb şəhərindəki Tarek bin Ziyad həbsxanasına hücum edərək, nəzarəti ələ keçiriblər. Həbsxanadan aralarında qadınların da olduğu siyasi məhbuslar azad edilib.

Suriyada gərginlik: İraq sərhəddə tədbirləri artırır

İraq Suriyada gərginliyin artması fonunda bu ölkə ilə sərhəddə təhlükəsizliyi gücləndirir. Sozcu.az xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi ölkə mediasına açıqlamasında bildirib. “Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, - komandan deyib. Qeyd edək ki, Suriyada “Təhrir əş-Şam” silahlıları Hələb şəhərini ələ keçirib. Suriya rejimi ordusu şəhərdən geri çəkildiyini açıqlayıb.

Tiflisdə gərginlik artır: Zurabişvili aksiyaya qoşuldu - Canlı

Tiflisin Rustaveli prospektində, Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası davam edir. Sozcu.az xəbər verir ki, aksiyaya minlərlə şəxsin qatıldığı məlum olub. Mitinq iştirakçıları Gürcü Arzusunun bugünkü – AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir və hökumətin nəhayət, ölkənin Avropa kursundan əl çəkdiyini bildirirlər. Onların fikrincə, Gürcüstanın Avropa seçimi xilas edilməlidir. Gürcüstan mətbuatı aksiyaya Gürcüstan Prezidenti Salome Zurabişvilinin də qoşulduğunu yazıb. Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb. Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə Gürcü Arzusunun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb.

1009-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1009-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 736 630 hərbçi, 9 450 ədəd tank, 19 306 ədəd zirehli döyüş maşını, 20 852 ədəd artilleriya sistemi, 1 255 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 186 ədəd avtomobil texnikası, 19 661 ədəd PUA, 2 765 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 697 xüsusi avadanlıq itirib.

Bu ərazilərimizə qar yağır

09:45 Azərbaycanda noyabrın 26-sı saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Lənkəran-Astara zonasında 10-30 mm, əksər rayonlarda 7 mm, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək yağış qeydə alınıb. Şahdağda isə qar örtüyünün hündürlüyü 1 sm-dir. Qeyd edilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ağstafa, Qax, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Beyləqan, Lerik, Balakən, Şamaxı, Sumqayıtda duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 12, Aran rayonlarında 10, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb. *** Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 26-sı saat 17:00-a olan məlumata əsasən, həmçinin Daşkəsən, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Qusar, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Kürdəmir, Xaçmaz, Ağdam, İsmayıllı, Neftçala, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada yağış yağır, Xınalıq, Şahdağda arabir qar yağır. Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 19, Aran rayonlarında 12, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.