Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib. “Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, - deyən dövlət başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Bu barədə Sozcu.az-a Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.
Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə məktub ünvanlayıb. Sozcu.az məktubun mətnini təqdim edir: Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürüdür. Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir. Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm. Zati-müqəddəsləri, mən Sizin Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Azərbaycandakı multikultural mühit və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkür edirəm. İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm.
Martın 11-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. Toplantıda əvvəlcə qardaş Türkiyədə baş verən zəlzələdə həyatını itirən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Partiyanın başqanı Arif Hacılı geniş məruzə ilə çıxış edib. Başqan çıxışında ötən sessiyadan sonra partiyanın gördüyü işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib, siyasi məhbuslar məsələsinə toxunub. Arif Hacılı ölkədə və dünyada baş verən mühüm siyasi məsələlərin geniş təhlilini aparıb, hakimiyyətin vətəndaş cəmiyyəti və müxalif partiyalara qarşı çirkin siyasətini kəskin tənqid edib. O, Azərbaycanda və dünyada baş verən siyasi proseslərdən, bunun ölkə siyasətinə təsirindən danışıb. Partiya üzvlərinə müvafiq tapşırıqlar verilib. Sessiyada İsa Qəmbər, Gülağa Aslanlı, Zakir İsmayıl, Nemət Kərimlıi, Səxavət Soltanlı, Limunət Əmrahlı, Azər Əsgər, Başxanım Abbaslı, Razim Əmiraslanlı çıxış ediblər. Yığıncaqda Qubadlı və Salyan rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlar haqqında məlumat verilib, Əbdül Əbdülovun və Kərim Ağarzanın Məclis üzvü səlahiyyətləri təsdiqlənib Sonda cari məsələlər müzakirə olunub. Könül Alı Foto Mehman Kərimli Basta
Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı genişlənib. Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısına aşağıdakılar da əlavə edilib: -“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə - “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə”. Energetika Nazirliyi tərəfindən Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısına aşağıdakı bəndlər də əlavə edilib: -“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi -ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi -elektrik enerjisinin ötürülməsinə icazə verilməsi -elektrik enerjisinin paylanmasına icazə verilməsi -elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə verilməsi -qazın istehsalına və təbii qazın emalına icazə verilməsi -qazın nəqli üçün icazə verilməsi - qazın paylanmasına icazə verilməsi -yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə verilməsi -neft və qaz yataqlarının kəşfiyyatına icazə verilməsi -neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə verilməsi -neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə verilməsi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərinin müzakirəsi üçün Forumun yaxşı imkan yaratdığı vurğulanıb. Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin İsraildə səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında Prezident İlham Əliyevin Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü qeyd edilib. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Martın 8-də Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hal-hazırkı post-münaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İlər Nazirliyindən bildirlib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin müşahidə kameraları tərəfindən qeydə alınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır. Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır. Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir. Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, beynəlxalq təşkilatların bölgəyə missiyalarına maneçilik törədən Ermənistanın ərazilərimiz 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması, habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı “etnik təmizləmə” və “soyqırım” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur. Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir. Bununla yanaşı, Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur. Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir. Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür. Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək.
12:52 Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub. Sozcu.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Latviya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib. Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər. *** Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub. Azərbaycan və Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırladılar, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd ediblər. Prezident İlham Əliyev Latviyaya səfərini xatırlayıb. Görüşdə Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib, Latviyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Həmçinin Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla münasibətlərdə əlaqələndirici rolunda çıxış etdiyi vurğulanıb. Latviya Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə toxunaraq Hərəkatın Bakıda keçirilmiş son zirvə toplantısını qeyd edib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi barədə məlumat verən dövlətimizin başçısı bu ilin sonunda başa çatacaq Azərbaycanın sədrliyinin çox yaxşı irs qoyduğunu bildirib. Azərbaycan Prezidenti sədrlik dövründə Hərəkatın təsisatlanması istiqamətində aparılan işləri qeyd edib, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlərin yaradıldığını deyib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini deyib. Egils Levits dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu deyərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol barədə danışılıb, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, süni intellekt və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. *** Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyev deyib: - Cənab Prezident. Əziz qonaqlar. Xanımlar və cənablar. Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Prezidentini qəbul etməkdən çox məmnunam. Biz bu yaxınlarda Davosda görüşdük. Mənim dəvətimi qəbul edib, ölkəmizə səfərə gəldiyinə görə cənab Prezidentə minnətdaram. Sabah biz X Bakı Qlobal Forumunda bir yerdə olacağıq. Həmçinin mən bu fürsətdən istifadə edərək belə mühüm beynəlxalq tədbirdə iştirak etdiyinə görə cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür. Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub. Hesab edirəm ki, siyasi dialoq və iqtisadi əməkdaşlıq aramızda sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir. Həmçinin Latviya Avropa İttifaqı və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır. Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma Avropa İttifaqı Komissiyasının xanım sədrinin iştirakı ilə ötən ilin dekabr ayında Buxarestdə imzalandı. Bir sözlə, bu, Cənub Qaz Dəhlizi kimi meqalayihənin başa çatmasından dərhal sonra sözün əsl mənasında digər qlobal meqa layihədir. Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq. Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin əlbəttə, təkcə enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələn illərdə Avropa İttifaqı ilə ticarət həcmi artacaq. Çünki artıq söylədiyim kimi, biz qaz təchizatımızı artıracağıq, yaşıl enerji mənbələrindən elektrik enerjisinin ixracına bu yaxınlarda başlayacağıq. Bir sözlə, Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynamışdır. Bu, o cümlədən Azərbaycan və NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurla inkişaf edir. Biz latviyalı dostlarımıza belə davamlı dəstəyə görə çox minnətdarıq. İkitərəfli münasibətlərə gəldikdə, nəzərdən keçirəcəyimiz bir çox məsələlər var. Bu vaxta qədər gündəlik kifayət qədər genişdir. Bu gün mən, həmçinin cənab Prezidentə Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumat verdim. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək. Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir. Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik və onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə, Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki, Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik. Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq. Cənab Prezident, bizimlə olduğunuza görə sizə bir daha minnətdarıq. Dəvətimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizə Azərbaycanda xoş səfər arzulayırıq. Sonra Latviya Prezidenti bəyanatla çıxış edib. Prezident Egils Levits deyib: - Prezident Əliyev. Məni Azərbaycana səfərə dəvət etdiyinizə görə minnətdaram. Biz iki ay öncə Davosda görüşdük. Biz diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi planlaşdırırıq. Otuz il ərzində ikitərəfli münasibətlərimiz çox yaxşı və uğurla inkişaf edib. Aramızda təşviq edə biləcəyimiz bir çox ikitərəfli məsələlər var, o cümlədən biz qlobal, beynəlxalq səviyyədə əməkdaşlıq etməliyik. İqtisadi münasibətlərimizə gəldikdə, ötən il tendensiya müsbət olub. Bu gün Latviya və Azərbaycanın iş adamları arasında, həmçinin biznes-forum olacaq. Biz İKT, ağıllı enerji, yaşıl texnologiyalar və artıq qeyd etdiyiniz kimi, nəqliyyat və daşımalar sahəsində imkanların nəzərdən keçirilməsində maraqlıyıq. Həmçinin bəyan edə bilərəm ki, milli aviaşirkətimiz “airBaltic” bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır. Beləliklə, Latviya turistlərinin Azərbaycana gəlməsi və Sizin vətəndaşların Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq. İkitərəfli səviyyədə əlaqələrlə bağlı demək istərdim ki, Avropa İttifaqının (Aİ) üzv dövləti kimi Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır. Latviya Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır. Hazırda Azərbaycan Avropa İttifaqına enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynayır. Biz, həmçinin bərpaolunan enerji sahəsində daha sıx əməkdaşlıq etmək arzusundayıq. Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə, Siz artıq NATO çərçivəsində əməkdaşlığa toxundunuz. Latviya səfirliyi NATO-nun Azərbaycanda əlaqələndiricisi funksiyasını yerinə yetirir və biz Bakıdakı səfirliyimizin həmin mandatını 2024-cü ilədək uzadacağıq. Görürəm ki, Azərbaycan və NATO arasında təhlükəsizlik məsələləri üzrə daha sıx əməkdaşlığa dair qarşılıqlı maraq var. Ukraynadakı vəziyyətə gəldikdə bildirmək istəyirəm ki, Latviyanın xarici siyasətinin təməlində beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır. Ona görə də biz Ukraynaya qarşı bu səbəbsiz və əsassız təcavüzü pisləyirik. Latviya Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəkləyir. Biz, həmçinin humanitar yardım da göstəririk. Göstərilən yardımın toplam həcmi bizim ÜDM-in 1 faizini təşkil edir. Ukraynadakı vəziyyətin hansı məcrada cərəyan edəcəyini gözləyirik. Ancaq onu deyə bilərəm ki, davamlı sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır. Biz beynəlxalq hüquqa müdaxiləyə və onun tapdalanması nəticəsində bu vəziyyətin uzunmüddətli dondurulmuş münaqişəyə çevrilməsinə imkan verə bilmərik. Cənab Prezident, biz BMT üzvlərinin əksəriyyətinin, yəni, 120-dən artıq üzvü olan platformanın - Qoşulmama Hərəkatının sədri kimi ölkənizin rolunu yüksək qiymətləndiririk. Bildiyiniz kimi, biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağıq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərindən çıxış edən ölkələrdən ibarət vacib qurumdur. Çünki bütün dövlətlər sülhdə maraqlı olmalıdır, sülh isə beynəlxalq hüquqa əsaslanır. Siz isə Hərəkatın hazırkı sədri kimi olduqca əhəmiyyətli rol oynayırsınız. Onu da deyə bilərəm ki, Latviya Avropa Şurasında sədrliyi öz üzərinə götürəcəkdir və bizim ölkələr Avropa Şurasının üzvüdür. Azərbaycan bizim ilk sədrliyimiz dövründə təşkilata üzv olmuşdur. Görürük ki, Avropa Şurasının genişləndirilməsi kifayət qədər uğurlu olmuşdur. Biz bütün üzv ölkələrin maraqları naminə Avropada demokratiyanın və qanunun aliliyinin gücləndirilməsinin müzakirəsini davam etdirəcəyik. Mən məmnuniyyətlə sabah “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda təşkil olunacaq X Bakı Qlobal Forumunda iştirak edəcəyəm. Bu gün həqiqətən həm çağırışlar, həm də ümidlər var. Hesab edirəm ki, sabahkı müzakirələrdə biz ümidlərin qalib gələcəyinin şahidi olacağıq. Cənab Prezident, bu Qlobal Forumu dəstəklədiyinizə görə sağ olun. Çünki həmin Forum çərçivəsində müxtəlif regionları və mədəniyyətləri təmsil edən hazırkı və sabiq liderlər toplaşaraq cari problemləri müzakirə edə bilirlər. Həmçinin Sizin tövsiyələrinizə ehtiyacımız var. Mən mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və Sizin rolunuza dərin hörmət bəsləyirəm. Çünki bu Forumda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik nümayəndələr iştirak edirlər. Ümumiyyətlə, bu, vacib bir Forumdur. Cənubi Qafqazda sülh prosesinə, Azərbaycan və Ermənistana gəldikdə, artıq qeyd etdiyim kimi, biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Hesab edirəm ki, belə bir sülh sazişinə nail olunmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik. Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın. Beləliklə, cənab Prezident, dəvətinizə və çox səmimi, maraqlı müzakirələrə görə Sizə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ilk səfərimdir və mən onun sabit və firavan ölkə, Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu görürəm. Cənab Prezident, çox təşəkkür edirəm. Prezident İlham Əliyev: Təşəkkürlər. *** Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Egils Levitsin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir: "Əziz xanımlar! Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. 8 Mart artıq uzun illərdir ki, öz əvvəlki siyasi mahiyyətini itirərək dünyanın əksər ölkələrində Qadınlar Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda da sevimli bayram günlərindən biridir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, intellekti, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub, ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq. Xanımlarımız ötən əsrin əvvəllərində Azərbaycanda azad, demokratik bir dövlətin qurulmasında mühüm rol oynadıqları kimi, əsrin sonunda da milli-azadlıq hərəkatında fəal iştirak etdilər. İstiqlalımızın bərpası uğrunda gedən mübarizənin önündə oldular. Azərbaycan qadınları bütün fəaliyyət sahələrində çalışdıqları kimi ölkənin ictimai-siyasi həyatında da mühüm rola malikdirlər. İndi qadınların ictimai-siyasi proseslərdə iştirakı və rolu, təsir imkanları artır. Qadınlarımız bütün dünyada gedən bu ümumi prosesdə özünəməxsus rola malikdirlər. Vətən müharibəsində canından keçən şəhidlərimizi, qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və vətən sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır. Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, yaralıların öz sağlamlıqlarını qovuşması üçün əllərindən gələni etmişlər. Əldə olunan qələbəyə öz töhfələrini vermişlər. Tarix boyu da mərd və cəsur Azərbaycan qadını igidlərimizlə yanaşı, böyük qəhrəmanlıq nümunələri yaratmışlar. İndi bütün dünyada, həmçinin Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyiyi uğrunda mübarizə cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri kimi dərk olunur. İnanıram ki, yaxın zamanlarda Azərbaycanda qadınlarımızın da bütün hüquqlardan tam olaraq yararlanacağı hüquqi dövlət, azad cəmiyyət qurulacaq. Əziz xanımlar! Sizi bir daha 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Nizami Gəncəvi ilə bağlı fikirlərinə reaksiya verib. Sozcu.az xəbər verir ki, o bu barədə Tvitter hesabında paylaşım edib. "Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir. O, bütün həyatı boyu Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb. Nizami Gəncəvi Azərbaycanda milli səviyyədə dərin hörmət qazanıb. Bu həftə Azərbaycanda X Qlobal Bakı Forum keçiriləcək və Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq”, - deyə o qeyd edib.