Sülh üçün yeni imkanlar yaranıb - Bayramov

Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşü zamanı deyib. Nazir, Azərbaycan tərəfindən həyata keçirilən anti-terror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirib. Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.

İrəvandan sərsəm sülh iddiası və anklavlar açıqlaması

İrəvan və Bakı anklavlar məsələsini müzakirə etməyiblər. Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Paşinyanın partiyasının nümayəndəsi deyib. Armen Xaçatryan jurnalistlərə bildirib ki, rəsmi Bakı baş nazirin səsləndirdiyi üç bəndlə razılaşıb. “Ermənistan əmin olmaq istəyir ki, bunlar “yalnız sözlər” deyil”- erməni rəsmi absurd şəkildə bildirib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması “günlər və aylar” məsələsidir. Xaçatryan sərsəm iddialarını davam etdirərkən deyib ki, Azərbaycanın Qranada və Brüsseldə danışıqlardan imtina etməsi onun saziş bağlamaq istəmədiyini göstərir.

“Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib. O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: “Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.

Bakı ilə əlaqə saxladım, bunu tələb etdilər - Şahramanyan

Ermənistan bizim hansı sənədi imzalayacağımızdan xəbərdar idi. Bakının səlahiyyətli şəxsləri ilə əlaqə yaratdım. Hərbi əməliyyatları dayandırmaq üçün danışıqlara başlamalı oldum. Sozcu.az xəbər verir ki, bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan deyib. “Danışıqlardan sonra biz müvafiq sənədi qəbul etdik. Silahları təhvil vermək, "silahlı qüvvələr"in buraxılması, Yevlaxda görüş kimi məsələlər burada yer almışdı. Laçında buraxılış məntəqəsi yaradıldığı gündən etibarən biz ordan silahlarımızı və ağır texnikaları çıxara bilməzdik. Ona görə təhvil verdik. Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılması bizim üçün qəbuledilməz idi. Lakin biz Azərbaycanın tələbi ilə bunu da qəbul etdik”, - Şahramyan bildirib.

Samvel Şahramanyan gözlənilən müsahibəni VERDİ

Özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan Ermənistanda müxalifətyönlü kəsimin gözlədiyi müsahibəni verib. Sozcu.az xəbər verir ki, Şahramanyanın qondarma “Artsaxın ictimai televiziyası”na danışdığı bildirilir. Qeyd edilib ki, sentyabrın 19-da Xankəndidəki fəaliyyətini dayandıran bu “televiziya“ Facebook üzərindən yayımlanacaq. Şahramanyanla müsahibəni erməni jurnalisti Tsovinar Barxudaryan aparıb. Şahramanyanın qondarma “Artsax”a niyə və hansı şəraitdə “prezident” seçilməyə razılıq verdiyi, həmçinin hərbi əməliyyatlar, Azərbaycan tərəfi ilə danışıqlar barədə danışdığı, eləcə də bir sıra digər məsələlərə də toxunduğu bildirilir. O, Qarabağ ermənilərinin suallarını da cavablandırıb. Müsahibənin tezliklə yayımlanacağı deyilir.

Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil

Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində deyib. "Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib - əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir", - o deyib. H.Hacıyev Ermənistan tərəfinin Azərbaycanın guya "Zəngəzuru tutmağı planlaşdırdığı" barədə təxribatçı açıqlamalarını təkzib edib.

Paşinyan Qarabağla bağlı tapşırıq verdi: “Əsas silahı işə salın!”

“Artsax” itirilsə də, Ermənistan yeni müharibənin astanasında olsa da, Paşinyan üçün əsas məsələ hakimiyyətin saxlanılmasıdır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın “Joxovurd” qəzeti yazıb. “Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının kollegiya iclasında komanda yoldaşlarına deyib ki, indi ruslar hakimiyyəti ondan almaq istəyir, ona görə də hakimiyyəti qorumaq üçün sərt və aydın addımlar atmaq lazımdır. Beləliklə, Paşinyan komanda yoldaşlarına əsas silahı işə salmağı tapşırıb; yəni erməni ictimaiyyətini parçalamaq və nifaq salmaq. O, nəyin bahasına olursa-olsun, “artsax” rəhbərliyinin nüfuzdan düşməsinə nail olmaq istəyir. Əsas hədəf “artsax” lideri Samvel Şahramanyandır. Hər şey edilməlidir ki, narazılıq oxları Şahramanyana tərəf yönəlsin. Lakin Paşinyan bununla da məhdudlaşmaq istəmir. O, erməni cəmiyyətində anti-Rusiya əhvali-ruhiyyəsini dərinləşdirməyi tapşırıb”, – “Joxovurd” qeyd edib.

Prezident bu ölkənin səfirini qəbul etdi

Prezident İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

"Putin “sülhməramlı”ların torpaqlarımızda qalması üçün bu arqumentləri ortaya ata bilər...”

“Amma Azərbaycan artıq Qarabağda nəzarəti bərpa etdiyindən ermənilərlə bağlı bu inam və təhlükəsizlik məsələlərini də özü asanlıqla həll etmək iqtidarında olacaq...” Allaha şükürlər olsun ki, Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və s. dövlət bayrağımız ucaldıldı. Ermənilərin kütləvi şəkildə köç etməsi ilə separatizm də yox oldu o torpaqlarımızdan... Amma cəmiyyətdə də müzakirə olunan bəzi “əmma”lar var.  Məsələn:  “44 günlük savaşdan bəri biz işğalçı Ermənistanı və onun ordusunun qalıqlarını da, separatçıları da Qarabağ torpağımızdan qovduq. Fəqət, təəssüf ki, XIX əsrin əvvəllərindən bəri həmin separatizmin də, işğalçılığın da əsasını qoymuş baş işğalçı – Rusiya imperiyasının qoşunları və bayrağı hələ də Xankəndində, Xocalıdadır... Və  nə qədər ki, “sülhməramlı” adlı o qoşunlar oradadır, “təhlükə tam sovuşub” demək olmaz. Sizcə, Azərbaycan dövləti asanlıqla, heç olmasa, 2025-ci ildə Rusiya hərbi qüvvəsini suveren ərazimizdən çıxarmağa nail olacağıqmı? Məsələn, Moldova artıq 30 ildən çoxdur, çalışır, Dnestryanıdakı Rusiya “sülhməramlı”larını öz suveren ərazisindən çıxara bilmir...” Politoloq Elxan Mehdiyev Moderator.az-a açıqlamasında məsələyə belə izahat verib: “Belə şübhələrə əsaslar vardır. Çünki ortada Gürcüstan, Moldova nümunələri mövcuddur. Rusiyanın Ukraynada apardığı müharibə isə Kremlin hər hansı gələcək addımlarına rasional düşüncə ilə cavab verməyi daha da çətinləşdirir. İndiyə kimi apardığımız müşahidələr, hələ ki, Rusiyanın geniş diapazonda Azərbaycanın maraqlarına zidd addımlar atmadığını göstərir.  Azərbaycanın Rusiya ilə bağlı apardığı diplomatiyanın uğurlu olduğu sahədəki vəziyyətə görə ölçülməlidir və bu baxımdan Azərbaycanın da Rusiya-Ermənistan arasındakı gərginlikdən ustalıqla istifadə etdiyi görünür...  İkincisi, burada Turkiyənin varlığı və Azərbaycan Silahlı Qüvvələrinin Qarabağa tam nəzarət etməsi Rusiya qüvvələrinin 2025-ci ildən sonra Azərbaycanda hansısa funksiyada qalması ehtimalını ən aşağı səviyyəyə düşürür. Rusiya hərbi gücünün Qarabağda qalması ehtimalının ancaq nəzəri əsasları ola bilər. Belə bir “əsas”ın isə Ermənistana köçmüş erməni əhalisinin Qarabağa qayıtması ilə yaranması mümkündür. Və bu halda Rusiya “sülhməramlı” qüvvələrinin yenidən “burada sülh və inam yaratmaq üçün bir müddət də qalması” arqumentləri Putin tərəfindən ortaya atıla bilər. Amma Azərbaycan artıq Qarabağda nəzarəti bərpa etdiyindən ermənilərlə bağlı bu inam və təhlükəsizlik məsələlərini də özü asanlıqla həll etmək iqtidarında olacaq...”

Azərbaycanın BMT-dəki nümayəndəliyi: Ermənistanın silahlandırılması sülhə xidmət etmir

“Bəzi qeyri-regional dövlətlərin Cənubi Qafqaza öz keçmiş və indiki müstəmləkə təcrübəsini tətbiq etmək və regionda ksenofob siyasəti genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırması və onun nifrət təbliğatını dəstəkləməsi sülhə xidmət etmir”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsinin müavini Tofiq Musayev "Dialoq vasitəsilə sülh: regional, subregional və ikitərəfli sazişlərin mübahisələrin qarşısının alınmasına və sülh yolu ilə həllinə töhfəsi" mövzusunda açıq debatdakı bəyanatında bildirib. Tofiq Musayev qeyd edib ki, BMT Nizamnaməsinin, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozuntusu kimi suveren Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən təxminən otuz il müddətində işğal edilməsini göstərmək olar. Bu da beynəlxalq hüququn yanlış təfsirinə qarşı mübarizə, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün regional və beynəlxalq səviyyədə daha çox iş görməyin lazım olduğunu göstərir. T.Musayev bu kritik mərhələdə beynəlxalq ictimaiyyətin Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməyə çağıracağına ümid etdiyini bildirib.

Blinken Mikati ilə danışdı: Livan müharibəyə girsə...

ABŞ Dövlət katibi Entoni Blinken Livanın Baş nazir əvəzi Nəcib Mikati ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Blinken telefon danışığında Beyrutun Fələstin-İsrail münaqişəsinə qarışacağı təqdirdə Livan xalqının zərər çəkəcəyini deyib. O, ABŞ-ın Livanın sabitliyi və ərazi bütövlüyünün yeganə qanuni təminatçısı olan Livanın Silahlı Qüvvələri və Daxili Təhlükəsizlik Qüvvələrinə dəstəyini davam etdirdiyini qeyd edib.

"Arif Hacılının mətbuat vasitəsi ilə verdiyi bir çox təkliflər hakimiyyət tərəfindən yerinə yetirildi"

“Müsavat Partiyasında qurultayın vaxtı hələlik təyin olunmayıb. Hansı ayda olacağı müəyyənləşməyib. Müsavat nizamnamə ilə idarə olunan siyasi partiyadır. Qurultaya qədər bütün rayon təşkilatlarında  müşavirələr keçirilməli, Qurultaya nümayəndələr təyin olunmalıdır. Bu, böyük bir prosesdir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı deyib.  O, sentyabrda keçirilməsi gözlənilən Müsavat Partiyasının növbəti qurultayının baş tutmamasının səbəblərini izah edib:  “Ona görə də Nizamnamədə bu proses hələ uzunmüddətlidir. Azərbaycanın bütün bölgələrində Müsavat Partiyasının rayon təşkilatları olduğu üçün bu proses bitdikdən sonra qurultayın vaxtı müəyyənləşəcək. Başqanlığa namizədliyə gəldikdə, partiyanın Divanında təmsil olunan bütün üzvlər başqanlığa layiqdir. Hələlik kimlərin namizədliyini verib-verməyəcəyi də müəyyənləşməyib. Müsavat Partiyası demokratik partiya olduğu üçün sıravi üzvündən tutmuş hər kəs namizədliyimi verə bilər. Mənim fikrimi bilmək istəyirsinizsə, - bu həm də partiyanın böyük əksəriyyətinin fikridir – bu dönəmdə partiyaya təcrübəli, siyasi cəhətdən hadisələrə düzgün diaqnoz verən, uzaqgörən siyasətçi lazımdır ki, bu da İsa Qəmbərdir”.  “O ki qaldı Müsavat Partiyasının zəifləməsi iddiasına, bu, çox yanlışdır. Arif Hacılının, İsa Qəmbərin, Gülağa Aslanlının, Mustafa Hacıbəylinin kütləvi informasiya vasitələrində verdikləri müsahibələr ölkədəki ictimai-siyasi hadisələrin yönlənməsində əhəmiyyətli rol oynayır. Müsavat Partiyasının başqanı Arif Hacılının mətbuat vasitəsi ilə verdiyi bir çox təkliflər hakimiyyət tərəfindən yerinə yetirildi və bu dövlətimiz üçün böyük uğur demək idi”, – əlavə edib.  N. Sadıxlı söyləyib ki, müxalifətin gücü təkcə keçirdiyi mitinqlərdə deyil, həm də seçki zamanı qazandığı uğurlardadır:  “Müsavat Partiyası olaraq Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etmişik, demək olar ki, hamısında qalibik. Səslərimiz hakimiyyət tərəfindən mənimsənilsə də, Avropa Məhkəməsindəki qalibiyyətimiz bunun sübutudur. Siyasi partiyanın hədəfi hakimiyyətə gəlməkdir. Müsavat Partiyası olaraq biz hakimiyyətə demokratik yolla gəlmək niyyətindəyik. Böyük ehtimalla, qarşıda referendum və parlament seçkiləri gözlənilir. Müsavat Partiyası da onda öz gücünü göstərəcək. Əminəm ki, bu seçkilərdə də Azərbaycan xalqı hər zaman olduğu kimi, məhz Müsavat Partiyasının arxasında olacaq.