Noyabrın 18-də Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib. Əvvəlcə həftə ərzində görülən işlər barədə məlumat dinlənilib. Arif Hacılı Avropa Parlamenti üzvlərinin təşəbbüsü ilə Varşava və Brüsseldə keçirilən tədbir və görüşlər barədə ətraflı məlumat verib. Arif Hacılı partiyanın sabiq başqanı İsa Qəmbərlə birlikdə Brüssel şəhərində Şərqi Avropa və postsovet məkanında xalq hərəkatı liderləri olmuş siyasət və dövlət xadimləri ilə birlikdə Avropa Parlamentində postsovet və Şərqi Avropa ölkələrinin təhlükəsizliyi və inkişafı mövzusunda keçirilən toplantıda iştirak və çıxış ediblər. Müsavat təmsilçilərinin irəli sürdüyü təkliflər, Ermənistan nümayəndələrinin iştirak etdiyi toplantıda qəbul edilən sənədə daxil edilib. Avropa Parlamentinin binasında keçirilən toplantıda bütün postsosialist məkanının indi həyatda olmayan siyasi dissidentləri ilə yanaşı, Azərbaycan Xalq Hərakatı liderləri Əbülfəz Elçibəy və Tofiq Qasımovun da portretləri nümayiş etdirilib. Səfər zamanı Müsavat Partiyası üzvlərinin Avropada yaratdığı AKM və “Prometey” təşkilatlarının rəhbər şəxsləri ilə də görüş keçirilib. Arif Hacılı bildirib ki, o, gələn həftə Avstriyada Avropanın ən mötəbər qurumları nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirə dəvət olunub. İclasda Yaxın Şərq və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub.(Basta)
Azərbaycan Ermənistanla sülh və ikitərəfli münasibətlərin normallaşmasına can atır. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib. Azərbaycan Avrasiyanın daha geniş xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həlli modelini yaradıb. Qarabağ münaqişəsi bu institut yaranandan bəri ATƏT-in qarşısında duran məsələlərdən biri olsa da, ATƏT münaqişəni həll edə bilməyib. Minsk Qrupu uğursuzluğa düçar oldu: Minsk Qrupu Həmsədrlik İnstitutu ona görə uğursuz oldu ki, həmin qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğalını saxlamaq və davam etdirmək idi. (yeri gəlmişkən, ABŞ qrupun həmsədr ölkələrindən biri idi) Hərbi işğal və ədalətsizliyin bu fəsli artıq başa çatıb. Ona görə də indi Azərbaycanın gündəliyi sülh və Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşdırılmasıdır. Amma istənilən sülh öhdəliyi iki tərəfin öz rolunu oynamasını tələb edir və Ermənistan da öz rolunu yerinə yetirməli və xoş niyyət nümayiş etdirməlidir. “İndi regionumuzda yeni reallıqlar və status-kvo yaranıb. Bu yeni reallıqlar ədalət, qanunçuluq və legitimliyə əsaslanır”.
“Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması üçün siyasi iradəmiz var”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, bu siyasi iradə sarsılmazdır. “Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Bu razılaşma danışıqlar zamanı, o cümlədən Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilib”, - Nikol Paşinyan deyib. Onun sözlərinə görə, söhbət ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birinə qarşı ərazi iddiasının olmamasından gedir. N.Paşinyan deyib ki, digər prinsip suverenliyin və yurisdiksiyaı əsasında regional kommunikasiyaların açılmasıdır./Report
Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələri iyulun 12-də sonuncu dəfə görüşüblər. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. Görüşlərin niyə dayandırıldığı barədə sualı cavablandıran Qriqoryan qeyd edib: “Son iclasda qərara alındı ki, prosessual məsələlər müzakirə olunur. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”. Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağı ilə bağlı da sualı cavablandıran baş nazirin müavini dəqiq tarix deyə bilməyəcəyini söyləyib.axar.az)
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) respublikada öz məsuliyyət sahəsini müəyyən etməkdən imtina edir. Sozcu.az xəbər verir ki, bu barədə o, parlamentdəki çıxışı zamanı danışıb. “Ən böyük fundamental problem odur ki, KTMT mahiyyət etibarı ilə Ermənistanda öz məsuliyyət sahəsini düzəltməkdən imtina edir. Bu şərtlərdə (KTMT tədbirlərində) səssizcə iştirak etsək, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin şübhə altına alınması məntiqinə qoşula bilərik. Biz həm bizə, həm də KTMT-yə fikirləşmək üçün vaxt veririk”, - deyə o, parlamentdə çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, İrəvan KTMT tədbirlərində iştirak etməməklə qurumdan çıxmaq üçün zəmin hazırlamır: “Biz müxtəlif səbəblərdən KTMT-nin bu tədbirlərində iştirak etməmək qərarına gəldik. Mən heç nəyə zəmin hazırlamıram, bu zəmin ya var, ya da yoxdur”, - o, müxalifətçi deputatın KTMT-dən çıxmağa mümkün hazırlıqlarla bağlı sualını cavablandırarkən deyib.
Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciəti olub. Sozcu.az Mehriban Əliyevanın müraciətini təqdim edir. “- Hörmətli Əminə xanım, Hörmətli toplantı iştirakçıları, İlk növbədə Türkiyə Respublikasının Birinci xanımı, hörmətli Əminə Ərdoğana bu tədbirdə iştirak etmək üçün dəvətinə görə dərin təşəkkürümü bildirirəm. Hörmətli Əminə xanımın humanitar və sosial sahələrdə fəaliyyətini, o cümlədən hərbi münaqişələrdən əziyyət çəkən mülki şəxslərə, qadınlara və uşaqlara yardım göstərilməsi məsələlərinə verdiyi töhfəni xüsusi qeyd edir və bunu yüksək qiymətləndirirəm. Bu il yaranmasının 100-cü ildönümünü qeyd edən Türkiyə Respublikası bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlətdir. Qardaş Türkiyə daim sülhün və ədalətin yanında olaraq bölgədə və dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasına önəmli töhfə verir. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi bu gün özünün ən yüksək səviyyəsindədir. Hörmətli toplantı iştirakçıları, İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir. Mən həlak olanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyirəm. Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir. Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir. Son on il ərzində ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərmişdir. Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır. Geniş səlahiyyətlərə malik beynəlxalq təsisatların üzləşdiyi hazırkı böhran vacib məsələlərin həllini əngəlləyir. Dərin kökləri olan bu böhran başqa bir müzakirə mövzusudur. Qeyd etmək istəyirəm ki, müasir dövrdə hərbi münaqişələrin həll olunmaması böyük ölçüdə beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunmasından irəli gəlir. İkili standartlar və qərəzli yanaşma bu böhranın daha da kəskinləşməsinə şərait yaradır. İctimai rəyin çaşdırılması və beynəlxalq hüququn manipulyasiyası üçün qərəzli media platformaları vasitəsilə yalan hekayələr yayılır. Bundan daha təhlükəlisi isə mənəvi dəyərlərdən manipulyasiya məqsədilə sui-istifadə olunması hallarıdır. Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü nəticəsində ərazilərimiz işğal olunmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüş, 300-dən artıq şəhər və kəndimiz darmadağın edilmiş, dini və mədəni irsimiz dağıdılmışdır. Vaxtilə işğal edilmiş torpaqlarımızda 67 məsciddən 65-i yerlə-yeksan edilmişdir. Təəssüflə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını özü işğaldan azad etdi və bu ilin sentyabr ayında antiterror əməliyyatı ilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğuna və separatizmə son qoyaraq suverenliyini tam bərpa etdi. Çıxışımın sonunda vurğulamaq istərdim ki, ən çətin məqamlarda belə bəşəriyyət mərhəmət hissini itirməməlidir. Buna görə də, hörmətli Əminə xanıma bu vacib tədbiri təşkil etdiyinə və dəvətinə görə bir daha dərin minnətdarlığımı bildirirəm”.
Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik. Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı məktubda əksini tapıb. "Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir", - Prezident bildirib.
Sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahlı qeydləri ilə birlikdə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə çatdırıb ki, Ermənistanın cavabının tezliklə təqdim ediləcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib. “Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olması barədə ictimai bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ləngidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu, tarixi fürsətdir və xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha tez tamamalana bilərdi. Top indi Ermənistanın meydançasındadır!”- deyə Hacıyev vurğulayıb.
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səylərini davam etdirməyə sadiqliyini alqışlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ATƏT PA-nın bəyanatında bildirilib. Pia Kauma və Kari Henriksenin Azərbaycana səfərləri ilə bağlı təşkilatın yaydığı bəyanatda qeyd olunub ki, səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi ilə Ermənistanla hərtərəfli tənzimləməyə nail olunması istiqamətində müzakirə aparılıb. Bəyanatda Qarabağın Azərbaycanın regionu olduğu vurğulanıb. “Azərbaycana bu gün başa çatan səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycan öz Qarabağ regionu üzərində nəzarətini bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya nail olunmasına ehtiyac müzakirə edilib. Sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktiv iştirak vacibdir”. Bildirilir ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmaya nail olmaq üçün sürət qazanmağın vaxtıdır. Rəsmi Bakının indi davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanı var. Bəyanatda vurğulanıb ki, Azərbaycanın ATƏT PA-da güclü iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət işarədir. ATƏT rəsmiləri Azərbaycan tərəfinin etnik ermənilərin geri qaytarılmasına kömək göstərilməsi ilə bağlı təşəbbüsünü alqışlayıblar. Nümayəndə heyəti, həmçinin ərazilərin minalardan təhlükəsizliyini təmin etmək, yenidənqurma və reinteqrasiya sahəsində irəliləmək üçün əhəmiyyətli səyləri yüksək qiymətləndirib, beynəlxalq ictimaiyyəti Azərbaycanda təhlükəsizlik və humanitar vəziyyətin inkişafında iştirakını davam etdirməyə çağırıb.
Regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb. ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə cavab verib. Sozcu.az-ın məlumatına görə, XİN-in Borrellin Azərbaycan əleyhinə əsassız ittihamları ilə bağlı şərhində deyilir ki, 13 noyabr 2023-cü il tarixində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir. Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib. Bununla yanaşı, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir. Bir daha xatırladırıq ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib. Aİ üzv ölkələri aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir. Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır.
Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özəl ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ardınca Azərbaycana edəcəyini bildirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə partiya sədri “Sabah” qəzetinin köşə yazarı Donat Özələ deyib. CHP sədri ilə bağlı silsilə məqalələr dərc etdiyini bildirən müəllif yazır ki, bu məqalələrdən sonra partiya sədri ona zəng edib. D.Özəl qeyd edib ki, partiya sədri əvvəlcə onunla Azərbaycanla bağlı yazdığı məqalələrdən danışıb. “Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Yanlış yolda olmuşuq. Bu, bizim səhvimizdir”, - deyə qəzet əməkdaşı CHP sədrindən sitat gətirib. Onun sözlərinə görə, illərdir CHP-dən belə bir səs, səhvini etiraf edən olmayıb. “Sevindik”, - deyə qəzet əməkdaşı vurğulayıb. Müəllif xatırladır ki, Türkiyədə hər prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğan ilk səfərini məhz ŞKTC və Azərbaycana etməsi ənənə halını alıb. “İndi də CHP sədri “bu səhvlər tamamilə bizdən qaynaqlanan xətalardır” deyib. CHP sədrinin “Can Azərbaycanın könlünü alacağını” deyən qəzet əməkdaşı Özelin bu açıqlamasını ən düzgün seçim adlandırıb. “Hazırlıqlara başladıq”, - partiya sədri bildirib. Qeyd edək ki, CHP-nin əvvəlki rəhbəri Kamal Kılıçdaroğlu Azərbaycanla bağlı qərəzli açıqlamaları ilə yadda qalıb. Onun müşaviri Ünal Çevikköz isə hətta Türkiyəni İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana muzdlu döyüşçülər göndərməkdə ittiham edib. Noyabrın 5-də Türkiyənin Cumhuriyyət Xalq Partiyasının 38-ci növbədənkənar qurultayında Manisadan olan millət vəkili Özgür Özəl yeni sədr seçilib. Seçkilərin ikinci turunda partiya sədri Kamal Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb. CHP 1923-cü ildə Türkiyənin ilk dövlət başçısı Mustafa Kamal Atatürk tərəfindən yaradılıb.