Redaktor seçimi

Qarabağ separatçılarına İrəvanda qadağa

Qarabağdakı keçmiş separatçıların qondarma “parlamenti”nin sabiq üzvləri Ermənistan sərhədindən xaricə buraxılmır. Sozcu.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. “Zvartnots hava limanında Ermənistan sərhədini keçməsi qadağan edilən Geqam Stepanyan da oxşar vəziyyətlə üzləşib. Bizə çatan məlumata görə, bu qərarın səbəbi konkret cinayət işindədir. Bu yaxınlarda parlament üzvlərinin dəvət olunduğu İstintaq Komitəsi “artsax”da baş verən son hadisələrlə, xüsusən də Araik Arutyunyanı “prezident” postundan istefa verməyə vadar edən səbəblərlə maraqlanır”, - məlumatda deyilir. Qeyd olunur ki, məlumatı Stepanyanın özü ilə dəqiqləşdirməyə çalışsalar da, o, zənglərə cavab verməyib.

Suallarımıza cavab verilməsə, Ermənistan KTMT-ni tərk edəcək - Paşinyan

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib. Paşinyan İrəvanın KTMT-də iştirakının “dondurulması”nı şərh edərək deyib ki, siyasi qərarlar hüquqi proseslərlə qarışdırılmamalıdır: “Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət zonası nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”. Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə nə vaxt danışması ilə bağlı verilən suala cavabında deyib ki, son dialoq yeni il bayramından əvvəl baş tutub.

“Papanın bu biabırçı çağırışı elə Vatikanın adına layiqdir... -Vatikan dəyərlərdən başqa hər şeydir...”

“Və biz unutmamalıyıq ki, 80 il bundan öncə Vatikan Almaniyadakı faşizmi, Hitleri dəstəkləmişdi. Və yeri gəlmişkən, həmin dövrdəki Roma papası XII Piyin Hitleri dəstəkləmək haqqındakı bullası(fərman) bu günə qədər də ləğv olunmayıb və qüvvədədir...” Roma papası Frensiskin Ukraynanı "ağ bayraq" qaldırmağa və demək olar ki, işğalçı Rusiya qarşısında təslim olmağa çağırış etməsini necə dəyərləndirmək olar? Nədən papa Qəzzada baş verənləri soyqırımı adlandırır, buna görə İsraili qınayır, amma 3-cü ildir Ukraynanı işğal edən, dinc  insanları öldürən Putini sərt qınamır, onu savaşı dayandırmağa çağırmır? Onları hansısa maraqlar birləşdirə bilər? Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələlər üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: “Roma papasının Ukraynaya “ağ bayraq” qaldımaq çağırışı ilk baxışdan təəccüblü göründü. Lakin tarixi təcrübəyə baxsaq, bu, hec də təəccüblü deyil. Düzdü, dünya və Avropa siyasətçiləri, elə Ukrayna rəhbərliyinin özü papadan izahat istəyəndə onun mətbuat xidmətindən belə bir açıqlma gəldi ki, papa deməyib ki, Ukrayna “ağ bayraq” qaldırsın. Halbuki o deyibdi ki, Ukrayna torpaqları Rusiyaya güzəştə getsin. Bir sözlə, Vatikan çalışdı ki, Roma papasının ifadələrinin arxasından qaçsın və ona baş qa cür şərh versinlər. Görünür, tarixən Vatikanın həmişə zorakı, faşist tərəflərə meyli güclü olub. Və biz unutmamalıyıq ki, 80 il bundan öncə Vatikan Almaniyadakı faşizmi, Hitleri dəstəkləmişdi. Və yeri gəlmişkən, həmin dövrdəki Roma papası XII Piyin Hitleri dəstəkləmək haqqındakı bullası(fərman) bu günə qədər də ləğv olunmayıb və qüvvədədir. Çox qəribə bir tarixi məqamdır”.  Analitik Roma papasının Türkiyədəki qondarma “erməni soyqırımı”nı tanımasını da xatırladıb. “Vatikan Türkiyədə heç bir sənədi-sübutu və faktoloji bazası olmayan qondarma “erməni soyqırımı”nı tanıyır, İsrailə qarşı məlum mövqeni sərgiləyir, amma Rusiyanın Ukraynadakı faşizmə bərabər əməllərini papa qınamır. Bəs nədir bunun səbəbi? Yəqin ki, səbəb hansısa əlaqələrin olmasındadır. Mən istisna etmirəm ki, bu, Rusiya ilə Vatikanın müəyyən ortaq maliyyə maraqları ilə də bağlı ola bilər. Biz bilirik ki,  Putin müharibəyə hazırlaşdığı dövrdə Rusiyanın maliyyə resursları bir çox yerlərdə olduğu kimi, Vatikanın da hansısa maliyyə strukturlarında gizlədilib. Məsələn, Vatikan bankı nəzarətdən kənar olan bir qurumdur. Və faktiki olaraq həmin banka heç bir maliyyə institutunun nəzarəti yoxdur. Bundan başqa, Vatikanın Kremllə hansısa bilmədiyimiz spesifik əlaqələri də ola bilər. Amma hər bir halda Roma papasının belə bir biabırçı çağırış etməsi əslində elə Vatikanın adına layiqdir. Yəni Vatikanın tarixinə baxmaq lazlmdır. Vatikanın tarixi insanlıq tarixinin bir utanc parçasıdır. İnkvizisiya kimi biabırçı bir hadisəni, Varfolomey gecəsi kimi öz din qardaşları olan lütteranlara qarşı soyqırımını və s. törətmiş bir qurumdan başqa mövqe gözləmək bir qədər təəccüblü olardı. Ona görə əslində papanın bugünkü addımlarına da təəccüblənmək lazım deyil. Mən bunu həmin Roma katolik kilsəsi qondarma “erməni soyqırımı”nı tanıyanda da demişəm, bu gün də deyirəm: Vatikan dəyərlərdən başqa hər şeydir...”

Bayden: ABŞ-da islamafobiyaya yer yoxdur

ABŞ-da müsəlmanlara qarşı zorakılıq və nifrət artıb. Sozcu.az xəbər verir ki, bu barədə Amerika prezidenti Co Bayden bunu Ramazan ayının başlanması münasibəti ilə deyib. Onun sözlərinə görə, ABŞ-da islamafobiyaya yer yoxdur: “Biz evdə müsəlman amerikalılara qarşı dəhşətli nifrət və zorakılıq dalğasını görürük. Din azadlığı üzərində qurulan və müsəlman mühacirlər də daxil olmaqla immiqrantların töhfələri əsasında qurulan ABŞ-da islamafobiyaya yer yoxdur. Mənim Administrasiyam Amerikada müsəlmanlara, sikxlərə, cənubi asiyalılara və ərəb icmalarına qarşı nifrətin baş verdiyi yerdə İslamofobiya və əlaqəli qərəz və ayrı-seçkilik formaları ilə mübarizə üzrə ilk Milli Strategiya hazırlayır”.

Rusiyaya qarşı növbəti SANKSİYA

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi  Rusiya (Məhdud Məsuliyyətli Cəmiyyətin Broker Eksperti) və Mərkəzi Afrika Respublikasından (Bois Rouge SARLU) olan şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Şirkətlərə qarşı sanksiyalar “Rusiyanın Mərkəzi Afrika Respublikasındakı bədxah fəaliyyətlərini asanlaşdırmaq səylərinə görə” tətbiq edilib. Sanksiyaya məruz qalan hüquqi şəxslərin "Vaqner" muzdlularının Mərkəzi Afrika Respublikasındakı hərəkətlərinin dəstəklənməsində mühüm rol oynadığı qeyd edilir. Maliyyə Nazirliyi bu şirkətlərin təbii sərvətlərin qeyri-qanuni hasilatından pul gəlirləri əldə etməyə çalışdığını və “Vaqner Qrupu”na maddi və maliyyə dəstəyi göstərdiyini bəyan edib.

Britaniyanın müdafiə naziri gözlənilmədən Kiyevə gəldi

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kiyevə gözlənilməz səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə nazir özünün X səhifəsində yazıb. “Mən Kiyevə demokratik dünyanı xəbərdar etmək üçün gəldim, biz əmin olmalıyıq ki, Ukrayna bu müharibədə qalib gələcək. Böyük Britaniya daha çox şey etmək üçün addımlar atıb və Ukraynaya indiyədək ən böyük hərbi dəstək paketini təqdim edəcək”, - nazir yazıb. Onun fikrincə, çoxları bundan nümunə götürməli və azadlığın istibdad üzərində qələbəsini təmin etməlidir.

Müsəlmanlara qarşı nifrət insan hüquqlarına ziddir - BMT Baş katibinin müavini

Dünyada bir çox müsəlmanın islamofobiya qurbanı olmağı böyük təəssüf yaradır. İslamofobiyanın dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır. Sozcu.az xəbər verir ki, bu fikirlər BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciətində yer alıb. Müsəlmanlara qarşı nifrətin insan hüquqlarına zidd olduğunu deyən Migel Anxel Moratinos qeyd edib ki, ədalətli, sülh içində bir dünya yaratmaq üçün bütün insanlar qeyri-tolerantlığa qarşı mübarizə aparmalıdır: “Dünyada bütün dinlər mərhəmət və qarşılıqlı hörmət üstünə qurulub. Bunu qorumaq isə bizim borcumuzdur”.

Dələduzluğun yeni növü - Diqqət! Adamı belə soyurlar...

Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı yeni növ dələduzluq həyata keçirilir. Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, “İnstagram” sosial şəbəkəsində kiberdələduzlar tərəfindən “Kapital Bank”ın adından saxta kampaniyalar həyata keçirilir.  Belə ki, yaradılmış saxta hesablar vasitəsilə “Kapital Bankın” hər kəsə 200 azn dəyərində pul verdiyi bildirilir. Ödənişin alınması üçün istifadəçilərdən saxta “Telegram” kanalına daxil olmaq tələb olunur. Bəs görəsən sosial şəbəkə istifadəçiləri belə kiberdələduzluq hallarına qarşı nələrə diqqət etməlidir?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan İT üzrə mütəxəssis Vahid Qasımov bildirib ki, insanlar mütləq şəkildə bilməlidir ki, heç vaxt havayı pul olmur: “İnsanlar artıq dərk etməlidir ki, istər sosial şəbəkələrdə, istərsə də real həyatda havayı pul olmur. Hər hansı bir iş görmədən, heç nəyin müqabilində kimsə pul təklif edirsə, deməli bu saxtadır. Ona görə də müftə pulun dalınca düşmək lazım deyil. Bu sadəcə acgözlüyün nəticəsidir. Belə kiberdələduzluq halları günümüzdə olduqca geniş yayılıb. Təəssüf ki, ölkəmizdə bu cür dələduzluq hallarına qarşı insanlar yetərincə məlumatlı deyil. Birmənalı şəkildə dərk eləmək lazımdır ki, pulun fiziki dəyəri yoxdur və heç vaxt öz dəyərini itirmir. Ona görə də heç kim heç kəsə havayıdan pul verməz. Dələduzlar öz əməllərinin üstünü örtmək üçün müxtəlif bankların adından istifadə edirlər”.  Vahid Qasımov şəxsi məlumatların heç bir halda paylaşılmamalı olduğunu qeyd edib: “Hər hansı bir adam öz şəxsi məlumatlarını kiminləsə paylaşırsa, bu cür dələduzluq hallarına da hazır olmalıdır. Hazırda nəinki sosial şəbəkələrdə, hətta real həyatda da fəaliyyət göstərən elə şirkətlər var ki, onların açıq-aydın şəkildə insanları müxtəlif yollarla aldadırlar. Bu səbəbdən heç bir şəxsi məlumatı hansısa tanımadığınız şəxsə, sosial şəbəkə istifadəçisinə qətiyyən verməyin”. 

Rusiyaya işləyən casus politoloq haradadır?

Xarici ölkəyə casusluqda ittiham olunaraq, ötən ilin oktyabrın 20-də Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən, ictimaiyyətdə politoloq kimi tanınan Nəzakət Məmmədovanın həbs müddəti fevralda başa çatırdı. Buna baxmayaraq, fevralın 20-də onun haqda heç bir məlumat yayılmadı. Səbail Rayon Məhkəməsinin hakim-spikeri Rəna Qafarova Axar.az-a açıqlamasında bildirib ki, N.Məmmədova haqqında oktyabrın 20-də mediada yayıldığı kimi, 4 aylıq deyil, bir aylıq həbs qətimkan tədbiri seçilib. “Noyabr ayının 19-da isə istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb”, - R.Qafarova bildirib. Qeyd edək ki, Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.

Novruzun qorxunc tərəfi - Diqqətsizlik əyləncəni faciəyə çevirə bilər

Hər il qeyd etdiyimiz və kökü əsrlərə bağlı olan Novruz bayramı özündə bir çox adət-ənənəni ehtiva edir. Bu ənənələrdən biri də bayram ərəfəsində keçirilən çərşənbə mərasimləridir. Bu mərasimlərdə tonqal qalanır, uşaqlı-böyüklü hər kəs odun ətrafına toplanır, hamı əylənir və sevinir. Ancaq kiçik bir diqqətsizlik bu əyləncəni faciəyə çevirməyə bəs edir. Bu səbəbdən bir çox adətləri həyata keçirərkən diqqətli olmaq bizi həyati təhlükələrdən qoruya bilər.  Məsələ barədə “Yeni Sabah”a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bir sıra vacib məqamlara toxunub: “Novruz bayramının gəlişi ilə əlaqədar yanğın təhlükəsizliyi məsələləri gündəmdədir. Bayramla bağlı keçirilən müxtəlif mərasimlərdə bir sıra qaydalara riayət etmək lazımdır. Ən vacib olan məsələlərdən biri bayram tonqalı yandırılan zaman düzgün yerin seçilməsidir. Belə ki, bu yer elektrik naqillərinin, ağacların, otların, avtomobillərin, ev və digər yanan materiallardan kənar ərazidə seçilməlidir. Bayram tonqalı yandırılanda mütləq ətrafda çəllək və ya qablarda su saxlanılmalıdır. Bu, yanğın riski olduğu anda müdaxiləni asanlaşdırır. Bərk materiallardan baş vermiş yanğınlar A sinifinə aid edilir. Belə hadisələrə isə su ilə müdaxilə edib, yanğını söndürmək mümkündür”.  Ekspert bildirib ki, bayram tonqalının hündür olmamasında fayda var: “Hündür taxtalardan ibarət tonqal qalamaq tövsiyə olunmur. Normal hündürlük, 1-1,5 metrdən çox hesablanmır. Buna səbəb isə hündür tonqalın yanğın təhlükəsinin daha çox olmasıdır. Bundan əlavə bayram tonqalı sönənə qədər ona nəzarət olunmalıdır, üstünə su və torpaq vurulmalıdır ki, tamamilə söndürülsün. Azyaşlıların nəzarətsiz formada tonqalın ətrafında toplaşması çox ciddi təhlükə yaradır. Ona görə də azyaşlılar mütləq böyüklərin nəzarəti altında həmin ərazidə olmalıdır. Tonqalın üzərindən atlanmaq isə ən təhlükəli məqamdır. Bu zaman insanın geyimi alışa, müxtəlif bədən xəsarətləri ala bilər. Küləkli havada bayram tonqalı alışdırmaq məqsədəuyğun hesab edilmir. Belə olduqda qığılcımların ətrafa yayılması, yanğına səbəb olma ehtimalı çox böyükdür. Bu məqama da xüsusi diqqət edilməlidir”.  O.Musayev bayram şamları ilə bağlı tövsiyələr də verib: “Ev şəraitində yanan şamlarla əlaqədar da yanğınlar baş verə bilir. Buna görə də, şamlar da nəzarətsiz şəkildə saxlanılmamalı, ərimə zamanı diqqət etmək lazımdır. Şamlara nəzarət edilmədikdə, ərimə zamanı bu məhsul yanğın hadisəsinin başlanmasına gətirib çıxara bilər”.

“Mina xəritələri Xankəndidədir, götürsünlər” – Paşinyanın adamından qeyri-ciddi açıqlama

“Azərbaycan sərhədlərimizi keçəndə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutduq, amma heç bir müsbət cavab almadıq”. Sozcu.az erməni mediasına istinadən bildirir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan müdafiə nazirinin keçmiş müavini, hakim “Mülki Müqavilə” partiyasını parlamentdə təmsil edən deputat Qaqik Melkonyan deyib. O, diqqətə çatdırıb ki, sərhəd pozulduqda buna adekvat cavab vermək KTMT-nin məsuliyyətinə daxil olsa da, onlar bunu etməyib. “Düşmən bizim sərhədlərimizi keçəndə KTMT ilə əlaqə saxladıq, lakin heç bir müsbət cavab almadıq. Qazaxıstanda çevriliş olanda isə KTMT qrup yaradıb qiyamı yatırdı, çünki bu, Rusiyanın iradəsi idi. Amma sərhədlərimizdə eskalasiya olanda Rusiya reaksiyasız qaldı. Aİ müşahidəçiləri gələndə dedilər ki, qoy, bizimkilər də gəlsin”, – deyə Melkonyan bildirib. Erməni deputat KTMT-dən çıxmaq məsələsində səbirli olmağı məsləhət görüb: “Biz bəzən çox irəli gedirik, səbirli olun, hər şeyin öz vaxtı var”. Azərbaycan tərəfinin niyə erməni əsirlərini qaytarmadığını soruşduqda deputat belə cavab verib: “Razısınızmı ki, əsirlərin qaytarılması müqabilində Zəngəzurdan imtina edək? Əsirlərin dəyişdirilməsi ilə bağlı problemimiz var”. Bakının Ermənistandan minalanmış xəritələri verməsi tələbinə Melkonyan yekəxanalıqla cavab verib: “Azərbaycan Qarabağı ermənisizləşdirib, mina xəritələri isə Xankəndidə qalıb, gedib götürsünlər”.

Hazırlıq gedir: Bu ərazilər Azərbaycana təhvil verilir – Abrahamyan

“İki döyüşçümüzü polis bölməsinə aparanda dedilər ki, fəaliyyətiniz qanunsuzdur, sizə vaxt veririk, kəndi tərk edin və bir daha geri qayıtmayın”. Globalinfo.az xəbər verir ki, bunu Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Hrant Ter-Abrahamyan “Hraparak”a açıqlamasında deyib. O, Yuxarı Əskipara daxil olmaqla bir sıra kəndlərin Azərbaycana verilməsi üçün hazırlıq görüldüyünü bildirib: “Bizə dedilər ki, fəaliyyətiniz qanunsuzdur, o ərazilərdən çıxmaq üçün sizə vaxt veririk. Bizim orada fəaliyyət göstərmək üçün vilayət rəhbərliyi ilə müqaviləmiz var. Lakin Bakı İrəvana orada yerləşdiyimizə görə irad bildirib. Həmin vaxtdan sonra bölgədə bizi narahat etməyə başladılar. Nikol Paşinyan ciddi şəkildə həmin kəndləri Azərbaycana vermək üçün hazırlıq görür. Bizə qarşı münasibət də bunun bir parçasıdır. Mən əminəm ki, bu məsələ artıq Bakı və İrəvan arasında razılaşdırılıb”. H.Abramyan vurğulayıb ki, polislər birlik üzvlərinə həmin ərazilərin Ermənistana məxsus olmadığını deyiblər: “Digər üzvlərimiz Avetis Avetisyan və Henrik Mkrtçyan Voskepara (Yuxarı Əskipara – red.) daxil olmaq istəyəndə saxlanılıblar. Polis onlara deyib ki, həmin kəndlərə girməsinlər, çünki o ərazilər Ermənistanın deyil. Necə yəni Ermənistanın deyil? Hətta onlar bizimkiləri qorxutmağa çalışıblar. Bu, həmin ərazilərin Azərbaycana veriləcəyinin daha bir sübutudur”.