Dünən axşam saatlarında millət vəkili Fazil Mustafaya qarşı silahlı hücum baş verib. Hücum zamanı millət vəkili çiyin və ayaq nahiyyəsindən 2 güllə yarası alıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Referans.az-a açıqlama verib. Elşad Hacıyev hadisə ilə bağlı axtarışın davam etdiyini bildirib. “Hələ konkret nəsə yoxdur. Hadisəni törədənlərin kimliyinin müəyyən edilməsi və axtarışı davam edir. Hansısa tutarlı məlumat olarsa, bununla bağlı açıqlama veriləcək”.
“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”. Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafanın yaxın dostlarından biri deyib. O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından deputata atəş açmağa başlayıb: “Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”. Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib. Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.
Millət vəkili Fazil Mustafaya bu gün evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı ilginc iddialar irəli sürülüb. Sozcu.az xəbər verir ki, Fazil Mustafaya məhz avtomat silahla hücum edilməsinin təsadüf olmadığı bildirilir. Belə ki, avtomat silah 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. Həm 4 mart 2023-cü ildə “Bravo” hipermarketin bankomat yerləşən giriş hissəsinə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə xüsusi məna kəsb edir. Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin də təsadüf olmadığı iddia edilir. Belə ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır. Sosial şəbəkələrdə hücumun arxasında İranın durduğu iddiası səslənməkdədir.axar
Hesablama Palatası 2022-ci il üzrə İş planına uyğun olaraq Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və tabeliyində olan qurumlara ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb. Bu barədə Hesablama Palatasından bildirilib. Qeyd edilib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi (Agentlik) və tabeliyində olan qurumlarda (seçmə qaydada) 2022-ci ilin iş Planına uyğun olaraq keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri peşə təhsilinin təşkili, təlim fəaliyyətinin həyata keçirilməsi, həmçinin qəbul edilmiş strategiya və planların icrası istiqamətində ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, eləcə də mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının tərtibinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb. Audit zamanı peşə təhsili müəssisələrinin fəaliyyətinin və tədrisin təşkilinin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə qarşılıqlı təsiri, həmçinin vəsaitin kadr hazırlığı məqsədilə ayrıldığı nəzərə alınaraq funksional fəaliyyətlə bağlı məsələlərə diqqət yetirilib və dövlət strategiyalarında nəzərdə tutulmuş hədəflərin reallaşmasına təsir elan amillər təhlil olunub. Müvafiq əmrlərlə publik hüquqi şəxs formasında yaradılan peşə mərkəzlərinə məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı hüquqi aktların tələblərinə əməl edilməyərək dövlət sifarişinə dair müqavilələrin bağlanılması təmin edilməyib, sifariş və hesabat formaları tərtib olunmayıb. Bu isə öz növbəsində, dövlət büdcəsindən ayrılmış vəsaitlərin peşə mərkəzləri tərəfindən hüquqi formasına uyğun olmayaraq büdcə təşkilatları ilə analoji şəkildə idarə olunması ilə nəticələnib, eyni zamanda vəsaitlərin istifadəsinə nəzarət mexanizmlərinin tətbiqinə çətinlik yaradıb. Nəzərə çatdırılıb ki, bir sıra peşə təhsili müəssisələrinin zəruri müvafiq avadanlıqlarla təchiz edilmədiyi və emalatxanalar yaradılmadığı halda, bəzi ixtisaslar üzrə tədrisin təşkil olunduğu müəyyən edilib ki, bu da, öz növbəsində tələbələrin davamiyyət səviyyəsinə təsir göstərib. Müəllimlərin hüquqi aktların tələblərinə tam amal edilmədən tədrisə cəlb olunması, əvəzetmə qaydasında tədris olunan dərslərin qeydiyyatının aparılmaması və faktiki olaraq digər şəxslər tərəfindən tədris olunması keyfiyyətli peşə təhsilinin təqdim edilməsi, səriştəli kadrların yetişdirilməsi və əmək bazarına inteqrasiyası ilə bağlı hədəflərin tam və vaxtında reallaşdırılmasına təsir göstərən amil kimi qiymətləndirilib, artıq ştatlar saxlanılmaqla dövlət vəsaitinə əlavə tələbat yaradılıb. Eləcə də, büdcədənkənar fəaliyyət məhdud sayda müəssisə və istiqamətlər üzrə təşkil edilməklə daha çox əlavə gəlir əldə etmək imkanlarından istifadə olunmayıb, peşə təhsili müəssisələri tərəfindən fəaliyyətin düzgün həyata keçirilməməsi, bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiq edilməməsi birgə fəaliyyət müqavilələrinin əlverişli olmayan şərtlərlə bağlanılmasına, dövlət əmlakının bəzi hallarda birgə fəaliyyət müqavilələri çərçivəsində faktiki olaraq, bəzi hallarda isə hüquqi aktların tələblərini pozmaqla icarəyə verilməsinə səbəb olub. Nizamnamələrdə müəyyən edilmiş vəzifələrin icrasının, eləcə də vəsaitlərin idarə edilməsi ilə bağlı zəruri nəzarət sisteminin təmin olunmaması vəsaitin təyinatının dəyişdirilməsi ilə yanaşı, bir sıra hallarda büdcədənkənar vəsait hesabına ödənilməli olan xərclərin büdcə vəsaiti hesabına maliyyələşdirilməklə xərclərin maliyyələşmə mənbələrinin dəyişdirilməsinə şərait yaradıb. Auditin əhatə etdiyi tədris illəri üzrə bəzi hallarda dərs saatlarının normalarına əməl edilməməsi artıq dərs saatlarının nəzərdə tutulması, eləcə də siniflərin düzgün kompleksləşdirilməməsi artıq və əlavə vəsait ödənişi ilə nəticələnib. Agentliklə yanaşı peşə təhsili müəssisələrinin vəsaitlərinin əsas hissəsinin əməyin ödənişi xərclərinin təşkil etməsinin bu istiqamətdə analitik prosedurların daha geniş tətbiqinə yaratdığı zərurət diqqətə alınaraq ödəniş müəssisələri tərəfindən təqdim edilmiş məlumat bazaları üzrə hesablanmış əmək haqqı və ödənilmiş məbləğlərin müqayisəsi həyata keçirilib, bir sıra hallarda bu məlumatlar uyğunsuz olub və artıq vəsait sərf edilib. Dövlət büdcəsi xərclərinin nəticə əsaslı yanaşma tətbiq edilməklə proqnozlaşdırılması və icrasına keçid məqsədi ilə tətbiq edilən Ortamüddətli Xərclər Çərçivəsində peşə təhsili ilə bağlı müəyyən olunmuş hədəf indikatorlarının əsaslı şəkildə müəyyənləşdirilməməsi bəzi hallarda nəzərdə tutulmuş və icra edilmiş göstəricilər arasında nəzərəçarpacaq fərqlərə səbəb olub, bir sıra hallarda isə inkişaf meylinin keyfiyyətini təqdim etmək imkanları məhdudlaşıb, bəzi hallarda monitorinq indikatorlarının müəyyənləşdirilməməsi məqsəd- nəticə uyğunluğunun qiymətləndirilməsinə şərait yaratmayıb. Təhsil müəssisələrinin fəaliyyətinin, bu müəssisələrin maddi-texniki təminatının, eləcə də tədrisin təşkili ilə bağlı yol verilmiş nöqsanlar məzunların öz ixtisasları üzrə çalışma göstəricilərinə təsir göstərib, bəzi ixtisaslar üzrə ümumilikdə, eləcə də bir sıra peşə təhsili müəssisələrində tədris olunan ixtisaslar üzrə məzunların məşğulluq səviyyəsi çox aşağı olub, özəl sektorla əməkdaşlıq çərçivəsinin dar istiqamətlər üzrə müəyyənləşdirilməsi bu sahəyə təsir edən əsas amillər olaraq qiymətləndirilib. Dövlət ehtiyaclarının ödənilməsi məqsədilə satınalmaların keçirilməsində rəqabətli metodların tətbiqinə üstünlük verilməməsi fonunda planlaşdırma düzgün və vaxtında aparılmayıb, tələbatın dəqiq müəyyənləşdirilməməsi öhdəliyə götürülməyən kreditor borcların yaranması ilə nəticələnib. Ehtimal olunan qiymətin hesablanılması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı fəaliyyətin təşkil edilməməsi fərqli qiymətlərin tətbiq olunması ilə eyni işlərin illər üzrə daha baha qiymətə alınmasına və yerinə yetirilməyən işlərə vəsait ödənilməsinə şərait yaradıb. Mühasibat uçotunun aparılması ilə bağlı hüquqi aktların tələblərinə tam əməl edilməməsi, aktivlərinin uçotunun düzgün təşkil olunmaması və müvafiq qaydada xərcə silinməməsi bəzi hallarda əsas vəsaitlərin faktiki mövcudluğunun təsdiqlənməsi imkanlarını məhdudlaşdırıb, eyni zamanda hesabatlarda təhriflərə də səbəb olub. Uçotun düzgün qurulmaması, bağlanmış müqavilə şərtlərinin icrasının təmin edilməməsi və dövlət maliyyəsinə cari nəzarət mexanizmlərində nöqsanlar gəlirlərin tam toplanmaması ilə yanaşı, qanunvericiliyin tələblərinə zidd olmaqla cari ilin xərclərinin növbəti ilin dövlət vəsaiti hesabına ödənilməsi ilə nəticələnib. Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda əməyin ödənilməsi ilə bağlı xərclərdə cinayət ehtimalı diqqətə alınaraq müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildiyi, artıq ödənilmiş əmək haqları, təqaüdlər va təhsil haqqı üzrə 206,8 min manat məbləğində artıq icra olunmuş vəsaitin və 22.3 min manat dəyərində çatışmazlığın bərpa edildiyi, 14,3 min manat dəyərində aktivlərin müvafiq qaydada uçota götürüldüyü nəzərə alınıb. 481,0 min manat vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyənləşdirilib. Eləcə də, qərarın icrasının təmin edilməsi məqsədilə peşə təhsili ilə bağlı hüquqi aktlarda müəyyən edilmiş uyğunsuzluqlarla bağlı Nazirlər Kabinetinə, digər maliyyə pozuntu halları üzrə Maliyyə Nazirliyinə məlumat verilib./APA
“Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” “Hazırda Ermənistan sürətlə silahlanır. Və onlara Rusiya ilə yanaşı, İran da, Hindistan da, hətta Avropa da dəstək verir. Maraqlı bir də orasıdır ki, Qarabağda erməni məsələsi bəlkə də Rusiya ilə İranın birgə projesidir. Amma buna rəğmən Rusiya və İranla düşmən olan Qərb ölkələri həmin projeni müdafiə edirlər. Bax, bu, çox qəribədir”. Bu fikri Moderator.az-a açıqlamasında 1988-ci ildən başlanan milli azadlıq hərəkatının fəallarından biri, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa ifadə edib. “Hesab edirəm ki, mövcud durumda Azərbaycan əsas iki xətt üzrə işləməlidir. Birincisi, dünya ölkələrinin ictimaiyyəti ilə işləməliyik. Deyirik ki, ABŞ, yaxud Fransa Qarabağ məsələsinə niyə belə münasibət bəsləyir. Bunun qarşısını almaq üçün həmin ölkələrin ictimaiyyəti, vətəndaşları arasında güclü təbliğat aparmaq gərəkdi ki, onlar da öz dövlətlərinə təsir göstərə bilsinlər. Həmin məqsədlə Qarabağ haqda gerçəklər qısa şəkildə yazılmış bukletlər çap olunur və onlar məsələn, Fransa paytaxtı Paris küçələrində insanlara paylanır. Əgər hansısa Fransa vətəndaşı Gülüstan, Türkmənçay müqavilələrindən üzü bəri və bu gün Qarabağ ətrafında gerçəkdən nə baş verdiyini öyrənərsə, çox güman ki, onda bu məsələ barədə ədalətli rəy formalaşar. Özü də bu təbliğatı təkidli şəkildə aparmaq lazımdır. Xaricdən və Ermənistandan gələn ermənilərin hələ sovet dövründə Azərbaycan ərazisində, xüsusən də Qarabağdakı ermənilər arasında necə təbliğat aparması haqda faktlar məlumdur. Əhali dəfələrlə onları qovurmuş, buna rəğmən yenə geri dönüb sözlərini deyirmişlər... Bunlar həm də onu göstərir ki, Qarabağda baş verənlər əslində “millətlərin öz müqəddəratını təyin etməsi” məsələsi ilə bağlı deyil. Xaricdən Ermənistan vasitəsi ilə idarə olunan dirijor çubuğunun, həmin ölkənin ilhaqçılıq siyasətinin nəticəsidir. Bir çox siyasilər və politoloqlar nədənsə bu məsələni qabartmırlar. Birincisi, ermənilər öz müqəddəratını Ermənistanın qondarılmasıyla həll edib. Və ikincisi, Qarabağ məsələsi Ermənistandan uzadılan barmağın fəaliyyətinin nəticəsidir və bunun adı “millətlərin öz müqəddəratını təyin etməsi” yox, işğaldır, ekspansiyadır”- deyə polkovnik açıqlamasının davamında bildirib. “Azərbaycanın tutacağı ikinci xətt isə daha dişli, daha qətiyyətli hərbi-siyasi proseslərin aparılmasıdır. Bizim ərazimizdə qeyri bir ölkənin hərbi birləşmələri var. Dünya nə deyir, desin, biz həmin işğalçı birləşmələrin ərazimizdən çıxarılmasına, yaxud zərərsizləşdirilməsinə nail olmalıyıq. Dəfələrlə sual qoymuşuq ki, əgər Azərbaycan ərazisində doğrudan da Ermənistan ordusu yoxdursa, bəs Qarabağda ölən bir çox əsgərlər niyə aparılıb Ermənistanda dəfn olunur. Deməli, bunlar Ermənistanın Azərbaycan ərazisindən vuruşan əsgəridir. BMT-nin işğal faktının müəyyən olunması haqda qətnaməsi var. Əgər bir ölkənin ərazisində digər bir ölkənin hərbi mövcudluğu varsa, bunun adı işğal deyil, bəs nədir? Bu yandan da, erməni hərbi birləşmələrinə dəstəkçi kimi digər bir ölkənin – Rusiyanın hərbi kontingenti heç bir beynəlxalq mandatı-filanı olmadan “sülhməramlı” adı altında ərazimizə soxulub və həmin işğalçı erməni ordusuna maddi-texniki və ruhi-mənəvi dəstək verir. Onların gözü qarşısında emənilər canlı qüvvə və texnikalarının sayını artırır, təlimlər keçirlər, əlavə torpaq yollarla silah-sursat daşıyır, yeni yollar salmağa çalışırlar. Bu, nə deməkdir? Və indi artıq məsələ o yerə çatıb ki, Azərbaycan ordusu separatçı və işğalçı ermənilərin addımlarını nəzarətdə saxlamaq üçün hansısa bir yüksəklikdə mövqe tutur, Rusiyanın “sülhməramlı” kontingenti isə ordumuza qarşı həmin yüksəkliyi tərk etmək haqda tələblər irəli sürür. Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir”- deyə Arif Paşa yekunlaşdırıb.
SEPAH-a yaxınlığı ilə seçilən kanallar yenidən Azərbaycan əleyhinə təhdid və təhqir xarakterli paylaşım edib. Sozcu.az xəbər verir ki, onlar tərəfindən paylaşılan fotoda Azərbaycan bayrağını yarıb keçən “Şahid-132” PUA-sı əks olunub. Aşağıda isə Qurandan “İnnə min əl mucrimunə muntəqimu” ayəsi (tər. həqiqətən günahkarları intiqam gözləyir) qeyd olunub.
Azərbaycanlı milyarder Fərhad Əhmədovla rusiyalı prodüser İosif Priqojinə aid olduğu iddia edilən telefon danışığının səs yazısı üzə çıxıb. Sozcu.az xəbər verir ki, telefon danışığı zamanı hər iki şəxs Rusiya rəhbərliyi və Prezident Vladimir Putinin addımlarını dəyərləndirərək, onun fəaliyyətini tənqid ediblər. Üstəlik, Fərhad Əhmədov Priqojinə müraciətində ölkə rəhbərliyinin Rusiyanı bataqlığa atdığını və indiyə qədər gələcəklə bağlı normal açıqlama eşitmədiyini bildirib: “Onlar öz aralarında bir-birini qırırlar, bəyanatlar ziddiyyətlidir, konsolidasiya və koordinasiya olunmayıb. Vətəndaş qarşıdurması, hakimiyyət uğrunda mübarizə gedir. Onların kollektiv günahı var. O deyir ki, əsas ordudur, amma bəlli oldu ki, heç ordu da yoxdur. Bizdə respublikadır, prezident ölkəsidir. Prezident hər şeyə görə cavab verəcək. Hər şeyə görə! Ondan soruşacaqlar”. Həmsöhbətlər həmçinin Moskvanın Ukraynadakı işğalçılıq fəaliyyətindən də narazılığını ifadə ediblər. Belə ki, hər iki şəxs Putinin ətrafının yalan məlumatlar verərək, onu bəlanın içərisinə itələdiyini deyiblər. Əhmədov Priqojinə Rusiyanın gələcəyindən qorxduğunu və bundan sonra ölkədə vətəndaş müharibəsinin olub-olmayacağını təxmin edə bilmədiyini söyləyib. Milyarder Rusiyanın Ukraynadakı savaşını “qardaşın qardaşı öldürməsi” adlandırıb və Moskvanın bundan necə canını qurtaracağını bilmədiyini qeyd edib./Globalinfo.az
"Halbuki, ötən 2 ildən çox müddətdə Rusiya hərbi kontingenti həm faktiki, həm də gündəlik dislokasiya xəritələri üzərində həmin 1-ci bəndi pozmaqla günlərlə öz məsuliyyət zonalarından kənara çıxmışlar. Bundan əlavə, eyni sənədin 4-cü bəndinə də əməl etməyərək Azərbaycan ərazisindəki qanunsuz erməni birləşmələrinin tərksilah edilməsinə nail olmamışlar. Və üstəlik..." İki il yarıma yaxındır ki, 10 noyabr bəyanatının bir sıra bəndlərini pozaraq Azərbaycan dövlətinin, o cümlədən Müdafiə Nazirliyinin haqlı tələblərini yerinə yetirməyən Rusiya “sülhməramlı”ları bu dəfə daha irəli gedərək Azərbaycan Silahlı Qüvvələri qarşısında tələb qoymaq həddinə gəlib çatıb. Moderator.az xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı”lara aid bölməsində martın 25-i üçün yayılan bülletendəki məlumatda “sülhməramlı” kontingent komandanlığı Azərbaycan Silahlı Qüvvələrinə qarşı tələblə çıxış edir. “2023-cü il martın 25-də Azərbaycan Silahlı Qüvvələrinin bölməsi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası prezidentinin 9 noyabr tarixli bəyanatının 1-ci bəndini pozaraq, 2020-ci il Şuşa rayonu ərazisində qoşunların təmas xəttini keçərək 2054,0 nişanlı yüksəkliyi (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) tutub və postda mühəndis-texniki işlərinə başlayıb. Rusiya sülhməramlılarının komandanlığı böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və qarşı duran tərəflərin qarşılıqlı təxribatlarının qarşısını almaq üçün tədbirlər görür. Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrinin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi barədə tələb çatdırılıb”. Göründüyü kimi, bundan öncə Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə 10 noyabr bəyanatına uyğun olaraq müəyyən olunmuş Laçın-Şuşa yolundan başqa digər torpaq yollarla Xankəndi-Xəlfəli-Turşsu yoluyla Ermənistandan Qarabağa silah-sursat daşınmasının və həmin marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin durdurulması tələblərini qulaqardına vuran Rusiya “sülhməramlı”ları hədlərini aşaraq Azərbaycan tərəfinə guya məlum bəyanatın 1-ci bəndini pozulmasıyla bağlı tələb qoymağa da cəsarət ediblər. Halbuki, öncə dediyimiz kimi, ötən 2 ildən çox müddətdə Rusiya hərbi kontingenti həm faktiki, həm də gündəlik dislokasiya xəritələri üzərində həmin 1-ci bəndi pozmaqla günlərlə öz məsuliyyət zonalarından kənara çıxmışlar. Bundan əlavə, eyni sənədin 4-cü bəndinə də əməl etməyərək Azərbaycan ərazisindəki qanunsuz erməni birləşmələrinin tərksilah edilməsinə nail olmamışlar. Və üstəlik, Ermənistandan Qarabağa əlavə canlı qüvvə və silah-sursat, bəlkə də zirehli texnika da və s. daşınmasına şərait yaratmışlar. Və s. və i.a. Sultan Laçın
Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu Ermənistanla Türkiyə arasında keçiriləcək 2024 Avropa Futbol Çempionatının (EURO 2024) seçmə turunun oyununu izləmək üçün Ermənistana gedib. APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə 2008-ci ildə Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Ermənistan - Türkiyə futbol qarşılaşması səbəbilə İrəvana səfər etmişdi. 15 ildən sonra, nazirlik səviyyəsində ilk ziyarət yenə iki ölkə arasındakı futbol qarşılaşması səbəbilə gerçəkləşdirilir. Sozcu.az
SEPAH-ın Naxçıvanla sərhəddə yığdığı silah-sursat və canlı qüvvənin yerləri müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, İran ordusunun Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərinə yığdığı silah-sursat və əsgərlərin məkanından yeni görüntülər əldə edilib. Kanal “SEPAHCYBERY”yə istinadla SEPAH rəhbərliyinin Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşdığını vurğulayıb.
Bakının bütün xəbərdarlığına rəğmən, ermənilər Qarabağa silah-sursat daşıyır, canlı qüvvə cəlb edir, hətta daşımaları daha rahat həyata keçirmək üçün yeni yol çəkirlər. Rusiya sülhməramlıları da faktiki onların mühafizəçisi rolunda çıxış edir. Sozcu.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib. “Xəbərdarlıqlar praktiki addımla da edilməlidir, əks təqdirdə, nə ermənilər əməllərindən əl çəkəcək, nə də ruslar. Bir azdan daha çox silahlanmış, daha mütəşəkkil formada qarşımıza çıxacaqlar”, - o bildirib.
Bu gün aprel Şəhidimiz gizir Pəncəli Nurməmməd oğlu Teymurovun doğum günüdür. Şəhid gizirimiz 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndinə doğulub. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı dəstəmizin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayon Əzərüd kəndində böyük izdihamla dəfn edilib. Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.