Redaktor seçimi

Moskvada polislərə pulemyot-pistolet paylandı -Hətta ayaqyoluna da cüt getmək tapşırıldı...

Moskvada (Rusiya) milli qvardiyaçılardan birinə hücumdan sonra polis əməkdaşlarına yeni silahlar verilib və onlardan yalnız cüt-cüt gəzmək, hər yerdə zirehli - gülləkeçirməz köynək geyinmək tələb olunur. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" nəşri məlumat yayıb. Sankt-Peterburqda milli qvardiyanın əməkdaşına hücumdan sonra Moskva polisi yeni silah kimi Rusiyanın "PP2000" pistolet-pulemyot silahını alıb. Jurnalistlər öyrəniblər ki, əməkdaşlardan sayıqlıqlarını artırmaq və zirehli köynək geyinməyi unutmamaq tələb olunub. Rəhbərlik həm də asayiş keşikçilərindən daha az məqsədsiz hərəkət etmələrini və yalnız cüt-cüt gəzmələrini tələb edir. Hətta tualetə tək getmək tövsiyə edilmir. Qeyd edək ki, fevralın 24-də, cümə günü səhər saatlarında 50 yaşlı Tiqran Xaçikyan metronun "Qostiniy dvor" ərazisində Rusiya milli qvardiya zabitinin mədə nahiyəsinə bir neçə dəfə atəş açıb. Erməni saxlanılıb. Onun üzərində iki tapança, travmatik silah, iki "Molotov" kokteyli, əl qumbarası və bir xəncər tapılıb. Dindirilmə zamanı Xaçikyan milli qvardiyaya atəş açmaq istəmədiyini, lakin "OMON"(xüsusi təyinatlı polis dəstəsi) maşınlarını yandırmağı planlaşdırdığını bildirib.

Vətəndaşları əlillik təqaüdləri düzəldəcəyi vədi ilə aldadan şəxs həbs olundu

Şirvanda dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Cavid Astanov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, C.Astanov şəhər sakini olan üç vətəndaşın etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də işlə təmin edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 8500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi açılıb, C.Astanov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər C.Astanovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.

"Lavrovun nə azarı var Azərbaycanda?!" - Rəsul Quliyevdən rusiyalı nazirin gəlişinə SƏRT REAKSİYA - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayan Rəsul Quliyev "TV Müsavat"ın efirində qonaq olub. Sozcu.az  xəbər verir ki, Rəsul Quliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya nəzərdə tutlan səfərindən danışıb.  Ətraflı videoda:

Rusiya parçalansa, postsovet dövlətlərin taleyi... - Putindən ŞOK AÇIQLAMA

“Əgər biz bu yolla getsək (Rusiyanın süqutu və parçalanması), hesab edirəm ki, Rusiyanın bir çox xalqlarının və hər şeydən əvvəl, əlbəttə ki, rus xalqının taleyi kəskin şəkildə, sadəcə olaraq, köklü şəkildə dəyişə bilər”. Publika.az xəbər verir ki, bunu Rusiya pezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib. Onun fikrincə, Qərb dövlətləri Rusiyanı və digər postsovet dövlətlərini “kassifikasiya etmək” niyyətindədirlər. "Rusiya sivil xalqların qondarma ailəsinə qəbul edilə bilər, ancaq ayrı-ayrılıqda, hər bir hissəsi ayrıca. Qərb Rusiyanın süqutunu və onun keçmiş hissələri üzərində nəzarəti bərqərar etməyi hədəfləyir. Belə bir ssenaridə rus xalqı indiki formada qorunub saxlanmaya bilər və onun yerinə muskovitlər, urallar və başqaları peyda olacaq”, - Putin qeyd edib. O, əmindir ki, bu, yalnız “bu hissələrin ətrafında sıxışdırıb öz nəzarəti altına almaq” üçün ediləcək. “Rusiya xalqı birləşəndə ​​bizim tayı-bərabərimiz yoxdur. Bu, bizim bütün nailiyyətlərimizin və bütün qələbələrimizin əsas şərtidir”, - Putin vurğulayıb.

Xocalı sakini 31 il əvvəldən danışır: "Gözümün qabağında meyitlər küçələrə səpələnirdi"

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Saday Rzayev yaşadığı acı və dəhşətli günlərin xatirələrini "Report"un Qarabağ bürosuna danışıb. `Qeyd edək ki, Saday Rzayev Xocalı sakinidir. Xocalıda yerli özünümüdafiə batalyonuna yazılanlardan biri olub. 1992-ci ilin fevralında şəhərin müdafiəsi yalnız yerli sakinlərin gücü hüsabına təmin edilirdi. Xocalı sakinləri əlavə qüvvələrin gəlməsi ümidi ilə şəhərətrafı səngərlər qazaraq müdafiəni möhkəmləndirməyə başlasalar da, bu, düşmənin zirehli texnikasının qarşısını ala bilməzdi. "Fevralın 25-də gecə səngərdə olmuşam. Hava qaralandan sonra ermənilər tərəfdən hərəkətlilik başladı. Ermənilər və o vaxtı orada olan Sovet ordusunun əsgərləri başladılar şəhəri mühasirəyə almağa. Zirehli texnikalar hər tərəfdən mühasirə halqasını daraldırdılar. Texnikalardan biri Noragux istiqamətində meşədən çıxıb bizim olduğumuz post tərəfə gəldi. Hava qaranlıq olsa da, tankın üstündə əsgərləri gördüm. Təxminən 8 rus əsgəri varıydı. Onların danışığından artıq şəhərə hücum olacağını təxmin elədik. Tank üzümlük deyilən ərazi ilə şəhər istiqamətində hərəkətə başladı". Saday kişi xatirələrini danışdıqca, o dəhşətli anları üzünün dəyişən ifadələrindən hiss etmək mümkün idi. "Texnika şəhəri tam mühasirəyə alandan sonra havaya 3 raket atıldı. Mən komandirimiz Tofiq müəllimə dedim ki, bu, müharibə işarəsidir. İki dəqiqədən sonra başladılar şəhəri bombalamağa. O gecə sanki göydən od yağırdı. Şəhər elə bombardman edildi ki, sanki cəhənnəm yaşanır. Gözümün qabağında insanların meyitləri küçələrə səpələnirdi. Yaralıların heç birinə kömək edə bilmirdim. Qan su yerinə axırdı. Bu dəhşətli hadisələrin hamısı gözümün qabağında olub. Başa düşdük ki, avtomatla tankın qarşısına çıxa bilməyəcəyik. Ən yaxşısı qalan insanları şəhərdən çıxarmaqdır". Saday Rzayev deyir ki, dəhşətli gecədə düşmən əlinə keçən Xocalı sakinlərindən biri də onun 13 yaşı oğlu olub. "Qarqar çayı vasitəsilə qaçmağa başladıq. Hardasa 200-300 nəfər canını qurtara bildi. Qalanları həyatını itirdi. Sakinlərdən əsir düşənlər oldu. Oğlum da daxil olmaqla, 35 nəfər evlərdən birinin zirzəmisində ermənilərə girov düşdülər. Xocalının işğalından 6 gün sonra bildim ki, oğlumu Milli Qəhrəman Allahverdi Bağırov bir neçə sakinlə birgə girovluqdan azad edib". 31 il əvvəl Xocalıda olmuş hər bir azərbaycanlı bu günü 31 saniyə əvvəl olubmuş kimi xatırlayır. Hazırda onlar o acılı illərdən geri qalan xatirələrini, düşmən tapdağından azad edilərək abadlaşan Xocalıda yaşamaqla əvəzləmək istəyirlər. Xocalılılar doğma yurdlarına tezliklə qayıdacaqlarına inanırlar.