Redaktor seçimi

"İran rejimi Fəridi Azərbaycana qarşı təzyiq etmək və bununla nəsə qoparmaq üçün oğurlayıb"

"Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Fərid Səfərlinin İranda yoxa çıxmasından bir aydan çox vaxt ötür. Ancaq hələ də ondan heç bir xəbər yoxdur. Artıq məlumdur ki, Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib, lakin indiyədək vətəndaşımız taleyi barədə yeni bir informasiya əldə olunmayıb". Bunu Demokrat.az-a açıqlamasında hazırda Finlandiyada yaşayan Təbrizdən olan soydaşımız, siyasi şərhçi Çingiz Göytürk bildirib. O, azərbaycanlı gənc tələbənin İranda siyasi səbəblərlə tutulması ehtimalının yüksək olduğunu deyib:  "Fəridin İrana gediş şəkli onun planlaşdırılmış və məqsədli şəkildə Tehrana aparıldığını göstərir. Bunun şəxsi zəmində baş vermədiyini və adam qaçırma hadisəsi olduğuna dair şübhələri gücləndirir. Üstəlik hadisənin İranda daxili sabitliyin olmadığı, dünya dövlətlərinin öz vətəndaşlarına İrana getməməyi tövsiyə etdiyi, Azərbaycanla İran arasında münasibətlərin gərginləşdiyi bir zamanda baş verməsi şübhələri daha da artırır". Güneyli politoloq qeyd edib ki, İranın xüsusi xidmət orqanlarının bənzər metodlarla hədəf seçdiyi şəxsi aldadaraq, İstanbula gətirib, orada yerləşmiş kəşfiyyat şəbəkəsinin vasitəsilə İrana qaçırması sıx-sıx rastlanan hadisədir:  "İranın rejimə qarşı çıxmış müxaliflərin, yəhudi dininə mənsub İsrail vətəndaşlarının, Amerika və Avropa vətəndaşlarının oğurlanaraq, İrana aparılması xüsusi xidmət orqanının son dönəmlərdə tez-tez əl atdığı üsuldur. Hətta, İrana səfər etmiş Qərb ölkə vətəndaşlarının da tutularaq, casusluqda ittiham edildiyini, bununla da İranın həmin ölkələrdə bir sıra güzəştlər əldə etdiyini yaxşı bilirik. Bütün bunları və Azərbaycanla İran arasındakı münasibətlərdə gərginliyin pik həddinə çatdığı gərçəyini nəzərə alsaq, Fəriddən Azərbaycana qarşı təzyiq etmək və bir sıra güzəştlərə nail olmaq, yaxud da İrana casusluq etməyə zorlamaq məqsədilə əvvəlcədən planlaşdırılmış formada İrana qaçırıldığını söyləmək mümkündür".

"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir" - Britaniya səfiri

Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld özünün Tvitter paylaşımında qeyd edib. Səfir bunun yolverilməz olduğunu vurğulayıb: “Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”.

Erməni polisi əsgərimizi MTX-yə təhvil verdi

Erməni polisi Qafanda saxlanılan əsgərimizi Milli Təhlükəsizlik Xidmətinə təhvil verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb. Polis məsələ ilə bağlı təfərrüatı açıqlamayıb.

Ermənilərin əsir düşən əsgərimizlə bağlı dəhşətli planı...

Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının mühafizəsinin qətlində ittiham olunur. Ermənilər iddia edirlər ki, qətlə yetirilən mühafizəçi Hayrapet Meliksetyanın telefonu azərbaycanlı əsgərin cibində tapılıb, daha sonra əsgərimizə qətli törətdiyi “etiraf” etdirilir. “Aravot” nəşri isə bu iddianı təkzib edən məlumat yayıb. Nəşr yazır ki, qətlə yetirilən mühafizəçinin telefonu iş yerindən uzaqda – Xotanan qəsəbəsində, magistral yolun yaxınlığında tapılıb. Nəşrin bu məlumatı əsgərimizlə bağlı iddiaya uyğun gəlmədiyi üçün dərhal digər erməni media resursları tərəfindən “feyk nyus” olaraq tirajlanıb. Lakin bu informasiya azərbaycanlı əsgərin “qətl törətdiyi” iddiasının erməni mənbəsi tərəfindən təkzibi deməkdir. Ermənistanın məqsədi əsgər Hüseyn Axundovu qətl ittihamı ilə həbs etmək, müharibədən sonra Qarabağda saxlanılan və Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir. Asif Nərimanlı

Müsavat başqanı Arif Hacılı Nəriman Nərimanovdan yazdı

Nəriman Nərimanovun döğum günüdür. Vaxtilə sovet Azərbaycanında bu gün təntənə ilə qeyd edilirdi.  Çünki Nərimanov Azərbaycanı işğal edən Xl Qızıl Ordu əsgərlərinin çiynində hakimiyyətə gələrək sovet hökümətinə xidmət etmişdi.  XI ordunun Azərbaycana daxil olmasını, milli hakimiyyətin devrilməsini böyük sevinclə vəsf etmişdi.  Ermənistanda sovet hökumətinin qurulması şərəfinə Bakı Sovetinin toplantısında rəsmi çıxış edərək Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrini Ermənistanın ayrılmaz hissəsi adlandırmış, Yuxarı Qarabağda isə öz müqəddəratını təyin etmək məqsədi ilə yerli erməni əhalisinin referendum keçirməsini təklif etmişdi.  Nərimanovun müəyyən təsir imkanlarının olduğu 1920-23 сü illərdə 48 min Azərbaycan "əksinqilabçı"sı "pantürkizm", "panislamizm" damğası ilə güllələnmişdi ki, onların əksəriyyəti müsavatçılar, Azərbaycanın istiqlalı naminə çalışmış, istiqlalımıza dəstək vermiş, rus işğalına qarşı çıxmış şəxslər, ziyalılar, cəmiyyətin elitar təbəqəsi idi.  Nərimanovun iradəsi və ya sysqun razılığı ilə Azərbaycanın bütün düşünən başları kəsilmiş, bununla da o hər kəsdən bir baş yuxarı olmağa çalışmışdı.  Rəsulzadənin həbsini təşkil etmiş bir bolşeviki yüksək mənsəbə gətirməsini gizlətmir, bununla fəxr edirdi.  İndi bəzi psevdoalimlər, psevdoziyalılar N.Nərimanovun Azərbaycan istiqlalına və istiqlalçılarına qarşı amansız mübarizəsini pərdələməyə, müxtəlif uydurma arqumentlərlə hətta haqq qazandırmağa çalışır.  Bizim üçün isə ən vacib olan tarixi həqiqətlərə Azərbaycan dövlətinin qurucusu M.Ə.Rəsulzadənin verdiyi qiymətdir:  "Nəriman Azərbaycanın bütün fəlakətlərində iştirak etdi. On minlərlə edamlara imza atdı. Azərbaycanın bütün haqq və sərvətini Moskvaya hədiyyə elədi. Azərbaycanın şərəf, namus və heysiyyətini ləkələyən saysız “müqavilələr” imzaladı. Və bunları edərkən “əzab çəkdiyini” söylədi. Fəqət istefa vermədi. Çünki xəstə idi. Mövqe, sandalya xəstəsi idi". Əslində Nərimanov sovet Azərbaycanı tarixində belə müstəqil siyasi fiqur deyildi.  Stalinin dediyi kimi o bolşevik Rusiyasına Azərbaycana qarşı istifadə etmək üçün lazım idi: “Moskvada olduğum zaman Qaraxanı lap orta partiya hazırlıqlı hər hansı müsəlmanla əvəz etmək haqqında MK-da məsələ qaldırmağı yoldaş Leninə təklif etdim. Nərimanov mənim üçün çoxlu belə müsəlmandan biridir, özü də, onun geniş siyasi perspektivinin yoxluğunun dərdini çəkməyə dəyməz: axı siyasəti o yox, əlbəttə, MK və Xarici İşlər Komissarlığı aparacaq – Nərimanov bayraq kimi lazımdır” Sonarakı illərdə Rəsulzadənin redaktoru olduğu "Yeni Kafkasya" qəzeti yazırdı:  "Rus süngüləri ucunda hökumət kürsüsündə oturan Nəriman bu iqbalına bir az da öz keçmişi ilə haqq qazanmışdı. Azərbaycan kommunistləri deyilən şəxslər arasında Azərbaycan xalqı tərəfindən bir az olsun tanınmaq şərəfinə nail olan yeganə biri var idisə, o da Nəriman idi... Sırf hiylə və oyun ilə gələn qırmızı qüvvət ilk günlərdə xalqın gözündə pərdə olacaq bir qumaşa möhtacdı. Bu qumaş rolunu ixtiyar Nərimanov ifa edirdi... Moskva tərəfindən ona veto haqqı da verilməmişdi”. Müsavat başqanı, Arif Hacılı

"Tərtər işi": "Əsgərlər təmiz çıxırdı, amma sənəd verirdilər ki, guya ermənilərlə cinsi əlaqədə olublar"

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçu - Vüsal Ələsgərovun, Rəşid Niftəliyevin, Ramil Qarayevin və Rüstəm Ələsgərovun məhkəməsi davam edir. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Məhkəmə iclaslarına hakim Zeynal Ağayev sədrlik edir. Hazırda prosesdə zərərçəkənlər ifadə verirlər. Sozcu.az xəbər verir ki, prosesdə zərərçəkən Təbriz Babazadə ifadə verib. O, təqsirləndirilən şəxslərdən Vüsal Ələsgərovla Rəşid Niftəliyevi tanıyıb. O deyib ki, Vüsal Ələsgərov onun xidmət etdiyi hərbi hissənin komandiri, Rəşid Niftəliyevsə qərargah rəisi olub. Rəşid Niftəliyevdən şikayəti olmasa da, ifadəsi boyu igəncələrdə tez-tez Vüsal Ələsgərovun adını çəkib. "Vüsal deyirdi ki, cihazı erməniyə satmısan, boynuna al" Zərərçəkənin ifadəsindən: “Mayın 2-də postdaydıq. Gəlib dedilər ki, sizi hərbi hissə komandiri çağırır. Bu adla məni və post yoldaşlarımı postdan aşağı – hərbi hissəyə düşürtdülər. Həmin ərəfələrdə bir hərbi cihaz yoxa çıxmışdı. Düşündük ki, yəqin komandir bizi ona görə çağırır”. Zərərçəkən deyir ki, onun əllərini, gözlərini bağlayaraq onları Cəmilliyə aparıblar. Orada tibb məntəqəsinə çevrilmiş köhnə məktəb binasında yoxlama olub: “Cəmilliyə gətiriləndə bilirdik ki, erməniyə işləmək, işgəncə söhbətləri var. Bizi bir-bir partaların üstünə çıxarıb, arxamızı yoxlayırdılar. Hamımızı yoxlayandan sonra təmiz çıxdığımız üçün bizi təbrik elədilər”. Zərərçəkənin sözlərinə görə, korpus komandiri Hikmət Həsənov, hərbi hissə komandiri Vüsal Ələsgərov da orda olub. Onu Vüsal Ələsgərovun otağına aparıblar. “Bizi dizüstə oturtmuşdular. Başımıza da kəşfiyyatçıların papağını keçirtmişdilər, gözümüzü papaqla örtmüşdülər. Bu Vüsal deyirdi ki, cihazı erməniyə satmısan, boynuna al. Bizə izahat yazdırmaq istəyirdi ki, erməniyə işləmişik. Söyürdü, mən də cavabını verdim, qarnıma təpiklə vuranda böyrü üstə yıxıldım, yerdə təpiklə başıma da vurdu, otaqdan çıxanda dedi ki, öldürün bunları... Mənə dedilər ki, on nəfər üzünə dayanır ki, sən erməniyə işləyirsən. Dedim, mən 6-7 aydır xidmət edirəm, heç hərbi hissədən yaxından tanıdığım on nəfər yoxdur. Məni məcbur edirdilər ki, bölük komandirim Vaqif Abdullayevin adını çəkim”, - zərərçəkən deyib. "Cinsiyyət orqanıma o qədər tok verilmişdi ki..." Daha sonra zərərçəkən işgəncələrdən danışıb: “Bədənimi toka veriblər, izləri hələ də bədənimdə qalıb. Cinsiyyət orqanıma o qədər tok verilmişdi ki, uzun müddət cinsiyyət orqanımı hiss etmədim. İşgəncələr nəticəsində çəkim 90 kiloqramdan 42 kiloqrama düşmüşdü. Vüsalla bizi üzləşdirəndə deyirdi ki, ona əmri müdafiə naziri, korpus komandiri verib, indi həmin sözü burda da de. Məni mayın 11-də Bakıya hospitala ölümcül halda gətiriblər, komada olmuşam, gətirilməyimdən özümün xəbərim olmayıb. Hospitalın həkimləri inanmırdı ki, mən sağ qalaram. Həkimlərin də bizə münasibəti yaxşı deyildi, çünki bizi vətən xaini bilirdilər, biganə yanaşırdılar. Hakim: - Özünə qəsd də etmisən? Zərərçəkən: - Bütün bu hadisələrdən 6 ay sonra özümə qəsd etmişəm. Başıma gətirdiklərini qəbullana bilmirdim, cinsiyyət orqanımı toka vermişdilər, mənə vətən xaini kimi baxırdılar. Fikirləşirdim ki, axı niyə mən bunları yaşamalıydım. Yaşamaq mənimçün mənasız olmuşdu. Zərərçəkən deyib ki, işgəncələr zamanı butulka ilə də hədələnib: “2 nəfər işgəncə verirdi, bir əlimlə üzümü tuturdum ki, zərbələr üzümə dəyməsin, biri isə kəmərimə əl atırdı, deyirdi, gedim butılkanı gətirim, bir əlimlə kəmərimdən yapışmışdım ki, aça bilməsinlər”. Zərərçəkmişin sözlərinə görə, yoxa çıxmış cihaz sonradan başqa əsgərdən tapılıb. Sonra zərərçəkən Niyaz Yaqubov ifadə verib. O. təqsirlənirilən şəxslərdən Vüsal Ələsgərovu, Rəşid Niftəliyevi tanıdığını deyib. Vüsal Ələsgərovun komandiri olduğu hərbi hissədə qulluq edən zərərçəkənin ifadəsinə görə, xidmət etdiyi posta gələn kəşfiyyat bölüyünün kəşfiyyatçıları onu və postda dayanan yoldaşlarını yığaraq Vüsal Ələsgərovun yanına aparıblar: “Məni Hacıyev Zeynalla birlikdə Vüsal Ələsgəroun otağına apardılar. Mən Vüsal Ələsgərovu ilk dəfəydi görürdüm. Bizdən iki gün əvvəl Muğan Verdiyevi də aparmışdılar. Ona dəhşətli işgəncələr verilmişdi. Vüsal Ələsgərov dedi ki, guya Muğan Verdiyev ikimizi də MAXE Qafarovun şəhid olduğu postdan keçirərək erməniyə aparıb. Bizə Cəmillidə günlərlə dəhşətli işgəncələrə məruz qaldıq. 10 gün bədənim toka verildi. Axırda işgənclərə dözməyərək bir-birimizin üzünə dayandıq. Artıq Muğan Verdiyev özü də işgəncəyə dözməyərək bizi erməniyə tərəf keçirtdiyini yalandan etiraf etmişdi”. Zərərçəkən deyib ki, işgəncə və üzə dayanmalardan sonra hərbi hissəyə qaytarılıb. Daha bir neçə gün sonra isə başına gələnlərlə bağlı Hərbi Prokurorluqda izahat verib və başına gələnləri izahatında göstərib: - İkinci Qarabağ müharibəsi qazisiyəm. Vüsal kimi mənəviyyatsızların üzündən bu günə qalmışam”. Zərərçəkən deyib ki, onu Muğan Verdiyevə görə DTX-da da dindiriblər. Daha sonra zərərçəkən Əbil Məmmədli ifadə verib. Əbil Məmmədli N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi olub. O deyir ki, hər şey 2-ci tabor, 4-cü bölükdən başlayıb. May ayında (dəqiq tarixi qeyd etməyib) hamını taborun qabağına yığıblar. Qərargah rəisi Azər Cəfərov deyib ki, Gorana təlimə yola düşürlər. Ancaq ola bilər ki, bəziləri ordan hərbi hissəyə qayıtmasın. Həmin günədək hərbi hissədə artıq “erməniyə işləmə” söhbətləri gedirmiş. Ə.Məmmədli deyib: “Biz o söhbətləri ciddiyə almırdıq, bir-birimizlə zarafatlaşırdıq, ağlımıza da gəlməzdi ki, məsələ bu qədər ciddiləşər. Bizi Marquşavana apardılar, orda bütün gizir, zabit, MAXE, əsgər – hamını arxadan yoxladıq. Yoxlamada məhkəmə tibbi ekspertizasından ekspert, mərkəzi hərbi hospitaldan cərrah da iştirak edirdi. Hospitaldan gələn cərrah hamını bir-bir şəxsən yoxlayırdı. Mən də onlarla birlikdə yoxlayırdım. Özümü isə yoxlamadılar. Bahadur Əhmədov vardı, indi Sərhəd Qoşunlarının tibb idrəsinin rəisidir, o dedi ki, sən niyə yoxlanmırsan? Göstəriş verdi ki, bunu da yoxlayın. Tibb polkovniki dedi, mən onu yoxlamıram. Hərbi hissəyə gələndə Bahadur Əhmədov dedi, mən özüm səni yoxlayacam, özü şəxsən məni arxadan yoxladı və dedi, əlamət var”. Zərərçəkən deyir, digərləri kimi onunla da bağlı saxta sənəd tərtib olunub: “Mənə o kağızı göstərəndə dedim, hanı bunun möhürü, imzası? Kim verib bu sənədi, hanı adı, soyadı?” Əbil Məmmədlinin sözlərinə görə, ondan o tərəfə işgəncələr başlayıb: “Bizi Gorana apardılar, orda “palatkalar” quruldu. Hər gün 1-2 nəfər aparıb, işgəncə verib, etirafedici izhatlar alıb, qaytarıb gətirirdilər. Bir gün də psixoloq dedi ki, təbrik edirik, xainlər tapılıb, qalır sizin gedib izahat yazmağınız. Mənim ona psixoloq deməyə dilim gəlmir, işgəncəyə gedənlərin cibindən siqaretini götrürdü”. Əbil Məmmədli deyir ki, bədəni günlərlə toka verilib. Sarıcalıda, Bakıda hospitallarda olub. Dəfələrlə Bakıya gətirilib, hərbi hissəyə qaytarılıb. Ancaq o, işgəncə verənlərin hazırkı təqsirləndirilən şəxslər olmadığını da dilə gətirib: “Mən bunları tanımıram, mənim olduğum hərbi hissəyə aiidiyyətləri yoxdur. Həm də bunlar heç görünüşcə də mənə işgəncə verilənlərlə müqayisəyə gəlmir. Bunlar işgəncə verənlərin yanında bədəncə çox cılızdırlar. Orda işgəncə verənlərin sayı çox idi. Elə təkcə mənə dörd nəfər işgəncə verirdi, iki nəfər qollarımdan tutub pilləkənləri qaldırırdı, işgəncə yerinə aparırdı”. Zərərçəkən onu da deyib ki, işgəncələr zamanı zabitlərlə daha amansız davranıblar. Hakim: - Siz ki, postda olmamısız, sizi niyə bu işə cəlb ediblər? Zərərçəkən: - Bilmirəm, mənə deyirdilər ki, guya bayrağın üstünə “zajiqalkayla” adımı yazmışam, bir də guya erməniylə cinsi əlaqədə olan hansısa əsgərin arxasını tikmişəm. Hakim: - Siz yoxlamalarda iştirak etmisiz, ümumiyyətlə, cinsi əlaqədə olmaqla bağlı bir əlamət var idi hansısa əsgərdə, zabitdə? Zərərçəkən: - Yox, hamısı təmiz çıxmışdı, ancaq saxta sənədlər verildi, guya cinsi əlaqədə olublar. Məhkəmə gün ərzində təxminən 20 zərərçəkən dindirib. Məhkəmə iclası növbəti həftə davam edəcək. “Tərtər işi” üzrə istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.musavat.com

“Sən demə, onlar azərbaycanlı yox, erməni imiş” – Polkovnik

“Əsgərlərimiz yolu azaraq, Ermənistana keçiblər. Ermənistan tərəfinin verdiyi yalan məlumatlarda isə deyilir ki, guya onlar kəşfiyyatçı olublar və s. Elə bir şey yoxdur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, aprelin 10-da Azərbaycan ordusunun Şahbuz istiqamətində itkin düşən 2 hərbçisinin yekun taleyi və onların Azərbaycana qaytarılma proseslərindən söz açıb. Polkovnik düşünür ki, onlar yaxın günlərdə Azərbaycana qaytarılacaqlar: “Ermənistan tərəfi yoxlayandan sonra ki onların kəşfiyyata aidiyyəti yoxdur, o zaman əsgərlərimizi bizə təhvil verəcəklər. Doğrudur, Ermənistan bundan da sui-istifadə etməyə çalışır ki, guya onlar kəşfiyyatçılardır və s. Xeyr. Bu, təbii haldır. Dünyanın ən inkişaf etmiş ordularının əsgər və zabitləri də dumanda yolu azaraq qarşı tərəfə keçirlər. Əslinə qalsa, olmamalı idi, amma indi olub. Hər halda bundan faciə düzəltməyin tərəfdarı deyiləm. Azərbaycan rəsmiləri beynəlxalq qurumlara müraciət ediblər ki, əsgərlərimiz qaytarılsın. Mən onların geri qaytarılacağına əminəm”. Ü. Cəfərov əlavə edib: “Ermənilər deyir ki, guya birini Qarakilsədə bazarda, o birisini isə marketdə görüblər. Onlar hadisəni bu cür təqdim ediblər. Sonra özləri məcbur olub öz yalanlarını ifşa edib söyləyirlər ki, sən demə, onlar azərbaycanlı yox, erməni imiş. Ermənilər özlərini gülünc vəziyyətə qoyublar. Bu, informasiya müharibəsidir və onlar bu müharibəni bu formada aparıb bütün dünyaya yayırlar ki, Azərbaycan kəşfiyyatçısı guya Ermənistan ərazisinə daxil olub, Qarakilsədə marketə girib və s. Biz də informasiya müharibəsində bu faktlardan istifadə edib onların ağzından vurmalıyıq”. “O ki qaldı ikinci əsgərlə bağlı məlumata, məndə daha böyük əminlik var ki, ikinci əsgər İrəvanda dindirilir. Yəni ikisi də oradadır və Allah göstərməsin, əgər onların başına oyun gətirilməyibsə, yaxın günlərdə geri qaytarılacaq. Çünki ermənilərdə türklərə və Azərbaycan əsgərinə qarşı bir fobiya var. Ümid edirəm ki, ermənilər belə bir axmaqlıq etməzlər və əsgərlərimiz tez bir zamanda Vətənə dönəcəklər”, – müsahibimiz söyləyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi də boş oturmamalı, informasiya boşluğunu doldurmaq üçün zaman-zaman müəyyən məlumatlar verilməlidir ki, sosial şəbəkələrin erməni seqmentində bundan sui-istifadə edilməsin: “Ehtimal edirəm ki, həmin əsgərlərimiz Bakıda saxlanılan erməni hərbçiləri ilə dəyişdiriləcək. Biz onlara terrorçu desək də, onların kimliyi bizim üçün hər hansı bir əhəmiyyət kəsb etmir. Biz öz əsgərlərimizi geri qaytarmaq üçün bəzi addımlar atmalıyıq və bəzi addımlardan biri də budur. Mən də onun tərəfdarıyam ki, əsgərlərimiz burada saxlanılan ermənilərlə dəyişsin. Mən bir şeyin qəti əleyhinəyəm ki, 2 azərbaycanlıya görə 10 erməni dəyişilsin, yox, elə şeylər olmamalıdır. 2 əsgərə görə 2 əsgər qarşı tərəfə qaytarılmalıdır. Çünki biz indiyə qədər ermənilərə qarşı xeyli humanistlik etmişik. Ermənilərin zərrə qədər insanlığı olsaydı, bunu başa düşərdilər. Biz bu günə qədər “n” qədər ermənini onlara qaytarmışıq və əvəzində də heç nə istəməmişik”. Hərbi ekspert təklif edib ki, beynəlxalq qurumlar da bu məsələdə Azərbaycana dəstək olsaydı, pis olmazdı: “Ən azından onların bizə müəyyən dəstəyi ola bilər. Çünki burada söhbət gedir insan taleyindən, cavan əsgərlərdir. Əgər ermənilərdə zərrə qədər insanlıq qalıbsa, onlar o əsgərlərin heç birinin kəşfiyyatçı olmadığını araşdırandan sonra bizə təhvil verərlər. Bəzilərini əsgərlərimizin əynindəki geyim çaşdırır. İnsandır da, ola bilsin ki, əyni-başı toz-torpaqlı olub deyə üstünü dəyişib. Bu da mümkündür. Amma bunu kəşfiyyatçı olub deyə mülki formadadır demək səhvdir. Hərçənd ki, Azərbaycan ordusunda elə bir forma yoxdur. Ola bilsin ki, orada olanda əyin-başları yaş olub və ermənilər məqsədli şəkildə onları lentə alıblar ki, qalib ordunun əsgərinin geyiminə baxın və s. Hər şey ola bilər və biz detalları onlar dəyişiləndən sonra bilə bilərik”. “Mənə elə gəlir ki, Azərbaycan əlindən gələni edir və edəcək ki, həmin əsgərlər ölkəmizə qaytarılsın. Əgər onların başqa ölkəyə getmək fikirləri olsaydı, hər hansı bir çəkilişin aparılmasına da razı olmazdılar. Bu 1990-cı illər deyil ki, əsgərlərimiz bu və ya digər səbəblərdən qarşı tərəfə keçib oradan da üçüncü ölkəyə aparılırdılar. Lakin indiki situasiya tamam fərqlidir. Düşünmürəm ki, hərbçilərimiz oraya məqsədyönlü şəkildə gediblər. Sadəcə hava şəraiti ilə bağlı bir məsələdir və inanıram ki, yaxın günlərdə bu məsələ müsbət həllini tapacaq”, – tamamlayıb.

Paşinyan Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazır olduqlarını açıqlayıb

“Avropa İttifaqının 1991-ci il sərhədlərinə hörmətlə yanaşmağın vacibliyinə dair bəyanatını əhəmiyyətli hesab edirik”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Ermənistanın baş naziri, həmçinin əlavə edib ki, ölkəsi Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazırdır. Eyni zamanda, Paşinyan bəyan edib ki, Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa, o cümlədən Praqa və Soçidə əldə olunmuş razılaşmalar əsasında sərhədlərin delimitasiyasına hazırdır. Mənbə: Aysor.am

Ermənistan ordusu səngər yox, özünə gor qazır

Dünən Ermənistanın müdafiə naziri Suren Papikyan NATO-nun Avropadakı ali komandanlığının mənzil-qərargaşında olub. O, NATO-nun Avropa komandandığının mənsubları ilə danışıqlar aparıb. Danışıqların mövzusu və məzmunu açıqlanmayıb. Lakin Ermənistan-Azərbaycan şərti dövlət sərhədindəki atışmalar və döyüş səbəbindən Papikyan səfərini yarımçıq qoyaraq təcili şəkildə İrəvana qayıdıb. Rəsmi İrəvanın bəyanatlarına, açıqlamalarına və ümumiyyətlə son vaxtlardakı davranışına nəzər saldıqda dünənki silahlı təxribatın əsla təsadüfi hadisə olmadığını deyə bilərik. Daha konkret olsaq, Ermənistan aylardır ki, Azərbaycana qarşı belə aksiyalara hazırlaşırdı. Avropa İttifaqının (Aİ) Ermənistana EUMM adlı "müşahidə-monitorinq" missiyası yollaması, İranın ermənilərə "tam dəstək" verməyə başlaması, Fransanın Ermənistana ünvanladığı birmənalı "hamilik" messicləri, habelə Hindistanın regional proseslərə aktiv müdaxilə cəhdlərinə başlaması, Rusiya ilə münasibətlərin bilərəkdən gərginləşdirilməsi - bütün bunlar və digər amillər Ermənistanın baş naziri Nikol Paşinyanı xeyli cürətləndirib. Aİ missiyası Azərbaycanla danışıqlarda mövqeyinin təhlükəsizlik təminatçısı hesab edən Paşinyan administrasiyası hələ də naməlum və məntiqə sığmayan səbəblərdən aqressiv ritorikanı seçdi. Ermənistan ilk əvvəl Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasına yönəlmiş danışıqlar prosesində tam radikal, ultimativ mövqe tutaraq prosesi dalana yönəltməyə başladı. Daha sonra İrəvan sərhəddən keçən yollarda, xüsusilə Gorus-Laçın marşurutunda iki tərəfdən də nəzarət-buraxılış məntəqələrinin (NBM) yaradılması təklifinə qarşı çıxdı. Dünənsə Nikol Paşinyan administrasiyası daha da irəli gedərək şərti dövlət sərhədində Azərbaycan Ordusunun postları arasında "əlahiddə post"un yaradılmasına göstəriş verdi. Ermənilər situasiyanı aydınlaşdırmağa çalışan hərbçilərimizə atəş açdılar, sonra mövqelərimizi iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan, haubitsalardan atəşə tutmağa başladılar. Dığ (Tex) kəndi yaxınlığında yaşananlar bir sıra nüanslara aydınlıq gətirdi. "Zəngəzur qırmızı cizgimizdir" deyən Tehran rejiminin Ermənistana verdiyi siyasi və hərbi-texniki dəstəkdən ruhlanan ermənilər Rusiya Federasiyasının mövqeyini də susqunluq kimi anladılar. Rəsmi Moskva hazırda hadisələrə aktiv müdaxilə istəyi ilə gözləmə mövqeyi arasında barraj vurur. Belə ki, Zəngəzur dəhlizi layihəsinin mümkün qədər tez reallaşmasını istəyən Rusiya Federasiyası bunun üçün real sayıla biləcək heç bir addım atmır. Tam əksinə, bu layihənin gerçəkləşməsini arzulayan Rusiya eyni zamanda Gorus-Xankəndi yolunu da kontrolunda saxlamağa can atır. Belə bir vəziyyətdə Ermənistanın hakimiyyət dairələrinin sürəkli təxribatları və konyuktura uyğunlaşdırılmış siyasəti məntiqi sonluqla bitdi. Həmin sonluq Laçın rayonunda hərbçilərimizin və mövqelərimizin atəşə tutulması oldu. Baş vermiş hadisə ilə bağlı İrvanın rəsmi açıqlamaları dezinformasiya olmaqla yanaşı, primitivliyin izharıdır. Əvvəla, Ermənistanın Müdafiə Nazirliyi intensiv atışmadan 3 (!) saat sonra bəyanat yayaraq özünə haqq qazandırmağa çalışdı, lakin alınmadı. İrəvanın versiyasına görə, Dığ (Tex) kəndi yaxınlığında "mühəndis-istehkam işləri aparan erməni hərbçilər"ə azərbaycanlı hərbçilər "qəflətən", "naməlum səbəblərdən" atəş açıblar. 3 azərbaycanlı hərbçinin şəhid olduğunu nəzərə alsaq, döyüşdə "silahsız erməni istehkamçılar"ın olması ilə bağlı ermənilərin bəyanatları marazm təsiri bağışlayır. Üstəlik, Ermənistan tərəfdən yaralananlar arasında Əlahiddə Ordu Korpusunun komandiri Armen Gözəlyanın olması sübut edir ki, ermənilərin silahlı təxribatı bilavasitə Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə reallaşdırılıb. Nazir Suren Papikyansa göstərişi baş nazir Nikol Paşinyandan alıb. Atışmanın, daha doğrusu, Azərbaycan Ordusunun mövqelərinin məhz Aİ-nin EUMM missiyasının "müşahidəçilər"inin olduğu zonada baş verməsi də çoxsaylı suallar doğurur. Gərginliyin qəsdən artırılması və eskalasiya niyyəti kollektiv Qərblə Rusiya arasında bu dəfə Ermənisan ərazisində qarşıdumanın təzahürüdür. Hər iki tərəf problemin həllində aparıcı rol oynayaraq vasitəçilik və moderasiya səlahiyyətlərini inhisara almaq fikrindədir. Nikol Paşinyana gəldikdə o, problemləri ağırlaşdırmaqla Qərb və Rusiyadan əlavə imtiyazlar əldə etmək niyyətindədir. Amma o, unudur ki, kollektiv Qərbə ümid edərək ekstremal siyasi qərarlar qəbul edən dövlət və hökumət başçıları istisnasız olaraq həmişə, uğursuzluğa düçar olublar. Ən yaxşı halda, onları devirərək hakimiyyətdən kənarlaşdırıblar. Ermənistan hakimiyyəti onu da unutmamalıdır ki, regionda situasiyanın gərginləşəcəyi təqdirdə ABŞ və Rusiya birmənalı olaraq, qəti şəkildə Ermənistanın əleyhinə mövqe tutacaq. Təbii, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, Vaşinqtonla Moskva "narahatlıq" izhar edəcək, "qayğılandıqlarını" bildirəcəklər. Amma İrəvandakı komprador rejimə real heç bir yardım edilməyəcək. Vaşinqtonla sürəkli olaraq kuluar sövdələşmələri Moskvanı, Moskvadan asılılıqdan qurtulmaq istəklərinin dilə gətirilməsinə rəğmən Kremllə gizli danışıqlar Vaşinqtonu qıcıqlandırır. Bu səbəbdən gərginlik artarsa Ermənistan tək qalacaq. Azərbaycanla şərti dövlət sərhədində, ordumuzun mövqelərinin yaxınlığında səngərlər qazmağa çalışan erməni hərbçilərsə faktiki olaraq özlərinə gor qazırlar. /Trend/

Avropa İttifaqı Azərbaycanla Ermənistanı delimitasiya ilə bağlı danışıqları intensivləşdirməyə çağırdı

Avropa İttifaqı (Aİ) dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı bəyanat yayıb. Avropa İttifaqı bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmadan təəssüf hissi keçirir. “Bu hadisə bir daha vurğulayır ki, delimitasiya olunmuş sərhəd olmadığı halda, 1991-ci ilin sərhəd xəttinə hörmət edilməli, oxşar hadisələrin baş verməməsi üçün hər iki tərəfin qüvvələri bu xətdən təhlükəsiz məsafələrə çəkilməlidir. Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada əldə edilmiş öhdəliklərə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırır və bu prosesi dəstəkləməyə hazırdır. Biz tərəfləri təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrar edirik. Aİ bu səyləri ən yüksək səviyyədə, həmçinin Aİ-nin Ermənistandakı missiyasının iştirakı ilə dəstəkləməyə davam edir”, - bəyanatda qeyd olunub./APA

AB missiyası Dığ kəndinə gəlməkdən imtina etdi

Ermənistan dövlətinin ölkədəki AB missiyasını dünən döyüşlərin baş verdiyi əraziyə aparmaq cəhdi uğursuzluqla nəticələnib. Sozcu.az xəbər verir ki, bununla bağlı erməni sosial şəbəkələrində məlumat yayıb. Məlumatda bildirilib ki, Ermənistan XİN müşahidə missiyasının rəhbəri Markus Ritterə Dığ kəndi yaxınlığındakı erməni mövqelərinə baş çəkməyi təklif etsə də, Ritter buna mənfi cavab verib. Missiya üzvləri erməni hərbçilərinin müşayiəti ilə belə oraya getməyə razı olmayıb.

“Qara bazar”da erməni silahları: “Kalaşnikov” avtomatı neçəyədir?

“2020-ci ilin 44 günlük müharibəsindən sonra ola bilsin ki, müəyyən silahlar ölkə ərazisinə sızıb”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. O, son günlər intensiv xarakter alan qanunsuz silah satışlarından söz açıb. Öz növbəsində, Ü.Cəfərov bildirib: “O silahlar neçəyə satılır, kimlər satır, o haqda məlumatım yoxdur. Hər halda avtomat, ən azından, tapançadan qat-qat baha dəyəri olan və cinayətkarlar üçün rahat şəkildə istifadə oluna biləcək bir silahdır. Ona görə də hüquq-mühafizə orqanları bu məsələdə öz aktivliyini artırmalıdır. Ola bilsin ki, 44 günlük savaşda kimlərsə işğaldan azad olunmuş ərazilərdə ordumuz irəli getdiyi vaxt vəziyyətdən sui-istifadə edib düşmən silahlarını, yaxud orada nəzarətsiz qalmış hansısa silahları ələ keçirib”.  Onun fikrincə, bu gün maarifləndirmə işləri aparmaq lazımdır ki, o silahlar insanlar tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilsin. Polkovnikə görə, əgər bu, orduya aiddirsə, onda müvafiq silahlar ordunun saxlanc yerlərinə təhvil verilməlidir: “Əvvəlki illərdə belə bir praktika var idi ki, bəzi silahlar nömrəsiz olurdu, yəni üzərindəki nömrələr silinirdi. Bu silahlar da müxtəlif məqsədlər üçün istifadə olunurdu. Aydın məsələdir ki, cinayətkar bunu cinayət törətmək üçün istifadə edəcək. Əgər normal insandırsa, başa düşəcək ki, o silahlı saxlamaq olmaz və onu dövlətə təhvil verməlidir”.  Hərbi ekspert hesab edir ki, o silahlar üzərində çox ciddi nəzarət həyata keçirilməlidir: “Çünki o silahların gələcəkdə daha ağır nəticə törətməməsi üçün hüquq-mühafizə orqanları əllərindən gələni etməlidir. Zaman-zaman mətbuatdan eşitmişik ki, Bakıda, yaxud rayonlarda hansısa silah-sursat tapılıb. Lakin sonradan onların taleyi ilə bağlı məlumat əldə etmirik. Hətta əvvəlki illərdə nömrəsi silinən silahlar bir rayon polis idarəsindən başqa rayon polis idarəsinə ötürülürdü. Onlar da özləri üçün bir xal qazanırdılar ki, əldə olunan operativ məlumat əsasında filan yerdə avtomat silah axtarış zamanı müəyyən edilib və s. Sanki öz əlləri ilə qoyub, öz əlləri ilə götürürdülər. Bu da hesabat xarakterli, daha doğrusu, SSRİ-dən qalma formal bir xəstəlik idi”.  “Son illər elə bir şey yoxdur, amma artıq qəribə bir tendensiya da özünü büruzə verib. Bu gün artıq söhbət təkcə avtomatdan getmir. Hətta bəzi yerlərdə pulemyotların da satılmasına cəhd edənləri görmüşük. Hətta Daxili İşlərin Nazirliyinin məlumatlarında da pulemyotun şəklini və sursatını görmüşük. Bu, təhlükəsizlik məsələsidir və bununla bağlı hüquq-mühafizə orqanları lazımi addımları atmalıdır ki, gələcəkdə daha ağır faciələrlə baş-başa qalmayaq”, – tamamlayıb. Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra qənimət olaraq əldə edilən silahların bəziləri sıravi şəxslər tərəfindən ələ keçirilərək qara bazar yolu ilə satışa çıxarılıb. Hazırda isə qara bazarda “Kalaşnikov” avtomatının qiyməti 2,000-3,000 AZN arası dəyişməkdədir.